Yuxarı

Onlara baxanda ağzım açıq qalırdı... - Nərmin

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazar Nərmin Kamalla görüşümüz, ötənləri yada salmağımız, xatirələri çözməyimiz ayrı bir söhbətin mövzusudur. Onunla Axar.az-ın "Soraq" layihəsində gerçəkləşdirdiyimiz bu müsahibə isə düşünürəm ki, oxucularımız üçün daha maraqlı olacaq.

- Nərmin Kamal çoxdandır görünmür, yoxsa bu, bizə belə gəlir?

- Bu sualdan belə başa düşdüm ki, hər saytın öz oxucusu var. Mənim göründüyüm saytları da siz tərəfdə oxumurlar, yəqin.

- Bir müddət ailənizlə Londonda yaşadınız. Orada nələrin xiffətini çəkdiniz, oralarda gördüklərinizdən nələri burada görmək istərdiniz?

- Orada 3 il elə tez uçdu ki, heç vətən həsrəti mərhələsinə gəlib çıxmağa macal olmadı. Gözəldir oralar, təkcə Londonda oturub qalmadım, ölkənin ətraf şəhər və kəndlərini də xeyli gəzdim, azadlıq, yaşıllıq, təhsil, insan inkişafı çox yüksəkdir, orada BBC-nin Azərbaycan xidmətində həftədə bir dəfə müəllif yazısı yazırdım, 2 il çəkdi o yazılar, oralarda olan, Azərbaycanda da olmasını istədiyim bəzi məsələlər haqda həmin yazılarda yazırdım. Ancaq elə şeylər də var ki, onlar bizdən geridədirlər, xüsusən meyvə-tərəvəz məsələsində bizə çata bilməzlər. Bakıya gedib-gələnlər pomidor-xiyar, üzüm, yemiş gətirəndə daha aydın görünürdü o fərq. 1970-ci illərdə ora köçmüş farsların açdığı İranın "Saffron", yəni "Zəfəran" restoranı orada yemək yediyimiz əsas yer idi.

- Yaradıcılığınız haqda danışaq. Nə işlə məşğulsunuz?

- Hekayələr yazıram, bir də xarici mətbuatda esselərim çıxmağa başlayıb, elə Azərbaycan mövzularında: paylaşıram, internetdə yerli və xarici oxucuların reaksiyalarına baxıram, elə günümüz internetdə keçir.

- Bəs, London həyatınızın yaradıcılığınıza təsiri oldumu?

- Ümumiyyətlə, səyahətin çox yaxşı təsirləri olur insana, insan gəzə-gəzə dünyanın nə qədər geniş, özünün nə qədər kiçik olduğunu görür, daha təvazökar olur. Şəxsən mənim yaradıcılığıma çox təsiri oldu.

- Universitet müəllimisiniz. Nadinc tələbələriniz çoxdur?

- (Gülür) Ay yarımdır dərs dediyim, hələ ki, razıyam, elə bilirəm, tədris etdiyim fənnə maraq yarada bilmişəm.

- Bizim ədəbiyyat Londondan baxanda görünürmü, görünürsə, necə görünür?

- Əhali birmənalı şəkildə Azərbaycanı tanımır, mən "Azərbaycan" deyəndə o qədər "ora haradır" sualını eşidirdim ki, bəzən ötəri təzə tanışlar "haradansınız" soruşanda daha bezib deyirdim, Türkiyədənik, oranı dərhal tanıyırdılar. Ədəbiyyatımız da görünmür. Azərbaycan ədəbiyyatı haqda bir məqalə ver, heç kəs çap etməkdə maraqlı deyil, ancaq burada bir insan hüquqları, bir mitinq, bir belə dava-şava xəbəri olsa, bir yazıçı öldürülsə, tez maraqlanırlar.

- Deyirsiniz, bəzən bezib türkiyəli olduğunuzu deyirsiniz, bəs, türk ədəbiyyatının London gəzişmələri necədir?

- Orada türk ədəbiyyatının nüfuzu günü-gündən yüksəlir. Müasir türk yazıçılar Londonun doğru, əsil ədəbiyyat çevrələri ilə yaxşı münasibətlər qurublar. Təkcə müasirlər yox, A.H.Tanpınar kimi 20-ci əsr yazıçılarının da nüfuzu oralarda çox yüksəkdir və yüksəlməkdədir. Məsələn, elə keçən il "Penquin Buks" nəşriyyatı Səbahəttin Əlinin "Xəz paltolu Madonna" romanını çap etdi. Bu, böyük hadisə idi. Özüm elə bu günlərdə həmin romanı oxumağa başlamışam.

- Oralarda ədəbiyyatımız naminə nələr etmək istədiniz?

- Oradan nə qədər vacib ədəbiyyat personasından müsahibələr aldım, elə Enqliş Pen rəhbəri, Pamukun romanlarının ingiliscəyə tərcüməçisi M.Freeli ilə müsahibəmiz oldu. Bilirsən, onların Azərbaycan ədəbiyyatı haqda fikri "Əli və Nino" ilə məhdudlaşır. Düzdür, son illərdə bir çox müasir Azərbaycan yazıçıları kitablarını öz xərcləri ilə tərcümə etdirib oralarda pulla kitab çap edən yerlərdə çap etdiriblər, amma bir şey bilmək vacibdir ki, orada hər çap olunan kitab kitab həyatı yaşamır, yalnız nüfuzlu nəşriyyatlarda çıxan kitablar o həyatı yaşayır, dünya kitab okeanında üzə bilirlər. Ədəbiyyat, kitab işi çox inkişaf edib orda...

- Bəs, Azərbaycan ədəbiyyatı Londonda necə tanıdılmalıdır?

- Təbliğat işinin dünyaca leqal yolu budur ki, Dövlət Tərcümə Mərkəzi bir sayt açsın, ayrı-seçkilik etmədən bütün gəlmiş-keçmiş yazıçı və şairlərimizin adlarını, kitablarının qısa annotasiyasını qoysun o sayta, onların tərcümə və nəşri üçü 50 faiz, yaxud 70 faizlik qrant elan etsin, xarici tərcüməçi və naşirlər ildə bir-iki dəfə o qrant üçün baş vursunlar, özləri hansılar seçib bəyənsələr, onların pulunu dövlətimiz versin və o pulu da hər yoldan keçən nəşriyyata da verməsinlər. O nəşriyyatlara versinlər ki, o nəşriyyatlarda çıxan kitabların xarici mükafatlara da qoşulmaq hüququ var.

- Sorağınızı bir qədər gec aldım, baxmayaraq ki, heç də səssiz olmamısınız. Daha çox kimlərlə əlaqəniz var, görüşüb, paylaşmaq, fikir mübadilələri aparmaq baxımından?

- Xaricdə yaşayan, yaxşı yazan yaradıcı azərbaycanlılar var, onlarla məktublaşıram, onları siz də tanıyarsınız, həmçinin "Alatoran" jurnalından mənə yadigar qalan dostlarla əlaqəm var.

- Londonda olarkən azərbaycanlı yazar kimi haradasa özünüzü təqdim etdinizmi, tanıda bildinizmi?

- Bilirsiniz, orda olanda bəzi azərbaycanlı şairlərin, yazıçıların bir sözü məni təəccübləndirirdi, məsələn, oturduğum yerdə görürdüm biri yazıb ki, şeirlərimi ingilis dilinə tərcümə elətdirdim, istəyirəm Londonda kitabım çıxsın. Belə insan xəbərsizliyi qarşısında ağzım açıq qalırdı. Əvvəla, Amerikanın, Britaniyanın müasir ədəbiyyatını, ədəbi mətbuatını, nəşriyyatlarını izləmədən, oxumadan elə birbaşa öz yazılarını, şeirlərini tərcümə elətdirib kor-koranə ora göndərmək yaxşı deyil, yaxşı nəticə verə bilməz, bu, özünü azdırmaqdır. Yeri gəlmişkən, bizim tərcüməçilərin nə qədər keyfiyyətsiz səviyyədə olduğunu görmək üçün yəqin ki, yeganə yol o dili özünün bilməyindir. Neçə yazarımız var ki, fırıldaqçılara rast gəlir, pullarını alıb oradakı milyonlarla mətbəənin birində faylı kitaba çevirirlər, heç dil, qrammatik səhvlərini də düzəltmədən, içini oxumadan, vurub bir kitab edib, 50-100 ədəd göndərirlər Bakıya. Bu da buralarda fors edir ki, Londonda kitabım çıxıb. Bilməyib cəsarətli olanlarımız çoxdur, bir sözlə.

- Bəs, siz nə etdiniz?

- Mən bunun tam əksini etdim, özümü təqdim etməzdən əvvəl onların olduğu dalğanı tutmağa çalışdım. Buna xeyli zəhmət çəkdim, sizə deyim. Londonun qaynar ədəbi həyatı var. İlk növbədə, orda bütün ədəbi mətbuata abunə oldum, həftənin bir neçə gününü ədəbiyyat tədbirlərinə gedib qulaq asmaqla keçirdim, bəzən o tədbirlərdən yazılar da yazırdım, Azərbaycanda dərc də olunurdu o yazılarım. Sonra özümə orda bir yerli ədəbiyyat və yazı müəllimi tutdum. Mən ingiliscə bir esse yazırdım, o gəlirdi redaktə edirdi, redaktələrin səbəbini izah edirdi. "Öz üzərində çalışmaq" nə deməkdirsə, onu lazımınca etdim.

- Demək, heç də papağı günə vermədiniz.

- Elədir. London Ədəbiyyat Festivalından tutmuş London Kitab Sərgisinə, poeziya festivallarına, daha kiçik gündəlik ədəbiyyat tədbirlərinə qədər, hər yanda iştirak elədim. Amma əvvəl bilmək istədim söhbət nədən gedir, qəfil özümü öz şeirlərimlə ortalığa atmaq mənə ar gəldi, çünki bilmədiyim böyük bir söhbət getdiyini intuitiv hiss edirdim.

- Oradan yazıb Azərbaycanda dərc etdirirdiniz, bəs, əlaqələriniz necə qurulub, buradan onlar üçün yazı göndərirsinizmi?

- Hə, indi başlamışam onların ədəbiyyat jurnallarına yazılar göndərməyə, indi-indi öyrənmişəm hansı nə çap edir, yaxud o zümrələrdə tənqid edilən, bəyənilməyən yazı xüsusiyyətləri nələrdir. O jurnallara dünyanın əlli yerindən milyonlarla yazı gedir hər gün, nəhəng bir rəqabətdən söhbət gedir...

- Xanım yazıçı necə dolanmalıdır. Ərinin qazancı ilə, yoxsa yazdıqlarının gətirdiyi qazancla?

- Öz pulunu xərcləməyən insan özünü azad, rahat, xoşbəxt hiss eləmir. Şəxsən mən öz qazancımla dolanıram, həyatsevər adamam, amma pulmərkəzçi deyiləm. Ərim məndən daha varlıdır, amma onun pulunu öz pulum saymıram, ona "mənə filan qədər ver, filan şey alacağam" deməyə 7 illik evlilikdən sonra da xəcalət çəkirəm və belə bir şey dediyim yadıma gəlmir.

- Sizin ədəbiyyatımızın sabahı ilə bağlı ümidləriniz necədir?

- Türk ədəbiyyatı gözümüzün qarşısında necə dünya səviyyəsinə çıxdı, popsa deyib bəyənmədiyimiz müasir türk yazıçıları var ki, London kitabxanalarında onların ilk səhifəsi bütün yazıdır, o qədər ki, onlara oxucular arasında tələb var, kitabxanadan götürüb oxuyub qaytaran, yenə götürən var. Londonun hər hansı kitab mağazasında ən azı 4 türk yazıçısının kitabı bu dəqiqə gözəgəlimli yerdədir.

- Deyirsiniz, o gələcək Azərbaycan ədəbiyyatını da gözləyir?

- Azərbaycan ədəbiyyatına biz bütöv baxdığımız üçün çaşırıq. Gözümüzün qarşısına Füzuli də gəlir, C.Məmmədquluzadə də, müasir şairlərdən F.Balabəyli də. Dövlət səviyyəsində bir də görürsən, tanıtmaq üçün almanax çıxarırlar xaricdə. 100, 200 müəllif hərəsindən bir əsər olmaqla almanax. Belə tanıtma üsulu səmərəli deyil. Ədəbiyyat – ayrı-ayrı əsərlərdir, biz də Azərbaycan ədəbiyyatına ayrı-ayrı müəlliflər kimi, ayrı-ayrı əsərlər kimi baxmalıyıq.

Tarix
2016.11.03 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla