Yuxarı

"Bakı bunun üçün əməkdaşlığa hər zaman açıqdır"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan trans-regional nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları bağlantılarının gücləndirilməsi yolu ilə Avrasiya regionunun davamlı və əhatəli inkişafının artırılması naminə konstruktiv əməkdaşlığa və yeni iqtisadi perspektivlərin müzakirə edilməsinə hər zaman açıq və hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalında dərc olunan məqaləsində deyib.

R.Həsənovun “Azərbaycan yolların kəsişməsində. Avrasiyada trans-regional əlaqəliliyin gücləndirilməsinin yeni aparıcı qüvvəsi və mühərriki” başlıqlı məqaləsində bildirilir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və Cənubi Qafqaz regionunun Ümumi Daxili Məhsulunda 70%-dən çox paya sahib olan Azərbaycan qeyri-neft sektorunun inkişafı, regionlarının bərabər inkişafının təşviqi, iqtisadiyyatının diversifikasiyası və rəqabət qabiliyyətliliyinin artırılması, biznes mühitinin təkmilləşdirilməsi, ticarətin asanlaşdırılması sahəsindəki səylərini uğurla davam etdirir. Səfir vurğulayır ki, ölkəmiz “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf strategiyasını, o cümlədən milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsini uğurla həyata keçirir və bunun sayəsində daha şaxələndirilmiş, rəqabət qabiliyyətli və davamlı iqtisadiyyata keçidi təmin edir.

R.Həsənov qeyd edir ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyinə töhfə verən bir sıra regional layihələrin təşəbbüskarı qismində çıxış edir. Hazırda nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr ölkənin davamlı və hərtərəfli inkişafına xidmət etməklə bərabər həm də regionun iqtisadi rifahına töhfə vermiş olur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya Super İnformasiya Magistralı və Cənub Qaz Dəhlizi kimi strateji trans-regional layihələrin həyata keçirilməsi üzrə regionda aparıcı ölkədir.

Məqalədə bildirilir ki, Azərbaycan qlobal iqtisadiyyata səmərəli inteqrasiya etmək üçün nəqliyyat bağlantılarının inkişafına xüsusi əhəmiyyət verir. Vurğulanır ki, ölkəmiz özünün əlverişli geostrateji mövqeyi və güclü tranzit potensialı sayəsində Avropa və Asiyanı birləşdirən ən qısa və iqtisadi cəhətdən səmərəli marşrutun ərsəyə gəlməsi üçün münasib nəqliyyat imkanları təklif etməklə Avrasiya regionunda regionlararası və regiondaxili ticarətə töhfə verir. Qədim Tarixi İpək Yolunun yenidən bərpası ilə bağlı görülən işlər Avropa və Asiya arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsində mühüm rol oynayır.

Səfir məqalədə “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Bir Qurşaq, Bir Yol” və “Lapis Lazuli” kimi layihələrin iştirakçısı olan Azərbaycanın trans-regional nəqliyyat bağlantılarına verdiyi töhfələr, Pan-Avropa Nəqliyyat Dəhlizi və Trans-Asiya Nəqliyyat Şəbəkəsinin mühüm elementi olan, 2017-ci ilin payızında tam istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars layihəsinin Avrasiya boyu yük və sərnişin daşımalarındakı əhəmiyyəti, Avrasiyanın aparıcı ticarət və loqistik qovşağı olacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yükdaşınmasında oynayacağı rol barədə məlumat verir. O bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sayəsində İpək Yolu boyu tranzit daşımaları daha etibarlı, davamlı və səmərəli olacaqdır.

Məqalədə qeyd edilir ki, Azərbaycanın ərazisindən dəmir və dəniz yolu vasitəsilə tranzit yüklərin asan axınının təmin edilməsi, həmçinin tranzit yük daşımaları sahəsində Azərbaycanın potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Şuranın məqsədi dəmir yolu, avtomobil yolu və dəniz karqo nəqliyyatında vahid, səmərəli və şəffaf tarif siyasətinin hazırlanması, karqo daşımaları və sərhəd keçidinin təkmilləşdirilməsi və asanlaşdırılması, tranzit prosedurlarının sayının və vaxtının azaldılması, eləcə də ölkədən keçən nəqliyyat dəhlizlərinin təşviq olunmasından ibarətdir. Çin və Avropa arasında karqo axınlarının artırılması məqsədilə 2016-cı ildə Beynəlxalq Trans-Xəzər Nəqliyyat Konsorsiumu yaradılıb.

Həmçinin qeyd edilir ki, Hind Okeanının və Fars Körfəzinin Xəzər dənizi ilə nəqliyyat bağlantısının təmin edilməsi məqsədilə 2016-cı ildə Bakı şəhərində keçirilmiş Azərbaycan, Rusiya və İran Prezidentlərinin üçtərəfli sammiti regional nəqliyyat əməkdaşlığına yeni təkan verib.

Səfir Azərbaycanın BMT-nin Baş Assambleyası tərəfindən dəstəklənən Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin həyata keçirilməsi vasitəsilə regional informasiya-kommunikasiya texnologiyaları qovşağı kimi artan rolunu da qeyd edir, bu layihənin Avrasiya regionu boyunca geniş zolaqlı internet bağlantısının yaradılmasına, regional informasiya-kommunikasiya texnologiyalarının inkişafına və elektron ticarətin artımına xidmət edəcəyini bildirir. O vurğulayır ki, Trans-Avrasiya Super İnformasiya Magistralı istifadəyə verildikdən sonra Avropa və Asiyanın ən böyük internet mübadilə nöqtələrini birləşdirəcəkdir.

Məqalədə həmçinin bildirilir ki, regional enerji təhlükəsizliyi sahəsində əlaqəlilik Azərbaycanın gələcəyə baxışının təməl daşı olaraq qalmaqdadır və bu xüsusda, Şərq-Qərb enerji layihələri Azərbaycanın davamlı enerji siyasətinin tərkib hissəsidir. Səfir Cənub Qaz Dəhlizinin icrası barədə məlumat verir və bu layihənin regional enerji təhlükəsizliyinə töhfə verilməsi və yeni biznes imkanlarının yaradılması baxımından əhəmiyyətini vurğulayır.

Tarix
2017.07.27 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla