Yuxarı

Güneydəki intiqam alovu düşməni yandıra bilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruzun 40 yaşı tamam oldu.

Kult.az tanınmış yazarla 40 yaşı ərəfəsində söhbəti təqdim edir:

- Sayman bəy, həyat 40-a qədər şirin idi, yoxsa yeni yaşda daha şirin görünür?

- Açığı, mən həyatın acı və ya şirin olması barədə heç vaxt düşünməmişəm. Sadəcə olaraq, yaşamalı olduğum üçün yaşamışam. Ancaq elə bir mühit və dönəmdə yaşadım ki, bir günüm belə kədərsiz keçmədi. Bəzən elə ucadan darıxıram ki, Allahın qulağı belə inciyə bilir...

- AYB-nin Güney şöbəsinə rəhbərlik edirsiniz. Şöbəniz Cənubi və Şimali Azərbaycan arasında körpü rolunu oynaya bilirmi?

- Əminliklə deyə bilərəm ki, bu şöbənin yaranmasından sonra Güney ədəbiyyatında böyük bir canlanma başladı. Bildiyiniz kimi, xeyli sayda güneyli yazarın kitabını Bakıda çap etdik, saysız-hesabsız tədbirlər, anım günləri, ədəbi müsabiqələr, görüşlər və konfranslar həyata keçirdik. Eyni zamanda 50-dən çox şimallı yazarın, o cümlədən Anar, Elçin, Kamal Abdulla, İsmayıl Şıxlı, İsa Muğanna, Aqil Abbas və s. kimi dəyərli yazarların kitablarını İranda nəşr etdik. Biz tək başımıza böyük bir akademiyanın fəaliyyətini görə bildik.

- Ədəbi əlaqələrimiz əvvəl necə idi, sizin rəhbərlik etdiyiniz vaxtlarda nələr dəyişdi?

- Allah xalq şairləri Söhrab Tahir və Balaş Azəroğluna rəhmət eləsin. Onların hər ikisi mənim həyatımda çox önəmli rol oynayıblar. Balaş Azəroğlu AYB-nin Güney Azərbaycan üzrə katibi kimi uzun müddət çox uğurlu fəaliyyət göstərib. Fəaliyyəti dövründə də kifayət qədər ciddi işlər ortaya qoyub. Söhrab Tahirdən nə deyim ki... Onun təkcə “Mənim qollarımı iynə-sap edin, tikin Astaranı biri-birinə” şeiri bəs edir ki, ən böyük təşkilatlar belə qarşısında diz çöksün. Söhrab Tahir öz şeirləri ilə xalqı birləşdirməyi bacardı. Evi ocaq, özü hamının əmisi idi. Mənə gəldikdə isə hər kəsin xatirindədir ki, məndən öncə Güney ədəbiyyatı demək olar ki, unudulmağa doğru gedirdi. Tək-tük haradasa kimsə təsadüfi şəkildə dərc oluna və ya haradasa işıqlana bilərdi, amma bu, 45 milyonluq bir əhalinin yaşadığı ərazinin ədəbiyyatını sərgiləyə bilməzdi. Biz o boşluğu doldura bildik. Onlarla gənc şairi burada tanıtdırdıq. Hamının ayağı buralara açıldı və ədəbi axın başladı. Ədəbi dostluqlar quruldu, indi də davam edir.

- İran hakimiyyətinin qəzəbinə düçar ola biləcək güneyli yazarlarımız da az deyil. Hər hansı bir olay diqqətinizdən kənarda qala bilərmi?

- Dövranın hökmü ilə püxtələşə bilmişik. Kimin kim və hara mənsub olduğunu bilirik. Pisi yaxşıdan seçir və dəyərləndiririk. Bütün siyasi oyunların içindən salamat çıxmağı bacarmışıq. Bacarmasaydım, indi çoxları kimi hansısa bir kökü bəlli olmayan təşkilatların yeminə çevrilmişdim. Mən məqsədimi bilirdim deyə, yolumu doğru seçdim. Yolum xalqımın yolu, məqsədim xalqımın daha da uca və xoşbəxt yaşamasıdır. Bu müqəddəs yolda isə əlimdən nə gəlsə, etmişəm və edəcəm. Məni eşq tanrısı seçib, mən isə bu eşqə söykənərək yolumda israrlıyam. Nə İran dövləti, nə heç bir daxili və ya xarici qüvvə işimə mane ola bilməz. Xalq Xaliqin məxluqudur, xalqın yolu elə Allahın yoludur.

- Bilirsiniz ki Axar.az əski əlifba ilə də fəaliyyət göstərir. Məqsədimiz güneyli və digər şərq ölkələrində yaşayan soydaşlarımıza Azərbaycan ədəbi dilində xəbərlər, xüsusilə ədəbi nümunələr təqdim etməkdir. Sizin şöbə bu istiqamətdə hansı işləri görür?

- Sizin başladığınız bu dəyərli layihə şəxsən mənim könlümcədir və başarılı olacağına əminəm. Redaksiyanızla da davamlı olaraq əlaqədəyik və saytın gedişatını nəzarətdə saxlayırıq. Sizin saytın Güneydə xeyli oxucusu artıq formalaşıb və bu, genişlənməkdədir. Əlimizdən nə gəlsə, yardım etməyə hazırıq.

- Hazırda Güneylə ədəbi əlaqələriniz hansı yerdədir?

- Bilirsiniz, Güney məsələsi heç də göründüyü kimi asan deyil. Elə Güneylə bağlı əlaqələr də olduqca qəliz və qorxulu məsələdir. İran dövlətinin tarix boyu Azərbaycana və Azərbaycan xalqına olan münasibətini və eyni zamanda orada yaşayan 45 milyondan artıq azərbaycanlının siyasi-ictimai durumunu nəzərə alsaq, bu əlaqələrin nə dərəcədə önəmli olduğunu görə bilərik. Məsələn, biz sırf güneyli olduğu üçün kimsəni gətirib heç nədən xəbəri olmayan bir oxucuya sırıya bilmərik. Bu məsələnin siyasi tərəfi ədəbi tərəfindən daha güclüdür. Həmin şəxsin haradan və necə gəldiyi, kimlə necə bağlı olduğu bizləri daha çox maraqlandırır. Təəssüf ki, imperialist qüvvələr ədəbiyyatı xalqların başında bir dəyənək kimi istifadə edirlər. Biz imkan verə bilmərik ki, daxildə fars, zahirdə azərbaycanlı olan kimsə, “şair” adı altında ədəbiyyatı məqsədyönlü şəkildə xidmət etdiyi dairələr tərəfə yönləndirə, mühiti çirkləndirə bilsin. Kökü bəlli olmayan bir kimsəni burada şair adına oxucuya təhmil edənlər elə həmin güneylilərin qarşısında günahkardırlar. Mən çox istərdim ki, siyasi məsələləri nəzərə almadan hamımız birləşə bilək. Ancaq indiki vəziyyətdə axını kontrol etməsək, ədəbiyyat seli özü ilə saysız-hesabsız kol-kos gətirəcək.

- Güneydə türkcə yazıb-yaratmaq qadağası varmı?

- Güneydə türkcə danışmaq və hətta kontrollu şəkildə yazmaq qadağası yoxdur. Bizim orada ana dilində təhsil ala bilməməyimiz, milli-mədəni-ictimai haqlarımızdan təcrid olunmağımız, musiqi və tariximizdən uzaq saxlanılmağımız narahat edir. Saz və sözün qadağan olunduğu, ana dilinin günah sayıldığı, tarixin gizli saxlanıldığı bir yerdə həyatın hansı məcrada axacağını təxmin belə edə bilməzsiniz. Güney təkcə yaralı bir aslana deyil, həm də intiqam alovuna çevrilib. Özünü də, düşmənini də yandıra bilər...

- Sayman bəy, sizcə, çağdaş ədəbiyyatımız dünənimizin ədəbi nümunələri ilə ayaqlaşa bilirmi?

- Bunu ən müasir ədəbiyyatımız barədə demək çox tezdir hələ. Yəni ən müasir ədəbiyyatımız mənim gözümdə hələ də zamanın ələyindən keçməyib deyə tam şəkildə öz təsdiqini tapmayıb. Qaldı ki müstəqillik dövrü ədəbiyyatımız barədə, çox da xoşbin deyiləm. Mənə elə gəlir ki, bir əlin barmaqlarının sayı qədər yazar-şairi çıxmaq şərtilə qalanı uzun müddətdir öz yerlərində çabalayır. Gənc yazarların bir çoxu sadəcə olaraq təkrarçılıq edir, yeni mövzu ortaya qoya bilmirlər. Gənc şairlərimiz məcazi eşqdən o tərəfə gedə bilmirlər və hamısı çalışır ki, Avropa ədəbiyyatını, bir növ, azərbaycansayağı təqlid eləsin. Bu təqlid isə olduqca uğursuz alınır. Əmin olun ki, belə davam etsələr, “Biləcəridən o tərəfə kimsə tanımır” məsəli onlara tam şamil edəcək. Şərq klassik ədəbiyyatını bilmək üçün pul və vəzifə deyil, aşiq bir ürək sahibi olmalısan. Təqlid etməyi deyil, təsir buraxmağı bacarmalısan. Tərifi deyil, tənqidi dəyərləndirməlisən.

- Sayman Aruzun ədəbi aləmdə ən böyük istəyi nə idi?

- Ədəbi aləmin zirvəsi yoxdur. Bu, hansısa bir ordu quruluşu deyil ki, sıravi əsgər kimi işə başlayıb nazir səviyyəsinə qalxa biləsən. Əsl ədəbiyyatçı üfüqi deyil, şaquli hərəkət edər. Yəni zahiriyyatın məhbusu olmaz, məna dünyasının saliki olar. Ədəbiyyat məna axtarışındadır. Unutmayaq ki, mənalar dərinləşdikcə, genişləndikcə insan laməkan və zamansız olur. Ədəbiyyatçının ən ali istəyi laməkan və zamansız olmalıdır.

- Sizcə, Azərbaycan ədəbiyyatı hansı dönəmini yaşayır, bu, tənəzzül deyil ki?

- Tənəzzül deməzdim, hazırlıq mərhələsi adlandırardım. Məncə, ədəbiyyatımız sükut mərhələsindədir. Sükutun həm səsi uca olur, həm də sonu böyük bir çığırtı ilə bitir. Bir daha xatırlatmaq istəyirəm ki, parçalanmış xalqın ədəbiyyatı da parçalanmış ədəbiyyat olar. Bütövlük lazımdır ki, böyük ədəbiyyatlar yaransın. Bu bütövlük hər bir şəxsin daxilində də baş verə bilər. Görünür, hələ bu məsələ baş tutmayıb.

- Oxucularımıza 40 yaşın deyiləsi başqa sözü qaldımı?

- Əlbəttə, çox söz var... Artıq 40 yaş tamam olur. Deməzdim ki, cavanlıq həyatın bahar çağıdır. Çünki baharda hələ bir çox ağaclar meyvə vermir, sadəcə çiçəkləyir. Deməzdim ki, qocalıq da ömrün qışıdır. Çünki bütün meyvələr, yəni ömrünün məhsulu istifadəyə hazır vəziyyətdə olur. Qocalıq ömrün baharıdır bəlkə də. 40 yaş peyğəmbərlik yaşıdır, mən peyğəmbərlik yaşımdayam. Güzgünün qabağında duranda özümü qoca saymıram. Hələ cavanlıq cizgiləri üzümdə, istəkləri ürəyimdədir. Həm də özümü insan olaraq əsl müsəlman çağında hiss edirəm. Mövlanə deyir, hər gün səhər yuxudan duranda imanını təzələ. Hansı dinə qulluq edirsənsə et, hər gün yenidən iman gətir. Artıq 40 yaş iman mərhələsidir.

Bu yaşın bir şeirini təqdim edim oxucularınıza:

Bilmirəm ...

Bilmirəm nə oldu qəhrəman oldum,

Özüm də bilmədim, bilmirəm hələ.

Mən axı sevdiyim xalqın dilini,

Anlaya bilmədim, bilməyəcəm də.

Bilmirəm nə üçün ağlayır bu xalq,

Bilmirəm nə üçün, kim üçün gülür.

Təbrizdə, Sulduzda ya Qarabağda,

Kim üçün “yaşayır”, kim üçün “ölür”?

Niyə Təbriz boyda zindanımız var,

Niyə Bakı boyda “şadlıq sarayı”

Min yerə bölünmüş, əzilmiş xalqın,

Araq süfrəsindən gəlir harayı.

Ölmək istəyirəm, öldür İlahi

Qoy gözüm görməsin bu rəzaləti.

Ya da yuxarıdan bir Babək yolla,

Dəyişsin qılıncla bu səhv adəti...

Niyə bığıburma kəl Koroğlular

İndi qaş aldırır, dilini əyir?

Amma Güneydəki qırx beş milyon

Hələ öz dilində gülümsəməyir...

Yox, başa düşmürəm xalqın dilini,

Bu xalqın fikrini, düşüncəsini.

Küçədə mənimlə yeriyən ögey,

Mənimlə ağlayıb, kiriyən ögey,

İçimdə mənimlə əriyən ögey,

Boğur içimdəki körpə səsini.

Vətəndaş paltarın geyindik amma,

Sirdaş paltarını geyinəmmədik.

Bir dildə doğulub ölsək də belə,

Dildaş paltarını geyinəmmədik.

İlahi, beləcə olmamalıydı,

Tomris övladları, mərd övladları,

İnsan övladları olublar indi,

Vecsiz övladları, dərd övladları...

Dərd məni quyuya atıb getsə də

Nə o Yəqub oldu, nə mən Yusifi.

Eləcə quyuda qalmışam hələ,

Görünür, istəmir vətən, Yusufu...

Bircə insan belə zindanda varsa,

Bizim şad olmamız şərəfsizlikdir.

Ey xalqım, çevrilin Güneyə sarı,

Arxa çevirmək də əbədsizlikdir...

Tarix
2017.04.27 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla