Yuxarı

36 illik qəzet əməkdaşının qalmaqal yaradacaq xatirəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ədəbiyyat qəzeti" haqda son vaxtlar çox yazılır və tənqid olunur. Biz də "Axar.az" olaraq bu mövzuya toxunduq. Amma mövzuya tamam fərqli bir bucaqdan yanaşdıq. Qəzetin ən çox stajlı işçisi ilə qəzetin ötənlərdə "sükanı" arxasında olanlarla maraqlandıq. Baş redaktor Ayaz Vəfalıdan sonra koillektivdə ən çox çalışan Elmira xanım Rzayeva ilə əlaqə saxladıq.

Elmira xanım 36 ildir ki, "Ədəbiyyat qəzeti"ndə işləyir. Əmək fəaliyyətinə 1977-ci ildə makinaçı kimi başlayıb. İşlədiyi illər ərzində üzvü olduğu kollektivdə baş verən və baş verməkdə olan hadisələrə ədəbi iddiası olmayan, lakin 36 il ədəbiyyat sözünün çətiri altında fəaliyyət göstərən bir mətbu orqanda çalışan insanın baxışları ilə ötənlərə nəzər salmaq istədik.

Yusif müəllim aqil adam idi

- Elmira xanım, "Ədəbiyyat qəzeti"ndə çalışdığınız müddətdə neçə redaktorla çalışmışınız?

- İndiki redaktorumuz Ayaz Vəfalı beşincidi.

- Bu beş redaktorun hansı ədəbiyyata daha çox yaxın, ədəbiyyatı daha çox düşünən olub?

- Hər biri. Mən 1977 ci ilin axırlarında makinaçı kimi işə düzəldim. O zaman qəzetin redaktoru Yusif Əzimzadə idi. Onunla iki ay işlədim. Çox aqil və ədalətli adam idi. Cavan idim, işi o qədər də bacarmırdım. Məni kabinetinə çağırdı, "qızım, hiss edirəm sıxılırsan, utanırsan, zənn elə bura sənin ata evindir. Hər şey yaxşı olacaq. Uyğunlaşacaqsan",- dedi. Elə də oldu. Artıq 36 ildir burdayam.

Nəriman Həsənzadə əvəzsiz adamdır

- Sonra...

- Sonra Nəriman Həsənzadə baş redaktor oldu. 1978-ci ilin fevral ayında gəldi. Soyuq havada bu adam kollektivə bir istilik gətirdi. Deyim ki, bəlkə də "Ədəbiyyat qəzeti"nin Nəriman müəllim qədər ikinci qayğıkeş, mehriban redaktoru olmayıb. Bu adama nəyi deyirdin, hansı problemini danışardın, "fikirləşərəm", "baxaram" sözünü dilinə belə gəlməzdi, həmən əlini atardı "dörd nömrəyə"("dörd nömrə" - hökumət telefonu kimi nəzərdə tutulur. –red.). Hər kəsə eyni dərəcə də diqqət göstərərdi. Qəlb qırmaq, insanı incitmək onluq deyildi. O, əvəzssiz bir adamdı. Redaksiyanı indi də unutmur, xeyirdə, şərdə başda olur... Ondan sonra qəzetə baş redaktor Cabir Novruz təyin olundu.

Cabir Novruz qadınlardan uzaq qaçardı

- Nəriman müəllimdən sonra qəzetə baş redaktor Cabir Novruz təyin olundu...

- Mən kiminlə işləmişəmsə hər birinin özəl və gözəl xasiyyəti olub. Necə də olmasın, hamısı məşhur, diqqətdə olan adam idi. Cabir müəllimə gəldikdə isə, o da həlim xasiyyətli bir adam idi. Onun ən yaxşı xüsusiyyətlərindən biri o idi ki, rəhmətlik qadınlardan uzaq qaçardı. O, heç vaxt maşınına qadın götürməzdi. Əgər hara isə getmək lazım idisə, qadınlara, ya ayrıca maşın tutardı, ya da deyərdi ki, xidməti maşınımdan istifadə edin, sonra isə özü istifadə edərdi maşınından.

- Bəlkə, dilə-dişə düşməkdən çəkinərdi, yoxsa maşında oturmağa yer varsa və eyni istiqamətə gedirsə, hava da ürəkaçan deyil, yağış, qar, çovğun?..

- Yox, o, maşınına özü olanda qadın qoymazdı. Taksi tutardı ayrıca, yaxud maşınla əvvəlcə qadınları yola salard.

Sabir Əhmədlini kreslo çox pis dəyişdi

- Bəs Sabir Əhmədlinin baş redaktorluğu necə yadınızda qalıb? Onun baş redaktor gəlməsi və bu vəzifədən getməsi qalmaqallı olub, deyəsən...

- Sabir müəllim çox yaxşı yazıçı idi. Qəzetdə nəsr şöbəsinin müdürü işləyirdi. Kollektivdə onu hamı çox istəyirdi. Qardaşı Cəmil Əhmədov Böyük Vətən Müharibəsini qəhrəmanı – Sovet İttifaqı Qəhrəmanı idi. Oğlu Məhəmməd Qarabağda şəhid olmuşdu. Allah rəhmət eləsin, gözəl, yaraşıqlı, hündürboy cavan idi. O uşaq şəhid olanda hamımız sarsıldıq. Girdim yanına, başsağlığı verdim, hamımızın dərdidir, dedim. Dözümlü kişi idi. Sabir müəllimlə kollektivin heç bir problemi olmamışdı. Cabir müəllim redaktorluqdan gedəndə, AYB-nin tarixində bəlkə də ilk dəfə idi ki, kollektiv yuxarının göstərişi olmadan özü öz rəhbərini seçmək istəyirdi...

- Beləliklə, kollektiv qərar qəbul etmişdi ki, Sabir Əhmədlini baş redaktor kimi görmək istəyirik?

- Xeyr, kollektiv iclas keçirdi, iclasın protokolu yazıldı və AYB rəhbərliyinə ünvanlandı ki, qəzetin o vaxtkı redaktor müavini Ayaz Vəfalını redaktor kimi görürük. Bu, Ayazın haqqı idi. Onun ilk, yeganə iş yeri "Ədəbiyyat qəzeti" olub. Mən və bütün kollektiv bilirdi ki, qəzetin ağırlığı daima onun çiynində olub. Əvvəlki baş redaktorlar televiziya çəkilişlərində, başqa dövlət tədbirlərində olardılar, redaksiya ilə o qədər də təmas qura bilmədikləri vaxt arxayın idilər ki, Ayaz burdadır. Bu baxımdan da Ayazı çox istəyirdik. Məktub-protokol Yazıçılar İttifaqına Sabir Əhmədlidən göndərildi. Sabir müəllim getdi, və İttifaqın o vaxtkı rəhbərlərindən biri ilə qayıtdı. İclas çağırıldı və Sabir Əhmədli baş redaktor kimi təqdim olundu. Kollektiv narazılığnı bildirdi. Hamının əli işdən soyudu. Amma Ayaz müəllim bu vəzifəyə iddialı olmadığı üçün başımızı aşağa salıb işimizlə məşğul olduq. Üstündən bir müddət keçdikdən sonra məlum oldu ki, Sabir Əhmədli redaksiyanın keçirdiyi, özünün də təsdiq etdiyi, haqqında "layiqli namizəd Ayaz Vəfalıdır" dediyi və bunların qeyd olunduğu protokol gizlədilib. O, sadəcə, "kollektiv məni məsləhət gördü", deyib...

- Amma kollektivdə daha sonra çox böyük narazılıqlar qalxdı, mətbuat uzun müddət bunu gündəmdə saxladı.

- Hə, oldu. Sabir müəllimin redaktorluğu təsdiqlənən kimi iclas çağırdı və dedi ki, bütün kollektivi işdən azad edəcəm. Elə belə də dedi: əvvəl biçəcəm, sonra əkəcəm. Yeni adamları gətirəcəm. Sözsüz ki, narazılıqlar bundan da qaynaqlandı. Rəhmətlik Davud Nəsibi, Fəridə xanım vardı onu və digərlərini işdən uzaqlaşdırmaq istədi, hətta əmrlərini də vermişdi. Fəridə xanım çox ləyaqətli, ağır bir qadın idi. Ona elə söz demişdi ki, qadın özünə gələ bilmirdi. Bu, 1993-cü ildə baş verdi. 1996-cı ilə qədər Sabir müəllim bizim qəzetin baş redaktoru oldu. Qəzetin çox ağır vaxtları idi. Əmək haqqı belə yox idi. O zaman Ayazın çox yaxın dostu olan professor Qəzənfər Paşayevin hesabına qəzetimiz işıq üzü görürdü. Hər birimizin aldığımız maaş qədər vəsaiti Qəzənfər müəllim şəxsi hesabına ödəyirdi bizə. Bayramlarda ərzaqla köməklik göstərirdi. Bax, burda da bəzi məqamlar oldu ki, Sabir müəllim illərlə işlədiyi kollektivi incitdi.

- Elmira xanım, Sabir müəllim haqda belə fikirlərə heç bir halda inanmaq mümkün deyil...

- Yox, mən hələ etikadan kənar olar söhbətləri açıb ağartmaq istəmirəm. Amma faktdır və "Ədəbiyyart qəzeti"nin o dövrdə işləyən hər bir işçisi bunu təsdiq edə bilər və edirlər də. Sonra kollektiv onunla xudahafizləşməyi planlaşdırdı. Hamımız Ayaz Vəfalının redaktor olmasını istədik. AYB-nin katibliyində bir-neçə dəfə iclaslar çağırıldı. Sabir Əhmədli çox böyük yazıçı olsa da, kollektivlə işləyə bilmədi.

Əksəriyyət deyir ki, bu qəzetə yazı vermərik

- Yəqin ki, indiki redaktorunuz haqda ancaq xoş sözlər deyəcəksiniz...

- Xeyr, mən nə var, onu deyirəm. Ayaz müəllim əvvəllər çox yaxşı işlədi. Bütün məsələlərdə kollektivi toplayardı, məsləhətləşmələr aparadı. Amma sonradan bu səngidi. Onun əxlaqı, mülayimliyi, insanı başa düşməyi və digər xususiyyətləri ona qarşı həmişə hörmət hissi saxlayacaq.

- Amma qəzetinizin zəif çıxması haqda çoxlu iddialar var.

- Ola bilər. Bilirsən, bizim qəzetə 200.000-dən çox vəsait ayrılır. Bu vəsaitlə həm də "Mir Literatura" qəzeti dərc olunur. Müəlliflərə qonorar vaxtında verilə bilmir. Nə müddətdir maaşlarımız qalxmır. O ki qaldı qəzetin zəif, güclü çıxmasına, bu mənə aid sual deyil. Qəzetin yaradıcı heyəti var. Həm də kim istəməz ki, qəzeti güclü çıxsın? Biz müzakirə edirik, qəzetin zəif çıxdığını söyləyənlərin əksəriyyəti deyir ki, bu qəzetə yazı vermərik. A bala, niyə, gəl güclü bildiyin əsərini ver də. Qoy qəzetdə sənin dediyin güclü yazı dərc olunsun. Çap edilməsə, sən deyən...

- Gündəmdə belə bir xəbər də dolaşır ki, Qurultaydan sonra "Ədəbiyyat qəzeti"nə ola bilsin ki, yeni baş redaktor gətirilsin. Bir çox, "çevrilişlər" görən qəzet kollektivi, buna necə baxır? Bəlkə kollektiv yenə də öz içərisindən kimi isə seçmək istədi? Adil Cəmilin, Azər Turanın, Atababa İsmayıloğlunun, Aydın Xanın adı hallanır.

- Şəxsən mənə qalsa, əgər özü getmək istəməsə, Ayaz müəllimin redaktorluğunun üstündə dayanardım. Yox, əgər getsə, mən ilk növbədə Adil Cəmilin redaktorluğuna səs verərəm. Elə Azər də buna layiqdir. Kənardan heç kəs lazım deyil.

Tarix
2013.11.09 / 11:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla