Yuxarı

Hədəflərimizə doğru daha bir addım atdıq – Kamal Abdulla

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin müsahibəsini təqdim edir:

- Noyabrın 1-də Qafqaz Universitetində "Azərbaycan multikulturalizmi" Elm-Tədris Mərkəzinin açılmasını necə qiymətləndirirsiniz?

- Bu, çox ciddi və qarşısında böyük hədəfləri olan bir mərkəzdir. Ciddiliyi ondadır ki, Prezident İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə doğru bir addım da atdıq. Azərbaycan təhsil sisteminin çox önəmli bir nöqtəsində - Qafqaz Universitetində "Azərbaycan multikulturalizmi" Elm-Tədris Mərkəzinin yaranması ilə faktiki olaraq Azərbaycan tədrisinin multikultural və tolerant ənənələr ətrafında formalaşmasına doğru gedən daha bir yola çıxdıq. Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan təhsil müəssisəsidir. Güman edirəm ki, məhz burada multikulturalizmin elm və tədris bazasının yaradılması bu universitetin umumi ideologiyasına böyük fayda verəcək. Bu gün "Azərbaycan multikulturalizmi" Elm-Tədris Mərkəzində çalışanlar universitetin tədris auditoriyalarına Azərbaycanda xüsusilə, son dövrlərdə qəti şəkildə formalaşan multikultural ideyaların daşınmasına kömək edəcək. Bu, çox vacib məsələdir.

Bilirsiniz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 20-dən artıq universitetində Azərbaycan multikulturalizmi fənnini uğurla tədris edir və bu say artan xətlə davam edəcək. Müxtəlif xarici universitetlər artıq özləri bizə bu fənnin tədrisi ilə bağlı müraciətlər edirlər. Qafqaz Univeristetində açılan Elm-Tədris Mərkəzinin bir funksiyası da həmin universitetlərin Azərbaycan multikulturalizmi fənninə aid ədəbiyyat, dərs vəsaitləri, fənni yüksək keyfiyyətlə tədris edən müəllimlər və mütəxəssislərlə təmin edilməsi olacaq. Bu dərslərin təmin edilməsi asan yolla başa gəlmir. Bu sıraya müəllim hazırlığı, elmi-metodik vəsaitlər daxildi. Bundan sonra bu işlərlə həm də bu Elm-Tədris Mərkəzi məşğul olacaq.

Mərkəzin açılışından sonra 16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə Qafqaz Universitetində keçirilən tədbir zamanı orada necə savadlı, istedadlı gənclərin və dünyəvi, bəşəri dəyərlər üstündə köklənmiş niyyətlərin olduğuna şahid olduq. Bütün bunlar bizə əsas verir ki, biz bu ali təhsil ocağında və digər universitetlərimizdə Azərbaycan xalqının təbiətinə, ruhuna xas olan dəyərlərin yaşadılmasına və inkişaf etdirilməsinə daha çox dəstək verək.

- Gələcəkdə bu Elm-Tədris Mərkəzinin kafedraya çevrilməsi planlaşdırılırmı?

- Elm-Tədris Mərkəzi faktiki olaraq kafedra və elmi-tədqiqat laboratoriyasının birgə fəaliyyəti deməkdir. Elm-Tədris Mərkəzinə professor Həbib Zərbəliyev rəhbərlik edəcək. O, bundan əvvəl Azərbaycan multikulturalizmi fənnini İndoneziyada tədris edən pedaqoqdur və multikulturalizm dəyərlərini dərindən mənimsəmiş mütəxəssisdir. Onun rəhbərliyi ilə Mərkəz bu istiqamətdə həm nəzəri, həm praktik baxımdan qarşıda duran vəzifələrin həlli ilə məşğul olacaq.

- Hazırda xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənnini azərbaycanlı və xarici mütəxəssislər tədris edirlər. Amma say baxımından hələ ki, azərbaycanlı mütəxəssislər üstünlük təşkil edir. Gələcəkdə tədris prosesində xarici ölkə mütəxəssislərinin sayının artırılması nəzərdə tutulurmu?

- Bu gün multikultural dəyərlərimizi tanıtmağın, öz həqiqətlərimizə kimlərisə inandırmağımızın ən doğru, düzgün və intellektual yollarından biri məhz "Azərbaycan multikulturalizmi" fənninin xarici universitetlərdə tədrisidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu layihəni uğurla həyata keçirir. Bu fənni tədris edən pedaqoqların hazırlanması prosesindən başlayaraq, onun dərs deyəcəyi xarici ölkəyə göndərilməsi prosesi, dərsin gedişatı prosesində oraya monitorinq məqsədilə mütəxəssislərin ezam edilməsi və sonra tədrisin getdiyi xarici ölkə universitetlərindən tələbələrin multikulturalizm yay və qış məktəblərinə dəvət olunması - bütün bunlar Multikulturalizm Mərkəzinin vəsaiti və köməyi ilə həyata keçirilir. Bu iş gələcəkdə daha da genişləndiriləcək. Bu gün elə xarici ölkə universitetləri var ki, orada bu fənni yerli univeristetin Azərbaycanı tanıyan, sevən və bizə inanan müəllim-professor heyəti öz öhdəsinə götürüb. Məsələn, Almaniyanın Auqsburq, Portuqaliyanın Lusofona, Rusiyanın Yekaterinburq universitetlərində yerli professorlar bu dərsi keçirlər. İtaliyada da biz buna doğru gedirik. Bu, həm də xarici ölkə mütəxəssisləri ilə əlaqələrin daha da möhkəmlənməsini, həmin auditoriyanın müəlliminə olan inamının daha da yüksək olmasını təmin edir, eyni zamanda həmin ölkənin və Azərbaycanın multikultural dəyərlərinin bir yerdə paralel müqayisəli təhlilinə imkan verir. Başqa ölkələrin və xalqların öz multikultural ənənələrini daha dərindən öyrənməsi, həmçinin öz keçmişlərinə, əldə etdikləri dəyərli nailiyyətlərə bir daha nəzər salması baxımından bu gün Azərbaycan multikulturalizmi katalizator rolunu oynayır.

- Azərbaycan multikulturalizm modelinin təbliği və təşviqi məqsədilə beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilinin ölkəmizə hansı nəticələr qazandırdığını söyləmək olar?

- Yay və qış məktəbləri Azərbaycan multikulturalizminin təbliği və təşviqi prosesi ilə yanaşı, ölkəmizə yeni dostlar qazandırmaq istiqamətində böyük bir platforma rolunu oynayır. Məhz beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilindən sonra Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyi yarandı. Birliyin yüzlərlə üzvü və beynəlxalq auditoriyaya hesablanmış saytı var. Azərbaycan həqiqətlərinə ağız büzən, inanmayan, tənqid edən böhtancı qüvvələrə qarşı bizlərdən öncə Birliyin üzvləri - Azərbaycanın Gənc Dostları Amerikada, Avropada öz səslərini ucaldırlar. İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın dostları müdafiə edir .

- Azərbaycanın Gənc Dostları Klubunun sosial bazasının daha da genişlənməsi üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Hesab edirəm ki, bu gənclərlə, tələbələrlə ünsiyyəti "Azərbaycan multikulutralizmi" fənninin tədrisi prosesi bitəndən sonra da davam etdirmək vacibdir. Vaxtaşırı onları Azərbaycanda olan tədbirlərə, layihələrə cəlb etməyi düşünürük. Həmin gənclər ölkəmizdə öz gözləri ilə şahid olduqları multikultural durum haqqında ailəsinə, dostlarına, tanışlarına məlumat verərək ölkəmizi sevənlərin sayının artmasına səbəb olurlar. Onlar öz gözləri ilə gördükləri və inandıqları doğruları öz dostlarının da həqiqətinə çevirməyi bacarırlar. Bakı Beynəlxalq Multikulutralizm Mərkəzi 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçiriləcək təntənəli mərasimə Azərbaycanın Gənc Dostlar Klubunun üzvlərini də dəvət edib. Düşünürəm ki, onların Azərbaycanla əlaqəsini ömür boyu davam etdirmək lazımdır.

- Qafqaz Universitetindəki tədbirdə çıxış edərkən qeyd elədiniz ki, təqvimdə "Multikulturalizm ili" başa çatsa da, multikultural əhval-ruhiyyə davam edir və edəcək. Bu əhval-ruhiyyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxın zamanlarda daha hansı yeni layihələrində özünü göstərəcək?

- Prezident cənab İlham Əliyevin 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməklə, əlbəttə ki, bu hadisəyə, bu fenomenə çox böyük siyasi qiymət verdi. Və eyni zamanda Azərbaycan cəmiyyətini multikulturalizm ideyaları ətrafında müzakirələr aparmağa, bir araya gəlib görüşməyə, fikir mübadiləsi aparmağa və daha dəqiq orientlərə çıxmağa bir növ daxilən səfərbər etmiş oldu. Məndə qəti bir inam var ki, təqvim ili sona çatandan sonra cəmiyyətdə həm bu il, həm də bundan əvvəlki illər, hətta əvvəlki əsrlərdən bəri intuitiv şəkildə toplanan, bəlkə özümüzdən də xəbərsiz canımıza yığışan o multikultural və tolerantlıq enerjisi gələcəkdə də davam edəcək. İndiyə qədərki layihələrimiz – ölkə və xarici universitetlərdə tədris, yeni-yeni kitabların çapı, həmçinin ilk sayından böyük marağa səbəb olmuş "Multikulturalizm" jurnalının fəaliyyəti davam etdiriləcək.

Bugünlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi daha yeni bir layihəyə imza atır. Artıq Multikulturalizm Mərkəzinin nəzdində elmi-metodiki seminar yaradılıb. Bu seminar faktiki olaraq Azərbaycan multikulturalizminin "Multikulutralizm ili"ndə və ondan əvvəl əsrlər boyu əldə etdiyi nailiyyətlərin təhlili, qiymətləndirilməsi və gələcək perspektivlərə uyğunlaşdırılması, əldə etdiyimiz uğurların işığında yeni hədəflər müəyyənləşdirib onları gerçəkləşdirməyin yolları məsələləri ilə məşğul olacaq. İndiyədək Azərbaycan multikulturalizmi haqqında dəyərli fikirlərin müəlliflərinin, Azərbaycan multikulturalizmi fənnini ölkə universitetlərində tədris edən mütəxəssislərin, Azərbaycan multikulturalizminin dostlarının və multikulturalizmin ab-havasında yaşam tərzini qurmaq istəyən insanların daxil ediləcəyi elmi-metodiki seminara professor Etibar Nəcəfov rəhbərlik edəcək. Seminarın ilk mövzusu artıq bəllidir: "Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir". Eyni zamanda biz ilk seminarda akademik Ramiz Mehdiyevin Bakıda keçirilən Beynəlxalq Humanitar Forumla bağlı "V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır" adlı məqaləsinin təhlilini nəzərdə tutmuşuq.

Görəcəyimiz işlər, həyata keşirəcəyimiz önəmli layihələr gələn illərdə də davam edəcək, yeni-yeni "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzlərinin açılması, bölgələrdə gənclərin məşğulluğunun təmin edilməsi və multikulturalizm ideyalarının daha dərindən aşılanması məqsədilə peşəyönümlü Yaradıcılıq fakültələrinin təşkili nəzərdə tutulur. Bütün bunların həyata keçirilməsində məqsəd sevgi, mərhəmət, şəfqət hissləri üzərində bərqərar olan Azərbaycan multikulturalizminin ali dəyərlərinin işığında cəmiyyətdə münasibətlərin daha gözəl səviyyəyə çatdırılması, gənclərin müəyyən peşələrə yiyələnib işlə təmin olunmasıdır. Bu multikulutral dəyərlər əsrlərdən bəri Azərbaycan ədiblərinin yaradıcılığında öz əksini tapıb. Multikulturalizm ideyaları humanitar təmayüllü ixtisaslarla yanaşı, daha çox texniki, dəqiq elmlər sahəsində təhsil alan, peşə öyrənən gənclər arasında təbliğ olunmalıdır. Azərbaycan multikulturalizminin əsas ideyası heç bir fərqliliyə baxmadan bir-birini sevmək və mərhəmət göstərməkdir. Məhz bunun sayəsində cəmiyyətin əmin-amanlığı və rifahı təmin oluna bilər.

Tarix
2016.11.03 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla