Yuxarı

Müəllimlər kitaba pul vermək istəmir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az tanınmış şair, tədqiqatçı alim Bilal Alarlı ilə müsahibəni təqdim edir:

- Bilal bəy, oxucu qıtlığına səbəb nədir, niyə sovet dönəmində bədii əsərlərin satışı, oxunması indikindən qat-qat yaxşı idi?

- Əslində, Azərbaycanda sovet dönəmində də mütaliənin səviyyəsi yüksək olmayıb. Əlbəttə, indikinə nisbətən kitabxanalara gəliş və kitab oxunuşu kafi idi. Macəra, sentimental və sair bu kimi kitablar alınır və oxunurdu. Teodor Drayzer, Cek London, Viktor Hüqo, Heminquey, Tolstoy kimi yazıçılar müəyyən təbəqənin oxu dairəsinə mənsub idi. Onlara geniş şəkildə ötən yüzilliyin 70-80-ci illərində müraciət olunurdu. Sonra bu maraq da qapandı.

- Axı deyirlər, o illərdə mütaliəyə maraq daha çox olub.

- O dövrlər fəal oxucu qrupuna tələbələr, nisbətən orta məktəblərin yuxarı sinif şagirdləri daxil idi. İndi də belədir, Azərbaycanda fəal oxucu qrupunu məhz bu təbəqə təşkil edir. Bu da ixtisas seçimi və təhsillə bağlı olan bir haldır. Kütləvi oxucu anlayışı get-gedə öz aktuallığını itirir.

- Bu, əslində, faciəli bir haldır.

- Əlbəttə, əhalinin oxuculuq qabiliyyəti zəifləyirsə, hansı yüksək mənəvi keyfiyyətlərdən danışmaq olar?!

- Bu, niyə belə oldu? Sizin fikrinizi bilmək maraqlı olardı.

- Məsələ burasındadır ki, ötən yüzilliyin sonlarından fərqli olaraq, indi informasiya mənbələri çoxalıb. Radio və televiziyaya internet əlavə olunub. Sosial şəbəkələr isə oxuyub-yazmağı bacaran insanların asudə vaxtlarının xeyli hissəsini götürür. Mən özüm də bu informasiya mənbələrindən istifadə edirəm. Açığını deyim, bir gün sosial şəbəkədən əlim üzüləndə elə bilirəm, cəzirəliyə düşmüşəm və böyük dünyada nələr baş verməsindən xəbərsizəm.

- Bu yaxşıdır, yoxsa pis?

- Yaxşı da olsa, pis də olsa, biz bu axınla gedirik. Ona görə də ədəbiyyat da tədricən öz təbliğat imkanlarını texniki nailiyyətlərə yükləyir. Amma bu da faktdır ki, bəşəriyyətin ən böyük kəşfi kitabdır və kitab olaraq da qalacaq. Etibarlılığına, elmi və ədəbi nailiyyətləri nəsillərdən nəsillərə ötürmək imkanlarının genişliyinə görə kitab əvəzsiz mənbədir.

- Bilal müəllim, sizin mütaliənizin geniş olması məlumdur. Üstəgəl, regionda yazıb-yaradan bir çox insanların kitablarının dərcində, onların əsərlərinə elmi münasibət bildirməkdə də xidmətiniz əvəzsizdir. Və bu, təkcə yaşadığınız bölgə ilə kifayətlənmir.

- Mən indi də kitab mağazalarını gəzir, yeni kitablar alıram. Sovet dönəmində ən ucuz kitab 3-5 qəpiyə, ən baha kitab isə 1-2 manata idi. Şəxsi kitabxanamda 10 mindən yuxarı kitab olub, onun böyük əksəriyyətini pulla almışam. Amma kitabxanamda bağışlanmış kitablar da çoxdur. Özüm də otuzdan yuxarı kitab yazmışam. Tədqiqat xarakterli kitablarımı yazarkən 2-3 min kitab oxumuşam. Hazırkı oxucu təbəqəsini də əsasən məqsədli mütaliə ilə məşğul olanlar təşkil edirlər.

- İnsanlarımızın kitaba münasibətinin zəif olmasından, oxumamasından, kitab almamasından şikayətlənirik. Dolanışıq bəzən kitaba, qəzetə vəsait ayırmağa imkan vermir, amma oxumaq istəyənlərimiz də yox deyil.

- Son vaxtlar kitabxanamda olan kitabları paylamaqla məşğulam. Soruşa bilərsiniz ki, 40-45 ilə yığdığım kitablarla niyə belə rəftar edirəm?! Birincisi, bu kitablar kitabxanamda qaldığı 40-45 ildə mənə lazım olmadısa, bundan sonra çətin ki, lazım ola! İkincisi, mənə lazım olmayan (əlbəttə, lazım olmayan ifadəsi nisbi xarakterlidir) kitablar kiməsə gərəkli görünür. Bəlkə də kimsə bu kitabları çıraqla gəzir, tapa bilmir... Mən, əslində, bu işi görməklə kitab təbliğatçısı kimi çıxış edirəm.

- Demək, mütaliə edənlərimiz azalsa da, kitaba maraqlı olanlarımız heç də tükənməyib.

- Bu yaxınlarda yaşadığım Alar kəndində kitabxana binasının təmirdən sonrakı açılışı oldu. Bu tədbirdə uzaq Rusiyadan, Bakıdan nümayəndələr iştirak edirdilər. Hətta açılışa Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də gəlmişdi. Bir kənddə kitabxananın açılışına belə yüksək qiymət verilirsə, demək, kitaba maraq ölməyib.

- Demək...

- Demək, konkret olaraq, deyə bilərəm ki, cəmiyyəti kütləvi mütaliəyə cəlb etmək artıq mümkün deyil. Kitabın arxasınca yalnız bu kitaba ehtiyacı olanlar gəlirlər və gələcəklər.

- Bilal müəllim, gənc nəslin oxumağa marağı da bir yazar, tədqiqatçı alim olaraq nəzərinizdən yayınmaz.

- Bilirsiniz ki, mən həm də ali məktəblərdən birində dərs deyirəm. Müşahidələrim belədir ki, tələbələrin böyük əksəriyyəti tədris olunan fənlə bağlı kitabları (yəni dərslikləri) axtarıb tapa bilmir, yalnız mühazirəni yazmaqla kifayətlənir. Çünki ona imtahanda kafi cavab verməyə mühazirə bəs edir. O ki qaldı bədii ədəbiyyatın oxunuşuna, deyim ki, bu da olduqca aşağıdır.

- Sizcə, bu, niyə belə oldu?

- Bir yandan yazan çoxalıb, digər tərəfdən bədii keyfiyyətinə görə dəyərli-dəyərsiz əsərlərə qiymət vermə səviyyəsi yetərincə deyil. Bu da bədii zövqü korlayır. Həqiqi oxucu zamanın sınağından çıxmış, yəni öz bədii dəyərini təsdiq etmiş əsəri oxumağa üstünlük verir. Mən belə fikirdəyəm ki, bu, təbii prosesdir və bir müddət belə də davam edəcək. Mənə etiraz edənlərə bircə faktı söyləyirəm: İşlədiyim məktəbdə müəllimlər bircə qəzetə belə abunə yazılmayıb və bunu onlardan tələb edən də yoxdur. Bədii kitaba isə hansısa müəllim həmkarımın pul verdiyini görməmişəm. Əgər müəllim mətbuatı izləmirsə, ildə bir bədii kitab oxumursa, onun şagirdlərindən hansı mütaliə mədəniyyətini gözləmək olar?!

Tarix
2016.11.06 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla