Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


Xüsusi iqtisadi zonalar yaradılır - Vahid Əhmədov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla müsahibəni təqdim edir:

- Neft ölkələri hazırda böyük çətinliklərlə üz-üzədir. Neftin qiymətinin düşməsi gəlirlərə 4 dəfə təsir edib. Bu, gözlənilən idi?

- Neft qiymətinin bu qədər kəskin aşağı düşməsi gözlənilən deyildi. Əks təqdirdə, 2016-cı ilin dövlət büdcəsi təsdiqlənəndə 50 dollardan götürməzdik. Bu proses gəlirləri və dövlət büdcəsi neftdən asılı olan bütün ölkələrə təsir etməkdədir. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün qiymətin kəskin düşməsi həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın gəlirlərinə müəyyən qədər öz təsirini göstərib.

- Nazirlər Kabinetinin iclasında prezident belə hallardan sığortalanmaq üçün qeyri-neft sektorunun inkişafına diqqətin daha da artırılmasına dair göstərişlər verib. Hazırda hansı tədbirlərin görüldüyünü müşahidə edirsiniz?

- Ümumiyyətlə, Azərbaycanda uzun müddətdir ki, bu proses gedir. Dövlət başçısı hələ regionların iqtisadi inkişaf proqramları təsdiq ediləndə və onların yerinə yetirilməsi ilə əlaqədar konfranslar keçiriləndə hökumətin qarşısında iki məsələ qoyulmuşdu: birincisi, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi, ikincisi, qeyri-neft sektorunun inkişafı. Keçən müddət ərzində bu sahədə müəyyən işlər görülüb, son 2-3 ildə qeyri-neft sektorunda təxminən 10-11 faiz artım olub. Qeyri-neft sektoru isə əsas bu üç sahəni - sənaye, kənd təsərrüfatı və turizmi əhatə edir. Bu sahələrlə əlaqədar Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən çox böyük işlər görülüb. Yəni yerlərdə iri fermer təsərrüfatları və bir sıra sənaye sahələri yaradılıb. Ancaq bunlar qənaətbəxş deyil. İndiki vəziyyəti və neftin qiymətinin düşməsini nəzərə alaraq, dövlət rəhbəri də məhz Nazirlər Kabinetinin iclasında prioritet olaraq qeyri-neft sektorunun daha sürətlə inkişafını tapşırıb. Dövlət bu sektorla bağlı 150-yə yaxın layihənin bölgələrdə yerinə yetirilməsi üçün 1,5 milyard manata yaxın vəsait ayırıb. Əgər bu baş tutarsa, 2017-ci ildə Azərbaycanda elə bir ciddi problem olmayacaq.

- Hazırda əsas çıxış yollarından biri kimi Azərbaycana beynəlxalq ekspert və xarici investisiyaların cəlb olunması göstərilir. Bu barədə fikirləriniz maraqlı olardı.

- Azərbaycanda kifayət qədər ekspert, savadlı mütəxəssis, iqtisadiyyatı bilən insan var. Sənaye və hansısa istehsal sahəsinə xaricdən ekspertlər dəvət edilə bilər, ancaq Azərbaycanda islahat sisteminin həyata keçirilməsi üçün güclü kadrlar kifayət qədərdir. Azərbaycana bir çox dövlətlər investisiya yatırmaq istəyiblər. Ancaq biz daha çox çalışmışıq ki, Azərbaycan öz daxili resurs və ehtiyatlarından istifadə edərək investisiya yatırsın. Hazırda yaranmış vəziyyətlə əlaqədar əlbəttə, xaricin investorları Azərbaycana dəvət etmək və onları qeyri-neft sektorunun inkişafına yönəltmək lazımdır. Bu barədə İqtisadiyyat Nazirliyi müəyyən işlər görür, danışıqlar aparılır. Yəqin ki, bu məsələ öz həllini tapacaq.

- Bəzi strukturların özəlləşdirilməsi məsələsi gündəmdədir. Özəlləşdirmənin qeyri-neft sektoruna təsiri barədə nə deyə bilərsiniz?

- Rabitə və digər nazirliklərdə elə obyektlər var ki, özəlləşmə üçün onlara baxmaq lazımdır. Yəqin ki, siyahı hazırlanacaq və sonra da bu məsələ nəzərdən keçiriləcək. Hökumətin hesabat iclasında da prezident özəlləşdirməyə gedəcək obyekt və şirkətlərin siyahısının hazırlanmasına dair göstəriş vermişdi. SOCAR, "Azərsu", "Azərenerji", "Azəriqaz" kimi mümkün strateji şirkətlərə məxsus elə obyektlər var ki, əlbəttə, bunlar özəlləşdirməyə gedə bilər. Özəlləşdirmə isə ABŞ-da olduğu kimi, tam deyil, şirkətin müəyyən hissəsinin dövlətin əlində saxlanılması ilə aparıla bilər.

- Dövlət başçısı çıxışında vurğuladı ki, Sahibkarlara Dəstək Fondunun xətti ilə 250 milyona yaxın güzəştli kredit verilib. Bununla da regionlara qoyulan investisiya 1 milyard manat təşkil edib...

- Bu günə qədər Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən 1,7 milyard manat vəsait ayrılıb ki, sahibkarlar bölgələrdə öz fəaliyyətlərini genişləndirsinlər. 2016-cı ilin dövlət büdcəsində isə bu rəqəm 250 milyon manat nəzərdə tutulub. Ancaq bundan başqa qayıdan vəsaitlər də var ki, bu, hardasa, 200-400 milyon ola bilər. Əsas qeyri-neft sektoru ilə bağlı 150 layihənin icrasıdır ki, 1,5 milyard manat vəsaitin 250-300 milyonu Sahibkarlığa Yardım Fonduna ayrılacaq, yerdə qalanı isə banklar tərəfindən maliyyələşməlidir. Əlbəttə, vəsait nə qədər çox olarsa, o qədər yaxşıdır. Digər tərəfdən isə xarici investorların Azərbaycana sərmayə qoymasına çalışacağıq ki, problem olmasın.

- Vahid müəllim, ölkəmizin ümumi daxili məhsulda payı 1 faizdən çox, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi baxımından 8,4 faizlik göstərici yetərlidimi?

- İqtisadiyyatın şaxələndirilməsi prosesi artıq çoxdandır ki, gündəmdədir. Biz çalışırıq ki, Azərbaycan bundan sonra neftdən asılı olmasın. Bunun üçün də elə etməliyik ki, neftdən gələn gəlirləri əvəzləyən iqtisadi istehsal sahələrimiz olsun. Bu da əsasən qeyri-neft sektoru, kənd təsərrüfatı, sənaye və turizmdir. Bunlarla bağlı da müəyyən proqramlar var. İqtisadiyyat Nazirliyinin də buna dair öz planları var. Keçən müddət ərzində qeyri-neft sektorunu daha çox inkişaf etdirə bilərdik. Təəssüflər olsun ki, bunu yüksək səviyyədə etmədik. Ancaq hələ də gec deyil, bu sahəyə diqqəti artırmalıyıq.

- Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bütün bunların fonunda problemi nədə görürsünüz?

- Ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatı davamlı, inkişaf etmiş, əsas da neftdən asılı olub. Davos görüşlərində prezident Azərbaycanda olan iqtisadi vəziyyəti bir daha digər ölkələrin rəhbərlərinin nəzərinə çatdırdı ki, ölkəmizdə investisiya qoyuluşunda heç bir problem yoxdur və istənilən xarici şirkətin Azərbaycanda investisiya qoyuluşu qorunacaq. Çünki Azərbaycanda investisiya qoyma stabilliyi çox böyük əhəmiyyət daşıyır. Bütün bunlara baxmayaraq, dünyada iqtisadi böhran nə qədər dərinləşsə də, Azərbaycan, qeyd etdiyiniz kimi, həmin rəqəmləri, yəni iqtisadi artımı qoruyub saxlayıb. Düzdür, əvvəlki səviyyədə olmasa da, 2015-ci ilə qədər Azərbaycanda iqtisadi artım olub.

- Hazırkı vəziyyətdə xarici investisiyanın ölkəmizə - qeyri-neft sektoruna cəlb olunması bir qədər çətin olacaq. Diplomatik korpus və səfirliklərimiz bu istiqamətdə hansı addımlar atmalıdır?

- Hazırda neftin qiymətinin aşağı düşməsi fonunda dünyada maliyyə böhranı yaşanır. Çində istehsalat kəskin aşağı düşür. Çinin milli valyutası da dəyər itirir. Bütün bunlar Azərbaycana da təsirsiz ötüşmür. O ki qaldı diplomatik nümayəndəliklərə, hazırda bir sıra görüşlər keçirilir. Bu yaxınlarda İngiltərə səfirliyində görüşüm oldu, müəyyən məsələləri müzakirə etdik. Ancaq əsasən İqtisadiyyat və Xarici İşlər nazirlikləri bu sahədə mütəmadi işlər görür, proqramlar əsasında hökumətlərarası komissiyalarda işləyir, Azərbaycana hazırda hansı sahələrdə biznes yatırımlarının lazım olduğunu aydınlaşdırırlar.

- Qarşıda duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən ixrac qabiliyyətli məhsulların istehsalıdır. Azərbaycan gələcəkdə rəqabətə davamlı məhsullar ixrac edə bilərmi?

- Hələlik Azərbaycanda rəqabət qabiliyyətli yalnız neft və neft məhsulları, kənd təsərrüfatı məhsullarıdır. Yaxın zamanlarda sənaye və aqrar sektorun inkişafı ilə əlaqədar olaraq ixrac yönlü məhsulların istehsalına daha çox diqqət yetiriləcək. Hesab edirəm ki, 2017-2018-ci illərdə Azərbaycanda rəqabətə davamlı sənaye məhsulu istehsalı olacaq.

- "Kənd təsərrüfatı ili" elan olunduğu 2015-ci ildə aqrar bölmədə 6,6 faizlik artım əldə olunub. Bu rəqəm indikindən daha çox ola bilərdimi?

- Aqrar sektor bütün dünyada dotasiya ilə işləyən və ağır sahədir. Azərbaycan hökuməti və digər qurumlar aqrar sahəyə hər zaman diqqət ayırmalıdır. 6,6 faiz artım az göstərici deyil. Son illər kənd təsərrüfatına diqqət artırılıb. İri fermer təsərrüfatları yaradılıb. Əvvəllər hər hektardan 20-25 sentner taxıl götürürdülərsə, indi elə fermer təsərrüfatları var ki, 50-55 sentner taxıl götürürlər. Yəni xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulur ki, bunlar da aqrar sahənin inkişafına gətirib çıxaracaq.

- Dövlət rəhbəri bütün regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, əhalinin dotasiya ilə yaşamaması və iqtisadi cəhətdən özlərini təmin etmələri ilə bağlı xüsusi göstərişlər verib...

- Bu, çox ciddi məsələdir. Xüsusi qanunlar da qəbul etmişik, dövlət başçısı sərəncam da verib. Hələlik regionlarda heç bir xüsusi iqtisadi zona yaradılmayıb. Məlumatıma görə, Qaradağdakı liman istifadəyə verilib və onun ətrafında xüsusi iqtisadi zonanın yaradılması planda var. Ümumiyyətlə, həm Qaradağ, həm də Lənkəran-Astara və Quba-Xaçmazda, xarici dövlətlərlə sərhəd olan regionlarda, dəmiryolu və liman şəhərlərində iqtisadi zonaların yaradılması mümkündür. Bu, iki baxımdan önəmli rol oynayacaq: həm sözügedən zonalara xarici investisiya yatırımı güclənəcək, həm də sahibkarlığın inkişafına təkan verəcək.

- Qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi hesabına aqrar sferada əsas prioritetlər nədən ibarət olacaq və Azərbaycan nəinki Rusiya, eləcə də Qazaxıstan, Yaxın Şərq ölkələri üçün əlverişli bazar rolunu oynaya bilərmi?

- Azərbaycan hələlik özünü ərzaqla tam təmin edə bilmir. Çünki müəyyən problemlər var. Prezident də qeyd etdi ki, biz hələlik müəyyən ərzaq məhsullarını xaricdən idxal edirik. Ancaq Azərbaycanın imkanları genişdir, torpaqları var. Şoranlaşmış torpaqlar üzərində əməliyyat aparılmalı və bu cür ərazilər normal vəziyyətə gətirilməlidir. Aqrar sahə çox əmək tələb etdiyindən müəyyən işlər mütləq görülməli, əlavə investisiya yatırımları olmalıdır. Azərbaycandan faktiki olaraq Rusiyaya ərzaq ixrac olunur.

- Qeyri-neft sektorunun mühüm qollarından biri də turizm sahəsidir. Bu sahədə qarşıda hansı işlər gözlənilir?

- Hazırda turizm sahəsində çox böyük işlər görülür. Böyük tikintilər həyata keçirilir. Gələn turistlərin miqdarı hər il artır. Ancaq bir sıra problemlər var. Qiymət çox yüksəkdir. Eyni zamanda, xidmət məsələsinə də baxmaq lazımdır. Azərbaycanda bununla əlaqədar Turizm İnstitutu fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi də bu sahədə müəyyən işlər görür. Yəqin ki, zamanı gəldikdə həm qiymətlərdə güzəştlər olacaq, həm də xidmət daha yüksək səviyyəyə qalxacaq. Biz ümumiyyətlə turizm sahəsində Türkiyənin təcrübəsini daha ciddi öyrənməliyik. Çünki Türkiyə dünyada turizm sahəsinə görə ən çox inkişaf etmiş ölkələrdən biridir.

- Vahid müəllim, Azərbaycan üçün son vaxtlar ən çox əhəmiyyət daşıyan məsələlərdən biri də nəqliyyat dəhlizlərinin açılmasıdır. Hansı yeniliklər gözlənilir?

- Bakı-Qars dəmiryolunun açılması böyük əhəmiyyət daşıyır. Bu yaxınlarda Ukraynadan Azərbaycan vasitəsilə Qazaxıstana, oradan da Çinə tranzit həyata keçirilib. Ümumiyyətlə, nəqliyyat dəhlizlərinin açılması Azərbaycana əlavə dividentlər gətirəcək. Hesab edirəm ki, bu sahədə Azərbaycan Dəmir Yolları QSC-nin gördüyü işlər, rəhbərliyin apardığı danışıqlar artıq öz müsbət nəticəsini verir.

Tarix
2016.01.26 / 09:12
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Şahin Mustafayev Alan Pilonu qəbul etdi

Türkiyənin Cocuq Mərcanlı ilə bağlı planı

Azərbaycanda yaşayış minimumu artırılır

Ekspertdən müqavilədə aldadılan vətəndaşlara - Müjdə

Azərbaycanda 1 manatlıq sikkələr buraxıla bilər

Bakı nefti bahalaşdı

Mərkəzi Bank yeni məzənnəni açıqladı

SOCAR-a 100 milyon ayrılır - Səbəb

Pulun 3 əsas funksiyası var - Elman Rüstəmov

Nazir açıqladı: Pensiyalar artırılacaq?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla