Yuxarı

Yazarlar Mövludun intiharından danışdı: Kimdir günahkar?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar cəmiyyətimizdə intihar hadisələrinin artmasını hər kəs bir cür mənalandırır: kimi sosial problemləri, kimi ailədaxili münaqişələri, kimi insanlardakı psixoloji problemlərin artmasını və s. göstərir. Ancaq bu səbəblər içərisində bir səbəb də oldu ki, bu, daha çox diqqətimizi çəkdi. Xüsusən, gənc yazar Mövlud Mövludun intiharından sonra cəmiyyətdəki bütün gözlər yazarlara çevrildi və elə intiharların səbəbi kimi yazarların pessimist ruhlu, nihilist yazıları göstərilməyə başlandı.

Kult.az Mətbuat.az-ın mövzu ilə bağlı yazarlardan aldığı cavabı ixtisarla təqdim edir:

"...Həyat yoldaşından xəyanət və sair..."

Əsəd Cahangir: “Son zamanlar baş verən intihar aktları heç də hansısa yazarın pessimist ruhlu yazısının təsiri ilə baş verməyib və verə bilməz. Belə düşünmək qəribə olardı. Bizim hazırkı ədəbiyyatın o gücü hardadır ki, oxucuya intihara aparacaq qədər güclü təsir edə bilə. İndi ədəbiyyat oxuyan varmı? İntiharların da, pessimist yazıların da, yəni cismani və mənəvi ölümlərin səbəbi həyatın özüdür. Çətin həyat şəraiti məsələnin maddi tərəfidir. Allaha inamsızlıq isə məsələnin mənəvi tərəfidir. Bunlar ən ümumi səbəblərdir.

İntiharın konkret şəxsin həyatı ilə bağlı tərəfləri də var. İnsanın hansısa fiziki qüsuru, ailədəki anlaşılmazlıq, qaytara bilməyəcəyi borca düşmək, həyat yoldaşından xəyanət və sair. Şəxsi faktlarla hamıya aid olan ümumi səbəblər üst-üstə düşəndə insan artıq yaşamaq üçün stimul tapa bilmir və çıxış yolunu ölümdə görür”.

"Cəmiyyətin əxlaqi-mənəvi dəyərləri sarsılıb"

Aqşin Yenisey: “Dünən Avropa Parlamentinin sədri Antonio Tayaninin müsahibəsinə baxırdım, deyir, Avropanın əsas üç problemi var - biri də gənclərin işsizliyidir. Bunu ona görə deyirəm ki, mən Azərbaycan insanının özünəqsdinin səbəbini təkcə sosial vəziyyətin ağırlığında görmək istəmirəm, səbəb daha dərindədir. Cəmiyyətin əxlaqi-mənəvi dəyərləri sarsılıb. Sosial ədalət prinsipləri alçaldılıb. İoneskunun sözləri ilə desəm, cəmiyyət bütünlüklə “işgüzar fəaliyyətsizliklə” məşğuldur. Müzakirə mühiti qapadılıb. Toplumun rifahını sağlamlaşdıran insani dəyərlərə təcavüz edilib...

Qaldı ki intiharın səbəbini yazarların nihilist yazılarında axtarmaq məsələsinə, bu cəfəngiyyatdır. Bizdə kütlənin psixoloji halına təsir göstərəcək qələm adamları yoxdur, ikincisi isə kitab oxumayan xalq necə oxumadığı əsərə görə özünü öldürə bilər? Yeganə çıxış yolu fikir, düşüncə adamlarının müzakirə mühitini açmaq, ölkədə universitet mühiti formalaşdırmaq, cəmiyyətin şüuruna təsir edə biləcək ictimai islahatlar aparmaqdır. Ya da bir Musa gəlməlidir, xalqı aparıb qırx il səhrada gəzdirməlidir ki, köhnələr tələf olsun, ölkəyə yeni nəsil qayıtsın. Allah bu dalandan çıxış yolunu belə göstərib öz kitabında”.

Eyvaz Zeynallı: “İntihar hadisəsi bütün zamanlarda olub. Həm də irqindən, dinindən, hansı peşəyə, sənətə mənsubluğundan asılı olmayaraq. Sadəcə, hansı cəmiyyətdə neqativ hadisələr, çatışmazlıqlar, əyriliklər, çətinliklər çoxdusa, o cəmiyyətdə insanlar arasında intihar hadisəsi də yüksəkdi. Yazara mövzu məhdudiyyəti qoymaq məsələsi də ağılasığan deyil. Gülməli olardı. Axı onları intihara mövzu sürükləmir..."

"Problemin kökü daha dərindədir”

Cəlil Cavanşir: “Bu sualla tez-tez qarşılaşıram. Mənə elə gəlir ki, insanlara “günah keçisi” lazımdır. Yazar istənilən mövzuda yaza bilər. İntihar yüz illərdi sosiologiyanın, fəlsəfənin, psixologiyanı və həmçinin, ədəbiyyatın araşdırdığı mövzudur. Bizdə intiharlar artıq kütləvi psixozun nəticəsidir. Mən sadəcə inana bilmirəm ki, intihar edənlər bizim pessimist yazılarımızı oxuyub təsirinə düşür. Əksəriyyəti, ümumiyyətlə, oxumur. Günahkarlar başqadır, günahkarı başqa yerdə axtarmaq lazımdır. Yazarları hədəf göstərməklə ən yaxşı halda onları da intihar həddinə çatdıra bilərlər. Problemin kökü daha dərindədir”.

Ramil Mərzili: “Bəli, son illərdə intiharlar baş alıb gedir. Bunu yazarların hansısa mövzusunda, ya yazarın öz ruh halında axtarmaq doğru deyil. Mən bu yaşıma qədər hansısa bir şeir, bir əsər oxumamışam ki, ordan intihara sövq qoxusu gəlsin. Qətiyyən düzgün əlaqə deyil. Yazıda pessimizm varsa, bu, sadəcə oxucunun ruh halını bir az aşağı salır, vəssalam. İntiharların səbəblərin kökünə varmaqla tapmaq olar. Bir qismi sosial problemlərinin, bir qismi içki aludəçisi olduğunun, bir qismi zorakılığa məruz qalmasının (bu hal böyük faizlə qızlar, qadınlar arasında olur), bir qismi sevgi oyunlarında qurbana çevrildikləri üçün, böyük bir qism isə ailəsində əxlaqsızlıq gördüyü və buna gücü çatmadığı (bu hal isə böyük nisbətdə oğlanlar, yeniyetmələr arasında olur) zamanlarda baş verir. Səbəbinin nə olması fərq eləmir, istənilən halda intihar etmək də, ona sövq etdirmək də həm günah, həm cinayət sayılır. Amma baxın ətrafa. Azdırmı intiharlara səbəb olan kəslər ətrafımızda? Əlləri olmasa da, ürəyi qana bulaşmış insanların üzündə olan maska sayəsində cəmiyyətin onlara mövqeyi aydın əks olunmur. Əslində hər kəs hər şeyi bilir, amma heç kim heçnə demir. Bəlamız da bax elə burasındadır...”

Çinarə Ömray: “Bir insan intihar etmək istəyirsə, o quşun uçuşunda da, yarpağın küskün duruşunda da, cəmiyyətin problemlərində də, həyatda hər şeydə özünə bir səbəb tapacaq . Məncə, intihar diqqət istəməkdi, diqqət yönəltməkdir.

Millətin də gücü elə yazarlara çatır. Əvvəl bu bərbad cəmiyyəti bərpa etsinlər, sonra gəlib yazarın mövzu seçiminə qarışsınlar.

Özlərinə sərf etməyən yazıçının yazdığı uydurma, əfsanə, təxəyyül olur. Sərf edəndə də yazarın yazdığı insan həyatlarını idarə etmə gücündə olur.

"Məncə, absurd yanaşmadı”

Əsəd Qaraqaplan: “Mövzular da insanların ruh halından, iç məsələlərindən doğur. Bu mövzuda yazan yazarları yox, bu mövzunun özünü anlamaq və onu düzəltmək lazımdır. Yazarlar sadəcə yaraları göstərirlər, yara yaratmırlar. Bu da o deməkdir ki, baxın, belə yaralarımız var, sağaldın. Onlarsa tərsinə başa düşüb yazarları günahlandırırlarsa, bu artıq ağ eləmək və qabaqdangəlmişlikdir. Yazara nəyi yazma demək olmaz, çünki o, içindən gələni yazır. Bu gün bu intiharların səbəbi elə cəmiyyətin özündə, sistemdə və insanlarımızdadır. Buna görə də ən çox həssas və dürüst adamlar intihar edir”.

Yeqzar Cəfərli: “Ümumiyyətlə, intihar hallarının çoxalması cəmiyyətdəki nizamsızlıqdan qaynaqlanır. Heç kim düzgün yanaşmaq, ağıllı qərarlar vermək kimi halları yaxınına buraxmır. Əsas digər bir problem də ondadır ki, kapitalizm insanlarının maddi yaşamları ilə birgə mənəvi yaşamlarını da rəqabət meydanına çevirib. Milli mental dəyərlərə söykənərək, mehribanlıq, dostluq kimi mənəvi xüsusiyyətləri qabardaraq insanlar arasında xoşgörü yaratmaq olar”.

Hikmət Orhun: “Mən intihara sürükləyən yazı nə oxumuşam, nə də yazmışam. Yaxınlarımdan cəmi bir nəfər - gənc yazar Mövlud Mövlud intihar edib ki, indən belə yeddi köy dolansan, yetmiş yeddi şəhrə varsan, onun qədər optimist adam tapa bilməzsən. Məncə, yazara nəyi yazıb, nəyi yazmadığını təlqin etmək özü onu intihara sürükləməkdir”.

Qan Turalı: “Psixoloji xidmətin səviyyəsi acınacaqlıdır. Yazarlar neyləsin?”

Tarix
2017.03.27 / 23:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla