Yuxarı

O qadın səni həmişə qoruyacaq...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə bəxtəvərdir ata-anasını razı salan, xeyir-duasını alan övladlar. Ana qanadsız mələkdir. Göydə Allah, yerdə anadır insanı qoruyan. Allahdan sonra qarşısında səcdə edə biləcəyim yeganə varlıqdır ana.

Ayaqları altında cənnəti daşıyandır. Bütün dərdlərin, xəstəliyin şəfasıdır ana. Ən əsası bətnində 9 ay, qəlbində son nəfəsinə qədər övladını sevgi ilə saxlayandır.

Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi hiss yoxdur. Bəşər nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olub və indi də olmaqdadır. Ana haqqı-Tanrı haqqı, ana qucağı - behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.

Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm var. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında hamımız baş əyir, səcdə qılırıq.

Ana məhəbbəti bir ümmandır. O, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir. Təkcə böyük Cəfər Cabbarlının “Ana” şeirini xatırlamaq kifayətdir ki, ana məhəbbətinin müqəddəsliyi haqqında tam təsəvvür əldə edəsən. Bu lirik şeir anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.

Ana! Ana! O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı. Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir:

“Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var: Anam... Kaş bircə dəfə də olsa, onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa, ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim”.

Uca peyğəmbərimiz də “Cənnət anaların ayaqları altındadır”, - deyib. Bu da anaların ucalığını, müqəddəsliyinin ölçüsünü göstərir. Analarımız bizə hər şeyi öyrədir. O, bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, susmağı, ədaləti hər şeyi öyrədir. Nə biliriksə hər şeydə anaya borcluyuq.

Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.

Ana! Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq pərvanədir.
Dolanır başına daim övladın,
Ana müqəddəsdir, o təmiz qadın.

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. Kədərli, həyəcanlı, min bir hissə qapılaraq yolunu itirən ürəklərə ən sakit bir limandir ana ürəyi. Kədərinizə ortaq, dərdinizə çarədir ana. Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursunuzsa, olun, onun gözündə həmişə uşaqsınız. Bezməz ana, usanmaz heç vaxt. Övladını sevməkdən, dua etməkdən, incisə də bağışlamaqdan, uzaqdasınızsa, yol gözləməkdən yorulmaz.

Bəli, belədir ana. İndi onu daha hansı sözlərlə təsvir edək, bilmirəm. Hər hansı bir insan, hər hansı bir qadın qəlbinə sığmaz ana. Yalnız hiss edə bilərsiniz ananıza olan duyğularınızı. Əllə tuta bilməzsiniz. Gözlə görə bilməzsiniz. Ona görə də cənnət ayaqlarının altındadır. Ona görə də ən uca məqamlarda çəkilir adı. Anaya “of!” belə demək günahdır.Haqqını ödəmək olmaz onun.

Ana səninlə nəfəs alıb-vermək nə qədər gözəl imiş. Yatanda sakitcə yanına uzanıb nəfəsinin səsini dinlədim, Allahıma şükür elədim.

Gözündən tökülən yaşına qurban,
Gözəl gözlərinə, qaşına qurban,
Ağ dənli, ağ saçlı başına qurban,
Ağlama, ay ana, qurbanın olum.

Uşağın dünyaya gəlişi anında ana və körpəsi haqqında çox gözəl bir rəvayət var:

“Bir zaman dünyaya gəlmək istəyən körpə Allahdan soruşur:

- Bir az əvvəl o biri dünyaya gedəcəyimi söylədilər. Ancaq mən o qədər körpə, o qədər gücsüzəm ki, orada necə yaşayacağımı bilmirəm.

- Mən o qədər mələklərin içərisindən bir mələk seçmişəm ki, o səni həmişə qoruyacaq. O hər zaman sənə gülümsəyəcək, hər zaman sənə mahnı oxuyacaq. Onun sevgisini hər an üzərində hiss edəcəksən və bu səni bütün ömrün boyu qoruyacaq.

- Bəs mən insanların dilini bilməyə-bilməyə onlarla necə danışacam?

- Həmin mələk sənə dünyada eşidə biləcəyin ən gözəl, ən şirin sözləri söyləyəcək və sənə danışmağı öyrədəcək.

- Dünyada pis insanların olduğunu eşitdim. Bəs məni onlardan kim qoruyacaq?

- Narahat olma, həmin mələk səni həyatı qədər qoruyacaq.

Bu arada səslər gəlir və uşağın o biri dünyaya getmə vaxtı gəlib çatır. Uşaq son bir sualını yaradana verir:

- Yaxşı, bəs həmin mələyin adı nədir?

- Mələyin adının heç bir fərqi yoxdur. Sən onu sadəcə olaraq “ana” çağıracaqsan!”

Fikrimi bu misralarla bitirmək istəyirəm:

Qırmayın ana qəlbini.
Ana bizim üçün ümman və dünyadır.
Ana sonsuz bir kainatdır.
Uca rəbbimiz analarımızı qorusun. Amin!

Tarix
2017.11.07 / 23:45
Müəllif
Rövşən Əvəzoğlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla