Yuxarı

“Qəsəbəyə bir şəhid gəldi, sonra bildim ki, bu “o”dur” – Foto

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Elnaz Eyvazlı ilə görüşüb onun həyatının duyğusal, səmimi anlarını oxucularımızla paylaşmasını istədim. Xanım şairənin yalnız özünə məxsus olan, gözlə görünməyən, qulaqla eşidilməyən, yalnız ürəyinin iç qatında saxladığı hisslərini tərpətmək istəyi ilə də telefon açdım. Ədəbi mühitlə bağlı tanışlığımızın verdiyi imkandan istifadə edib görüşmək istəyimə razılıq aldım. Nizami rayonundakı parklardan birində, çay süfrəsi arxasında oxucularımızın şahidlik edəcəyi söhbətimiz baş tutdu.

Çox sevirəm

- Elnaz xanım, qabaqcadan deyim ki, həm yaradıcılığınıza bələd olduğuma, həm də bu yaxınlarda işlətdiyiniz bir ifadəyə görə sizinlə "Sevgi etirafı" layihəsində görüşmək istədim. Düşünürəm ki, etiraz etməzsiniz...

Xəfifcə gülümsünür:

- "Sevəndə çox sevirəm"… bunumu deyirsiniz?

- Elədir. Siz, "sevəndə çox sevirəm", - deyəndə nəyi nəzərdə tuturdunuz? Yaşadığınız bu çox olmayan ömürdə çox adamı sevmənizi, yaxud bir nəfəri sevəndə çox sevməyinizi?

- Sevdiyimi çox sevirəm, demək istəmişəm.

- Sizə sevgi nədir sualını verməyəcəm, sadəcə, soruşacam, ilk sevginiz nə vaxt oldu?

- Sevgi anlayışı mənim üçün tamam fərqlidir. Ağlıma ilk olaraq, heç də şəxsin şəxsə olan sevgisi gəlmir.

Nələrisə deməyə məcburam

- Sevilməyiniz yaddaşınızda necə qalıb?

- Suallarınız başqa cavablar tələb etmir deyə, nələrisə deməyə məcburam. Amma o tip qadınlardan deyiləm ki, sevildiyimlə fəxr edim. Məsələn, heç vaxt "məni filankəslər sevib" deyə, qürurlanmamışam. Rəfiqəm həmişə deyərdi ki, baltanı kökündən vurursan. Heç vaxt məni sevənə yalandan ümid verməmişəm. Süründürməmişəm heç kimi dalımca. Həmişə, elə indi də fikirləşmişəm ki, qarşımdakı da insandır, onun da mənliyi, hissi var. O da bir kişinin oğludur. O məni sevməyi ilə mənə dəyər verib, başqalarından fərqləndirib, onun üçün hamı deyiləm. Seçib, çoxlarının arasında ürəyi məni istəyib, gözü məni tutub. Nə üçün bunula lovğalanmalıyam? Kimsə məni sevirsə, demək şərəf verir. Sözümü qəti demişəm. Amma mənim bu xüsusiyyətim düşünürəm ki, o adamlara daha çox əzab verib. Əslində, mən əzab vermək istəməmişəm.

Ümid yeri qoymamışam

- Konkret olmuşam, "yox" demişəm dediniz, bayaq. İndi də deyirsiniz ki, onların mənə verdiyi dəyərə görə onları qırmamışam.

- Qırmamışam o mənada ki, ümidlərini kökündən kəsmişəm. "Yox" demişəm, işıq ucu boyda belə, ümid yeri qoymamışam. Naz satmamışam. Elə cavab verməmişəm ki, gedib qayıtsın, bəlkə, "alındı" deyə fikirləşsin.

- Naz eləməyi bacarmırsınız, ona görə?

- Sevmirəm naz eləməyi. Həm də bütün sevənlərə də naz eləmək olmaz axı. Əgər sən kimisə sevmirsənsə, niyə də naz edəsən? Nazın də yeri və qədəri var.

Özümə yaxın buraxmamışam

- Sevgidə riyakarlıq etməmisiniz.

- Yox, nə danışırsıniz?! Ümumiyyətlə, riyakar adam deyiləm. Riyakar adamları da sevmirəm.

- Orta məktəbi Ələt qəsəbəsində oxumusunuz. Şəhərdən kənar, rayondan bəri. Necə idi, rəfiqələrinizdən, qəsəbə qızlarından, sözsüz ki, seçilirdiniz? Sizə həsəd aparan, paxıllıq edən var idimi?

- Bunu kimdənsə eşidəndə belə, özümə yaxın buraxmamışam, paxıllıq nədir?! Məsələn, bir iş yoldaşım vardı, bir dəfə dedi ki, sənə paxıllıq edirəm, həm də bunu gizlətmirəm. Güldüm getdim özümdən... Mənə ayıb gəlir düşünəm ki, kimsə mənə paxıllıq edir. Başqası deyəndə isə filankəs sənə paxıllıq edir, qəribə gəlib mənə. O da mənim kimi qızdır, qadındır, insandır, axı niyə və nəyimə paxıllq etsin? Ümumiyyətlə, bu hiss mənə çatmır.

Ona ərə gedəcəyim kişi kimi baxmırdım

- Vaxt gəldi keçdi, sizin ürəyinizin çırpındığı bir vaxt oldu. Siz həmin ürəyinizi çırpındıran adamla ailə qurdunuz?

- Yox. O adam məndən yaşca böyük idi. Mötəbər tədbirlərin birində hər ikimiz iştirakçı olmuşduq və orada da tanış olmuşduq. O mənə insan kimi, azərbaycanlı qızı kimi çox dəyər veriridi. Bu plotonik bir şey idi. 21 yaşda yaşadığım hissləri başqaları, bəlkə də, 15-17 yaşına yaşamışdı. Məsələn, ona ərə gedəcəyim kişi kimi baxmırdım. Heç mənim əlimdən tutsun, yanımda olsun deyə də fikirləşmirdim.

- O, sizin nağıllarınızın yox, ağlınızın qəhrəmanı, ağ atlısı idi.

- Hə, özüm onu yaratmışdım. Xəyalımda yaratdığım, yaşatdığım adamı ona köçürmüşdüm... Mənim üçün sevgi, ailə başqa şeydir. Bir ailə mifi var içimdə. Baxmayaraq ki, mənim öz ailəm dağıldı, amma o mif mənim üçün heç vaxt dağılmadı.

Bütün kişilər alçaqdır

- Ailənin dağılması, ərinizə olan münasibətin dəyişməsi bütün insanlara olan münasibətin dəyişməsi ola bilərdi?

- Bir neçə il elə oldu. Yeddi il mən adamlardan qaçdım, elə bilirdim bütün kişilər alçaqdır. Ancaq zaman keçdikcə hər şey axarına düşdü... Anladım ki, haqsızlıq edirəm, hamı eyni ola bilməz.

Çox böyük bir səhv idi

Sözünü kəsirəm:

- Elnaz xanım, gəlin tələsməyək, ailənin dağılmasından yox, birləşməyinizdən bəhs edək, necə oldu saqqzınızı oğurladı?

- Əslində o mövzuya toxunmaq istəmirəm, hərçənd artıq ağrı da vermir. Ağrı versə, demək, ona hər hansı hissim qalıb və bu məni narahat edər. Mən heç kimə nifrət edə bilmirəm. Qarşımdakı adama müəyyən bir yerə qədər güzəşt edirəm, o yer bitdisə, silib atıram,vəssalam. Sadəcə, çox böyük bir səhv idi, vaxtında ayıldım, özümdə cəsarət tapıb o səhvi düzəltdim. Və o kitabı bağladım, bitdi...

- Axı nə olmuşdu, xəyanət etdi, evə pul gətirmədi?

- Yox, yox, bizim maddi çətinliyimiz olmadı, xəyanət də etmədi. Həyatım boyu insana maddiyatına görə dəyər verməmişəm. Mənim üçün əsas insani dəyərlərdir. Öz razılığımla ailə qurmuşduq, laikn bizim tamam fərqli düşüncə tərzimiz vardı və tamam başqa-başqa adamlar idik. Ayrılmışıq deyə, onun dalınca danışmağım düz alınmır, əslində. O da öz səviyyəsində sevirdi. Onun da sevgisi, dünyaya baxışı bu idi və baxışlarımız olduqca fərqli idi. Onda özümə qarşı sevgisizlik, diqqətsizlik yox, aşırı dərəcədə hörmətsizlik gördüm. Qarşılıqsız hörmət, bu isə ən ali sevgini belə gec-tez öldürür. Və mən artıq didilmiş, ölmüş hisslərlə davam etməyi lazm bilmədim. Axı nəyə görə? Kimin xatirinə dözməli idim sevgi öləndən sonra?!

Posmodernist kişidən boşanmışam

- Mentalitetdən, dünəndən gəlmə yalançı kişi qüruru, qadını aşağılama və başqa cəhdlər deyildi ki bu hörmətsizlik?

- Qələm dostlarım olan xanımlarla söhbət zamanı söyüşlə yazılan əsərlərdən söz düşəndə zarafatla deyirəm ki, o cür posmodernist kişidən boşanmışam.

- İnciksiniz, amma ola bilməz ki, onunla bağlı şirin bir xatirəniz olmasın.

- Amma pislər o qədər çox oldu ki, yaxşıları "öldürdü". O biz ayrılandan sonra dedi ki, kaş sən də mənə qarşı elə bir hərəkət eləmiş olaydın ki, xatırlayıb sənə nifrət edəydim, sən də mənim üçün öləydin.

- Sizin uşağınızın atasından sonra həyatınızda sevdiyim və sevgilim dediyiniz adam olub?

- Desəm, olmayıb, inanarsınız?

- İnanmaram. Amma O da yoxdur axı yanınızda. Təksiniz axı.

Sevmək üçün doğulub bu qadın

Gülümsər çöhrəsinə bu dəfə acı bir təbəssüm yayılır:

- Konkret, nə deyim?! Cavabım nə olmalıdır?

- Cavab sizin həqiqətiniz olmalıdır. Yoxsa yalandan oxucu toplamaq üçün cavablar fikirləşməyəcəyik ki...

Şeirlə cavab verir:

- Getməyin üstünə...

Baxmayın dediyinə,

çəkməyin yanında nifrətin adın.

Sevmək üçün doğulub bu Qadın!

- Elnaz xanım, istedadlı yazarsınız. Özünüzü arzuladığınız yerdə görürsünüz?

- Yox. Buna səbəb isə həm tənbələm, həm də heç vaxt heç kəsin köməyindən yararlanıb irəli getməyə cəhd etməmişəm. Ədəbi camiəyə qədəm qoyanda, mətbuatda müxtəlif yazılarla çıxış edəndə hələ tələbə idim, çox kömək etmək istəyənlər olub, razılaşmamışam. İstəmişəm nə etsəm, özüm edim, kimsənin qarşısında minnətli olmayım. Təmannasız, saf təkliflər də olub. Qəbul etsəydim, işdə də, bədii yaradıcılıqda da çox irəli pillələrdə ola bilərdim.

- Fikirləşimisiniz ki, nəsə düşünərlər? Nəbi Xəzrinin unutmadığı…

- Kiməsə mane olmaq, əziyyət vermək istəməmişəm. Misal üçün, Nəbi Xəzrini insan kimi, şair kimi çox istəyirdim. Dəfələrlə mənə işlə bağlı, kitabla bağlı təkliflər vermişdi, kömək etmək istəmişdi. Razı olmamışdım. İllər sonra biz telefonda danışdıq. Xəstə idi artıq. Haqqımda xoş sözlər dedi. Hardasan, niyə görünmürsən, - deyə soruşdu. Düşündüm, yəqin səhv salıb. Dedim, Nəbi müəllim, yəqin məni dəyişik salırsınız? Dedi, yox. Heç səni unutmaq olar? Səni ona görə çox istəyirəm ki, sən təmannasız dostluq etmisən mənimlə. Sən o adamlardan idin ki, yanıma gələndə ayaq üstə qarşılayar, yola salanda astanaya qədər ötürərdim... Sonra qardaşımla baş çəkməyə getdim. Sevindi. Dedi, səni çox istəyirəm. Balışının altından "Kredo" qəzetini çıxartdı, şeirlərim dərc olunmuşdu. Dedi, sənin şeirlərinə görə bu qəzeti saxlayıram. Bəyənirəm, sənə deməli olduğum fikirlərim var. Oturub yaza bilmirəm, nə deyirəm, qulaq as, get yaz hamısını gətir, imza atım. Kitabına ön söz kimi verərsən haçansa. Kitabım çıxanda artıq o dünyasını dəyişmişdi.

Məni ram etməyin yolu

-Yaxşı, sizi ram etmək, tora salmaq üçün saçlarınza tumar çəkməkmi, əllərinizi tutmaqmı...nə etmək lazmdır?

- Bunlarla məni tora salmaq olmaz. Sevəcəyim adamın ləyaqətinə, dürüstlüyünə əmin olmalıyam. Bilməliyəm ki, təkcə məni yox, bütün insanları sevir, Vətənini sevir. Fədakar, yalansız, əqidəli olmalıdır. Bir sözlə, Kişi Adam olmalıdır ki, mən onu sevim. Belə adamı sevmək də asan deyil, fədakar qadın olmalısan. Sevdincə, hər addımda ona dəstək olmalı, stimul verməli, həm də dost olmalı, başa düşməlisən adamı.

Orjinal sevgi təklifi

- Sevilməyinizi etiraf edirsiniz, amma heç o cavabsız sevgilərin yaddaşını tərpətmirsiniz...

- 8-ci sinifdə oxuyurdum. Məktəb yoldaşım kitabımı aldı ki, dərslərini hazırlayacaq. Bir gün sonra da qaytardı. Evdə kitabı vərəqləyəndə gördüm ki, arasına yaxaya taxılan "Nastinka" "broşka"lar vardı ha, onun birisini qoyub. Niyə belə edib? - fikirləşdim. Qohumları bizim binada olurdu. Axşamüstü eyvana çıxanda gördüm ki, onlardan gedir və gedib-gedib eyvanımıza baxır. Səhəri gün məktəbdə uşaqların arasında "broşka"nı atdım üstünə, sənin "broşkana qalmamışam", - dedim. Yazıq elə pərt oldu. İndi yadıma düşəndə gülürəm.

Elnaz xanımın sözünü kəsmirəm. Xəyalları onu neçə illərin öncəsinə aparıb:

- Elə 6-7 siniflərdə oxuyanda da bir başqa oğlan vardı... qızlar deyirdilər ki, məni sevir. Məhəl qoymurdum. Yuxarı siniflərdə uşaqlar xatirə dəftəri tuturlar. Mənə də verdilər ki, sən də nəsə yaz. Gördüm həmin oğlan da yazıb. "Sevdiyin varmı?" sualına, "hə var, "E"- yazıb. Heç o vaxtdan da onu görməmişəm. Amma bir dəfə anamla qəsəbədə gedirdim, çox illər sonra idi, artıq boşanmışdım. Qarşıda iki nəfər söhbət edə-edə gedirdi. Gördüm biri deyir ki, düzdür, ailə də qurmuşam, uşaqlarım da var. Amma sevdiyim təkcə o qız olub, məktəb vaxtından onu sevmişəm. Baxdım ki, həmin oğlandır. Bu arada biz onları ötüb keçdik. Səsi gəlmədi, kəsildi. Deyəsən, məni tanımışdı...

Danışır, gülümsəyir. Və birdən sifətində çox qəribə bir ifadə dolaşır. Təəssüf, peşmançılıq, özünə acıq, bilmirəm nə isə bir ifadə onun, doğurdan da, günah sahibi olması kimi yozula bilərdi. Yaddaşının elə bil ki, dərinliyindən bir etiraf da boy verir:

- Ali məktəbə hazırlaşırdım, 18 yaşım vardı. Bir oğlan evimizə aramsız zənglər edirdi, səsini eşidən kimi dəstəyi asırdım. Yalvarırdı ki, ona qulaq asım. Məni sevdiyini, nişan vermək istədiyin deyirdi. Dedim, bir də zəng etmə. Fikrim başqa idi, arzularım vardı, oxumaq istəyirdim, ağlımda sevgi-filan yox idi. Onu heç tanımırdım da, bilmirdim kimdir, yalnız adını demişdi. Sonra zənglər kəsildi. Uzun fasilələrlə zənglər gələrdi, dəstəyi başqası qaldıranda cavab verməzdi. Bir gün də yenə zəng etdi, dedi ki, məni acılama, peşman olarsan. Yenə danışmadım. Müharibənin qızğın vaxtı idi. Sonra qəsəbəyə o adda bir şəhid gəldi. Və zənglər də o kəsilən kəsildi...

Elnaz xanımın səsi çox həlim, çox sakit və acı çəkən bir insanın səsinə bənzədi. O, səs həmin gənci sevmədiyinə peşmançılıq çəkən qadının səsi deyildi. O, düşmən gülləsinə tuş olan bir ürəyin içində adının olmasının fərqində olduğunu hiss edən qadının səsi ilə danışırdı və bu zəngin beləcə susmasına ağrıyırdı...

Tarix
2014.09.05 / 09:20
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla