Yuxarı

Bizə qarşı sistemli iş gedir – “Qəbələ” rəsmisi qəzəbləndi

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu səhvlərə görə cavabdeh olan şəxslər ictimaiyyət qarşısına çıxıb üzr istəməli, üzərlərinə düşən işi yerinə yetirə bilmədiklərini etiraf etməlidirlər. Öz xoşları ilə etmirlərsə, rəhbərləri ölçü götürməlidir.

Axar.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov qol.az-a müsahibəsində bildirib.

- Topaz Premyer Liqasının XIII turu başa çatdı və komandanız mövsümdə ilk dəfə liderliyi əldən verdi. Bu, həm də, çempionatdakı ilk məğlubiyyətinizlə müşayiət olundu...

- Hər şeydən əvvəl onu deyim ki, mən komandamı məğlub hesab etmirəm. Futbolçuların hər biri layiqli oyun sərgilədi, məşqçinin verdiyi bütün tapşırıqları tam yerinə yetirdilər. Təəssüf edirəm. Bu klubu qurmağımızın 10 ili yenicə tamam olub. Qısa zaman kəsiyində ölkə futboluna çox yeniliklər gətirmişik. Bunlardan hər biriniz xəbərdarsınız. Amma, məncə, gətirdiyimiz ən vacib yenilik pərdəarxası oyunlara qol qoymamağımızdı. Biz həmişə oyunumuzu meydançada, 90 dəqiqə ərzində oynamışıq. Belə vacib oyunda bu qədər səhvə yol vermək olmaz. Bu səhvlərə görə cavabdeh olan şəxslər ictimaiyyət qarşısına çıxıb üzr istəməli, üzərlərinə düşən işi yerinə yetirə bilmədiklərini etiraf etməlidirlər. Öz xoşları ilə etmirlərsə, rəhbərləri ölçü götürməlidi.

- Belə başa düşürük ki, məğlubiyyətinin məsuliyyətini tamamilə hakimlərin üzərinə atırsınız.

- Mən, həqiqətən də, özümüzdə də səhvlər axtarmağa çalışıram, lakin bu oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini düşünürəm. Biz rəqibin oyun tərzini bilirik və taktikamızı məhz bu tərzə görə müəyyənləşdirmişdik. Gördüyünüz kimi, hakimlərin qəti müdaxiləsinə qədər taktikamız özünü doğruldurdu.

Qapımıza penalti təyin olunana kimi dəfələrlə bizə qarşı qayda pozuntuları qeydə alınmışdı, amma bu hallar belə bizim mübarizliyimizə xələl gətirmir, sanki futbolçular həm də hakimlərə qarşı oynamaqdan bir az da həvəslənirdilər. Hətta haqsız penaltinin, təəssüf ki, qola çevrilməsindən sonra belə, komanda öz oyununu itirməmişdi. Məhz oyunun bitməsinə 1 dəqiqədən də az qalan vaxtda rəqibin 20 nömrəli futbolçusunun (Riçard Almeyda – red) inamsız ötürmə verməsi, Ozobiçin topu yaxalayaraq hücuma atılması bu dediyimi sübut edir. Belə epizodlarda psixoloji durum önəmli rol oynayır. Özüm də idmançı olmuşam, çox vacib görüşlərə çıxmışam. İdmançının hakimin antipatiyasını hiss etməsi, doğrudan da, həmin an üçün həlledici olur. Diqqət etsəniz, Almeydanın qırmızı vərəqə aldığı vaxtda oyunun bitməsinə 20 saniyə qalır. Bizim cərimə zərbəsini yerinə yetirdiyimiz andan qolun vurulmasına qədər olan müddət isə 1 dəqiqə 20 saniyədi. Yəni, hakim oyunu 1 dəqiqə artıq oynadır. Gözləri hakimin fitində olan futbolçularımız həmin taleyüklü 1 dəqiqənin içində oyunun bir neçə dəfə başa çatacağını gözlədikləri üçün diqqətləri yayınır və beləcə, rəqibin növbəti qolu vurmasına şərait yaranır. Komandamız əslində, baş hakimə qarşı da ciddi müqavimət göstərdi, amma hakim hər hərəkəti ilə göstərdi ki, rəqibin qələbəsi üçün hər şey edəcək, etdi də. İşini başa vuran kimi oyunu da bitirdi.

- Dediyiniz məqamlarla yanaşı, hakim qırmızı vərəqə almış Riçard Almeydanın meydançanı tam tərk etməsini gözləməli, həmçinin, hesab 2:1 olarkən “Qəbələ”nin mərkəzdən oyunu başlamasından sonra final fitini verməli idi. Bu məqamlar oyun qaydalarının pozulmasıdı və matçın yenidən keçirilməsi tələb etməyinizə səbəb ola bilər.

- Əvvəla onu deyim ki, buraxdığı səhvlərin fərqində olduğuna görə baş hakimin özünüidarəni itirdiyi kənardan asanlıqla sezilirdi. Lakin FIFA referisi bu qədər kobud səhvlərə, xüsusilə, belə oyunlarda yol verməməlidi. Dünən oyundan sonra ümid edirdim və gözləyirdim ki, PFL və Hakimlər Komitəsi tərəfindən günahkar hakimlərin hər biri həm layiqli cəzalarını alacaqlar, həm də ali futbol qurumu bu qərəzin nədən doğduğunu aydınlaşdırmağa çalışacaq. Amma bu gün həm PFL rəhbəri Ramin Musayev, həm də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdə hakimi müdafiə etmələri dünənki idarəçiliyin təsadüf olmadığına məndə əminlik yaratdı. Bütün ölkənin, mütəxəssislərin yekdilliklə “penalti deyil” fikrini qəbul etməyib, o hakimi müdafiə edirlərsə, deməli, sistemli iş gedir, “Qəbələ”nin uğuru əngəllənir. Bu, səhv yox, həmin şəxslərin klubumuza qarşı olan qərəzidi. Oyun qaydalarının pozulmasını isə protokola qeyd etmişik. Təkrar keçirilmə ehtimalını yüksək dəyərləndirmirəm. Mən gördüyümü gördüm. İndidən sonra heç kim mənə “Qəbələ”yə qarşı antipatiya olmadığını deyə bilməz.

- Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?

- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.

- Baş məşqçiniz mətbuat konfransında hal-hazırda evində olmaq istədiyini bildirdi. Bu, onun komandadan ayrılmaq istəyinə dəlalət etmir ki? Bu haqda söhbətiniz olub?

- Əlbəttə, məşqçi və komanda ilə görüşümüz oldu. Hər birinə mübarizənin başa çatmadığını, hələ qarşıda 15 oyun qaldığını bildirdim. Roman isə həmin anda olan hislərini ifadə edib. O, mübariz insandır, belə anlarda yandaşlarını yarı yolda buraxmaz. Bütün bu dediklərimlə yanaşı, həm məşqçilər, həm də futbolçuları necə motivasiya edəcəyimi bilmirəm. Haqları yeyildiyini hər biri gördü. Hakimlərə, rəqib futbolçulara veriləcək cəzalar belə onları sakitləşdirməyəcək.

Tarix
2016.11.30 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla