Yuxarı

Bunların adam arasına çıxarılası heç nəyi yoxdur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihəmizin qonağı meyxanaçı Vüqar Maştağalıdır.

Mən artıq bu sənətdən nə həzz alıram, nə də gəlir qazana bilirəm

- Əslində meyxana da ədəbiyyatın bir janrıdır. Amma meyxana sənət kimi sənət, peşə kimi peşə deyil. Yəni bu sənətin məktəbi yoxdur, gedib nəsə öyrənəsən. Ancaq təcrübə hesabına irəliləmək olur. Əvvəllər meyxananın coğrafiyası Abşeron boydaydı, getdikcə Lənkəran zonasında daha çox sevilməyə başladı və bu yolla artdı. Daha sonra "xalturşik" sənətçilər çıxdı ortaya. Hansı ki, məzmuna, qafiyəyə, rədifə riayət etmirlər. Biz o vaxt kiçik səhv olan kimi böyük bir skandalla bir-birimizə bu sözün səhv olduğunu bildirirdik. İndi o qanunlar meyxanadan çəkildiyinə görə, söz demək çox asanlaşıb.

Kimlər "cinayət məsuliyyəti" daşıyır?

Meyxanaya dəyən zərbələr, sizə deyim ki, birinci Namiq Mənadan başladı. Meyxanaya yad olan ritmlə, rənglə meyxanalar dedi. Ona baxan cavanlar da gördülər ki, elə belə də gedir, onların da bəzisi bu yolu tutdu. Sonra bəzi cavanlar çıxıb sənətə düzən verməyə başladı, sənəti musiqiləşdirdilər. Ən axırda da Pərviz Bülbüləli çıxdı. Onda da demək olar ki, Üzeyirin (Mehdizadə) mahnıları kimi bu şey də adiləşdi.

Bir növ kloun, bir növ məzhəkəçi...

Pərviz istəsə, yaxşı meyxana deyə bilər. Ancaq mən çəkinmədən deyirəm ki, bunların böyük əksəriyyətinin böyük arenaya, insan arasına çıxarılası nə yazıları var, nə bədahətən meyxanaları. Arxayınlaşıblar toylara, qazanca... Toylarda da şit-şit, bayağı şeylər deyirlər və bunun müqabilində də sevilirlər, pul qazanırlar. Bir növ kloun, bir növ məzhəkəçi kimi... Qazanacaqları pula arxayındırlar deyə, heç bir yaradıcılıq işi görmək istəmirlər. Bəzən görürsən "söz istəyən" qafiyə tutulanda, söz gəlməyəndə öz aralarında zarafata salırlar. Bir ara bu, Mehmanda da var idi. Misalçün, qafiyə tutulurdu ki, "əcəb gözəl keyfi-damağdır bu gün" , Mehman deyirdi ki, "bizim bəy oğlan da cavandır bu gün". Özü də bilir ki, bu, düşmür. Gülməkdən ötəri deyirdi. Ha deyirdim eləmə... bu yolla sənəti ciddilikdən çıxarırlar.

Axund Azər hamımızın ustadıdır

Kərim, Ağamirzə, rəhmətlik Ağasəlim, Məşədibaba, Nizami Rəmzi bunlar hər biri öz dəsti-xətti olan ustad sənətkarlardır. Təcrübə, yaş baxımından bizdən böyük olanların hər birinə ustad demək olar. Yaşı bir kənara qoysaq, Aydın Xırdalanlı çox gözəl başlamışdı, hansı ki, ustad sənətkar adını qazana bilərdi. Sonra özünü avara qoydu. Amma onun ustadı Axund Azər hamımızın ustadıdır. Ondan çox şeylər öyrənmişik. Bir gün Aydın da usta dərsi verə bilərdi. Götürək Namiq Qaraçuxurlunu, başladı, gah dedi ki, Mehmandır mənim ustadım, gah dedi yox, o deyil, başqasıdır... Mən Namiq Qaraçuxurluya hazırda ustad deyə bilmirəm. Çünki yetirdiyi və yetişdirdiyi heç nə yoxdur... Mahnıları istisna olmaqla.

Namiqlə "salam-əleyk" qalır

İndi onunla münasibətimiz yaxşıdır, "salam-əleyk" qalır. Bizim aramızdakı şou-biznes davası deyildi. Bizim davamız, "uman yerdən küsərlər" məsələsi idi. Mən ondan umurdum ki, sən lazımsan, bizi xalq birgə görmək istəyir, o da bundan qaçmağa, yayınmağa çalışırdı. Gördüm ki, yayınır, mən də "dost dosta tən gərək, tən olmasa gen gərək" prinsipi ilə hərəkət etdim. Bununla göstərdim ki, ya yanımdasan, ya uzaqda,- yerini müəyyənləşdir.

"Uğur var məhsul yoxdur"

Ehtiram və İntiqam qardaşlarının uğurunda millətimizin adı olduğuna görə çox sevinirəm. Amma onu deyim ki, mən elə bir rəsm əsəri çəkə bilərəm ki, onun dəyəri çox böyük olar. Amma o mənim işim deyil. Sən ola bilsin ki, Hüseyn Boltdan bərk qaçasan, ancaq bu o demək deyil ki, sən idmançısan. İnsan bir işi bacarırsa, bu onun həmin sahədə sənətkar olmağına əsas vermir. Ehtiramla İntiqam da bu cür. Onlar "Davay do svidaniya" işini bacardılar. Mən heç özümə də sənətkar demirəm. Yenə də onlarla müqayisədə bir neçə sənət əsərim var ki, AzTV onları öz qızıl fondunda saxlayır.

Deyirəm, gəlin buğda əkək, deyirlər yox, darı əkək

Mən artıq meyxanadan bir az küsmüşəm. O vaxtki maraq, şirin meyxanalar, səmimiyyət, hörmət-izzət yoxdur daha. Toylara gedirsən, görürsən yığıblar 9-10 nəfər meyxanaçını, ağız deyəni qulaq eşitmir. Nə böyük var, nə kiçik. Mən deyirəm gəlin, buğda əkək, deyirlər yox, darı əkək. Bir də görürsən, ayağın boyda uşaq gəlir oturur başda, məclisi idarə eləyir. O gün Bilgəh kəndində bir toyda qafiyə açmışam, bəyi tərif edirəm. Bir nəfər tanımadığım adam gəlib mənə dedi ki, saxla ee... Bu sənə yaraşmır, qoy bizim bir yaxın uşaq var, o gəlib desin. Bu xalqın nümayəndəsi gəlib mənə belə bir hörmətsizlik edirsə və ona heç bir cəza verilmirsə, deməli, elə bu sənətin yeri oradır. Bir sözlə, mən artıq bu sənətdən nə həzz alıram, nə də gəlir qazana bilirəm.

Teatr hara, meyxana hara...

Özüm aktyoram, hazırda İncəsənət universitetində estrada fakültəsində dərs deyirəm. Bir müddət aktyorluq sənətindən uzaqlaşmağımın da səbəbi avtomobil qəzası oldu ki, üzümü bir az pis hala saldı. O vaxtlar sırf meyxananın dalıyca getdim, düşünürdüm ki, bu sahəyə daha heç vaxt qayıtmayacam. Amma içimdə olan sənət yanğısı özünü meyxanalarımda da göstərirdi. Çalışırdım elə meyxanalar deyib, elə işlər görüm ki, görkəm baxımından da gözəl alınsın. Axır zamanlarda isə dövlət teatrları istisna olmaqla, "Bu Şəhərdə" və "Parni iz Baku"dan ayrı teatr görünmürdü. Yaranan boşluqdan istifadə etdim və teatr artıq fəaliyyət göstərir. İstədiyimiz nəticəni almaq üçünsə hələ çox tezdir. Ən azı 3 il, 5 il işləmək lazımdır. Ümumən isə fəaliyyətimiz qaydasındadır.

Filankəs qumarda filan qədər uduzdu...

Ölkədəki prosesləri əlbəttə ki, izləyirəm. Hətta ölkəmizdəki inkişafı görürəm və sevinirəm. Meyxanaçı kimi yox, sadə vətəndaş kimi bütün prossesləri izləyirəm. Meyxanaçı kimi olan vaxtlarımda ancaq krimanal xəbərləri izləyirdim. Filankəs filan qədər iş aldı, filankəs qumarda filan qədər uduzdu...Yəni hal-hazırda proseslərin hər iki tərəfini bilirəm.

Ölkədə dəyişikliyə ehtiyac yoxdur

İnşallah, sağlıq olsun, səsvermə hüququmdan həmişə istifadə etdiyim kimi, bu dəfə də istifadə edəcəyəm və hazırdaki hakimiyyəti dəstəkləyəcəyəm. Çünki dəyişikliyə ehtiyac yoxdur. Görün ölkəmizdə nə qədər inkişaf var ki, bu gün Azərbaycanda üç maşından biri "mersedes", iki maşından biri "bmv"dir. İnsanlar üçün kifayət qədər rahatlıq yaradılıb. Mən öz dövlətimdən razıyam.

Səhər duraram, ağlıma nəsə gələ bilər...

Yaxınlarda teatrımızda "Olur belə şeylər" adlı layihəmizin ikinci mövsümünə başlayarıq. Artıq məşqlər başlanıb. Meyxanayla bağlı hələ heç bir yenilik yoxdur. Ola bilsin ki, gecə yatıb səhər duraram, ağlıma nəsə gələ bilər...

Tarix
2013.11.18 / 16:06
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla