Yuxarı

Namus dağı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasların birində molla deyəndə ki, cəhənnəm əzabının bu dünyadakı tək işartısı böyrək daşının ağrısıdır, böyrəyimin ağrısı səksənib dik atıldı, elə bil məni içəridən qəməltiylə doğradılar. Allah heç kimə göstərməsin, həqiqətən dəhşətli əzabdır! Çoxları Gürcüstandakı mineral suların böyrək daşını əritdiyini demişdi. Dedim, ölmək, ölməkdi, ta xırıldamaq nə deməkdi! Vaxt itirmədən bir aylıq otaq tutdum, arvad-uşağımı da götürüb maşınımla Sairmə yolunu aldım əlimə, yollarda dincələ-dincələ iki günə gəlib çatdım Gürcüstanın Sairmə sanatoriyasına.

Şükr Allahın kərəminə, ensiz bir dərədə neçə dərdin dərmanı varmış, özü də günü qırx lariyə, bizim pulla iyirmi manata... Hər bulaqda bir dərdin dərmanı var – göz, revmatizm, mədə xorası, böyrək daşı, dəri xəstəlikləri, hələ, Qıjnov çayın farelini demirəm. Zavallı balalarım elə bil cənnətə düşmüşdülər. Sıx meşəli sıldırım dağların dibində oturub ürəkdolusu təmiz hava almaq nəyə desən dəyərdi. Sairmənin göz oxşayan təbiətinə baxdıqca düşünürdüm: “Vallah, Qafqazda ən avam xalq bizik! El-aləm gör haralarda yaşayır, biz də əlimizdəkini erməniyə, gürcüyə verib gedib pir deyib yapışmışıq Mil-Muğanın irəmələrindən. Axı nə var bu ilan mələyən düzlərdə, əkib-becərmək elə bizim boyumuza biçilib? Erməninin boynunun kökündən bas düzəngahlara, qoy öküz kimi işləsin, sən də otur dağlarda, buz bulaqlı meşələrdə şah kimi kefini çək də...”

Nəysə, lənət şeytana, mətləbdən uzaqlaşdım. Bir sözlə, Bakının toz sovuran isti avqust küləyindən canımızı qurtardığımıza hamımız sevinirdik. Uşaqlar bütün günü həyətdə gəzib-oynayır, mən isə həkimlərin yazdığı prosedurları qaçırmamağa çalışırdım.

Sonbeşik qızım Selcanı həyətdən yığışdıra bilmirdik. Dörd yaşı var, öz balamdır deyə demirəm, çox istiqanlı, qaynayıb-qarışan uşaqdır. İlk gündən Sairməyə elə valeh olmuşdu ki, bizə dinclik vermirdi, elə, “Anuşla oynamaq istəyirəm” – deyib, özünü yerə çırpıb dad deyirdi.

Sairməyə gəlişimizin beşinci günüydü, vannadan yenicə qayıdıb uzanmışdım. Yoldaşım Selcanın biləyindən yapışıb güclə otağa saldı. Uşaq hönkür-hönkür ağlayırdı.

- Burda da qoymazsan rahat duraq! Niyə ağladırsan uşağı!? – yoldaşıma acıqlandım.

- Yapışıb bir gürcü uşaqdan, əl çəkmir ki, qoy bacıyla oynayım!

- Qoy oynasın da, nə var ki bunda?!

- Dilini bilmir axı, həm də xalxın evinə gedir...

- Uşaqların öz dili olur, dəymə, qoy oynasınlar, – üzü divara çönüb adyala büründüm. Amma uşaq kirimək bilmirdi. Naəlac qalıb özüm onu həyətə düşürdüm. Gül-çiçəkli meydançada uşağın gözü kimisə axtarır, kəlməbaşı, “Bəs Anuş hanı?” – deyib gözünün mütüyünü axıdırdı. Uşağı bir qədər ovudub bir gürcüylə ölkələrimizin dərdindən-sərindən danışırdıq ki, birdən Selcan sevincək böyrümü dürtmələdi:

- Odey, Anuş gəlir!

Barmağıyla göstərdiyi səmtə baxdım. Cavan ər-arvad qarayanız qızcığazın arxasınca əllərində plastik stəkan su içməyə gəlirdilər. Şirin uşaq idi, özümün də qanım qaynadı Anuşa. Selcanı görcək, düz bizə tərəf götürüldü. Qızım gözlərini yazıq-yazıq üzümə dikdi. “Uşaqlar niyə bu qədər məsum, günahsız olur görəsən?”

- Get, get bacıyla oyna!

Söz ağzımdan çıxan kimi qıza tərəf elə götürüldü ki, bir-biriylə toqquşanda az qaldı yıxılsınlar. Heç doğma bacısını, məhlədəki həmyaşıdlarını, gəlinciklərini belə sevmirdi Selcan. Cütlük yanımıza çatanda kişi ayrılıb bizə yaxınlaşdı. Əl verib gürcücə bildiyim tək sözü dedim: “Qamar coba” (Gürcü dilində “Salamun əleyküm” deməkdir). O, rusca “zdrastvuy” deyib salamımı aldı. “Bunlar rus dilinə qadağa qoyublar axı” – guya, uşaqların birlikdə oynaması üçün ondan icazə alacaqdım. Bir az şübhəli gəldi mənə, soruşdum:

– Gürcü deyilsiniz?

- Yox, erməniyik, – deyəndə elə bil təpəmə bir qazan qaynaq su əndərdilər. Bir andaca qanım it qanına döndü. Ən murdar və iyrənc əli sıxdığım üçün özümdən iyrəndim, əlimi şalvarıma sildim. Mən iyirmi il olardı ki, erməni görmürdüm. Torpağıma soxulan və tankımızın altında xıncımladığımız ermənini axırıncı dəfə 93-cü ilin oktyabrında Ağdamın Papravənd kəndində görmüşdüm. Müharibənin “tüfəng dövründən” tutmuş, ta atəşkəs dövrünədək bu haramzadalarla əlisilahlı döyüşən, iki dəfə yaralanan biri üçün bu görüş əsl dəhşət idi və indi dərim səyriyir, tüklərim biz-biz olurdu. Elə andıra qalmış böyrək daşını da Qarabağın soyuq səngərlərində canıma yığmışdım.

O, sual dolu baxışlarıyla üzümə kilidlənib nəsə soruşmaq istəyirdi. Mənimsə artıq danışmağa gücüm yox idi və indi gözüm qızımı axtardı. Balacalar çəməndə gülə-gülə kəpənək qovurdular.

- Selcan! – səsimdəki hirsi qızım da duydu, ikisi də yanımıza gəlib üzümə baxdılar.

– Ata, qoymursan oynamağa? – uşağın üzündəki bu ifadəni ancaq korlar görməyə bilərdi. “Yox” desəydim, özünü didib-tökəcəkdi.

– Gedək yeməyimizi yeyək, sonra oynayarsınız, – biləyindən bərk-bərk yapışdım.

Anuş erməni dilində qızıma nəsə dedi və hər ikisi təkrar görüşmək ümidiylə müvəqqəti ayrılığa candərdi razılaşdı.

Selcanı evə gətirib anasının üstünə itələdim, acıqla:

- Anuş dediyiniz uşaq gürcü yox, it küçüyü – erməniymiş! Bir bu çatmırdı! Uşağı yanında hərlə, qoyma o uşaqla oynasın! – qapını arxamca çırpdım.

Yoldaşımın gözləri bərəldi:

- Nə danışırsan!? Bəs xəbərin var ki, onlar bizim divar qonşumuzdu?! Yan otaqda qalırlar...

– İşə düşmədik..?! İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvası ağzında bitir! Cəhənnəmə olsun, sən uşağı gözdən qoyma!

Cin atına mindim. Onsuz da hövsələsizəm, indi isə özümə heç yer tapa bilmirdim. Elə bil ki, dörd yaşlı uşağım böyük, bağışlanmaz günah işlətmişdi, doğma balam bir anda gözümdən düşmüşdü. Hər şey cəhənnəm, bir erməniylə qonşu olmağın töhmətini heç cür götürə bilməzdim. “Səni lənətə gələsən, şeytan! Cənnət kimi yerdə dincliyimi pozdun!”

Axşam yeməyindən sonra müştəri qeydiyyatı otağına yaxınlaşıb yerimizi dəyişmək üçün başqa otaq soruşdum, “Bütün otaqlar doludur, heç cür mümkün deyil” – deyəndə əsəblərim uğuldadı, ətim ürpəndi... Hər dəfə bu erməni ailəsini həyətdə asudə gəzən görəndə vurağan öküzə dönürdüm. Məni qınamayın, bu dünyada erməninin varlığı məni iyrəndirir. Hər millətin baltaya sap olanı var, ancaq bu millət qonşuya xəyanətə göz yumdusa, yediyi çörəyə tüpürdüsə, ayağa qalxıb öz qudurğan, əfi kimi zəhərli satqınlarının başını əzmədisə, mənim gözümdə alçaq və nadan xalqdır. Erməni xisləti deyilən şey danılmazdır, bu barədə Teymurləng, Düma, Puşkin, Sədi Şirazi və onlarla başqaları da deyib. “Ermənilər dünyanın ən pis ağdərili nökərləridir. Onlar şərəfsizdirlər, oğrudurlar. Onlar yalnız qorxu və kötək altında sakit olurlar” bunu ki mən deməmişəm, bu Adam Metenin sözüdür. Düz də deyir! Bəli, erməni Qafqazın üz qarası, dünyanın qara ləkəsidir! Məni qanıma qəltan edin, lap qoy övladlarımız gələcəkdə yenə birlikdə mehriban yaşamış olsun, amma bu qəti fikrimdir – erməniylə qonşu olan çomağı əlindən yerə qoymamalıdır!

“Boyunu yerə soxum, məğlub ordunun rəzil əsgəri! Erməniyə uduzduğun bəs deyil, hələ sanatoriyalarda böyrək daşını tökməyə gəlmisən! Öl qurtar səni!” – qaysaq bağlamış yaramın qabığını qoparmışdı bu erməni ailəsi. Onların məni heç vecə almaması, dədəsinin evindəki kimi asudə gəzməsi isə mənə lap od qoyurdu. Daha eşiyə də az çıxırdım. Birdən Selcan Anuşa tərəf dartınanda dalına yağlı sillə çəkir, göz yaşına baxmadan amansızca onu susdururdum. On altıncı günümdən başlayaraq istirahətim bax beləcə zəhərə döndü...

* * *

Bir gecə yoldaşım hövlənak məni silkələyib yuxudan oyatdı: Başımıza kül oldu, dur! Selcan otaqda yoxdu, uşaq itib!

Bir anda Sairmənin ulduzlu səması, aylı gecəsi başıma fırlandı. İlk ağlıma gələn qonşu ermənilər oldu: “Bunlardan nə desən gözləmək olar!” Yerimdən dik atıldım. Hamama baxdım, çarpayıların altına boylandım, balkona, dəhlizə, foyeyə cumdum – uşaq heç yerdə yox idi. Üzümə üz tutub qonşunun qapısını təpiklədim. Qapını üzümə dığa açdı.

– Uşaq itib, Anuşun yanında deyil ki?! – özümü içəri təpdim. Arxamca otağın işığını yandırdı. “Anuş!” – onun da gözləri bərələ qaldı, Anuş da qeyb olmuşdu. Dığanı xirtdəklədim:

- Alçaq kopayoğlu, hanı uşaqlar!?

Bağırtıma haxçik də yuxudan oyandı. Qadın Anuşun itdiyini biləndə cəld balkona cumdu, sonra gülümsəyib barmağı ilə bizi çağırdı. İkimiz də balkona çıxdıq və gördük ki, Anuş üzüstə, atasının idman pencəyinin altında kirpi kimi yumrulanıb, yanağını Selcanın o üzdən uzatdığı əlinin üstünə qoyub yatıb. Sən demə, balkonlarımız arasındakı arakəsmə nazik azbest lövhədənmiş və altlığı uşağın başı girəcək qədər hündür imiş. Üzüstə erməninin balkonuna uzandım, arakəsmənin o üzündə mışıl-mışıl yatan qızımın məsum nəfəsi üzümə toxundu. Dığa Anuşu qucağına alıb ehmalca yatağına uzatdı. Öz otağımıza qayıdıb balkona çıxdım. Qızım yun adyalın altında yuxulamışdı. Onu vurmağa əlim gəlmədi – uşaq nə bilir ki, erməni nədir, düşmən nədir, düşmənə necə nifrət etmək lazımdır? – qucağıma alıb yatağına uzadanda gözlərini açdı. Üstünü örtəndə qorxa-qorxa bircə bunu dedi:

– Ata, Anuşu evimizə aparaq? Mən istəyirəm ki, Anuş mənim bacım olsun... – və doyunca oğurluq görüşdən sonra şirin yuxuya getdi.

Bundan sonra yatmaq olardımı? Baxdım ki, qonşumun işığı hələ də yanır. Siqaret yandırıb balkona çıxdım, ermənini səslədim. Birnəfəsə:

- Rədd ol get burdan! Səni görmək istəmirəm! Yoxsa əlimdən bir xəta çıxacaq! – deyib siqareti çırtmayla həyətə tulladım. “Əgər getməsələr, zorla qovacağam”, – daha əlim gicişirdi...

* * *

Sübh tezdən durub bulağa gedəndə gördüm ki, erməni foyedə durub. Salam verdi və əlindəki məktubu mənə uzatdı: Biz bu gün burdan gedirik. Mən gedəndən sonra bu məktubu oxuyarsan... Salamat qal!

Başını yerə dikib otaqlarına keçdi. Paketi açdım, otelin emblemi olan vərəqlərdə uzun-uzadı rusca nəsə yazmışdı – o üz-buüzlü iki vərəq idi. Məndə məktub oxuyacaq hövsələ hardadır? İstədim dəhlizdəki zibil qabına atım, ancaq bulaqdan qayıtdıqdan sonra oxumaq üçün qatlayıb arxa cibimə qoydum.

Otağa qayıdanda saat səkkiz idi, uşaqlar hələ də mışıl-mışıl yatırdılar. Ehmalca yerimə uzanıb erməninin məktubunu oxumağa başladım:

Adım maraqlı olmaz yəqin ki, sən, sadəcə “erməni” deyərsən. Yerevandakı ali məktəblərin birində müəlliməm. Bizdə də türklərə nifrət etməyi öyrədirlər, amma sən, deyəsən, türklərin ən hirslisi, əsl erməni düşmənisən. Bu məktubu ona görə yazmağa qərar verdim ki, sən də biləsən, niyə bizim övladlarımız bir-birinin dillərini anlamadığı halda bu qədər isinişə bildilər. Və Sairmədən səndən qorxduğum üçün yox, Siranuşla Selcanın böyük bir sirrin üstünü aça biləcəklərindən qorxub gedirəm.

Sənin nifrət dolu gözlərin bəzi şeyləri sezməmiş burdan getməyimiz məsləhətdir və indi sənə bu sirri açmağın heç bir qorxusu yoxdur. Siranuşun həyatını sənə danışacağam. Vicdanın sakitliyindən qiymətli şey yoxdur, qoy sənin də vicdanın azca rahatlıq tapsın, mənim də. Yaradan bir gün bütün sirlərin üstü onsuz da mütləq açacaqdır. İndi isə dinlə...

Səkkiz ildi ailəliydik, amma övladımız olmurdu. Heç bir müalicə dərdimizə əlac tapmadı. Arvadımla ayrılmaq da istəmirdik. Bir gün bizim kimi övladsızlıq dərdi yaşayan dostum mənə dedi ki, mən Qarabağda valideynlərini itirmiş bir oğlan uşağını övladlığa götürmüşəm. əgər sən də istəsən, valideyn himayəsinə ehtiyacı olan yetim uşaqlardan birini götürüb saxlaya bilərsən. Arvadıma bu təklifi edəndə sevindi və dedi ki, qız uşağ götürəcəyik! Vaxt itirmədən dostumun verdiyi ünvana – Mardakertə yollandıq. Axtardığımız uşaqlar ya oğlan uşağı çıxdı, ya da qız uşaqlarını arvadım bəyənmədi. Əliboş Stepanakertə qayıdarkən kəndlərin birində hamilə bir gəlin qarşımıza çıxdı. Əlində vedrə, yolun qırağındakı bulaqdan su götürməyə gedirdi. Arvadım gəlinə işarə edib, “hamiləlik gör qadına necə yaraşır? Axı niyə mən hamilə qala bilmirəm, niyə öz övladımı özüm doğa bilmirəm?” dedi və mənə qısıldı.

- Yol məni yorub, həm də susamışam, gəl düşüb su içək, həm də bir az gəzişək, ayaqlarımın keyi açılsın, – dedi.

Bulağın yanında maşını saxladım. Bayaqkı gəlin salamlaşdıq. Gəlin çox gözəl idi. Arvadımın gözü qadının qabarmış qarnında və dolu döşlərində qalmışdı. Arvadım ondan soruşdu ki, ilk uşağınızdı?

Gəlin bir az da acıqla, “yox, beşinci olacaq – deyəndə arvadımın dərdi açıldı.

– Amma mənim heç biri də olmur... – köks ötürdü.

Gəlin tərs-tərs mənə baxdı:

– Ərindəndir, yoxsa səndən?

Arvadıma sual verəndə, düzü, qadında sırtıqlıq məni üşütdü. Arvadım: "Məndəndir", – dedi. Amma yalan danışırdı, mənim qüsurum idi.

– Əgər razılaşsan, gələn dəfə ərindən də bir uşaq doğa bilərəm səninçün, – üzümə irişəndə onun yaraşığı lap gözümdən düşdü.

- Axı sən fahişəyə oxşamırsan... Sənin ərin buna nə deyər? – arvadım deyəsən onu ciddiyə alırdı. Elə bil, arvadımı ovsunlamışdı, imdad dolu gözlərini gəlinə elə zilləmişdi ki, sanki bu saat onun ayaqlarına döşənib yalvaracaqdı.

Kəndin bütün kişiləri, bu kəndə qonaq gələn hər erməni mənim ərimdir. Bir türk qızını zorlamağın ləzzətini yəqin ki, sənin ərin də qaçırmaz...

Məni vahimə götürdü: “Bu gözəllikdə qadın bu qədər həyasız olarmış!..

Daha bayaqkı gözəllikdən iyrənirdim. Arvadım:

- Qarnındakı uşağın atası kimdir, bilmirsən? – arvadım onun hər sözünə sidq ürəkdən inanırdı. Bu iyrənc söhbəti dinləməmək üçün bir qədər aralandım.

- Allah bilir hansı donuzun zibilindəndir! – su dolu vedrəni əlinə aldı.

– Bəs uşaqlarına necə baxırsan? Necə, nəylə dolanırsan?

- Uşaqlarımı əlimdən alıb aparırlar. Allah bilir, ya satırlar, ya da qol-qıçlarını sındırıb diləndirirlər... – bunu eşidəndə tüklərim biz-biz oldu.

- Evin varmı, səninlə bir az yaxından tanış ola bilərəmmi? Sən bu uşağı neyləyəcəksən? – arvadım qır-saqqız olub yapışmışdı bu arsız gəlindən.

– Hə.., evim var. Donuz tövləsini təmizləyib mənə veriblər. Bu uşağın aqibətini isə ancaq Armen bilir. Bəlkə istəsəniz, elə sizə satar...

– Uşaq neçə aylıqdır?

– Bu gün-sabahlıq.

– Bəs niyə ağır şey qaldırırsan, axı sənə olmaz?..

– Bu qayğını evdə ərinə göstərərsən... – elə bil heç insan görməmişdi.

– Niyə acığın tutur, axı mən də qadınam, səni başa düşməyə çalışıram...

– Mən isə nə vaxt qadın olduğumu heç xatırlamıram. Məni rahat buraxın, işinizin dalınca gedin, – bunu deyib asfalt yolu keçdi.

Arvadımı yanladım:

- Başına hava gəlib, nə etmək istəyirsən? Yoxsa yüz kişidən əmələ gələn bir uşağı övladlığa götürmək istəyirsən? Sən ona inanırsan, bəlkə o bizi barmağına sarıyır?

Arvadım:

– O yalan danışmır. Həm də qız doğacaq, anası kimi gözəl bir qız. Addımlarına bir bax... Heç nə başa düşə bilmədim. – Mən bu uşağı götürəcəyəm. Anası çox sağlamdır, gözəldir. Başa düşmədinmi, o əsir düşmüş türkdür. Deməli, övladını heç vaxt axtarmayacaqdır və gələcəkdə də başımıza dərd açmayacaq. Məni sevirsənsə, bu işdə mənə kömək elə...

Çox çək-çevirdən sonra əlacım kəsildi, ona təslim oldum, bəlkə də qismətimiz belədir. Arvadım yüyürüb su vedrəsini onun əlindən almağa çalışdı, lakin o buna razı olmadı. Ayaqlarımı sürüyə-sürüyə onların dalınca getdim. Həyətə girəndə darvazanın cırıltısına yaxası-başı açıq yekəqarın biri çevrildi, bizi görcək yerindən dik atıldı. Yaxasını düymələyərək üstümüzə cumdu:

- Kimsiniz, nə istəyirsiniz?! – pörtmüşdü, nəfəsi şərab qoxurdu.

- Yoldan keçirdik, dedik bir yorğunluğumuzu alaq, – söz ağzımdan çıxdı.

Kişinin eyni açıldı:

– Qorxutdunuz məni. Dedim, yəqin yenə ya müxbirlər, ya da Avropanın sülhməramlı avaralarısınız. Nədi, türk qızı istəyirsən? Qurbandı sənə. Ancaq onun bu halında inanmıram ki, bir ləzzət ala biləsən... Amma özün bilərsən, belə də xoşdursa, buyur onun evinə – burnuyla üstü qamışla örtülmüş alçaq damı göstərdi.

İçimdən bu gəlinin yaşadığı evi görmək keçdi, amma arvadım məndən qabağa düşdü. İçəri girəndə buranın həqiqətən köhnə bir mal tövləsi olduğuna əmin olduq. Lakin qız buranı elə sahmana salmışdı ki, onun təmizkarlığına həsəd apardıq. Damın bir küncündə emalı qopub tökülmüş çuğun hamam vannası dururdu. Divarda ağac budağından asılqan düzəldib paltarlarını üstünə sərmişdi. Digər küncdə yataq yeri idi taxt və bir cüt əsgər döşəyinin üstünü yun adyalla örtmüşdü. Köhnə şifonerin gözlərinə səliqə ilə qab-qacaq yığmışdı. Arvadım onun qolundan yapışıb taxta oturtdu, özü də yanında:

– Danış, danış görüm sən kimsən, bura necə düşmüsən, adın nədir?

Qız:

Suren adımı Zeynəb qoyub, deyirdi, kimdirsə, türk artisti olub. Bircə onu bilirəm ki, türkəm və türk olduğuma görə ən ağır təhqirlərə dözməliyəm. Amma heç özüm də bilmirəm ki, türk olmaq niyə bu qədər rəzalətmiş... Gözümü Surenin qucağında açmışam. O öləndən sonra isə Armenin himayəsində qalmışam.

– Armen səni çox incidir?

– Yox, niyə incitsin ki! Nə deyir, onu da edirəm, amma hərdən çox içəndə bərk döyür. Məni qəfəsə salınmış canavar kimi hamıya göstərməkdən zövq alır. Mənim doğduğum uşaqların hesabına yaxşı qazanır da – mən doğuram, o isə fransız müştərisinə satır...

Armenin içəri girməsilə söhbət yarımçıq qaldı:

– Hə, xoşunuza gəldi türk qancığının evi? Türkün dişi qurdudur bu, ehtiyatlı olun ki, sizi gəmirməsin... – irişərək ərp bağlamış dişlərini göstərdi.

- Qancıq sənin anandır! Sənə neçə dəfə demişəm ki, özgə qadın yanında məni alçaltmağına dözmürəm, erməni köpəyoğlu!

Armen onun üstünə cumub yumruğunu düyünlədi:

– Erməni mənə deyirsən!?

Zeynəbi vurmaq istəyəndə arvadım özünü qabağa verdi:

- Axı o hamilədir! yumruğunu havada tutdu.

Zeynəb heç tövrünü də pozmadı:

Nədi, erməni deyilsən? Di qudurma yenə! Bu adamlar uşaq almaq istəyirlər. Pullu müştəriyə oxşayırlar, sən bir bunu düşün... dedi.

Armen bu dəfə özünü bizə göstərərək bağırdı:

- Bunlar bizim özümüzünkülərdir, müştəri deyillər! Sənə yüz dəfə demişəm ki, bir erməni sənin ürəyini də istəsə, fikirləşmədən çıxar ver!

Zeynəb həminki soyuq tövrlə:

- Nə deyirsən, indi çıxardım verim, yoxsa insan kimi doğub verim?

- Türk insan deyil, sən insan kimi doğa bilməzsən!

- Yaxşı di, anqırma, türkcə doğaram...

Armen coşduqca bundan açıq-açığına ləzzət alırdı. Armen səsini bir az yumşaltdı:

- Neçə günə doğa bilərsən!

- Sancılarım 3-4 gündür başlayıb, yəqin çox çəkməz, - sonra bizə çönüb, Əgər gözləyə bilərsinizsə, qalın, doğum, uşağınızı götürüb aparın... Elə rahat, soyuq danışırdı ki, onda zərrə də olsun analıq, qadınlıq işartısını sezə bilmirdim, elə bil bazar satıcısıydı.

Uzun sözün qısası, qalası olduq. Arvadım pul verdi ki, Zeynəbin doğuşu və yaxşı qıdalanması üçün nə lazımdırsa alım. Dörd gündən sonra Zeynəbin doğuş sancıları tutdu. Arvadım hay-həşir saldı ki, həkim çağıraq. Ancaq Armen qoymadı:

- Öyrəncəlidir, donuz kimi doğacaq!

Elə bil öz doğma arvadım idi doğan Armenlə çaxır içir, həyəcanla nəticəni gözləyirdim. Qulağım tövlədə idi. Körpənin səsi gələndə mən artıq tər içində üzürdüm. Arvadımın dediyi kimi Zeynəb qız doğdu – bizim Siranuşu. Anuş on gün anasının südünü əmdikdən sonra Armen dedi ki, əgər bir neçə gün də anasının südünü əmsə, uşaq türk olacaq, götürün uşağınızı və gedin. Armenə bir az pul verib qızımızı da götürüb evimizə yollandıq. İndi aydın oldumu ki, Anuşla qızın niyə bir-birinə belə mehr salıblar?

Əgər Zeynəbin erməni əlinə necə düşdüyünü də bilmək sənə maraqlıdırsa, onu da deyim. Armen danışırdı ki, onun anası öz körpəsini (yəni Zeynəbi) və qoca qayınanasını xilas etmək üçün meşəni kəsə yolla çıxmaq istərkən Surenin dəstəsinin əlinə düşür. Döyüşçülər qocanı və Zeynəbin anasını gözləri doyanadək zorladıqdan sonra güllələyiblər. 5-6 aylıq körpəni də murdarlamaq istərkən Suren deyir ki, qoyun bir az böyüsün, sonra hamımız işinə baxarıq. Bizə türklərlə döyüşmək üçün türk südü əmmiş oğlanlar lazımdır. Zeynəbi bir erməni ailəsinə verirlər. Qız erməni evində nökər kimi böyüyüb, erməni dilini öyrənir. Doqquz yaşı olanda Suren qızı geri alır və qızın 14 yaşı olanda Zeynəb ilk uşağını yarımçıq salır. Sonralar Suren minaya düşüb ölür və qız onun döyüşçülərindən biri olan həmin Armenin himayəsinə keçir.

Hə, ta o gündən bu günədək qızımın bir türk qadından doğulduğunu unutmuşduq. Lakin sənin qızınla qeyri-adi yaxınlığı məni narahat etməyə bilməzdi. Çünki Armenin o vaxt dediyi anası çox əmizdirsə, qızın türk olacaq sözü qulağımda səsləndi. Mən elm adamıyam. Bu dilbilməz körpələrin süd yaxınlığından gələn məhrəm mehribanlığını heç bir elm izah edə bilməz. Siranuş bir türk qızını görməklə, anadan aldığı südü-türklüyünü coşdurmuşdu canında. Yoxsa, qaraqabaq qızım hətta baxçada öz tanıdığı qızlarla da belə mehriban olmayıb.

Biz düşmən olsaq da, düşmən qadınından doğulan uşağın atasıyam. Qızımı əlimdən alacaq bir türkü təsəv­vürümə gətirəndə özümə yer tapa bilmirəm. Səni, qızımı əlimdən ala biləcək həmin qorxunc türk olaraq gördüm. Bütün gecə bu məktubu ona görə yazmadım ki, Zeynəbin, Zeynəbin anasının və uşaqlığında iztirabla öldürülən nənəsinin başına gətirilən iyrənc oyunlarla bağrını çatladıb sənə acıq verəm. Yox, mən sən düşündüyün qəddar ermənilərdən deyiləm. Bunu ona görə yazdım ki, biləsən, Anuşa ömrümün sonunadək doğ­ma atası kimi əziz olacağam, onun qayğısına qalacağam. Əgər taleyi gətirsə, bir türklə ailə qurmasına da mane olma­yacağam. Bunu niyə istədiyimi heç özüm də bilmirəm – bu, sadəcə vicdanımın səsidir. Bəlkə də evimdə bir türk böyütməyin qorxusundandır. Bilmirəm... Sənə bir şey deyim? Çox məğrur və şərəfli millətsiniz. Hərdən özümüzünkülərdən çox fərqləndiyim üçün öz-özümə, “kaş ki, mən də türk olaydım. Bəlkə elə mənim də canımda türk qanı var?” – düşünürəm. Sizinlə rəqib olmaq hər millətə başucalığı gətirərdi. Ancaq erməni əsgəri ilə türk əsgərini üz-üzə qoyan məkrli əllər Ermənistanın belini yaman qırdı. Kaş ki, sizinlə yenə dost olaydıq...

***

...Məktubun gerisini oxuya bilmədim. Gözlərim dolmuşdu, heç nə görmürdüm, həm də mətləb erməni çaqqallığına keçirdi. Hönkürtüm uşaqları yuxudan oyatdı. Doğmalarımın üzümə zillənmiş sual dolu gözlərindən gizlənmək üçün tələsik dəhlizə qaçdım. Qonşu otağın qapısını xeyli yumruqladım, təpiklədim. Açan olmadı. Aşağı, qeydiyyat otağına cumdum, “244-cü otaqdakı erməni ailəsini görmədiniz!?” soruşdum. Qız kompüterdə bir neçə saniyə eşələnib, “Hesabı ödəyib getdilər” – dedi.

– Haraya!?

– Mən nə bilim haraya!

– Sizdən də cavab alınca adamın ürəyi üzülür, kobud heyvərələr!.. – gürcüyə bağırıb həyətə qaçdım, bağı axtardım, yeməkxanaya göz gəzdirdim, bulaqların hamısına baş vurdum. Amma Anuş balamın izi-tozu da yox idi. Başılovlu yoldaşım məni korpusun girəcəyində qarşıladı:

– Nə oldu sənə, niyə ağlayırdın!?

– Anuşgil gedib, Selcanın Anuşu gedib!.. – yuxarı qalxdıq.

– Erməni Anuşu deyirsən?!

– O erməni deyilmiş, türküymüş, azərbaycanlı balasıymış... – Ona hər şeyi danışdım.

– Nə danışırsan! Bay anan ölsün! Can, can, yazıq balam! – analar dərdi daha yaxşı anlayırlar axı...

– Selcan bunu hardan bilirmiş, o bunu necə hiss edə bilərdi ki? O, Anuşla öz dilində danışırdı, hərəsi öz dilində, amma bir-birini anlayırdılar! – başılovlu qalmışdım.

Arvadım da əli ağzındaydı. Otağımıza girəndə uşaqların sual dolu gözlərilə toqquşdum. Bilirəm ki, ağlayanda gözlərim qıpqırmızı qızarır. Selcan bu halıma qəhərlənəndə, “Anuş balamız gedib, qızım...” – deyib balamın boynunu qucaqladım, bağrıma basdım.

Selcan da mənə qoşuldu:

– Mən də Anuşla gedirəm, mən Anuşu istəyirəm, ata! – zarıdı.

Onu Anuşla oynamağa qoymadığımın utancını göz yaşlarıma döndərdim. Balamın üz-gözünü duz kimi yaladım:

– Bağışla, mələyim, keç günahımdan...

– Üzmə özünü... Taleyin üzü qara olsun. Yazıq uşaq... – yoldaşım uşaq kimi qoluma girdi, başımı sığalladı.

– Bu nə müsibətdi başıma gəldi, ay Allah! Axı balaca qızcığazın nə günahı vardı? Doyunca oynamağa da qoymadım! Əclaf erməni, Anuşumu hara apardı görəsən?

Böyük qızım:

– Ata, Anuş hardan sənin balan oldu!? Tapıb neyləyəcəksən, övladlığa götürəcəksən? Yəni bir erməni uşağından ötrü qanını bu qədər qaraltmağa dəyərmi? Bura Anuşu görməyə gəlmişik? – Böyüyümün 16 yaşı vardı, ağlı kəsirdi hər şeyi.

Yoldaşım ona bozardı:

– Kəs səsini! Sən belə şeyləri hələ bilməzsən! Sən nə bilirsən ki, müharibə nədir, müharibənin vurduğu yaralar necə olur!

Uşaqlar pərt olmuşdu bu qanqaraçılıqdan. Onlara nəyisə izah edəcək halım qalmamışdı. Üz-gözümü yumaq üçün hamama girdim. Otaqdan həyat yoldaşımın qızıma astadan dediklərini aydınca eşidirdim:

– Atanla bir də belə köntöy danışma! Sənə hamilə olanda atan göz yaşlarıma da baxmamışdı, məni tək-tənha qoyub getmişdi müharibəyə. İndi yarasının qaysağını qopardı bu erməni küçükləri. Bu saat desə ki, Ermənistana Anuşu axtarmağa gedirəm, dünya-aləm yığışsa da, qabağını ala bilməz. Odur ki, səsini kəs, yoxsa sənə əl də qaldırar...

Qızım:

– Bir erməni uşağına görə doğma qızına əl qaldıracaq?! - yazıq balam nə bilsin dərdim nədir...

– Anuş erməni deyilmiş, əsir düşmüş azərbaycanlı qadının övladıymış...

Qızım heyrətlə:

– Zarafat edirsiniz!? Vayyy, yazıq uşaq... – deyəndə kürəyimdən bir sancı qalxdı ki, böyrək daşının ağrısı bunun yanında toya getməli oldu. Nə qədər gücəndimsə, nəfəsim çatmadı, ciyərlərimdəki qəhəri öskürə bilmədim. Tövşüyə-tövşüyə otağa gəldim, arvadıma “Artıq burda heç nə mənə xeyir eləməz, yır-yığış elə, günortadan sonra evə qayıdırıq...2 – dedim.

– Di yaxşı, dəliliyin tutmasın! Unutmağa çalış, get müalicəni götür! Bura yas qurmağa gəlməmişik ha... – xanımım könlümü almaq istəyirdi.

– Kaş gəlməz olaydıq... Qayınanası gəlinin gözü qabağında, şəhid oğlunun arvadı – doğma gəlini qaynanasının gözü qarşısında təhqir olunmuş ana-bacımızın, əsir düşmüş Zeynəbimizin göz yaşlarını içmək istəyirəm, arvad, başqa heç nə istəmirəm...

– Ata, amma bura çox yaxşı yer idi... Bəs böyrəyin? – qızımı başa düşürdüm.

– Qoy çəhənnəm olsun belə böyrəyi. Böyrəyimin ağrısına dözərəm qızım, amma bu dağa dözmərəm. Anuşla doyunca oynamağa qoymadığım balamın üzünə baxa bilmərəm. Burda indi hər şeydən Anuşun qoxusunu alıram. Onu bağrıma basıb məni bağışladığını görməyəcəyəmsə, burda qala bilmərəm. O isə artıq gedib buralardan. Məni başa düşün, burda dağların arasında sıxışıb dəli olaram, bu qeyrətlə gürcünün üzünə dik baxa bilmərəm. Mən bu dərdi ancaq öz biqeyrətlərimizin yanında sindirə, unuda bilərəm. Məni qınamayın, balalarım, bir başqa vaxt gələrik, daha heç nəyi döndərməyin...

Həyətə düşdüm. Son dəfə Sairmənin gözəlliklərini gözümə təpdim:

– Səndə dərdimin biri də artdı, bura gəldiyim yerdə ayaqlarım quruyaydı, Sairmə! Sinənə namus dağı çəkilməsin, a dağlar...

Tarix
2017.01.13 / 23:49
Müəllif
Rəşad Bərgüşadlı
Şərhlər
Digər xəbərlər

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla