Yuxarı

Təhminəni mən oynasaydım, indi... - Foto/Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhurlarla bir gün

Azərbaycan Respublikasının əməkdar artisti, 46 yaşlı Mehriban Xanlarovanı elə səhər saatlarında gözəllik salonlarından birində yaxaladıq. Canlı yayıma hazırlaşan aktrisa saçını və makiyajını şəxsi vizajistinə düzəltdirirdi. Aktrisayla söhbətimizə, nəyə görə serialın vizajistlərinə deyil, şəxsi ustalarına düzəltdirdiyini öyrənməklə başladıq.

Seriallardakı vizajistlər səriştəsizdir

- Təəssüf ki, bizim seriallardakı vizajist və saç ustaları səriştəsizdirlər. Mən güvənib, onların qarşısında otura bilmirəm. Çünki onlar mənim nə istədiyimi anlamırlar. Mən yalnız öz vizajist və saç ustama güvənə bilirəm.

- Görünüş aktrisanın fəaliyyətində nə qədər rol oynaya bilir?

- Məncə, aktrisalıqda əsas obrazdır. Təbii ki, görünüş lazımdır, amma elə də önəmi yoxdur. Sadəcə, iddialı olmaq, səliqəli görünmək lazımdır. İstər çirkin ol, ya da gözəl - əsas odur ki, obrazı canlandırmağı bacarasan. Çünki biz daha çox sənət axtarırıq. Tamaşaçını görünüşüm yox, obrazım cəlb etməlidir.

Rejissorlar özlərinə bağ, arvadlarına ev alır, serialı unudurlar…

- Bəlkə məni kinoya, seriala çəkməyəcəklər. Onda nə ilə dolanmalıyam? Rejissorlar özlərinə bağ, arvadlarına maşın alır, serialı unudurlar. Rejissorlar aktrisalara bacardıqca az pul verməyə çalışırlar. Mən prezidentin mükafatını almasam, acından ölənin biri olaram.

- Milyonlar qazanan aktrisalar da var, kirayədə yaşayan da. Bu, nə dərəcədə ədalətlidir?

- Əlbəttə, aktirasanın kirayə qalması yaxşı deyil. Təəssüf olsun ki, Azərbaycanda sənətçilərə düzgün qiymət vermirlər. Bizim üçün 5 milyon manat pul ayrılsa da, bunlardan yararlana bilmirik.

Acınacaqlı vəziyyətdə yaşayıram

Kim inciyir incisin. Heç kəsi aldatmayacam, şəxsən mən acınacaqlı şəraitdə yaşayıram. Serial çəkimlərinə görə aylıq 500 manat maaş alıram. Bu əməkdar artistə verilən qiymətdirmi? Mən dilənməliyəm, ya sürünməliyəm? Bu hesablamalara görə mən hər yerə eyni paltarla getməliyəm. İncəsənət qurban tələb etsə də, bu qədər yox da. Bəzən hətta elə olur ki, üç ay maaş vermirlər... Bu nə deməkdir, bilirsiniz?

Mən brend geyinə bilmirəm. Ayaqqabımı İrandan 10 manata gətiriblər. Məcburam belə geyinməyə, çünki o pulla başqa cür etmək olmaz.

Türk aktyorlara bizim haqqımızı yedizdirirlər

- Təcrübəli aktyor və aktrisalarımız varkən, bu sahəyə Türkiyədən aktyorların cəlb ediləməsi nə qədər doğrudur?

- Türkiyədən gətirdikləri aktyorlara bizə verilən puldan qat-qat çox pul verirlər. Necə olur ki, onlara 30-40 min verirlər, amma yerli xalq artistlərimizə 500 manat? Yanıb tökülürəm.

İndi kimi gəldi, kinoya çəkirlər

- Kim tanınmaq, məşhur olmaq istəyirsə, onu seriala çəkirlər. Nə bilim modeldir, guya dünya gözəlidir. Hansı ki, mən onlarda heç gözəllik görmürəm. Reklam üçün çəkilirlər. Mən çəkildiyim seriallarda həmkarlarımın kimliyinə diqqət edirəm.

- Müxtəlif seriallarda eyni aktrisalar daha çox oynayır. Bu nə ilə əlaqəlidir? O aktrisaları əvəz edən oyunçular yoxdur, yoxsa aktrisa qıtlığıdır?

- Aktyorlarımız aclıq ucbatından, kirayə qaldığı evin pulunu ödəyə bilsinlər deyə, bir neçə filmə çəkilməyə razılıq verirlər. Bu isə düz deyil. Tamaşaçılar seriallara baxanda artıq serialları qarışdırır. Ən əsası isə odur ki, rol dəyişsə də, aktrisalar eyni qalır. Bu filmdə necə oynayırsa, o biri serialda da heç bir motivasiyaya uğramadan eyniylə oynayır. Dəyişən heç nə olmur, gözlər eyni baxır. Ümid edirəm ki, dövlətimiz öz sənətkarlarımızın ev problemini aradan qaldırar, onlar da bu cür məcburiyyət qarşısında qalmazlar.

- Mehriban xanım, sənətkarlarımızın ev problemlərinə toxunmuşkən rəhmətlik Səyavuş Aslanın adı da bu siyahıda idi. Nə üçün Səyavuş Aslan kimi dəyərli sənətkarımızla vida mərasimində sizdən başqa heç kim göz yaşı axıtmadı?

- Səyavuş böyük sənətkardır. Axı necə ağlamamaq olar… Səyavuş Aslan ikinci dəfə gəlməyəcək dünyaya. O ki qaldı ağlamağa, hər kəs öz ürəyini, qabiliyətini göstərdi.

İndiki aktrisalar rollarına möhür vura bilmir

- İndiki aktrisalarda möhür vurmaq yoxdur. Onlar, sadəcə, çəkilirlər. O vaxt yaxşı alınırdı hər şey. O rejissorların suyundanmı, çörəyindənmi, nədəndi bilmirəm, amma o vaxt hər şey yaxşı olurdu.

Mən "Sarıköynək" filminə çəkilmək üçün çoxsaylı adamlar içindən seçildim. Allah Şahmara rəhmət eləsin. Çünki mən onun filmində aldığım Zibeydə obrazı ilə öz möhrümü vurdum sənətə. Bu gün də o obrazın çörəyini yeyirəm.

Biz hələ serial çəkə bilmirik

- Seriallarımızın keyfiyyətindən razısınızmı?

- Serial çəkimləri heç də yaxşı deyil. Biz hələ serial çəkə bilmirik. Bu sahədə nə Braziliya, nə Hollivud, nə də ki, Hindistan seriallarına çata bilərik. Yaxşı seriallar o vaxt çəkiləcək ki, artıq həmin vaxt heç kim cibini düşünməyəcək.

- Deyilənə görə, teatrdan serial və ya serialdan teatra gedən aktrisa rolu obrazlaşdırarkən çətinlik yaşayır. Bəs sizdə necə?

- Teatrdan gəlib, kinoda çəkilə bilməmək kimi fikirlər rejissorların özlərinin təxəyyül, fantaziyalarının nəticələridir. Mənə bu söz gülməli gəlir. Həmin rejissorlara deyirəm ki, mən eyni aktrisayam. Teatrda da gülə, ağlaya bilirəm, serialda da...

- Nəyə görə bizim kinolarımız "Kan" film festivalına çıxa bilmir?

- Bizim festivalda iştirak etməyimiz çətin məsələdir. Festivalda yalnız adamı olanların filmləri gedir. Belə deyərdim bu festivalda iştirak etmək elə də asan deyil".

Mehriban xanımla söhbətimizə davam edə-edə artıq saç və makiyajı hazırlandı. Tələsik halı ilə efirə gecikən əməkdar artistin telefonlarına gələn zənglər ara vermirdi. Qeyd edək ki, hər zəngdə əməkdar artistdən bir şey xahiş edilirdi.

"Günə baxan"da

Salondan çıxan əməkdar artist ilə birlikdə ANS-də yayımlanan "Günə baxan" verilişinə yollandıq. Verilişdə ekspert kimi çıxış etdikdən sonra müsahibəmizə davam etdik.

- Nəyə görə canlandırdıqları obrazlara görə daha çox xanım sənətçilər tənqid olunurlar?

- Çünki bizim cəmiyyət aktrisanın oynadığı obrazı qəbul edə bilmir. Xaricilərin oynadığı erotik səhnələrə böyük kef ilə baxsalar da, bu rolu özümüzünkülər oynayanda ağızlarına gələni deyirlər. Çünki bu artıq cəmiyyətdə belə formalaşıb. O ki qaldı son zamanlar Vəfa Zeynalova haqqında deyilənlərə, mən o rolda qeyri-adi şişirdiləcək heç nə görməmişəm. Amma bu hadisə yetəri qədər şişirdildi.

Rol almamağım üçün mənə cadu elətdirirlər…

- Hər bir aktrisa kimi mən də problemlərlə qarşılaşmışdım. O qədər olub ki, məni tamaşadan, kinodan çıxartdırsınlar! Amma qurban olum Allaha, məni buranı Allah özü burub... Hələ rollarımın əlimdən alınması, rol verilməməsi üçün cadu elətdirənlər də var idi.

Təhminə obrazını mən oynasaydım…

- O vaxt Təhminə obrazı mənə təklif olunmuşdu. Sonradan Maral Konrat oynadı. Amma maraqlısı odur ki, indi sevilə-sevilə baxılan o filmdə mən oynasaydım, adıma deyilməyən söz qalmazdı.

Deyirlər o veriliş sənin olmalı idi…

- Yaxın gələcəkdə veriliş açmaq istəyirəm. Artıq bu barədə layihələr də təqdim etmişəm. Amma təəssüf, heç biri qəbul olunmayıb. Hələ ki, gözləyirəm. Hamı mənə deyir ki, "Səni axtarıram" verilişini sən aparmalı idin, o əsil sənin formatına uyğun bir verilişdir. Həqiqətən də elədir.

Əməkdar artist müsahibənin bu yerində artıq namaz vaxtının çatdığı üçün bizdən qısa müddətlik ayrılmalı oldu. "Məşhurlarla bir gün" layihəsi çərçivəsində Mehriban Xanlarovanın ilk dəfə hicablı fotolarını təqdim edirik.

Namazını qıldıqdan sonra yenidən söhbətə qayıdan aktrisa "Toy gecəsi" adlı serialın çəkiliş hazırlıqlarına başladı.

Çəkilişdə xeyli yorulan aktrisa gününü bir stəkan çay ilə yekunlaşdırdı.

Tarix
2013.11.21 / 10:25
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla