Yuxarı

Ürəyimi qoyub gəldim…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə İstanbulun "hava qapısına" yetərkən özümdən asılı olmadan vaxtı müəyyənləşdirmək üçün gözüm gəzir və hər dəfə saat əqrəblərinin Bakıdan çıxarkən son dəfə baxdığım kimi qalmasından təəccüblənirəm: sanki heç zaman keçməyib, Bakıdan hansı saatda ayrılıramsa, İstanbula da o saatda çatıram – azacıq dəqiqə fərqilə. Yəqin Bakıdan gedəndə ürəyimizi, canımızı, ruhumuzu burda qoyub çıxmağımızın fərqində olduğu üçün ZAMAN da dayanır! Yalnız "öz saatıma" - Bakının zamanına baxanda təsəlli tapıram: Vaxt dayanmayıb, Orda qoyub gəldiyim ürək döyünür; həm də Vaxtımız düz iki saat irəlidədir.

***

Doğmadan-doğmadır İstanbul: eyni səmadır, eyni sözlərdir, eyni təkliyim… Amma kənar səslərin xaostik musiqisindəki fərq həm səmanın rəngində, həm də dənizin pıçıltısında özünü göstərir. Burda dəniz mənə sevgi nəğməsi pıçıldamır, onu yalnız xatırladır; burdakı səma sığındığım məkan deyil – hər gecə işığının gözümdə bərq vurduğu, adbaad tanıdığım ulduzları necə tapacam? Bura mənim vaxtım deyil: öz ZAMANımdan geri düşmüşəm… Qumru da yoxdur, soruşum ki: "Saat neçədir, Qumru sən qonduğun budaqda…"

***

Burda saatlar Bakı vaxtına qurulub: hər yerdə bizim faciəmiz, dərdimiz deyilir, yazılır, göstərilir; hər yerdə ağrımızı tanıtmaq, onu dünyanın kif basmış qulağına bağırmaq, tor görən gözünə yaxınlaşdırmaq istəyirik. Burda ağrımızı, dərdimizi, sevgimizi qışqırırıq – qardaşlarımızla birgə! Amma qışqırmaqla, söyləməklə, göstərməklə dərd, kədər, sevgi yaşanmaz ki! Sevgi də, dərd də Orda – Bakıda yaşanır: səssiz-səmirsiz. *** Canıma şəfa axtarırdım, özümü qardaşların müayinəsinə verəcəkdim. Həkimlər nə tapacaqlar, axı: mənim ki canım, ürəyim Azərbaycanda qalıb! Mən öz Vaxtımda deyiləm: öz Zamanında olmayanlara həkim çarə edə bilməz.

***

Özündən getmək asandı: bir neçə dəqiqəyə huş apara, bir neçə dəqiqəyə İstanbula çata bilərsən. Özünə qayıtmaq çətindi: gərək həkimlər saatlarla çalışa, gərək bir neçə dəqiqəyə getdiyi yolu təyyarə 4-5 saata salamat qayıda. Dörd-beş günə dörd-beş saatı adlayıb, Orda qoyduğumuz özümüzə qayıdacağım anı səbirsizliklə gözləyirəm: amma bu "ÖZ" türkiyəlilərin dediyi "kəndimiz" deyil, məhz ÖZümüzdür. Ayağım İstanbula yenicə dəyib, amma…

"Saat neçədir, Qumru…"

Tarix
2013.11.27 / 02:05
Müəllif
Anar Yusifoğlu
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla