Yuxarı

Anar Yusifoğlu uzun fasilədən sonra "Enerji"dən yazdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış telejurnalist Anar Yusifoğlu uzun müddət fasilədən sonra bu gün "Xalq qəzeti"ndə məqalə ilə çıxış edib. Yazını təqdim edirik:

Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür.

Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, həm də Avropa qitəsinin maraqlarına cavab verir.

Azərbaycan təbii qazının dünya bazarına "Cənub qaz dəhlizi" vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında dövlət başçısı İlham Əliyevin sərəncamı "Şahdəniz" perspektiv strukturunda ölkəmizin, müasir neft tarixində ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan yaradıb. 2006-cı ildə "Şahdəniz" yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz qaz boru kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirib.

"Şahdəniz" yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi isə həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edəcək müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. 2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin sənədi ratifikasiya etmişlər. Trans-Anadolu qaz kəməri təkcə "Şahdəniz" layihəsi çərçivəsində hasil olunan qazı deyil, eyni zamanda, Azərbaycanın digər yataqlarından çıxarılan təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir.

İri qaz istehsalçısına çevrilən Azərbaycan hasil etdiyi təbii qazın müxtəlif marşrutlarla ixracında maraqlıdır. Bu səbəbdəndir ki, ölkəmiz öz enerji təhlükəsizliyi üçün yetərli qaydada qaz ixracı marşrutlarının diversifikasiyasına nail olub. Lakin Azərbaycanın enerji sektorunun inkişafı, "Şahdəniz" layihəsinin ikinci mərhələsinə hazırlıq, "Ümid" yatağının kəşfi və işlənməyə hazırlanması, "Abşeron" blokunda iri qaz yatağının aşkarlanmsı və digər perspektiv strukturlarda görülən işlər yaxın illərdə ölkədə təbii qaz hasilatı həcmlərinin əhəmiyyətli surətdə artacağına işarə verir. Bu isə ölkəmizin ixrac imkanlarını genişləndirmək zərurəti yaradır.

Proqnozlara görə, ilkin dövrdə "Cənub qaz dəhlizi" ilə ildə 10 milyard kubmetrədək "Şahdəniz" qazı Avropa bazarlarına daşınacaq. Trans–Adriatik (TAB) layihəsinin seçilməsi ilə bağlı qəbul olunmuş qərar, həmçinin konsorsiumun "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı planlarında da mühüm bir addımdır. Bu layihə boru kəmərləri ilə birlikdə 40 milyard dollara başa gələcək və ildə 16 milyard kubmetr Azərbaycan qazını Avropa bazarına daşıyacaq.

Ölkə başçısı İlham Əliyevin təbii qazın dünya bazarına çıxarılması ilə bağlı imzaladığı sərəncam Azərbaycan qazını Avropaya çıxaracaq 4 iri layihənin (Şahdəniz-2, SCP, TANAP və TAP) vaxtında həyata keçirilməsi üçün qarşıya çıxan hər hansı bir problemi operativ həll etməyə əsaslanıb.

Azərbaycan Respublikasının enegetika naziri Natiq Əliyev bildirmişdir ki, "Şahdəniz-2" mərhələ çərçivəsində hasil ediləcək təbii qazın Türkiyədən Avropaya nəql edilməsi üçün TAP boru kəmərinin seçilməsi regionumuzun və ölkələrimizin nəhəng iqtisadi və enerji potensialından daha yaxşı və səmərəli istifadə etməyə imkan yaradacaq, TAP-ın seçilməsinə dair qərar investisiyaların artmasına, eləcə də Azərbaycanın həyata keçirdiyi regional və transmilli enerji layihələrinin gerçəkləşməsinə səbəb olacaq. Nazirin qənaətinə görə, "Cənub qaz dəhlizi"nin etibarlı və səmərəli işləməsi gələcəkdə Transxəzər layihəsinin gerçəkləşməsi ilə nəticələnəcək, eyni zamanda, "Azəri-Çıraq-Günəşli"blokunda yerləşən dərin qaz yataqlarının tezliklə mənimsənilməsinə, eləcə də "Abşeron", "Ümid", "Şəfəq-Asiman" və digər perspektivli strukturlarada nəhəng işlərin tezliklə başlanmasına imkan yaranacaq. Bununla da, yaxın onilliklər ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi bir qədər də artacaq və ölkəmiz Avropanın enerji təminatında daha yaxından iştirak edəcəkdir.

Xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, "Cənub qaz dəhlizi" layihəsi 2019-cu ildə yekunlaşsa, növbəti onillik ərzində Azərbaycan bundan böyük mənfəət götürəcək. "Cənub qaz dəhlizi" Avropa üçün yeni mənbədir" deyən nazirin sözlərinə görə, bütün regiona təsir edəcək layihə ölkənin ümumi xəritəsi və strateji əhəmiyyətini dəyişəcək. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu isə hesab edir ki, Bakı-Tbilisi-Ceyhan və "Cənub qaz dəhlizi" layihələri regionda sülh və inkişafı təmin edəcək.

Ümumiyyətlə, Azərbaycan ərazisi ilə 2020-2025-ci illərdə 50-55 milyard kubmetr həcmində qazın nəql olunacağı gözlənilir. Əlbəttə, buraya digər ölkələrdən, xüsusən də Türkmənistandan da qazın nəqli daxildir. Bu amillər, eləcə də 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycan təbii qazının bu bazarlara nəqli xüsusən böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrinin əksəriyyətinin Rusiyanın təbii qazı ilə təmin olunduğunu nəzərə alsaq, köhnə qitənin bu asılılıqdan yaxa qurtarmasında yeganə çarənin qaz idxalının şaxələndirilməsində olduğunu görərik. Bu isə Azərbaycanın öz neft-qaz ehtiyatlarının şaxələndirilmiş ixracına verdiyi üstünlüklə uzlaşır.

Rəsmi Bakı enerji xətlərinin diversifikasiya siyasətini həyata keçirir. Bu üzdən neft və qaz sərvətlərinin dünya bazarlarına çıxarılması üçün müxtəlif marşrutların seçilməsi strateji məsələdir. Hazırda regionda mövcud şərait bu işə siyasi motivlərin əlavə edilməsini diktə edir. Belə ki, enerji xətlərinin Ermənistan və İran ərazisindən keçməsi sərmayədarlar və konkret ölkələr üçün məqbul olmadığından bütün maraqların qorunduğu variantlara üstünlük verilir. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən layihələr sırasında TANAP, TAP, Şahdəniz, Nabukko, Bakı-Tbilisi-Ərzurum və digər marşrutlar xüsusi yer tutur və həmin layihələr rentabelliyi baxımından daha çox cəlbedici görünür.

Ümumilikdə isə dünya iqtisadiyyatında energetika sistemində təbii qazın rolu getdikcə artır. Xüsusilə, təbii qaz çatışmazlığının bəzi Şimal ölkələrində problem yaradacağı təhlükəsi var. Məhz buna görə qlobal iqtisadi böhranla mübarizə enerji mənbələri uğrunda mübarizə ilə paralel aparılır. Avropanın enerji asılılığından qurtarması üçün göstərdiyi cəhdlər, Rusiyanın bu asılılığı artırmaq üçün apardığı işlər daha intensivləşib. Faktiki olaraq bir neçə ildir ki, Avropaya qaz satışını reallaşdıracaq Şimal və Cənub dəhlizləri arasında mübarizə gedir. Bu mübarizədə kimin qalib gələcəyi isə onların iştirakçıları olan dövlətlərin təklif edəcəyi variantların cəlbediciliyindən asılı olacaq. Azərbaycanda iri həcmli yeni qaz ehtiyatlarının tapılması və qaz istehsalının artması onun satışını təmin edəcək yeni kəmərlərin yaradılmasını tələb etdiyindən rəsmi Bakı bu məsələdə müstəqil kursunu davam etdirmək əzmindədir.

Tarix
2013.11.08 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla