Yuxarı

Rəisi aldatdıq, həbsxanaya girdik və çəkdik...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Məşhur Tarık Akanın rejissor Yılmaz Güney haqqında xatirələrini təqdim edir.

1971-ci ildi.

Yılmaz Güneyin Ataköydə bir film çəkdiyini eşitdim. Getdim yanına. Dedim, Yılmaz qardaş, mən də filmdə çəkilmək istəyirəm.

Panamada, diyircəkli stulda mürgüləyirdi. Başını yavaş-yavaş qaldırdı, gözlərimin içinə baxa-baxa dedi ki, mənə nə?

Aradan illər keçdi.

1976-cı ildi. “Mədən” filmindən sonra məşhurlaşdım. Qəzetlərə manşet oldum.

Amma artıq Yılmaz Güneyi həbs eləmişdilər. İzmitdəki həbsxanadaydı.

Mətbuat konfransından sonra filmi Ankaraya – sensuradan keçirtmək üçün aparıram. İzmitə çatanda, dedim, gəlmişkən, Yılmaz Güneyə bir baş çəkim. Görüş üçün icazə aldım. Azı 10 dəqiqə qucaqlaşıb qaldıq. Təxminən iki saat söhbət elədik.

Nə yenilik var? Hansı filmlər çəkilir? Kim çəkir, necə çəkir?

“Mədən” filmindən danışdıq xeyli. Sonra dedi ki, Tarık, film qalır burda, sabah gəlib apararsan. Dedim, abi, bu şəraitdə necə baxacaqsan, nəylə baxacaqsan? Həm də xeyli borcumuz var, o qədər vaxt da yoxdu. Dedi, sənin işin yoxdu, sən dediyimi elə, sabah da gəl götür. Razılaşdım. Qayıtdım İstanbula.

“Mədən” filminin rejissoru Yavuz Özkan məni İstanbulda görüb dəli oldu. Dedi, sən hələ getməmisən? Burda nə işin var? Olduğu kimi danışdım. Dedim, Yılmaz Güney imkan vermədi. Heç bilmirəm necə baxacaq. Dedi, o Yılmaz Güneydi. İstədiyini eləyər.

Səhər tezdən, saat yeddidə İzmitə yola düşdüm. İçəri girincə hamı alqışladı məni. Şok oldum. Necə izləyiblər, görəsən? Sanki həbsxana deyil, kinoteatra gəlmişəm.

Deməli, İzmitdəki kinoteatrdan cihazları gətizdirib. Döşəkağlarını da vurdurub divara. Bütün məhkumlar izləyib filmi.

Filmi götürüb çıxanda cibimə pul qoydu. Dedim, götürə bilmərəm. Qətiyyən olmaz. Məcbur elədi. Xeyli də pul idi. Dedim, onda borc kimi götürürəm. Qaytarmaq şərtilə. Razılaşdı.

Film senzuradan keçdi. Yaxşı da pul gətirdi. O dövrdə ən yaxşı qazanan film oldu.

Yılmaz Güneyin ssenarisi əsasında çəkilən “Sürü” filmindən sonra əsgərliyə çağırıldım. Əsgərlikdən davamlı olaraq Erden Kralla əlaqə saxlayırdıq. Telefonla danışırdıq, məktublaşırdıq. Bir ssenari vardı, film çəkməyi düşünürdük.

Danışıqlarımızın birində Erden dedi ki, Yılmaz Güney çağırıb məni. Dedim, dayanma, get. Qayıdınca mənimlə əlaqə saxla. Amma şifrəli danış. Telefonları dinləyirdilər. Əmin idim ki, təzə ssenari yazıb Yılmaz Güney.

Elə də oldu.

Erden dedi ki, yeni ssenari var. Həftəlik icazəylə buraxılmış 12 məhkumun hekayəsidi. Sonda həbsxanaya ikisi qayıdır. Qalanları ölür. Dedim, möhtəşəm ssenaridi. O biri ssenarini saxlayıb, buna başlayırıq.

Bir aydan sonra əsgərlik bitdi, qayıtdım İstanbula. Yılmaz da tez-tez icazə alıb gəlirdi. Müxtəlif yalanlar uydururdu. Gah analiz yollatdırırdı həbsxanaya. Guya anası xəstədi, gah başqa yalan, çıxırdı çölə. Üsküdardakı evində görüşürdük.

Və filmə başladıq. “Yol” filmi.

Amma işlər heç yaxşı deyildi. Maddi problemlər vardı. Nəsə alınmadı. Problemlər barədə davamlı Yılmaza xəbər yollayırdım.

Cunda adasında qalırdıq. Bir gecə Fatoş gəldi. Dedi, Yılmaz bəyin əmri var. Çamadanlarınızı yığıb geri dönməlisiz. Bəy dedi, çəkilişə son verilsin, hərə öz işiylə məşğul olsun.

Qayıtdıq İstanbula. Erdem ssenaridən əl götürdü.

Səhərsi Yılmaz gəldi, Kadıköydə, Fatoşun evində görüşdük. Dedi, Erdemlə olmaz bu iş, təcili başqa rejissor tapmalıyıq.

Bu ssenarini ancaq Şərif Görən çəkə bilər. O da həbsxanadadı.

Dedim, o zaman gəl çölə atmayaq bu müdhiş ssenarini. Saxlayaq, başqa ssenari işləyək. Günün birində Şərif Görən çıxar həbsdən, o çəkər, ya da özün gəlib çəkərsən. O da razılaşdı. Səhərsi gün rayona getməliydi. Yadımda deyil, nəsə sənəd işiydi. O vaxt mənim qırmızı “Mersedes”im vardı. Dedi ki, Tarık, sən maşını ver mənə. İşlərimi görüb qaytaracam. Arxayın ol.

Yılmaza yox deməkmi olar? Dedim, əlbəttə, abi.

Axşam evə gələndə həmişəki kimi yenə də qəzet aldım. Elə birinci səhifəsindəki manşetə şok oldum. Bu qədər təsadüfmü olar? “ŞƏRİF GÖRƏN AZADLIĞA ÇIXDI”.

Tez Fatoşa zəng elədim. Dedim, Yılmaza de, getməsin. Məni gözləyin gəlirəm, bəs Şərif Görən azadlıqdadı. O vaxt komendant saatı vardı. Gecə istədiyin vaxt küçəyə çıxa bilməzdin. Birtəhər, o boyda yolu əyilə-gizlənə getdim Fatoşun evinə. Yılmaz ora-bura zəng etdi. Şərifi tapdı. Dostlarıyla ssenarini yolladı ona. Azadlıqda birinci günü olsa da, Şərif Görən səhərə qədər yatmayıb ssenarini oxuyubmuş. Öz qeydlərini edib. Sabah mən, Yılmaz, Şərif və Zəki Ökten bir də toplaşdıq. Şərif dedi ki, 12 məhkum çoxdu, bunun sayını beş edək. Bir az orasını elə edək, bir az burasını belə edək, axır ki, ssenari tam hazır oldu və filmə başlamağa qərar verildi. Şərif getdi.

Zəki Ökten, Fatoş və Yılmaz Güney mənim maşınıma minib rayona yollandılar. Maşını Zəkinin sürücüsü sürəcəkdi.

Mən də getdim öz evimə.

Səhər Bəyoğlunda çay içməyə gedirdim. Qəfil gördüm Zəki Ökten oturub sürücüsüylə kafedə. Dedim, ustad, nə oldu bəs, getmədiz?

Qayıtdı ki, yolda mənim bu danqabaş sürücüm balaca qəza elədi. Maşının sol tərəfi bir az... Dedim, bəs kim sürür maşını? Dedi, özü. Yılmaz abi əsəbiləşib ikimizi də qovdu. Fatoşla getdilər. Fikirləşdim, maşını da belə itirdim.

Bir həftə keçdi, hələ də maşından xəbər yoxdu. Yedddinci gün bir nəfər maşınımı gətirdi. Çiçək kimi. Təzədən yığdırıb yollamışdı Yılmaz abi. Özü içəridə olsa da, çöldə yaxşı dostları vardı.

Tezliklə Şərif Görənlə “Yol” filminə başladıq.

Birinci məni çəkdilər. İlk işi bitən mən oldum. Amma hələ çəkilişlər davam edirdi. Avtobusla həbsxanaya getdim. Ustadla görüşdük, qucaqlaşdıq. Nə oldu, necə oldu, işlər nə yerdədi, çəkiliş necə gedir - hamısını danışdım. Dayanmadan sual verirdi. Səbirlə hamısına cavab verdim. Həmin vaxt çəkilişlər Urfadaydı. Qaziantepdən Urfaya getmişdilər.

Komendant saatı var, çölə çıxmaq yasaqlanıb. Avtobus dayanacağı çəkməliyik. Gecə səhnələri var. Gizlənə-gizlənə, boylana-boyla çəkirdik. Operatorlar əyilib işləyirdi.

Həbsxana kadrları zülm etdi bizə. İcazə vermirdilər. Jandarm lazımdı. Ssenaridə var. Ciddi məqamdı. Ssenarinin ürəyi olan kadrlardandı. Jandarm paltarı tapmaq jandarm üçün icazə almaqdan çətin idi o vaxt. Məcbur yalan danışmalı oldum. Həbsxana müdirinə dedim ki, bu vaxta qədərki filmlərdə bizim cəza evlərini pisləyiblər həmişə. Bu dəfə istəyirik hamı bilsin ki, sizin kimi rəislər də var. Belə yaxşı həbsxanalar var. Bir az da üstünə qoydum. Dedim, dustaqlar da sizdən razıdı hamı. Gördüm qımışır. Razılaşdı. Sevindi də. Dedi, problem yoxdu, çəkin.

Qaldı jandarm.

Dedim, rəis, biz həqiqəti çəkirik deyə, Dyarbəkir camaatı üstümüzə gəlir. Deyirlər, yalan çəkirsiz, əslində həbsxanalar pis gündədi. Hər an təhlükədi. Jandarm lazımdı. Qorusun bizi. Təşkil etsəniz, yaxşı olar.

Sağ olsun, əlli jandarm yolladı. Bilirsiz, necə çəkdik? Jandarmları düzdük sağa-sola, guya qoruyacaqlar bizi. Keçdim kameranın önünə. Guya məni çəkir operator. Amma kamera jandarmlara tuşlanmışdı. Onlar hardan bilsin. Jandarm nə bilir kamera nədi, necə çəkir.

“Yol” filmindəki jandarm səhnələri hamısı belə çəkilib.

Kan kinofestivalından bir ay əvvəl Kənan Evrən hoqqa çıxartdı.

Heç kimə film maraqlı deyildi, hamı “Jandarm həqiqidi orda, yoxsa aktyorlardı?”, “Atı doğrudan öldürdünüzmü?” suallarına cavab axtarmaqda.

Şərif Görəni məhkəməyə verdilər. Amma sübut edə bilmədilər.

Kan festivalında qalib olandan sonra, ümumiyyətlə, dəyib-dolaşan olmadı. Amma Şərifi bir az get-gələ saldılar.

Aradan illər keçdi. Hər həftə baş çəkirdim Yılmaz abiyə. Çöldən sifarişləri dayanmırdı.

Axırıncı dəfə - bir dost var, adını deməyəcəm – qoymadı gedəm. Dedi, ver biletinə baxım. Verdim. Cırıb tulladı. Dedi, olmaz, getməyəcəksən.

Aradan iki gün keçdi, sonra qəzetdən oxudum, Yılmaz abi qaçıb xaricə. Əgər həmin gün getsəydim, məni həbs edəcəkdilər. Sübut eləyə bilməzdim ki, mən abini qaçırmağa gəlməmişəm. Bəlkə də getsəydim, qaça bilməzdi. Planına əngəl olacaqdım.

Xaricdən də mənlə əlaqə saxlayırdı. Mənim də filmdən sonra xeyli problemlərim oldu. Məhkəmə, get-gələ saldılar məni. Xaricə çıxışıma qadağa qoyuldu. Heç Kanna da gedə bilmədim mükafat almağa.

Deyirdi, qaç gəl. Əla bir ssenari yazmışdı yenə. “Divar” filminə çəkmək istəyirdi məni. Razı olmadım. Birincisi, getsəm, qayıtmayım gərək. Qayıda bilmərəm. Allah bilir, nə qədər iş kəsərdilər. İkincisi, qala bilmərəm e, başqa ölkədə. Darıxqan adamam.

Bir dəfə dedim ki, ustad, sən çox mükəmməl ssenaristsən, mükəmməl rejissorsan, amma yaxşı aktyor deyilsən. Dedi, düz deyirsən. Elə o gündən atdı aktyorluğun daşını.

Heyif, öldürdülər onu. İmkan vermədilər. Yaşamağa qoymadılar.

Yılmaz Güney bir günəş idi...

Tarix
2017.10.01 / 09:00
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla