Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Elə bilirəm ki, vətən xainiyəm - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü il Tahir İmanov üçün çətin il olub. 12 il ərzində ilk dəfə KVN kollektivi işsiz qalıb.

- Bu boyda şirkətin işsiz qalmasına səbəb nədir?

- Maliyyə ilə bağlıdır. Nəzərinizə çatdırım ki, bizim bütün layihələr birbaşa sponsordan asılıdır. Əgər kənardan maliyyə dəstəyi olmasa, heç bir layihəmiz həyata keçib, gerçəkləşə bilməz. İstəyimiz də var, talantımız da, ancaq maliyyəmiz olmadığından, pis vəziyyətdə qalmışıq. Əslində, həyata keçirəcəyimiz bir layihəmiz var idi. Tam hazır olduğumuz zamanda təzyiqlə üzləşdik.

Bu hadisələr faciəli sonluqlarla bitəcək

- Təzyiqlər daha çox məmurlardan olur, yoxsa sənətçilərimizdən?

- Bilirsiniz, hər zaman təzyiq olub və olacaq. Sizə deyim ki, məmurlarımız konsertlərimizə çox gəlir və parodiyalarımızı qəbul edirlər. Ancaq təəssüf hissi ilə demək istəyirəm ki, müğənnilərimizin yumoru və tənqidi qəbul edəcək intellektləri çox aşağıdır. Bu da onların savadsızlığından, dünya görüşlərinin az olmasından irəli gəlir. Konsertimizdən sonra təzyiqlər hələlik zənglər vasitəsilə olur: "Ay asacağıq, ay kəsəcəyik..." Baxmayaraq ki, hədə-qorxu gəlirlər, biz bütün təzyiqlərə hazırıq. Şükür edirik ki, fiziki təzyiq göstərən yoxdur. Sadəcə, gülməyim gəlir. Mən bədbin insan deyiləm, düşünürəm ki, hər şey yaxşı sonluqla olar. Sonunu birlikdə gözləyək. Biz üzərimizdə dövlətin dəstəyini hiss edib tənqidlərimizi hədəfə vururuq. Hamımız sözdə yox, əməldə Azərbaycan üçün yaşamalıyıq. Müğənnilərimiz nəinki təzyiq göstərir, hətta məhkəməyə də verirlər. İmanovlaru belə etdirəcəyəm, elə döydürəcəyəm. Ayıbdır, ey həmvətənlərimiz! Bu söhbətləri eşidəndə elə bilirəm vətən xainiyəm. Hədə qorxu gələnsinizsə, gedin, əsl vətən xainlərinə barmaq silkələyin. Müğənnilərimizin əksəriyyətinin nəinki yumor hissi, hətta intellekt səviyyəsi, savadı çox-çox aşağı səviyyədədir. Burda günah onların yox, təhsilin boynuna düşür. Ata-ana öyrətmədi, bəs məktəbdəki müəllim hara baxır? Bizim vaxtımızda dövlətlərin paytaxlarını bilməmək qəbahət sayılırdı. İndiki müğənnilər heç öz bayraqlarının rənglərinin mənasını bilmirlər, amma bu torpağın çörəyini yeyib, suyunu içib, yekə-yekə danışıb, gəzirlər. Bu hadisələr faciəli sonluqlarla bitəcək. İstənilən cəmiyyətin uğuru savadlı insanlardan asılıdır. Savadlı insan bu həyatda heç vaxt çörəksiz qalmaz. Az olar, amma daim çörəyi olar.

Körpü tikintisinə ayrılacaq maliyyə səhnəciyi…

- Ölkəmizdə "demokratiya" sözü dillərdən düşmür. Kimə nə zaman nə sərf edirsə, demokratiyadan yapışır. Siz necə, tənqidlərinizdə sosial məsələlərə toxuna bilirsinizmi?

- Əslində, hədəfimiz budur. Bizim konsertlərə gələn hər kəs etiraf edə bilər ki, konsertimizin mövzuları demokratiya ilə üst-üstə düşür. Biz buna görə təzyiqləri gözə alıb, istənilən insanı parodiya edirik.

- Sonuncu konsertinizdəki hansı parodiyanızın ətrafında söz-söhbətlər gəzir?

- Məmurların körpü tikintisinə ayrılacaq maliyyənin miqdarından çox pul istəməkləri səhnəciyi daha çox danışılır. Hələ ki, qalmaqal olmayıb, ancaq haqqında çox danışılır.

Bizə reklam çarxlarımızı asmağa icazə verilmir

- Efirdə söylədiniz ki, sonuncu konsertimizdən sonra parodiya etdiyimiz məmurlardan sizə təzyiq oldu. Necə oldu, hansı səpkidə təzyiq gəldi?

- Biz öz bannerlərimizi, afişalarımızı, reklam çarxlarımızı pulla asırıq, pulsuz yox. Hər bir konsert kommersiya xarakteri daşıyır, deməli, gəlir var və burada da sənin reklamın olmalıdır. Ancaq bizə öz reklam çarxlarımızı asmağa icazə verilmir.

Səbəb Hacıbala müəllimi parodiya etməyimizdir

- Kim icazə vermir?

- Bakı Şəhər İcra Hakimiyyəti reklam departamentindən həmişə "yox" cavabı alırıq. Səbəbi? Heç biz də səbəbini bilmirik, amma bir balaca da olsa, bizim uğurlarımıza, Azərbaycan üçün təmənnasız etdiklərimizə hörmət etsəydilər, icazə verərdilər. Bizə kobud şəkildə "yox" deyirlər. Əslində, biz bunun səbəbini bilirik; səbəb bizim Hacıbala müəllimi parodiya etməyimizdir. Onlar açıq deməsələr də, hərəkətləri ilə "siz parodiya etməyin, biz reklamınızı asaq" deyirlər. Biz buna, sadəcə, təzyiq deyirik. Eləməyin, edək! Parodiya eləmisiniz, icazə vermirik!

1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim…

- Hacıbala Abutalıbovun özü sizə şəxsən təzyiq göstərib?

- Qətiyyən. O insan bizim aləmimizdə ən populyar məmurdur. Onun şəxsən özü və əməlləri diqqət mərkəzindədir. Şəhərdəki abadlıq işləri… Təbii ki, müsbət işləri ilə birgə, mənfi əməlləri də gözümüzdən qaçmır. 2001-ci ildə konsertdən sonra şəxsən özü məni otağına dəvət edib əlimi sıxdı və bəyəndiyini söylədi. O zamanlar bu mənim üçün böyük uğur demək idi. Məmurdan bu tərifi eşitmək təbii ki, bütün aktyorların və aktrisaların uğuru deməkdir, amma sizə deyim, heç də bütün məmurlar belə deyil. Sizə bir hadisəni xatırladım. 1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim. Reaksiyası, Hacıbala müəllimdən fərqli olaraq, tamam başqa cür oldu. Çox hörmətli Xarici İşlər naziri Elmar Məmmədyarovun onu parodiya etməyimizə tamam başqa tərzdə yanaşması oldu. Şəxsən özü birbaşa özümə təşəkkür etdi. Cahangir Əsgərovu parodiya etdik, onun da xoşuna gəldi. Müsbət hadisələrlə rastlaşanda artist, aktrisa özünü xoşbəxt hiss edir, çünki bu, sənətə, mədəniyyətə verilən qiymətdir. Aktyor və aktrisa üçün ancaq məmurun alğışı, dəstəyi lazımdır, təzyiqi yox. İstəyərdim ki, müğənnilərimizin də yumor hissi yüksəlsin.

SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulla olub

- Bu gün sadə insanların etiraz etdiyi bir hadisəyə müğənnilər etraz etmir. Sizcə bunun səbəbi nədir?

- Bilirsiniz, birincisi insan niyə etiraz etməlidir? Məmurun da, sənin də, mənim də iki əlimiz, iki gözümüz var. Demək, problem özümüzdədir. Hər bir insan üzərinə düşən işi məsuliyyətlə həyata keçirsə, nəticələr belə olmaz. Gərək bütün hadisələrin sonunda özmüzü görməyi bacaraq. Mən birdən-birə Tahir İmanov olmamışam, taksi sürmüşəm, qardaşım fəhləlik edib. Nə olsun, çox kasıb yaşamışıq. Günah özümüzdə idi, ali təhsildən yayınıb lazımsız işlərlə məşğul olurduq, sonra da bəhanələr gətirirdik. Bu dünyada ən asan iş bəhanə axtarmaqdır, ancaq ən cətini problemlərin həllini tapmaqdır. SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulla olub. Oxuyan qiymətini alıb, oxumayan pul verib. Bu gün o məsələni şişirdib dam boyda etməyin bir mənası yoxdur. Gəlin, məqsədimizə doğru irəliləyək, çətin olandan başlayaq.

- Bu gün böyük bir kollektivə rəhbərlik edirsiniz. Bu günün gəncləri ilə işləmək çətin deyil ki?

- Vay, yaralı yerim!!! Çox cətindir, "çətindən də çətindir" desək, daha yaxşı olar. Çünki gənclərimiz çox elementar hadisələri bilmirlər. Məşqə gecikir, içəri daxil olur, üzr istəmir ki, bu boyda insanları gözlədib. Küçədə gedir, ucadan danışır, yerə tüpürür… İnanın, bir xarici qonağım Bakıya gələndə, onu küçədə gəzdirib, şəhəri tanıtmaq istəyəndə elə hadisələrlə rastlaşıram ki, qonağımın yanında utanıram. Veteranlarla işləmək çox zövq verir.

Ana dilində danışa bilməyənlər milli sərvətimizə zərbə vururlar

- Əlifbamızda "c" və "ç" hərflərini düzgün ifadə edə bilməyənləri parodiya edib, tənqid atəşinə tutmuşdunuz. Yenə də o hərfləri öyrətməyin mübarizəsini aparırsınız?

- Əgər dövlət televiziyasında efirə çıxan diktor elə danışırsa, adi insanlara söz demək lazım deyil. Baxıb öyrəndikləri savadsızdır, baxan kütlə də o insanın arxasınca gedir. İndi bədbəxtçilik odur ki, tanınmış insanlar kütlənin axarına düşüb gedir. Mən bir rəhbər kimi deyə bilərəm ki, işçimin uğuru da, uğursuzluğu da mənim adımadır. Bu gün ana dilində danışa bilməyənlər milli sərvətimizə zərbə vururlar. İctimai televiziyada bir aparıcı var, radioda da çıxış edir. Onu eşidəndə az qalıram radionu sındırım. Əsəblərimin pozulmasını istəmədiyim üçün Azərbaycan efirinə baxmıram. Konsertə parodiyalar lazım olanda, iki-üç ay konsert öncəsi izləyirəm, bitdi-getdi.

- Azərbaycanı tərk edib, başqa ölkədə yaşamaq istəyərsiniz?

- Qətiyyən. Mən Azərbaycandan kənarda beş gündən artıq məcburiyyət qarşısında qalıram. Milyonlar da versələr, mən başqa ölkədə yaşamaram. Ölkəmin hər qarışı mənim üçün əzizdir. Bu vətəni çox sevirəm. Ancaq təzyiq qarşısında bu ölkədən gedə bilərəm.

Foto: Emin Nihil

Tarix
2013.11.25 / 10:32
Müəllif
Aysel
Şərhlər
loading...
Digər xəbərlər

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

PKK terrorçuları alman jurnalında - Foto

Otaq temperaturunu qoruyan pərdələr - Foto

Dünyada 120 küçəyə adı verilən lider

Xoşbəxtlik istəyənlər üçün... – Video

Kamal Abdulla DTX-nın muzeyini ziyarət etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla