Yuxarı

Əfsanəvi futbolçumuz necə xilas edildi? - Rus mətbuatı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - dekabrın 11-də məşhur sovet futbolçusu, "Neftçi"nin hücumçusu, 1972-ci ildə keçirilən Avropa çempionatının gümüş medalçısı Anatoli Banişevskinin vəfatı günüdür.

Virtualaz.org saytı xəbər verir ki, "Sovetskiy sport" nəşri Boris Valiyevin A.Banişevskinin həyatından bəhs edən maraqlı oçerkini dərc edib.

Tarixdə rikoşet

Banişevskinin familiyasını xatırlayanda yaddaşda iki aydın parıltı yaranır. Hər ikisi uşaqlıqdan. Birincisi: 1966-cı ilin iyul ayı, SSRİ yığma komandasının İngiltərədə keçirilən dünya çempionatının 1/4 finalında Macarıstan yığması ilə oyunu.

"Hesab 2:1 bizim xeyrimizədir və macarlar oyunun sonuncu yarım saatında böyük təzyiq göstərirlər. On metrlikdən Ferents Benenin xokkeydə olduğu kimi sinəsi ilə endirdiyi güclü zərbə. Müdafiəçimiz Vladimir Ponomaryov onun ayaqları altına yıxılır. Qapıçı meydançasının xətti boyu topun böyrü ilə Dyula Rakoşi uşaq kimi atılıb-düşür. Başqa belə on situasiyadan onunda da top qapıya girərdi. Tribunanın əks tərəfində saatların əqrəbləri sanki sferblatda donub qalmışdı. Fotoreportyorlar fotoaparatlarını unutmuşdular. Bizim oturduğumuz cərgədə yenə validol qutuları açıldı..." - sonradan bu oyunun şahidi olan məşhur sovet jurnalisti Melor Strua öz reportajında yazırdı.

Və budur, oyunun bitməsinə təxminən 10 dəqiqə qalmış kiminsə cərimə meydançasından vurduğu top bizim yığmamızın sağ cinahda növbə çəkən hücumçusu Anatoli Banişevskiyə çatır. O, topu başı ilə uzağa vuraraq demək olar ki, eyni xətlə topun arxasınca qaçır, iki macar müdafiəçisini aldadır, qapıya paralel hərəkət edir və vurur. Sanki zərbəni qapıçı meydançasından endirir, lakin top özünü zərbənin altına atan üçüncü müdafiəçinin ayaqlarında ilişir. "Eh!..."- yəqin ki, onda planetin quru hissəsinin altıda bir hissəsi bu cür ah çəkmişdi.

Bu hadisə yadımda bərk-bərk qalıb. Anatoli onda qol vursaydı, ağ-qara televizorların qabağına düzülüb səsini içinə salan milyonlarla insan gör nə qədər əsəb hüceyrəsini qoruyub saxlayardı. Lakin o, qol vurmadı. Əvəzində biz Florina Albertin final fitinə 5 dəqiqə qalmış cərimə zərbəsindən vurduğu zərbənin qarşısını dəlisov sıçrayışla alan Lev Yaşinin möhtəşəm qurtarışını izlədik.

"Pele yaxınlaşıb, əlimi sıxdı..."

İkincisi: indiki ölçülərlə dəhşətli dərəcədə keyfiyyətsiz , "Futbol" həftəliyində dərc olunmuş ağ-qara fotoda Banişevski məşhur "Marakana" stadionunda Braziliya yığması ilə keçirilən yoldaşlıq oyununda ağlasığmaz tullanışla qol vurarkən əks olunub.

1965-ci il, noyabrın 21-də Bakının "Neftçi" komandasının 19 yaşlı forvardı böyük braziliyalıların qapısını möhürlədi. Özü də o, bunu... başının arxası ilə etdi. Oyunun 59-cu dəqiqəsində hesab 2:0 Braziliya yığmasının xeyrinə olanda komanda yoldaşlarının "Banya" deyə çağırdığı Anatoli meydana çıxdı, braziliyalıların qapıçısı Manqanın meydana vurduğu topa atıldı. Qapıçının zərbəsi yaxşı alınmadı və bizim hücumçumuzun başına tuş gələn top braziliyalıların qapısını silkələdi.

-Tribuna bir neçə saniyə ərzində sükuta qərq oldu, baş verənləri dərk edəndən sonra partladı. Pele mənə yaxınlaşdı və əlimi sıxdı. O, hələ bilmirdi ki, 25 dəqiqə sonra Slava Metreveli hesabı bərabərləşdirəcək, - sonralar Anatoli Andreyeviç xatırlayırdı.

Zarafat deyildi ki, Braziliyanın aparıcı idman qəzetlərindən biri həmin qolu onilliyin ən yaxşı qolu adlandırmışdı.

Anatoli təkbaşına yunanları əzir

Maraqlıdır ki, Banişevskinin milli yığma komandanın tərkibində debütü də braziliyalılarla yoldaşlıq görüşündə olmuşdu. Bu, 1965-ci il, iyulun 4-də Moskvada baş vermişdi.

Bizim komandanın baş məşqçisi Nikolay Morozov yeni oyunçunu ikinci hissədə, hesab qonaqların xeyrinə 2:0 olanda meydançaya buraxdı. Ancaq həmin oyunu heç Allah da xilas edə bilməzdi, çünki həmin vaxt Braziliya yığmasının köynəklərini geymiş futbol allahları yer-göylə əlləşirdi.

Anatoli meydanda özünü göstərmək üçün düz iki ay gözlədi. Dünya çempionatının seçmə oyununda Yunanıstan yığması ilə qarşılaşmada o, praktiki olaraq təkbaşına rəqiblərini əzdi, onları öz evlərində 3:0 məğlub etdi. Hər üç topu Anatoli vurdu.

O vaxt hamı "Neftçi"nin baş məşqçisi Boris Arkadyevin həmin oyundan üç il əvvəl verdiyi müsahibəni xatırlayırdı: "Bizdə bir oğlan uşağı böyüyür, onun haqqında hələ çox danışacaqlar. Möcüzəli şəkildə yaxşı koordinasiya olunub, ağıllıdır, qətiyyətlidir, topu hər siniri ilə hiss edir. Hələ gəncdir, təcrübəsizdir, pişik kimi cəlddir, ancaq tezliklə ondan cəngavər olacaq və Allahın köməyi ilə forvarda çevriləcək".

Cəngavər gözlənilməz dərəcədə tez oyandı: 15 yaşında SSRİ çempionatının yüksək liqasında oynayan komandada oynadı, 17 yaşında ölkənin gənclər üzrə yığma komandasına qatıldı və Macarıstan yığmasının qapısına beş top vurdu, 20 yaşında isə artıq 1966-cı il İngiltərə dünya çempionatının ən məşhur oyunçularından birinə çevrildi.

Bir medalın iki üzü

Bu gün Banişevskinin parlaq karyerası Bakı qazanxanalarında gecələməklə başa çatdığını bilsək də onun futbol taleyinə birmənalı qiymət vermək çətindir. Onu çökmüş biri adlandırmağa adamın dili gəlmir. Yığma komandada 50 oyun, 19 qol, dünya çempionatının bürünc medalı, Avropa çempionatının gümüş medalı...

Buna baxmayaraq futbolçu Banişevskinin həyatında sistemli şəkildə idman rejiminin pozulması, "əxlaqsız davranışlarına, sərxoş olub dava salmağa görə" əməkdar idman ustası adının əlindən alınması, uzun müddət diskvalikifasiya olunması da reallıqdır. Onun 27 yaşında "Neftçi"dən könüllü ayrılması da düşüncəsiz addım idi.

Qədəhin dibindəki top, yaxud Heydər Əliyev işə qarışır

"Banya" erkən futbol ölümünü araq qədəhinin dibində tapdı. Milyonlarla azarkeşin kumiri kimi o, hüdudsuz sevgi ilə əhatə olunmuşdu. Bakıda onu əllərinin üstündə daşıyırdılar, hər kəs onu öz məclisinə dəvət etməklə, onunla içməklə fəxr edirdi. O isə rədd etməyi bacarmırdı, heç istəmirdi də.

1971-ci ildə Sov.İKP MK-nın xüsusi direktivi ilə Banişevskini "Neftçi"nin beş digər oyunçusu ilə birlikdə "idman intizamını kobud şəkildə pozmağa görə" az qala diskvalifikasiya etmişdilər. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin işə qarışması sayəsində o, şərti cəza ilə yaxasını qurtardı.

Lakin rəhbərliyin səbr kasasını daşıran sonuncu damla 1972-ci il Avropa çempionatının Brüsseldə Almaniya Federativ Respublikası ilə keçirilən final oyunundan sonra baş verən epizod oldu.

Banişevski SSRİ-nin çox nüfuzlu idman məmuruna cavabı: "Gəl özün oyna..."

- Biz 0:3 hesabı ilə uduzduq. Oyundan sonra soyunma otağına SSRİ-nin idman üzrə çox mühüm məmuru daxil oldu və hamımızı danlamağa başladı, bizi az qala vətən xaini elan etdi,-Anatoli xatırlayırdı.- Mən, nəhayət dözmədim və cavab verdim: "Əgər bizim oyunumuz belə xoşunuza gəlmirsə, özünüz meydana çıxardınız və necə lazımsa oynayardınız".

Çağırılmamış qonaq dərhal yerində fırlandı və otağı tərk etdi. Bir daha məni yığmaya çağırmadılar.

1990-cı ildə Azərbaycan futbolunun 80 illiyi ilə bağlı Banişevskinin əməkdar idman ustası adını qaytardılar. Həmin ilin qışında o, "diabetik koma" diaqnozu ilə xəstəxanaya yerləşdirildi.

-Həkimlərin ümidi çox az idi ki, Tolya sağalacaq, axı bu, onda ikinci koma idi,-bacısı Lidiya Andreyevna xatırlayır.

Birinci şəkər koması 1987-ci ildə baş vermişdi və o, reanimasiyada 10 gün qalmışdı. Sonra bir ay Moskvada müalicə olundu, ancaq köməyi az oldu.

Burkino-Fasoda məşqçilik və prezidenti stadionda öldürürlər

Əlbəttə, bu xəstəliklə ona Afrikaya getmək olmazdı, ancaq Anatoli bir il Burkino-Fasoda işlədi, gənclər üzrə yığmaya məşqçilik etdi. Həmin vaxt həyatının güclü stressini yaşadı: hərbi qiyam törətmiş üsyançılar bilavasitə onun gözləri önündə, stadionda ölkənin prezidentini öldürdülər.

İkinci komadan sonra Tolyanın yaddaşı korlandı. Evdən çıxanda arvadı ona kağız yazıb verirdi ki, nə etməlidir, hara getməlidir. Yaddaşı sanki sönmüşdü. Və bu, 45 yaşında baş verirdi!

Tezliklə ölümcül xəstə olan Banişevski evini də itirdi, sadiq dostu və ev həkimi saydığı həyat yoldaşını da. Bitib-tükənməyən qalmaqallardan və ərinin içkini atması uğrunda nəticəsiz mübarizədən bezən arvadı iki qızının da susub razı olması ilə Anatolini qapı arxasında qoydu. Azərbaycanın cibində bir quruşu da olmayan eks-kumiri qazanxanada məskunlaşdı.

Məşhur futbolçunu bomjluqdan qurtarıb evinə gətirən Səidə

Və yəqin ki, ömrünün qalan hissəsini də orada başa vuracaqdı. Lakin Banişevskinin milyonlarla azarkeşi arasından onu sevən biri tapıldı. Təsadüfən Banişevskinin qazanxanada bomjlarla yaşadığını öyrənən Səidə taksi ilə təcili ora getdi. Bu qadın onun sonuncu dayağı oldu, ona az qala unutduğu ailə hərarətini verdi. Təəssüf ki, bu, çox davam etmədi. 1997-ci ilin qışında onlar Kanarda istirahət etməyə hazırlaşırdılar, hətta bilet də almışdılar. Lakin xəstəlik özünü göstərdi. Üçüncü şəkər komasına orqanizm artıq dözmədi...

Tarix
2014.12.11 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla