Yuxarı

Ölümsüzlüyə qovuşmağın gerçək şəkilləri... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏR NƏ ARAR İSƏN ÖZÜNDƏ ARA

Mən Yunusu, Mövlanəni anladım,

Mən Şəms adlı o günəşdən od aldım.

Səni bulan Aşiqlərdən yol aldım,

Qapını aç bu quluna, ey Rəbbim!

Hacı Bektaş Vəli dərgahına bu gözəlim diləklərsiz, bu duyğusal dualarsız necə qədəm basmaq, üz tutmaq olardı ki?! Əvvəldən sonacan qəlbimlə, aldığım nəfəslə bir arada dodaqlarım ucunda vird eləyirdim. Heç bir tərəddüdə-filana yol vermədən “Allah təkcə Məsciddə, Məkkədə, Mədinədə deyil ki, Allah hər yerdədir”, - deyib dururdum.

Hər yerdə... Paklıqla süslənən hər görüntüdə, varlıqda! Hər yerdə - bəri başdan birinin ünvanını mən deyirəm: Hacı Bektaş Vəli dərgahında...

Hararet nârda’dır, sac’da değildir,

Kerâmet sendedir, tâc’da değildir.

Her ne arar isen, kendinde ara,

Kudüs’te, Mekke’de, Hâc’da değildir.

Sakın, bir kimsenin gönlünü yıkma,

Gerçek erenlerin sözünden çıkma.

Eğer insan isen ölmezsin, korkma,

Âşığı kurt yemez, uc’da değildir.

Gönül kâbesine girmesin hülya,

Nefsine hakim ol, düşme bed hûya.

Kirleri arıtan baksana suya,

Hep yüzü yerlerde, buc’da değildir.

Bir gün sevgili peyğəmbərimiz Həzrəti Məhəmməddən (s.a.v) soruşurlar:

– İslam nədir?

– Gözəl əxlaq – deyə cavab verir Allahın elçisi.

Təkrar soruşurlar:

– İslam nədir?

Peyğəmbərimiz yenə bir kəlmə ilə cavab verir:

– Gözəl əxlaq!

Allaha gedən yol da, Kəbəyə gedən yol da, məscidə gedən yol da gözəl əxlaqdan keçir. O gözəl əxlaqın boxçalarından biri idi Hacı Bektaş Vəli; Həzrəti Mövlanə, Həzrəti Şəms Təbrizi, Həzrəti Seyid Yəhya əş-Şirvani əl-Bakuvi, Somuncu Baba, Şeyx Sədrəddin Konəvi həzrətləri... ilə bir arada... Özləri öz dəyərlərini hər kəsdən gözəl bilir, ehtiram göstərirdilər. Bu ehtiramın özü bir həyat məktəbi, örnək idi.

Sensiz benim bir dem karara mecâlim yok,

İhsânını ta’dâ da imkânım yok.

Tenimdeki her tüy eğer dillense,

Binde bir şükrümü ifâya imkânım yok. (H.B.V)

“BİR ŞAHİN KİMİYDİ” O BÖYÜK İNSAN

Bir adam pis yola əl atır. Kiminsə inəyini oğurlayır. Sonra səhvini başa düşüb oğurladığı inəyi Hacı Bektaşi Vəli dərgahına qurban olaraq aparır. Təbii ki, bu qurban haram sayıldığı üçün qəbul edilmir. O zavallı adam əlacsız qalıb Həzrəti Mövlanəyə müraciət edir. Onun istəyi qəbul edilir. Oğurluq edən adam deyir, axı, Hacı Bektaş Vəli bu qurbanlığı haramdı deyə qəbul etməmişdi... Həzrəti Mövlanə gülümsünüb aydınlıq gətirir: “Biz bir qarğa isək, Hacı Bektaş Vəli bir şahin kimidir. O, hər leşə qonmaz!” Adam bu durumu Hacı Bektaş Vəliyə anladır, o behiştlik insan aydınlıq gətirərək deyir: “Bizim könlümüz bir damla su kimidirsə, Mövlanənin könlü bir okean kimidir. Bu səbəbdən bir damla ilə bizim könlümüz bulana bilər. Amma Mövlanənin əngin könlü bulanmaz...”

Bir-birini belə dəyərləndirir, məqamlarını bu yöndən uca tuturdular.

Dostumuzla beraber, yaralanır kanarız,

Her nefeste aşk ile, yaratanı anarız.

Erenler meydanına, vahdet ile gir de gör,

Kırk budaklı şamdanda kırkımız bir yanarız.

Edeb-erkâna bağlıdır, ayağımız, başımız,

Güllerden koku almıştır, toprağımız taşımız.

Soframızda bulunan lokmalar hep helâldir,

Yiyenlere nûr olur, ekmeğimiz aşımız. (H.B.V)

Hacı Bektaş Vəli dərgahına yolçuluq etdiyimiz hər məqamda bu ucalığa, bu dəyərə xitabən söyləməkdəydim ki:

“Nəfs” adında bir şeytanı tərk etdim,

“Həyat nədir?” – gec də olsa dərk etdim.

Ən böyük Eşq... O, Sənmişsən! – dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim!

Arabamız Mucura doğru yürüməkdədir... Kırşəhər səmti bizim Dəvəçi-Siyəzən bölgələrini xatırlatmaqdadır. Kayseri səmtindən Mucura 89, Kırşəhərə 110 km məsafə ölçüsü olduğu lövhələrdə əks olunub. Bu yerlərin yol rahatlığı, yol mədəniyyəti bir özgə örnəkdir. Manzemuna az, lap az qalıb – vur-tut 10 km. Qarşı dərəyə bir gözəl kənd sığınıb. Yolboyu 30-40 ev görünür. Ətəyi çinar ağacları ilə çevrələnib. Bizim tərəfləri salır yadıma. Gəncədən keçib Şəmkirin Çinarlı, Seyfəli kəndləri boyu irəlilədikcə belə görüntülər sıx-sıx çəkir diqqətimi. Manzemundan sonra Yemlihə kəndi gəlir. Solunda qaya abidələr sıralanıb. Daşlarda ovulmuş ev xatirələri sahibsiz qalmış quş yuvalarını xatırladır. Sonra 100-150 evlik daha bir kəndi keçirik. Yenə çinarlıqdır dörd bir tərəfi.

Boğazlıyan, Yozqat, Samsun yolu sağa burulur. Sol tərəf Bayramtəpəyə aparır. Çılpaq təpəciklər izləyir bizi. Hər yan əkin yeridir burda. Gen-bol çöllük çəkir nəzərlərimi. Ta Kalaba kəndinə qədər beləcə uzanıb gedir bu çöllük. Avanos və Nevşəhərə aparan yol burdan sola dönür. Kalaba kəndinin gözəl evləri yenə ikiqatlı, üçqatlıdırlar. Qədimlik tökülür görünüşündən. Kalaba kəndinin sonra Çallıgədik gəlir. Gözəl bir yerdir. Ardınca da Çalış... Burdan Hacı Bektaş Vəli dərgahına 50-60 km-lik yol var. Ora qədərsə Kozaklıköy var, Toppaklı var. Yol boyu gömgöydü əkin yerləri; çılpaq təpələrə yanıq verirlər. Hacıbektaş-Nevşəhər yolundan sola dönürük. Avucu keçirik. Ərik ağacları düzüm-düzümdür. Ətrafı taxıl zəmisiylə çevrələnib. Təpələr maraqla boylanıb baxır. Uzaqda kəndlər var əl içi boyda. Bu gözəlim evlər üç-üç, beş-beş kənara çəkilib söhbət eyləyən ahıl insanları xatırladırlar. Keçib yetişirik mənzil başına...

“ARA, BUL!” SƏSLƏNİŞİ...

“Oxu, öyrən!” çağırışı, tapşırmasıyla savaba, mükəmməlliyə dəvət edir müqəddəs kitabımız “Qurani-Kərim” bəşər övladını. Həzrəti Mövlanə “Dinlə!” əxlaqına dəvət edirdi könül dostlarını... Hacı Bektaş Vəli “Ara, bul!” deyir...

Yusif Balasaqunlu “Qutadğu-bilik”də sözü övlad əvəzi ağırlayır, bərabər tuturdu:

İnsan ölüb getdi, uykuya daldı,

Dünyada söz adlı övladı qaldı.

Ölümsüz, əbədi qalmaq istəsən

Sözündən, özündən yardım istə sən...

Hacı Bektaş Vəlinin bir övladı – yəni söz yadigarı “Əlinə, dilinə, belinə sahib ol!” səslənişiylə ömrünü uzadır, yaşadır onu... Bir özgə övladı-sözü “Mərifət əhlinin ilk məkanı ədəbdir” dərsi verir... “Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə” söyləməsi də var. “Düşməninizin dahi insan olduğunu unutmayın” deyirdi, “nəbilər, vəlilər insanlığa Allahın hədiyyəsidir” tapşırmasını sırğa edirdi yaddaşlara. Düşüncə qaranlığına işıq tutanları mutlu sayırdı. Elmdən keçməyən yolun sonunun qaranlıq olduğunu söyləyirdi. Deyirdi ki, insanın camalı onun sözünün gözəlliyidir. Arifləri həm arı, həm arıçı qismində dəyərləndirirdi. “İncidilsən də incitmə” insanlığının fikir babası da o idi – Hacı Bektaş Vəli...

Erkek-dişi sorulmaz muhabbetin dilinde,

Hak’kın yarattığı her şey yerli-yerinde.

Bizim nazarımızda, kadın erkek-farkı yok,

Noksanlıkla eksiklik, senin görüşlerinde. (H.B.V)

Şərq dünyasının eşq, vəfa simvollarından biri olan Leyli hələ XVI əsrin poetik təsvirində “Dövran ki, məni məzaca saldı, bilməm satan kim, alan kim oldu?” deyə hüquqsuzluğunun baisi olaraq dövrü, zamanı qınayırdı. O eşq afətindən üç yüz il əvvəl isə Hacı Bektaş Vəli “Qadınları oxudun” deyə “Cənnət anaların ayağı altındadır” söyləyən ulu ustadının – Həzrəti Məhəmmədin (s.a.v) parlaq səslənişinə əks-səda verir, səsini nur içində nur olan o ali zatın səsinə qoşurdu:

Axtar, tap.

Qadınları oxudun.

İncisən də, incitmə.

Murada çatmaq səbr ilədir.

Doğruluq dostluq qapısıdır.

Araşdırma açıq bir sınaqdır.

Əlinə, belinə, dilinə sahib ol.

Hər nə axtarsan, özündə axtar.

Ariflər həm arıdır, həm arıçı.

Bir olalım, iri olalım, diri olalım.

Mərifət əhlinin ilk məqamı ədəbdir.

Oxunacaq ən böyük kitab insandır.

İnsanın camalı sözünün gözəlliyidir.

Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə.

Elmdən gedilməyən yolun sonu qaranlıqdır.

Düşüncə qaranlığına işıq tutanlar necə xoşbəxtdir.

Elm həqiqətə gedən yolları işıqlandıran işıqdır.

Düşməninizin dahi insan olduğunu unutmayın. (H.B.V)

Hacı Bektaş Vəlinin Xorasanda dünyaya göz açdığı, əski qaynaqlarda Suluca Karahöyük, bugünkü adı Hacıbektaş olan cənnətməkanda haqqa qovuşduğu bilinir. Türbəüstü yazılar 1248-1337-ci illər arası yaşadığına şəhadət verir. Bəzi qaynaqlar isə 1208-1271-ci illəri daha doğru hesab edir. Əgər Həzrəti Mövlanə ilə Hacı Bektaş Vəli arasındakı dərin ehtiram, bir-birinin hansı dəyər daşıyıcısı olmalarını bilmələri reallığını nəzərə alsaq, onda Hacı Bektaş Vəlinin 1208-1271-ci illər arası yaşaması daha doğru görünür. Həzrəti Mövlanənin 1207-ci ildə dünyaya gəldiyi bilinən bir tarixdir. Belədə, Hacı Bektaş Vəlinin 1248-ci ildə doğulduğunu əsas götürsək, aralarında 41 illik yaş fərqi görünər və bu yaş fərqində olan insanların bir-birini daha mükəmməl şəkildə dəyərləndirməsi o qədər inandırıcı görünməz. Onun 1208-ci ildə doğulmasını nəzərə alsaq, Həzrəti Mövlanə ilə aralarında vur-tut 1 yaş fərqi olduğu bilinir. Hər halda, bu yaş yaxınlığı onları bir-birinə daha sıx şəkildə bağlaya bilərdi. Eyni zamanda 1208-1271-ci illər arası toplam 63 il edir. Bu, həm də Həzrəti Peyğəmbərimizin(s.a.v) cismani ömür həddidir. Ruhu bir olanların cismani yaşam dövrünün də eyni olması daha çox qəbul ediləndir. Ancaq gerçəyi odur ki, türbəsi önündə yazılan qeyddən məlum olur ki, o, 1248-1337-ci illər arasında yaşayıb. Bu yazılanlara nəzər yetirirəm, yaddaşımda isə Yunis Əmrə babamızın misraları sıx-sıx cövlan etməkdədir:

Bədən fani, can ölməz,

Gedənlər geri gəlməz.

Ölərsə bədən ölər,

Canlar öləsi deyil...

Fəzilətlərin sonsuz dənizlərindən olan Hacı Bektaş Vəli dərgahı önündə böylə düşünür, ruhuna dualar oxuyurdum...

ONU DƏDƏM QORQUD ŞƏKİLLİ GÖRDÜM...

Avuqu keçib Hacı Bektaş Vəli dərgahına yetişdiyimiz ilk anda nəzərimi ilk çəkən abidə qarşı meydanın sol tərəfini əhatələyən kompleks-abidə oldu. Hacı Bektaş Vəlinin şərəfinə ucaldılan abidə bütün görünüşü, durumu ilə tam bir Dədə Qorqud şəkillənməsi idi ki, durmuşdu. Dədənin ərdəmli deyimi səslənirdi qulaqlarımda:

Gəlimli, gedimli dünya,

Son ucu ölümlü dünya.

...Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?..

Gözlərimsə barelyef boyunca yazılmış fikir ümmanı üzərində gəzir-gəzir:

Sevap-sayğı üste kurulmuşdur yapımız,

Ta ezelden ebede açıq olub qapımız...

Gör hansı qapılardan keçib yetişmişdi gor­gahına... Əhməd Yəsəvi Ocağının məhəbbət şərbətindən muradınca nuş etmişdi. Əhməd Yəsəvi Ocağının zikrini dinləmişdi, barınmışdı, dil əzbəri etmişdi:

Dünya üçün qəm yemə,

Haqdan özgəni demə...

Kişi malını yemə,

Sirat üzrə tutarı.

Əhliğ-əyal, qarındaş,

Heç kim olmadı yoldaş.

Mərdanə ol qərib baş,

Ömrün yel tək ötəri.

Qul Xacə Əhməd taət qıl,

Ömrün bilməm neçə il,

Əslin bilsən-abü-gil,

Yenə gilə gedəri...

Bilinəni budur ki, Əhməd Yəsəvi Ocağında kamala yetən Hacı Bektaş Vəli İran, İraq, Ərəbistan və Suriya üzərindən Anadoluya gəlib, burada Antep, Antakiya, Maraş, Sivas, Tokat, Amasya, Çorum, Yozqat və Kırşəhərdə gəzib-dolandıqdan sonra Suluca Karahöyükdə yerləşib. İnsanlığa xidmət göstərən fəlsəfi görüşlərini burada təkmilləşdirib, tam bir fikir, düşüncə mərkəzi olaraq Hacı Bektaş Vəli Dərgahını formalaşdırıb. Bu bənzərsiz şəxsiyyət tərəfindən qurulan Dərgah Orhan Qazi, Murad Xudavendigar, İldırım Bəyazid, Yavuz Sultan Səlim, IV Mustafa, Sultan Abduləziz və İkinci Abdulmecid dönəmlərində təmir edilib, 1925-ci ilə qədər fəaliyyət göstərib, 1957-1964-cü illər arasında vəqflər rəhbərliyi tərəfindən təmir edilərək və muzey olaraq yenidən müsafirləri üzünə açılıb. Ən əski çağlarında burada Qonaq evi, hamam və s. bölümləri də olub. Günümüzə yetən çamaşırxana və hamam bugünün özündə də qalmaqdadır. Muzey quruluş baxımından bir-birinə keçidi olan 3 ana bölümdən ibarətdir.

Birinci bölümü Nadar adıyla tanınır. Bu bölümə güney səmtdən qədəm qoyulur. Giriş qapısının sağında üçlər çeşməsi yer alıb. Ehsanı olsun deyə su içib, ruhuna dualar oxuyub keçirik. Külliyyəni çevrəliyən divarlar 1897-ci ildə Hacı Mehmet Dədəbaba zamanında yapdırılıb, indi mövcud olan divarlar, ilkin təməl üzərində Mədəniyyət və Turizm Bakanlığı tərəfindən yenidən qurulub. Ta qədimlərdə bu bölüm daxilində bugünümüzə gəlib çatmayan müxtəlif odalar fəaliyyət göstərib.

ÜÇLƏR ÇEŞMƏSİNDƏN SÖZ AÇIM SİZƏ

Bu çeşmə Feyzulla Dədəbaba zamanında Sədrəzəm Xəlil Paşanın həyat yoldaşı Fatma Nuriyə xanım tərəfindən hazırlanıb. Usta olaraq Nevşəhərdən Mustafa Vəsfini dəvət edib. Düz dam alınlığının ortasında 12 dilimli Bektaşi tacı (Hüseyin-i tac) yer alıb. Kəmər gözünün üst tərəfində oyma kitabə, ortasında isə Süleyman Möhürü üslublu təsvir əks olunub.

SÜLEYMANA QALMAYAN DÜNYA

İlk nəzər yetirdiyim andan dədə-babalarımızdan qalma “Süleymana qalmayan dünya kimsəyə qalmaz” məsəlini xatırlayıram. Möhürü-Süleyman üslubu Anadoluda Səlcuqlu və Osmanlı memarlığında sıx-sıx istifadə edilən bir üslubdu. Bu üslub Orta Asiyadan günümüzə qədər Səlcuqlu və Osmanlı dönəmi abidələrində, o cümlədən çini, keramika, sikkə, xəttatlıq, əlbisə və s. üzərində naxışlama prosesində istifadə edilib. Çeşmə üzərində Gül rəsminin təsviri Bektaşilik mərhələsinin sevgi dövrü olmasının simvolunu özündə ehtiva edir.

Sonra gəlir Aslanlı çeşmə. Bu çeşmənin 1554-cü ildə Bolqarıstanın Silistrə şəhər valisi Malkoç Bali bəyin yaxınları tərəfindən yapdırıldığı bilinir. Klassik Misir dövri stilində, İsgəndəriyyə mərmərindən hasilə gətirilib. Aslan heykəli isə Misir kraliçası Qara Fatma Sultan tərəfindən 1853-cü ildə hədiyyə olaraq Dərgaha göndərilib. O çağdan-bu çağa çeşmə Aslanlı çeşmə adıyla tanınmağa başlayıb. Çeşmənin görümlü yerində diqqət çəkən kitabədə Kərbəlada şəhid olanların xatirəsinə yapıldığı bilinir. Aslanlı çeşmənin önündən keçib Aşevi bölümünə doğru irəliləyərkən qoruyucu örtük altında Qəhvəçi Babaya aid olduğu söylənilən, zəminlə eyni səviyyədə bir məzar diqqəti çəkir. Ruhuna dualar oxuyur, rəhmət diləyirik.

BU DA İKİNCİ BÖLÜM

Bu bölümə üçbucaq şəkilli alınlıqlı və sivri kəmərli Üçlər Qapısından giriş var. Sırasına görə sağda Aslanlı Çeşmə, Baba köşkü, Aş evi, Təkkə Camisi, Meydan hovuzu yerləşir. Sol tərəfdə isə Qonaq evi, meydan evi (Cem evi), Kiler evi və Dədəbaba guşəsi yerləşir. Kitabəsindən bilindiyinə görə Meydan hovuzu Beyrut valisi Xəlil Paşanın həyat yoldaşı Zəhra xanım tərəfindən 1908-ci ildə yapdırılıb. Hovuzun baş tərəfində Dərviş Tağı kimi tanınan “Hüseyn-i Tac” diqqət çəkir.

Aş evi isə dərgah dönəminin ən önəmli guşələrindən biri olaraq tanınırmış. Kitabəsindən məlum olduğuna görə 1560-cı ildə Silistre valisi Malkoç Bali bəyin şərəfinə yaxınları yapdırıb. Bu bölümdə Aş evi Baba odası, Kiler odası, ət soyutma və saxlanma guşəsi, yuyacaq yerləri var. Aş Evi bölümündə Yeniçerilərə də kutsal qəbul edilən Qaraqazan, Xəlifə qazanları və digər mətbəx əşyaları sərgilənir. Bu bölümdəki Aş Evi Baba odasından əsasən dərgahda yaşayan dərvişlər, buranı ziyarətə gələn müsafirlər, imkansızlar yararlanırmış.

Digər bölümdə Mehman (qonaq) evi yer alıb. İki odalı olub, tək ocaqlıdır. Dərgaha gələnlər ilk olaraq bu guşəyə baş çəkərmişlər. Xalı döşəmələri indinin özündə də “mehmanın ol, könlün istəyincə “dincəl” səslənişi edir. Öncə ziyarət etdiyim Dərgah bölümündə də, ardınca mehman olduğum Qonaq evində də tarixin şəkillənməsi önündə müntəzir dayandığım anları xatırlayıram. Keçilməsi yasaq olan zona xəttinin o biri üzündə o behiştlik kişilər öz qədim geyim-keçimləri ilə bir arada Hacı Bektaş Vəlinin hüzurunda dayanmış kimi idilər. Bir ayrı guşədə dədə-baba qaydasınca üzbəüz əyləşib görüləsi işləri məsləhət edirdilər. Sanki ölməmiş, tarixə gömülməmişdilər; sapsağlam idilər, yaşayır, ömür edirdilər. Belədi durum. Ayrılıb gedirəm Meydan evinə. İbadət edir, Hacı Bektaş Vəlinin təməl daşı Əhməd Yəsəvi dədəmizdən oxuduqlarımı anır, anıram: “Allah Elçisinin Meraca yüksəlməsində qəriblərlə, kasıblarla, yetimlərlə maraqlanması böyük rol oynadı” deyən Əhməd Yəsəvi “əgər sən də Allaha qovuşmaq istəyirsənsə onun Elçisinin yolu ilə get, ona bənzəməyə çalış” deyə “Divani-Hikmət”lə bu gün də bizə səslənir:

Resul önüne bir yetim gelmişti,

Garip və müptelayım demişti.

Acıdı Resul onun haline,

Resul dedi ben de bir yetimim,

Yetimlik ve gariplikle yetişdim.

Muhammed dedi ki kim ki yetimdir

Biliniz o benim has ümmetimdir.

Yetim görseniz incitmeyiniz,

Garibi görseniz küstürmeyiniz.

Əhməd Yəsəviyə görə İslam dinində ən böyük, ən yararlı ibadət ehtiyacı olan insanlara, yəni qərib, kasıb, yetim olan insanlara xidmətdir. O, bizi bu gün də peyğəmbərimiz Hz.Məhəmmədi və “Qurani-Kərim”i düzgün anlamağa çağırır.

Eləcə də Meydan Evi əhatəsində ziyarət etdiyim qos-qoca yadigar abidələr. Kitabəsində 1367-ci ildə Əxi soyundan Murad Xudavəndigar (I Murad) tərəfindən yapdırıldığı bilinir. Öz zamanında burada “Yol”a daxil olma (Bektaşiliyə keçid) törənləri, “İqrar vermə” və “Cem törənləri” icra edilərmiş. İç bölümlərində 12 İmamları təmsil edən guşələr yer alıb. Hacı Bektaş Vəli və Balum Sultan portretləri, Bektaşi öndərlərinə aid rəsmlər, Taxtı-Bektaş, Dədəbaba və Dərvişlərə aid siyah-bəyaz şəkillərlə yanaşı Bektaşiliyi anladan əsərlər burada sərgilənib.

Meydan odası isə Dərgah dönəmində Bektaşi təriqətinə daxil olma, iqrar vermə, nəsib alma mərasimləri ilə bərabər Cem törənlərinin yapıldığı bir yerdi.

Bu da Meydançı Baba Odası: Əsasən yazılı lövhələr ilə Bektaşi Baba və Dərvişlərinə aid şəkillər sərgilənib bu bölümdə. Bir-bir oxuyur və yaddaş saxlancımın iç dünyasında qoruya-qoruya xəyal edirəm: “Ey günahkar evronuz üzü qara... Nə üz ilə Həzrətə qarşı vara?!” Bir ayrı yazılan da var: “Hacı Bektaş Babamızdır yürüdür cansız divarı...”

Kiler Evi bölümünü ziyarət etdikdən sonra Üçüncü bölümə qədəm basıram. Həzrət bölümü adıyla da anılır. Bölümə basıq kəmərli, Altılar qapısı deyilən səmtdən girilir. Bu bölümdə Atatürk Köşkü, Balım Sultan türbəsi, Hazire (Dərviş məzarlığı) və Has Bahçe diqqət çəkir.

Ulu öndər Mustafa Kamal Atatürkün Hacı Bektaşa gəlişi xatirəsinə 10 avqust 2009-cu ildə Mədəniyyət və Turizm başqanlığı tərəfindən yapdırılan abidə önündə ehtiramla ayaq saxlayır, xatirəsini anırıq. Mustafa Kamal Paşa 1919-cu ildə Hacı Bektaş Dərgahını ziyarət edib, başladığı mücadilə yolçuluğunda Dərgahının xeyir-duasını alıb.

Dərgahın Pir evi bölümü Giriş, Çiləxana, Orta Medhal, Məscid, Qırxlar meydanı, Hazirə və Güvənc Abdal türbəsi ilə çevrələnib. Solda Həzrəti Məhəmmədin simvolu olan Günəş təsviri, sağda Həzrəti Əlinin simvolu olan Ay təsviri, hər ikisinin ortasında isə sevgi simvolu olan gül təsviri yer alıb. Bu üç təsvirin altında isə Bektaşiliyin simvolu olaraq qəbul edilən və 12 imamları təsvir edən 12 guşəli “Təslim daşı” təsviri yer alıb. Girişin sağ və sol tərəflərindən ümumilikdə 12 Dədəbaba məzarı diqqəti çəkir. Ağ qapı deyilən üst qatda isə “İkibaşlı qartal” təsviri süslənib. Bektaşiliyi mənimsəyərək Cəfəri-Sadiq adını almış Memar Yanko Medyanın məzarı buradadı. Çiləxana Hacı Bektaş Vəlinin qırx gün, qırx gecə ibadətə çəkildiyi yer olaraq bilinməkdədi. Qapı önünün girişində şamdan yerinə nəzər yetirə-yetirə Qarabağ torpağının Xan qızı Xurşid Banu Natəvanın misraları canlanır yaddaşımda:

Yanar canım, oğul,

Daim sənin nari-fərağında.

Neçə pərvanələr hər dəm

Yanar şəmin ayağında...

O müqəddəs məkanda Xan qızının ruhuna da rəhmət oxuyur, cümlə Qarabağ torpaqlarımızın işğaldan azad olunması üçün dilək edirəm. Dərgahın Qırxlar meydanı bölümündə yer alıb Qırxbudaq şamdan... Həzrəti Əliyə məxsus fikirlərin əl yazısı yer alan lövhə, Dərviş və Babalarına aid simvollar və Hacıbektaş Vəli Həzrətlərinin tabutunun qoyulduğu bölümün orijinal gümüş qapısı çəkir diqqətimi. Bir-bir ziyarət edir, bütün varlığımla ehtiram göstərirəm. Buradakı “Göy Eşik” deyilən qapıdan adlayıb Hacıbektaş Vəli Həzrətlərinin Türbəsinə yetişirik. Səlcuqlu memarlıq məktəbinin ən zəngin nümunələrindəndi bu türbə. Bütün divarlar boyu ruhu oyadan kəlamlar həkk olunub. O böyük şəxsiyyətin məzarı önündə ehtiramla iç dünyama qapılır, dualarımı edirəm.

Sevgi muhabbet kaynar, yanan ocağımızda,

Bülbüller şevke gelir, gül açar bağımızda.

Hırslar, kinler yok olur, aşkla meydanımızda,

Arslanlarla ceylanlar, dosttur kucağımızda.

(H.B.V)

Tabutun bir kənarına sığınıb dua edə-edə ağlayan ziyarətçilər vəfadarlıq, səmimi heyranlıq, ilkinlik simvolları kimi şəkillənir gözümün önündə.

Malım-mülküm servetim, hepsi evde kaldı,

Eşim dostum akrabam, geçtiğim yolda kaldı,

Dostlarımdan birisi, benden hiç ayrılmadı,

Allah için yaptığım iyilikler bende kaldı. (H.B.V)

Hacı Bektaş Vəli zamanında yaşamış ustad ozan-şair Güvənc Abdal türbəsi daxilində bu behiştlik insanın uyuduğu məzarı ziyarət edirik. Burada Güvənç Abdalın məzarından başqa onun Dünya Gözəli deyə adlandırılan sevdiyi qız və bu qızın xidməçisinin də məzarı var. Rəvayət edirlər ki, Hacı Baktaş Həzrətləri ona çox güvəndiyindən adına Güvənc Abdal deyərmiş...

Sonra Balım Sultan türbəsini ziyarət edirik. 1462-1516-cı illərdə yaşamış Balım (Xızır) Sultan Seyid Əli Sultan dərgahında yetişmiş, nəhayətdə, Hacı Bektaş Vəli Dərgahına gələrək Dədəbaba olmuşdur. Rəsminə baxıram. Tam olaraq Hacı Bektaş qiyafəsindədi; Əlində təsbeh, əynində uzun ətəkli əba...

Diz üstə əyləşmiş... Bektaşiliyə etdiyi xidmətə görə Alevi-Bektaşi toplumu tərəfindən “Pir-i Sultan”, yəni İkinci Pir olaraq qəbul edilən Balım Sultan 1516-cı ildə haqqa qovuşmuşdu. Türbəsi 1519-cu ildə Yavuz Sultan Səlimin komandirlərindən biri olan Dulkadiroğlu bəyi Şahsuvar Əli bəy tərəfindən Səlcuqlu memarlıq ənənələri üslubunda inşa edilib. Məzarının quzey səmtindəki sandıqça içindəsə qardaşı Şah Kalender uyuyur. Rəvayət edirlər ki, Əhməd Yəsəvinin Türküstandan Anadoluya atdığı yanmış kosov günümüzə qədər gəlib çatmışdı. Dərgahda qaratut ağacından olan, üstündə Osmanlıca yazılan həmin ağac-sütun hələ də qorunmaqdadır...

Bu gözəl və huzur dolu məkanda abidələr bir deyil, beş deyil... Suluca Karahöyük qazıntılarına göz yetirmək, tapılan abidələri ziyarət etmək şəhadət verərər ki, bu deyilənlər doğruların doğrusudur. Osmanlı dönəminin nadir abidələrindən olan, 1603-cü ildə inşa edilmiş Bektaş Əfəndi türbəsinə, XIII əsrə aid Kadıncık Ana Evinə nəzər salmaq tarixlə baş-başa qalmağa bəs edər.

BU GÜNÜN GÖZƏL XƏTRİNƏ

İnsan oğlunun yaşadığı zaman çatdığı ən uca yüksəliş Meracdır. Yəni, Allah elçisinin Allaha çatdığı andır; Həzrəti Məhəmmədin kam aldığı, qovuşduğu bir məkandı. Elə bir məqam ki, Quran ayələrinin nazil olmasına vasitəçilik edən Cəbrayıl adlı mələk belə o böyük ucalığa yetə bilməmişdi.

Əbədi bir sualdır ki, Peyğəmbərimiz Həzrəti Məhəmmədin yoluyla gedənlərə də eyni yüksəliş veriləcəkmi? Allahın didarı, camalı, Allah ilə qovuşma Ona inananlar üçün də mümkündürmü? Mümkünsə, necə, hansı yol və hərəkətlər ilə?

Bu sualın gerçək cavablarından birini Əhməd Yəsəvi dədəmizlə bağlı «Kim istərsə Allahı görmək» adlı essemdə verməyə çalışmışam – “Məndən sonra” kitabımda...

Bu böyük ruh sahibi Hacı Bektaş Vəli Dərgahını ziyarət etdiyim məqamlarda yenə də düşüncələrimdən eyni sual keçməkdəydi: “Nur içində nur olan Həzrəti Peyğəmbərimizin yoluyla gedənlərə də Merac yüksəlişi veriləcəkmi? Allahın didarı, camalı, Allah ilə qovuşma Ona inananlar üçün də mümkündümü? Mümkünsə, necə, hansı yol və hərəkətlər üçün?”

Cavab aramaq yox, məncə, Dərgahını ziyarət etdiyimiz Hacı Bektaş Vəli Həzrətlərinin uyuduğu məzara göz yetirib baxmaq, baxıb da dərk etmək lazımdır; Ruhu uca Peyğəmbərimizlə bir olanlar məzara gömülməzlər ki... Daha çox əbədiyyət dünyasına qoşar, uçarlar... Əbədiyyətə uçuş Mehracın qapısına yetmək məqamıdı, Həzrəti Məhəmmədlə həmrəylik nümunəsidir.

Əhməd Yəsəvi Allahı görməyin ilk yolunu yetimlərin, atasız-anasızların, yoxsulların, kasıbların yanında olmaqda görürdü.

Əhməd Yəsəvi Ocağının böyük yetirmələrindən biri olan Hacı Bektaş Vəli də eyni əxlaqi dəyərlərlə yaşamaqla yanaşı, Allahı görməyin bir yolu olaraq da “İncidilsən də incitmə!» böyüklüyünə ucalır, “nəfsinə ağır gələni kimsəyə tətbiq etmə!” səslənişi edir.

Hacı Bektaş Vəli böyük hocası Əhməd Yəsəvinin “gerçək aşiqlər diridirlər, ölməzlər, ruhları da yer altına girməzlər” dərsini dərindən-dərin olaraq əxz etmişdi və bilirdi ki, gerçək Aşiqlər nəfslərini öldürür və Allahda dirilirlər. Bilirdi ki, Aşiqlər sonsuzluq sirri içində yox olaraq, sonsuzluğa çatırlar. Buna görə də ölümsüzlüyə qovuşurlar.

Ölümsüzlüyə qovuşmağın gerçək şəkillərindən, şəkillənməsindən biridi Hacı Bektaş Vəli Dərgahı; hər qədəmdə dərs verir ki, ölümü unutma. Hər qədəm iç dünyamızın hesabat dəftəri kimi vərəqlənir: “Ömür nədir? Yaşamaq nədir? Niyə bu dünyaya gəldim? Məndən hansı izlər qaldı? Hara gedirəm?”

Gerçək cavablardandır Hacı Bektaş Vəlinin söylədikləri. Sonu qaranlıq olmayan yollara çağırır Hacı Bektaş Vəlini dərk etmək! Hacı Bektaş Vəlini dərk yolu ilk olaraq ədəbdən keçir. əxlaqa, halallığa dəvət edirdi o böyük ustad... Durmadan, usanmadan “ara, bul” səslənişi edir, yetməyə, tapmağa, duymağa səsləyirdi.

EŞQ NURU, KÖNÜL GÖZÜ İLƏ

Getməyin zamanı yetir... Hər bir abidəyə ehtiram duyğusuyla ayrılırıq. Könül gözüylə baxa-baxa...

Madde karanlığı, akıl nûru;

Cehâlet karanlığı, ilim nûru;

Nefis karanlığı, marifet nûru;

Gönül karanlığı, aşk nûru ile aydınlanır. (H.B.V)

“Yol Ona yönələndə yol olur” düşüncəsiylə ayrılıram. O böyük Allah dostunun unudulmaz sözlərini, öyüd və nəsihətlərini yaddaşıma köçürə-köçürə davam edirəm Yola! Bu Yol insanın özünə yolçuluqdur… Böyük Yol isə ilk öncə özünə yolçuluqdan başlayır. O da belə deyərdi...

Hak’ka tâlib olan kişi, başka murâd isteme,

Dostun seninle beraber, başka vuslat isteme.

Bu dünya bir sofradır, arzular gelir geçer,

Eğer bizi buldun ise, başka murâd isteme. (H.B.V)

Behiştlik Hacı Bektaş Vəli “Ağa, öyrən, bil“ səslənişilə süsləmişdi ömrünün-gününün hər məqamını. Aramaq, bulmaq, öyrənmək, götür-qoy etmək amacıyla bu böyük insanın adıyla bağlı bölgəyə, paklıq məqamı olan Hacı Bektaş Vəli Ocağını növbəti səfərim zamanı Hacı Bektaş Vəlinin adını daşıyan universitetin rektoru prof.dr.Filiz Kılıçla, eləcə də müəllim və tələbə heyəti ilə unudulmaz görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin bugünü və gələcəyi ilə bağlı geniş müzakirələr aparıldı. Gənclərimizə ortaq tariximizi, birlik və bərabərliyimizin önəmini öyrətmənin vacibliyindən, bu istiqamətdə universitetdə gənclərlə görüş, tədbir və konfransların artmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi oldu və bu istiqamətdə düşüncələrimi söylədim. Dağlıq Qarabağ problemindən xüsusi söz açdıq. Gənclərimizin həqiqətlərimizin dünyaya daha da geniş yayılmasında fəallıqlarının artırılması ilə bağlı onlarla ətraflı söhbətlər edib, fikir və düşüncələrimizi bölüşdük və gənclərlə müzakirələri gələcəkdə də sıx-sıx davam etdirməyi qərara aldıq. Görüş və müzakirələr bitən kimi yenə də dostlarla Hacı Bektaş Vəli ocağını ziyarətə yollandıq. “Aramaq, öyrənmək, bulmaq” tövsiyəsi, “Hər nə arar isən kəndində ara“ nəsihəti ilə gənc nəsillərə səslənir yüz illərdir Hacı Bektaş Vəli. “Bu çabalar həqiqəti dərk etməyə aparır“ düşüncəsiylə ziyarət etdik Hacı Bektaş Vəli ocağını. Hikmət yolunu sözü, fikir və əməlləri ilə aça bilənlərin xatirəsini dərin duyğularla yad edə-edə...

Tarix
2017.01.27 / 08:45
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla