Yuxarı

Səmədoğludan “ideoloji düşmən” yaratmadılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbi mühitə gəlişi ilə təlatümlərlərin, çevrilişlərin baş verməsi bir oldu. Gələcəyinə heç bir ümid olmayan cəmiyyətdə yaşadığını deyir, ancaq bu qarışıqlıqda rastlaşdığı insanların sayəsində özünə yer tapa bildiyini, böyük örnəklər aldığını xüsusi vurğulayır. Dəyərli qələm adamı Məti Osmanoğlu o illərin şirinli-acılı xatirələrini Axar.az-la bölüşür:

- Siz ədəbi mühitə 1980-ci illərdə gəlmisiniz. Bu gündən baxanda o dövr necə görünür?

- O dövrə bu gündən, elə bu günə də o illərdən baxanda kökündən dəyişmiş bir dünya görürük. Dəyişən təkcə ədəbi mühit olmayıb: bütün ictimai, siyasi, iqtisadi, mədəni sistemlər yerindən qopub, dağılan dağılıb, dəyişən dəyişib, təzələnən təzələnib.

Mənim ədəbi mühitlə, daha doğrusu, yazıçı-şair ictimaiyyəti ilə birbaşa təmasım 1983-cü ildə başladı. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) aspirantı idim, yeni yazmağa başlamışdım və tale məni "Ulduz" jurnalına gətirdi. Jurnalın baş redaktoru Yusif Səmədoğlu idi. Jurnalda texniki işdə çalışsam da, bura mənim üçün əsl həyat universiteti oldu...

- Azərbaycan ədəbiyyatının keçdiyi yolda özünəməxsus yeri olan "Ulduz" jurnalı, yəqin ki, yadınızda gəncliyin xoş xatirəsi kimi qalıb...

- Məncə, bu, sırf gənclik xatirəsi ilə bağlı məsələ deyil. Mən elə ailədə böyümüşəm ki, uşaqlığımda keçmiş haqqında ən çox eşitdiyim ibarə "getsin o günlər, qayıtmasın!" olub. Atam 30-cu illərdə repressiya olunmuş ailənin övladıdır. Ana babam isə İkinci Dünya müharibəsinə gedib, qayıtmayıb. Yetimliklə böyümüş valideynlərim yeniyetməliklərini və gəncliklərini xatırlamağı heç arzulamırdılar. Elə mənim də gəncliyim yağ-bal içində keçmədi: ailə yükü, maddi çətinliklər, ev-eşik problemləri...

Gələcəyinə heç bir ümid olmayan bir cəmiyyətdə yaşayırdıq. Qəzetlərdə, siyasi kürsülərdə saxta nikbinlik əhval-ruhiyyəsi yaradılsa da, ziyalılar, vicdanlı söz və sənət adamları cəmiyyətin gələcəyindən əl üzmüşdülər. Yusif Səmədoğlu "Qətl günü" romanını 1984-cü ildə yenicə tamamlamışdı. Bu, əslində, yalnız sovet cəmiyyətində deyil, bəşəriyyətin həyatında böyük bir kataklizmin yaşanacağının yazıçı tərəfindən öncədən duyulmasının dahiyanə bədii ifadəsi idi.

- Roman o vaxt ictimaiyyət tərəfindən necə qarşılandı?

- Romanın çap olunma tarixini vurğulamağı son dərəcə əhəmiyyətli hesab edirəm: "Qətl günü" ilk dəfə "Azərbaycan" jurnalının 1984-cü ilin 4-cü nömrəsində nəşr olundu. Bunun prinsipial mənası var. Hələ sovet cəmiyyəti stalinizm sərməstliyinin xumarını yaşayırdı, Qorbaçovun "perestroyka"sı başlamamışdı. "Perestroyka" başlayandan sonra isə bizdə qəhrəman olmaq istəyənlərin sayı xeyli çoxaldı. "Azərbaycan" jurnalının "Qətl günü" çap olunan nömrəsi böyük ədəbiyyat hadisəsinə çevrildi. Oxucular romanı maraqla qarşıladılar, Elmlər Akademiyasında, Dövlət Universitetində əsərin ciddi müzakirələri keçirildi. Mətbəə işçilərinin bildirdiyinə görə, jurnalın nüsxələri rəsmi tirajından qat-qat artıq buraxılmışdı. Kitab isə "perestroyka" vaxtı, 1987-ci ildə çap olundu.

- Bəs 1984-cü ildə, ciddi senzura şəraitində belə bir əsərin çapı necə baş tutdu?

- Romanın çap olunma prosesi çox keşməkeşli oldu. "Azərbaycan" jurnalının "Qətl günü" yığılmış nömrəsi bir aydan artıq müddətdə "Qlavlit" deyilən senzura idarəsi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi arasında ötür-ötürə salındı. O vaxt jurnalın baş redaktoru vəzifəsini rəhmətlik İsa İsmayılzadə icra edirdi. Ona göstəriş vermişdilər ki, romanın çapı haqqında lap "yuxarıdan" son qərar verilənə qədər jurnala başqa əsər qoyub çapa təqdim eləsin. İsa müəllim bununla razılaşmayaraq "son qərarı" gözləyəcəyini bildirmişdi. Yusif müəllimin həmin günlərdə yaşadığı həyəcan və sarsıntılar hələ də gözümün qabağındadır.

Maraqlı olan bu idi ki, əsər hələ çap olunmamış onun əlyazması ziyalılar, ədəbiyyat maraqlıları arasında dolaşırdı. Yəni, əsəri oxuyacaq adamların hamısı, demək olar ki, oxumuşdu. Digər tərəfdənsə, "Yeddi oğul istərəm" filminin ssenari müllifi kimi ictimaiyyət arasında kifayət qədər populyar olan Yusif Səmədoğlunun romanının çapına yuxarıların "mız qoyması" xəbəri çox ciddi ictimai rezonans doğurmuşdu. Səməd Vurğunun oğlunun "xaricə qaçacağı" barədə şayiələr də dolaşmağa başlamışdı.

- Çapına icazə verilərkən əsərin mətnində hər hansı dəyişiklik oldumu?

- Elə bir ciddi dəyişiklik olmadı. Muxtar Kərimli obrazının adı birinci variantda İbrahim Sədri idi – bu, Yazıçılar İttifaqının ozamankı sədri Mirzə İbrahimovu assosiasiya etdiyinə görə dəyişdirildi. Romanda belə bir ifadə vardı: "Qriqor erməni, atana lənət, Qriqor erməni, atana lənət!". Bunu senzuranın arzusu ilə dəyişdirib elədilər "Qriqor kişi, atana lənət, Qriqor kişi, atana lənət!"... Yusif müəllim bunları prinsipial dəyişiklik hesab etmirdi. 1984-cü ildə əsərin çap olunmasına icazə, məncə, bir amillə bağlı oldu: sovet məmurları Səməd Vurğunun oğlundan zorən "ideoloji düşmən" yaratmaq istəmədilər. Elə Yusif müəllimin özü də bunu əsas səbəb hesab edirdi...

- Yusif Səmədoğlu zarafatcıl adam olub. Yadınızda qalan, sonradan tez-tez xatırladığınız maraqlı hadisələr varmı?

- Yaddaşımda ömürlük iz salan əhvalatlar kifayət qədərdir. O əhvalatları xatırlayanda indi qəhərlənirəm. Bunlardan birini nəşr etdirmişəm. Sovet hökumətinin rəhbəri Andropovun ölümü ilə bağlı həmin lətifəvari əhvalatın maraqlı davamı isə jurnalda materialların düzülüşündə olmuşdu. Jurnalın 3-cü nömrəsi o dövrün rəsmi tələbinə görə, Andropovun qara haşiyəyə alınmış şəkli və hökumət tərəfindən hazırlanmış nekroloqun mətni ilə başlayırdı. Nekroloqdan sonrakı səhifədə Bayram Bayramovun hekayəsi verilmişdi. Hekayənin lap iri hərflərlə yazılmış başlığı belə idi: "Lələ köçüb, yurdu qalıb"... Xoşbəxtlikdən, buna "ilişən" olmadı...

Vaqif Səmədoğlu sovet vaxtı az-az çap olunurdu. O vaxt jurnalın poeziya şöbəsinə rəhbərlik eləyən Vaqif Cəbrayılzadə onu birtəhər yola gətirib şeirlərini çapa təqdim eləmişdi. Şeirlər "Ulduz"da çap olunmaq üçün "Qlavlit"ə göndərilmişdi. Yaddaşım aldatmırsa, bu şeir də onların arasında idi:

Kağızın üstünə düşüb,

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyin yalquzaq səsi...

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir...

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

Mərkəzi Komitədən Yusif müəllimə zəng vurmuşdular ki, siz nə üçün Vaqifin bədbin şeirlərini çap etmək istəyirsiniz?!. Yusif müəllim də özünəməxsus ironiya ilə cavab verdi ki, sovet ədəbiyyatının 99 faizi nikbin şeirlərdən ibarətdir, Vaqifin şeirləri ilə hökumətə nə olasıdır. Ona qəmli şeir yazmağı qadağan eləyə bilmərik ki...

- "Ulduz"dakı yaradıcı mühitdə qazandığınız təcrübə sizə nə verib?

- Böyük insanlar öz ətraflarında fərqli mühit və iqlim yaradırlar. Həmin mühit və iqlim oradakıların mənəviyyatına, davranışına, dünyagörüşünə, ən önəmlisi də taleyinə təsir göstərir. Yusif Səmədoğlu "Azərbaycan" jurnalına baş redaktor seçiləndən sonra mən də "Ulduz"dan getdim. Əslində, Yusif müəllimdən sonra orada görəcəyim bir iş də qalmamışdı – mənim "Ulduz" dövrüm başa çatmışdı...

Məmməd İsmayılın məni "Gənclik" jurnalına dəvət etməsi isə həyatımın ən böyük nailiyyəti, "Ulduz"dan əldə etdiyim təcrübənin bəhrəsi oldu. 1987-ci ildə təsis olunan "Gənclik" təzə zəmanənin yeni söz tribunası idi. Mənim inadlı təkidimlə "Gənclik"in ilk nömrələrindən birinə Yusif müəllimin foto işlərini təqdim etməsi də o illərin yaddaqalan sənət hadisələrindən oldu...

Tarix
2014.06.06 / 08:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla