Yuxarı

Heydər Əliyev Mərkəzində möhtəşəm sərgi - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüsursuz, zövqlü geyim insanın yalnız zahiri görünüşünü deyil, eləcə də daxili dünyasını, hadisələrə baxış tərzini təkmilləşdirir, cəsarət və əminlik hissi bəxş edir. Heydər Əliyev Mərkəzi moda həvəskarları və dəblə ayaqlaşmaq istəyənlər üçün tarixə səyahət fürsəti təqdim edir.

Publika.az xəbər verir ki, oktyabrın 6-sı Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatı ilə 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət "Modernizm və moda" sərgisi açılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Aleksandr Vasilyev Bakıya səfərinin böyük xoşbəxtlik olduğunu vurğulayaraq, Heydər Əliyev Mərkəzinə kolleksiyasını nümayiş etdirmək imkanı yaratdığı üçün minnətdarlığını bildirib.

Vasilyevin bu kolleksiyası 40 il ərzində toplanıb. Bu günədək 1960-cı illərin zərif dəbini özündə ehtiva edən sərgi Avstraliya, Yaponiya, Çin, Türkiyə, Fransa, İtaliya, İsveçrə və digər ölkələrdə nümayiş olunub və dərin maraqla qarşılanıb. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun zəngin kolleksiyasından XX əsrin 60-cı illərinə aid “Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”, “Valentino”, “Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche” kimi məşhur dünya brendlərindən 100 geyim nümunəsi və 350 aksessuar təqdim edilir. Xüsusi həssaslıq və peşəkarlıqla toplanılan bu sərgidə bir-birindən zövqlü aksessuarlar, çantalar, şlyapalar, bijuteriyalar və s. yer alıb.

Hazırda dünyanın müxtəlif ölkələrinin ali məktəblərində dəblə bağlı mühazirələrlə çıxış edən Aleksandr Vasilyev geyim incəsənətinin dərin bilicisi, səhnə dizaynı üzrə peşəkar mütəxəssisdir. Dəb mədəniyyətini yüksək səviyyədə təbliğ edən incəsənət dühası Rusiya telekanallarının mühüm dəb layihələrində iştirak edir, cəmiyyətdə qüsursuz zövqün formalaşıb, inkişaf etdirilməsində öz misilsiz töhfələrini verir.

Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyilə təşkil olunan Vasilyev kolleksiyasının nümayişi həmçinin maarifləndirici xarakter daşıyır. Çünki sərgi ölkəmizdə fəaliyyət göstərən dizayner və rəssamları, rejissor və aktyorları bir sözlə, zəngin dəb dəryasına baş vurmaq istəyən hər kəsi məlumatlandıracaq.

Aleksandr Vasilyevin bu mötəbər kolleksiyası 2018-ci il aprelin 5-dək davam edəcək.

Belə bir əsrarəngiz dəb ziyafəti ilə tanış olmaq imkanından yaralanaraq Heydər Əliyev Mərkəzinin möhtəşəm binasına üz tutduq. 60-cı illərin rəngarəng əlbisələrindən ibarət sərgi salonuna daxil olub, heyrətlənməmək mümkün deyil. Ötən əsrin ortalarına canlı səyahət edib, parçaların dili ilə danışan tarixi dinləmək nəinki dəb həvəskarlarını, həmçinin digər sahənin insanlarını da biganə qoymur. Yarım əsrdən çox yaşı olan bu zərif donlar, ziyafət paltarları, dəst və üst geyimlərinə diqqətlə nəzər saldıqca, onları bir yerə cəm edən kolleksiyaçının peşəkarlığına və xüsusi həssaslığına zərrə qədər də şübhə qalmır. Geyimlərin hər biri sanki indicə alınmış kimi yeni və səliqəlidir.

60-cı illərin dəbinə uyğun incə və zövqlü gənc qızların geyindiyi qısa donlar, işgüzar qadınların üstünlük verdikləri pencək və ətəkdən ibarət dəstlər, daha sərt xarakterli əlbisələr müxtəlif yaş hədlərindən olan xanımların seçim rəngarəngliyi haqda geniş təsəvvür oyadır.

Sərgi salonu sanki 4 fəslə bölünüb, məşhur dünya brendlərinin bir-birindən gözəl yay donları, yağışdan qorunmaq üçün dəri və s. materiallardan tikilən plaşlar, yun parçalardan tikilən qalın və rahat qış geyimləri, təbiətin oyanışını özündə əks etdirən maraqlı bahar kolleksiyaları gözəllikləri ilə insanın gözlərini qamaşdırır.

Sərginin xüsusi diqqətəlayiq bölməsi də ziyafət geyimləridir. Müxtəlif daş-qaşlarla, zərif tikmələrlə bəzədilmiş ipək donlar zövq oxşayır. Həmçinin eksponatlar arasına kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan geyimlər də daxil edilib. Bu geyimləri izləmək ziyarətçilərə sanki XX əsrin parlaq simaları ilə ünsiyyətdə olub, onları yaxından tanımaq imkanı qazandırır.

Vasilyevin bu maraqlı kolleksiyasını izləməyə gələnlər arasında yerli dəb həvəskarları ilə yanaşı, əcnəbi turistlər də çoxluq təşkil edir. İlk müsahibimiz İlariya Gonzales Akostadır.

- Kanar adalarından gəlmişəm. İxtisasca jurnalist olsam da, hazırda xəstəxanada uşaqlarla çalışıram. Bununla bərabər, radio verilişlərində çıxış edirəm. Səyahət etməyi sevirəm. Yeni-yeni ölkələrdə oluram. Odur ki, məni təccübləndirmək çətindir, amma Azərbaycanı çox sevdim. Bundan öncə Şəki və Gəncədə oldum. Ölkənizi qarış-qarış gəzmək istəyirəm. İndi isə Bakıdayam. Şəhərin ən gözəl binası olan Heydər Əliyev Mərkəzi diqqətimi çəkdi. Belə bir maraqlı kolleksiyanın nümayiş olunduğunu biləndə isə şübhəsiz görmək istədim.

- 60-cı illəri xatırlayırsınızmı?

- Həmin illərdə uşaq idim amma təbii ki, xatırlayıram. İspan xanımları da gözəl geyinməyi sevirlər və istənilən yaş dövründə dəblə ayaqlaşmağa çalışırlar.

- Buradakı geyimlərdən hansılar daha çox diqqətinizi cəlb etdi?

- Mən özüm daha çox mavi rəngi sevdiyim üçün bu rəng çalarlarında olan donlar diqqətimi cəlb etdi. Ümumiyyətlə rəngarəng geyimləri sevirəm. Bəlkə də buna görə, azərbaycanlıların tünd, xüsusən də qara rəngli geyimlərə üstünlük vermələrinin səbəbini anlamıram.

Lyudmila Qonçarenko isə ixtisasca mühəndisdir.

- Rusiyadan gəlmişəm. Sərgi marağımı çəkdi. Kolleksiyanın dəri materialdan olan geyimləri daha çox zövqümü oxşadı. Bəlkə də 60-cı illər yadımda qalmadığı üçün bu kolleksiyaya baxıb daha çox 70-ci illərin dəbini xatırladım.

Valsilyevin kolleksiyasını görməyə gələnlər arasında israilli turistlər də var.

- Adım Ourendir. İki gündür Bakıdayam. Sərgiyə həyat yoldaşımla birgə gəlmişəm. O, dəb həvəskarıdır. Suallarınızı daha ətraflı cavablaya bilər.

- Əks cinsin nümayəndəsi olaraq, sizin fikirləriniz də çox maraqlıdır.

- Onu deyə bilərəm ki, gördüklərim diqqətimi çox cəlb etdi. Rənglərin vəhdəti, donların biçimləri möhtəşəmdir. Əminəm ki, 60-cı illərdə bu paltarları geyinən xanımlar çox zərif və valehedici görünüblər.

Kolleksiyanı maraqla izləyən Zülfiyyə Cavadova da dəb həvəskarı olduğunu vurğuladı.

- Sərginin konsepsiyasını çox bəyəndim. Parçalar, geyimlərin tərzi sanki müasir dəbi əhatə edir. Elə bil ki, zaman heç keçməyib. Bütün Azərbaycan xanımları kimi dəbə böyük marağım var. Odur ki, burada sərgilənən paltarların hamısını geyinməyi arzu edərdim. Sərginin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm.

Milyonların sevimlisi Aleksandr Vasilyevin belə bir fikri var:”Geyim seçimi edərkən, dəbə uyğun olana deyil, özünüzə yaraşana üstünlük verin. Əmin olun ki, sizə yaraşan elə dəb deməkdir.”

Peşəkar mədəniyyət xadiminin bu sözlərini mötəbər geyim ziyafətindən ruhumuza hopan müsbət təəssüratlara yükləyib sərgi salonundan ayrılırıq. Onilliklər boyu incəsənəti inkişafına şahidlik edən bu əsrarəngiz kolleksiya hələ uzun illər dəb həvəskarlarının görüşünə gələcək, XX əsrin dəb mədəniyyətindən söhbət açacaq.

Tarix
2017.10.16 / 22:40
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla