Yuxarı

Xoşbəxtlik istəyənlər üçün... – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emil Zolyanın “Reklam qurbanı” hekayəsi var. Hekayə xoşbəxtlik, uzun ömürlülük axtarışında olan Pyer Landrinin həyatından bəhs edir.

Reklam olunan hər şeyi alan, ömrünü reklamları oxumağa və istehlaka sərf edən Landrini sonunda vannada ölü tapırlar: bir şarlatan onu inandırır ki, satdığı “dərmanları” alarsa, o, 15 yaşlı yeniyetməyə çevriləcək (Landrini isə reklam olunan hər zir-zibili alıb istifadə etməsi erkən qocaltmışdı).

Landri xoşbəxt ölür: Əvvəldən vəsiyyətini yazmışdı - onu elə tabutda basdıracaqdılar ki, bu tabut onun nəşini bir fırıldaqçı aptekçinin patentləşdirdiyi üsulla ani olaraq mumiyaya çevirəcəkdi. Ancaq qəbiristanlığa çatanda tabut düşüb sınır və Landirinin cəsədini bulaşdığı palçıqdan təmizləmədən dəfn edirlər. Üstəlik, karton daşdan və mərmərin imitasiyasından düzəldilmiş qəbirüstü abidə pis havalara tab gətirmir. Tezliklə məzardan heç nə qalmır. Vəssalam. Elan və reklamlarla yaşayan binəsibin gülməli sonu. Xoşbəxt olmaq istəyirdi, mənəvi azadlıq axtarırdı, amma əcələ tuş gəldi.

Emil Zolya istehlak dəlisinin hansı mərhələlərdən keçdiyini də uğurla təsvir edir. Reklam qəhrəmanın əvvəl var-dövlətinə, sonra bədəninə, sonra ağlına zərər vurur. Zolyanın dövründə olsun ki, Pyer Landri atipik və nadir nüsxə idi, indiki vaxtda isə o kütləviləşib, dövrün qəhrəmanına çevrilib.

Fikir verin, həmişə nəsə çatmır.

Nəsə artdıqca, nəsə azalır.

Bir lətifə-əhvalat düşdü yadıma. Deməli, Mamedin ən böyük arzusu kralın dünya gözəli, bircə qızı Ümməni bircə dəfə öpməkdi. Mamed fikirləşir ki, bir dəfə öpsə Ümməni, dünyanın ən xoşbəxti olar dünyada. Bir gün eşidir ki, tezliklə kral ailəsi bir illik gəmi turuna çıxacaq və səyahət üçün əlavə 100 bilet təşkil edilib. Ki, imkanı olanlar bahalı bileti alıb kral ailəsi və digər görkəmli insanlarla birlikdə dünya turuna çıxmaq şərəfinə nail olacaqlar. Mamed xəbəri eşitcək qaçır evə. Evdəki olan-olmazı, ayın-oyunu satır ki, bilet ala. Amma sən satdığını sat, gör kral nə deyir. Biletin qiyməti kəllə-çarx. Məcbur olur, sevdası uğruna evi də satır. Nəhayət, aşağı mərtəbədəki kayuta bir bilet və qalan xırda-xuruşa da təzə əyin-baş alır. Saçına-saqqalına əl gəzdirir. Gəmi okeanın yarısına çatanda – yəni səyahətin üçüncü günü – kral qonaqlıq verir. Ailəsini sərnişinlərlə tanış edir. Mamedlə Ümmə təsadüfən göz-gözə gəlir. Dəhşətli səhnədi, gərək görəsən. Ümmənin təbəssümünə Mamed əsir. O gecə ümidlə qızın təbəssümünə bükülüb yatır. Gecənin bir aləmi – hələ Ümməni yuxusundan yola salmamış – səs-küyə oyanır. Nə olub, nə xəbərdi? - Mühafizəçilər deyirlər ki, batırıq. Bəs gəmi deşilib. Üstəlik də qabaqda böyük aysberq var. Yəni son anlarınızdı, dua edin.

Nə uzadım, gəmi çevirilir. Dalğa Mamedlə Ümməni bir illik ərzaqla birlikdə adaya çıxarır. Qalan hamı boğulub ölür. Çadır qururlar, qucaqlaşırlar, sevişirlər. Mamed gecə fürsət tapıb ən böyük arzusundan söz açır. Deyir, dünyanın xoşbəxti mənəm dünyada. Bir həftə belə, on gün belə, birdən Ümmə görür ki, Mamed bir daşa qısılıb ağlayır. Deyir, a daş başına, ən böyük arzun öpmək idi, daha hər gün qoynumdayam, xoşbəxt deyilsənmi, nədi? Yoxsa təsəvvüründəki kimi deyiləm? Mamed deyir, yox e, hər şey yaxşıdı. Xoşbəxtəm. Amma, amma xoşbəxtliyimi deyəcəyim bir adam yoxdu. Kimə deyim? Kimə danışım?

Fikir verin, Emilin Landrisi lətifəmizin içinə düşüb, özü də xoşbəxtliyini deməyə adam gəzir. Ən böyük arzusuna çatsa da, yenə rahat deyil, mənəvi axtarışdadı. İndi də kimisə axtarır. Heç olmasa, məhəllədə buna gülən çayxana yoldaşlarından biri olsa... Desə ki, bax, necə xoşbəxtəm... Amma səni əmin edirəm, lap birdəncə hərə bir daş altdan çıxıb əl çalsa da, yenə axtaracaq Mamed üçün. Yenə nəsə çatmayacaq...

Nədir xoşbəxtlik?

Nədir bu axtarış?

İnsan yaxşı yaşamaq üçün, möhtac olmamaq üçün, mənəvi rahatlıq üçün maddi köləyə çevrilir. Hər gün iş, hər gün iş. Qazanır, yeyir, qaçır tualetə... İşləyir, qazanır, yeyir, qaçır tualetə. Ordan-burdan yığdığı axsaq ömrün əlin tıxacda, ayağın basabasda qurban verir.

İşləyir, işləyir, vaxtı qalmır xoşbəxt olmağa.

Elə hey qaçır, tələsir. Alır, geyinir, gəzir, amma rahat deyil.

Hər şey var, nəsə yoxdu amma. Nəsə çatmır...

Bu axtarış prosesi kapitalizm qurbanı edir bizi.

Kapitalizm din kimi hopub qana. Ritualları da var: namaz, dəstəmaz kimi.

Hər gün işə gəlmək, evə qayıtmaq – bunu namazla müqayisə etmək olar.

Əvəzində pul qazanırıq – bu sanki cənnətə qəbzdi – sonra da qazancımızı, yeməyə, içməyə, geyimə xərcləyirik – yəni cənnətə.

Pulsuzluq isə əsl cəhənnəmdi. Ağrı kimi, irin kimi...

Qibləsi bəlli, şeytanı bəlli.

Xoşbəxt oluruq, təzəcə “ta innən belə nə lazım?” - deyirik ki, əmma çıxır. Yenə, yenə...

Bu proses insanı özünə yadlaşdırır. Özündən uzaqlaşır insan. Dartılır üzü xoşbəxtliyə, dartılır, dartılır və qopur özündən... Sonra da Landri kimi ölür. Bunca əziyyətə dəyərmi?

Xoşbəxtlik insanın içindədi. Özündədi. Səndən uzaqda deyil o. Sənlə birlikdədi. Həmişə sənlə olub, səndə olub... Özünə en, içinə boylan...

Aşağıdakı qısa film də işıq olsun içindəki qaranlığa, çıx aydınlığa.

Qeyd edim ki, bu qısa film modern dünyada xoşbəxtlik axtaranlar haqdadı və ingilis Stiv Kats hazırlayıb.

Tarix
2017.12.09 / 08:30
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla