Yuxarı

Ölülər canlıların təsirinə düşərək diriləcəklər - Yumurta

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz yumurtası - Mifik düşüncədə yaradılışın simvolu

Novruz bayramının başlıca simvollarından olan müxtəlif rənglərə boyanmış yumurtalar mifik təfəkkürün dünya haqqındakı anlayışının izlərini daşıyır. Mifolojik düşüncələrdə insanın yaradılışı kainatın yaradılışının təqlididir. İnsan da kainatın yaradılış qanunlarını izləyir, eyni başlanğıcı və formaları təqlid, təqib edir. Bu mənada yumurta mifik inanclarda kosmik ilkinliyin, yaradılışın və kainatın formasıdır.

Polineziya adalarında yaşayan insanlarının kosmos haqqındakı ibtidai inancında bütün tanrıların atası və kainatın yaradıcısı olan Taaroanın “əzəldən bəri qabuğunun içində qaranlıqda yaşadığı” iddia edilir. Onun qabuğu, “sonsuz kainatda dönüb, dolaşan yumurtaya oxşayırdı”. Onlar üçün yumurta yaradılışın arketip modelidir. Bu model görünürdə bütünlüyü ifadə etsə də, iki zidd gücü öz tərkibində daşıyır. Upanişadlarda insan cütlüyü kainatla eyniləşdirilir: ər arvadına “mən göy, sən yersən” (dyaur aham, pritivi tvam) deyir. Tavan ilə tabanın (yuxarı ilə aşağı) birliyi bir yumurtaya (ev) oxşadılır.

Dünyanın başlanğıcını əks etdirən yeni il (Novruz) mərasimləri periodik olaraq hər il təkrarlanan yenidən yaranmanı ifadə edir. Bu mərasimlər mifik inanc sistemində kosmik yaradılışı təkrarlayır. Həmin mərasimlərdə icra edilən ayinlər, şənliklər, simvollar kosmik düzəni əks etdirirlər. Yeni ilin simvolu olan Müqəddəs Yuhanna və ya şam ağacları yumurtalarla, yumurta qabıqları və ya yumurta şəklindəki simvollarla bəzədilir. Bir ədəbilik ağacına çevrilən şam ağacı kainat ağacını, üzərindəki yumurtalar isə kainatın hənüz hərəkətə keçməmiş ilkin formasını, yumurta qabıqları ilk hərəkət anını əks etdirir. Sonsuz təzəlik, təkrar-təkrar yaranma simvolu olan ağacla birlikdə əks olunan yumurta bütün kosmik dəyərlərin təsdiqidir.

Azərbaycan, İran və Orta Asiyada Novruz bayramında insanlar bir-birinə yumurta hədiyyə edirlər. İranda türklər bu bayramı “qırmızı yumurta bayramı” adlandırır. Balkan ölkələrində Pasxa bayramında dağıdılan qırmızı yumurtalar da eyni mifolojik inancın bir parçası idi.

Yumurta simvolu hər il təkrarlanan yeni il şənlikləri vasitəsilə ölülər kultu ilə birləşir. Novruz bayramında da olduğu kimi, yeni il şənliklərində ölülərin ziyarətinə böyük önəm verilir. Ölü kultu ilə yeni il, yəni yenidən yaradılışın birlikdə qeyd edilməsi paradoks kimi görünsə də, mifik təfəkkürdə ölülər “ölü” olduqları üçün xatırlanmırlar. Yeni il bayramlarında ölülər canlıların təsir dairəsinə girir və bu mərasimlərdə onların bir şəkildə canlı həyata qayıtdıqları və ya qayıdacaqları fikirləşilir.

Hindular tərəfindən hər il qeyd edilən bitki (bir növ Bahar) bayramı olan Holi mərasimləri sırasında tonqallar qalanır, qadın və kişini təmsil edən iki heykəl oda atılaraq yandırılır. Heykəllə birlikdə tonqala yumurta və toyuq da atırlar. Yanma ilə gerçəkləşdirilən ölüm (qurban) yenidən yaradılışa xidmət edir. Belə ki, burada yandırılan heykəllər Kamadeva ilə Ratinin ölümünü və yenidən dirilişini canlandırır. Onlarla birlikdə yenidən şəkil verilmək istənilən kainatı isə yumurta təmsil edir. Beləcə yumurta ölümü deyil, dirilişi və təzədən yaradılışı ifadə edir.

Yumurta şəklində təmsil edilən kainat mifik inancların tamamında özünü əks etdirir. Arxeolojik araşdırmalar sırasında Rusiya və İsveçdə (yəni qədim skandinaviya xalqlarına aid) tapılan qəbirlərdə gildən düzəldilmiş yumurtalara rastlanılıb. Qədim misirlilərin Osirislə bağlı inanclarında yumurta ana simvol idi. Orpeusçuluq inancında yumurta yemək qadağandır. Osiris inacına düşmən olan Orpeus inancında yenidən yaradılış anlayışı olmadığından onu təmsil edən yumurtanı qadağan etmişdir. Boeotika qəbiristanlıqlarından çıxarılan Dionisis heykəlləri əllərində yumurta tutmuş formada əks etdirilib.

Kainatın və qlobal səviyyədə bir yaradılışın simvolu olan yumurta hər il təşkil edilən yeni il şənliklərində geniş ayinlərin mərkəzində yer alır. Demək olar ki, torpağın oyanışını ifadə edən Novruz və ya bahar bayramlarında yumurta mifik təfəkkürdə “toxum” missiyasını icra edir. Finlandiya kəndliləri torpağı şumlayıb əkinə hazır hala gətirdikləri zaman toxum səpini boyunca tarlalarına yumurta basdırırlar. Estoniyalı kəndlilər isə səpin işlərinə başlamadan əvvəlki bir neçə həftəlik müddət ərzində yumurta yeyərlər. Bununla yeni bərəkət ili üçün güc topladıqlarına inanırlar. İsveçlər isə əkilmiş tarlalara yumurta atırlar. Qədim alman kəndliləri isə kətən əkini sırasında hər üç mərasimi birlikdə icra edirlər. Onlar həm toxumla birlikdə torpağa yumurta əkir, həm əkilən tarlanın üstünə yumurta qoyur, həm də bu mərasimi icra etdikləri müddətcə davamlı yumurta yeyirlər. Bununla onlar torpaqla birlikdə özlərinin də yeniləndiklərinə və başlanğıcdakı ilkinliyə qayıtdıqlarına inanırlar. Alman xalqının inancı xristianlığa güclü təsir etdiyində, Pasxa yumurtalarını kilsədə oxudub tarlalarına basdırırlar. Çeremis və Votyak xalqları isə əkinə başlamadan öncə havaya yumurta atırlar. Torpaq Anaya yumurta təqdim etmək üçün tarlalarına yumurtalar qoyurlar. Azərbaycan kəndlərində uşaqlar ilk çərşənbədən axırıncı çərşənbəyə qədər yumurta döyüşləri və oyunları oynayırlar. Həm yer altı tanrılarına, həm də ölülərə təqdim edilən yumurta onlara canlılıq və həyatilik gətirirdi. Həyat verən canlılığı təmsil edən yumurta simvol olaraq inanc sistemlərində hər zaman yaradılışı, ilkinliyi, yenidən başlanğıcı əks etdirir.

Qədim xalqların inanc sistemində təbiətdən alınan bir şeyin qarşılığı yumurta ilə ödənilirdi. Misal üçün torpaqdan qopardılan şəfalı bir otun yerinə yumurta qoyulurdu. Bununla həmin otun yenidən geri qayıdacağına inanırdılar.

Bir çox xristian xalqlarında yumurta simvollu yeni il bayramları Pasxa ilə birləşərək, öz rituallarını xristianlığa ötürüb. Azərbaycanda yaşayan az saylı udin xalqları Pasxa bayramında ənənəvi inaclarına bağlı qalıb toyuq və ya xoruz qurban edirlər. Ümumiyyətlə, yumurta ilk hərəkət (qlobal yaradılış) üçün bir açılım və ya başlanğıcdır. Bu başlanğıc kosmoqoniya ilə bağlı olub, mifik düşüncədə birbaşa yaradılışı ifadə edirdi.

Mifik inancda yer alan ilkinlik anı, insanın hərəkətlərində təkrar etdirilərək onun kosmik davamlılığı qorunur. Tanrıların taleyini kopyalayan insan mifik təfəkkürlə öz həyatına daxil etdiyi yaradılış ünsürləri vasitəsilə tanrı kimi davamlılığını qorumağı arzulayır. Qədim yunan fəlsəfəsində yer alan bu anlayış, Platonun “Sempozyum” (Toy) dialoqunda da əks olunur. Bu əsərdə Platon, evliliyi övladın qanuni yaradıcılığı üçün şərt qəbul edib, bununla ana və atanın öz davamlılıqlarını qoruduqlarını ifadə edir. Hər nə qədər insan həyatı Tanrıların həyatından fərqli olaraq ölümlə qırılsa da, gerçəkləşən ölüm mifik düşüncələrdə mütləq yox olma olmayıb, yenidən yaranma üçün geçici bir fasilə təşkil edirdi.

Yumurta motivi bir bütünü ifadə edir. Yəni yumurta dişi və erkək birliyidir. Belə olan halda mifik düşüncədə başlanğıc anında Tanrılar dünyasında olduğu kimi, canlılar aləmində də hər şeyin “ərdişi” (hermofrodit) olduğu təsəvvürü vardır. Qadınlıqla kişiliyin birlikdəliyi təklik düşüncəsinin mifik ifadəsidir. Yəhudi inancında Adəmin qabırğa sümüklərindən yaradılan Həvva insanın kişi və qadın yaradılışının başlanğıcıdır. Bu yaradılış anlayışı, Adəmin bədənində Həvvanın mövcudluğunu ifadə edir. Adəmin Adəm və Həvva olaraq bölünməsindən əvvəlki həyatı kişi və qadın olan, yəni hermofrodit Adəm idi. Kişi və qadın cinsiyyətlərə ayrılmadan əvvəl tanrılar da eyni təkliyi ifadə edirdilər. Odin, Loki, Tuisko, Nerthus, hətta Zervan (Survan) bir yumurta kimi öz varlıqlarından iki cinsi ortaya çıxardırlar. Zervan həm xeyri, həm də şəri doğuran yumurtadır. O, Hörmüz ilə Əhrimanı əkiz doğub. Yəni yaxşılıq ilə pislik, qaranlıq ilə işıq bir bədəndən və ya bir yumurtadan çıxıblar.

Hermofrodit təsəvvür mifik inanclarda özünü müxtəlif formalarda əks etdirir. Misal üçün qədim çinlilərin anlayışında Böyük Tanrı bir yinq-yanq görüntüsü əks etdirir, o həm qaranlıq, həm də işıqdır. Həm açıq, həm gizli olan bu əkiz güc, Zervanın ilk halı və ya yunanlıların Kronosu ilə eyni xüsusiyyətləri daşıyırdı. Bəzən də mifik anlayışlarda ilahi cütlüklər bir yumurta forması alırlar. Qədim sami xalqlarının inancında yer alan Bel və Belit hermofrodit bir şəkil alırlar. Tanrıça Tanitin həm atasının, həm də anasının adını daşıyır. O, Baalın qızıdır. Onun bədənində varlıqlar dünyası əmələ gəlib. Özünü doğuran, təkatalı tanrı motivi (monogeny) bir çox mifik inanclarda səbəb və təsir olmadan öz-özünü yaradma missiyasının da icracısıdır.

Tanrı Tuiscko kimi ilk insan da hermofroditdir. Sonrakı mərhələdə isə əkiz varlıqların Yinq-Yanq, Yama-Yimağ, Maşyağ-Maşyanağ, Adəm-Həvvanın ortaya çıxmasına məhz o səbəb olub. Bir yumurtanın bölünməsi kimi gerçəkləşən bu yaradılış forması klassik fəlsəfi düşüncədə də öz əksini tapıb. Platonçuluqda və qnostizimdə eyni mifik düşüncə dəfələrlə işlənilib.

Hermofrodit tanrı və cüt cinsiyyətli ilk insan əslində “mükəmməl insan” obrazı olaraq təsəvvüfdə və xristian çiləkeşlərin inancında insana ehtiyacı olmayan insan, insanlıqdan xilas olmuş insan, nəfsini yox etmiş insan olaraq kamil insan anlayışına təsir edib. Platonun “Toy” əsərində işlənən motiv, kişiyə yüklənən “saf eşq” anlayışı, əslində qədim yunan fəlsəfəsinin mifik düşüncənin fəlsəfi dilə çevrilmiş halından xəbər verir. Məhəbbət anlayışında qadının inkar edilməsi, kişinin kişiyə olan münasibəti, ideal bir bədənə qayıdış olaraq ilk insana dönüşü əks etdirir. Eyni anlayış xristianlıqda “doğuma” qarşı verilən sərt reaksiyada da özünü büruzə verir. Doğmuş günahkar bədənin su ilə təmizlənib əslinə döndürülməsi, əslində mifik inanc sisteminin davamlı işlədiyi “tək”lik anlayışıdır.

Bəzi xalqlar yeni il mərasimlərində hermofrodit görüntüləri ön plana çıxardırlar. Belə mərasimlərdə kişilərin qadın libası, qadınların da kişi libası geyməsi ilk yaradılış anına qayıdışı simvollaşdırır. Həmin mərasimlərdə səhnələnən görüntülər, mifik təfəkkürdə yaradılışın bir mərhələ əvvəlinə keçir, mif insan ağlını tamamilə saf bir yaradılış anına aparır, mifik düşüncənin başlıca məqsədi olan insan zəkasını, şeylərin və varlıqların dünyasına deyil, onlara yaradıcılıq hərəkətini qazandıran zamana (tarix olmayan tarixə) çəkir. Ağlın bütünlüklə əqli olmayan bir zamana aparılmasının ifadəsi kimi simvollaşan yumurta məhz belə bir tarix olmayan tarixin görüntüləşən formasıdır.

Qeyd: Məqalə “Quyu” jurnalının 1-ci sayında (səh.94-98) nəşr olunub.

Tarix
2018.03.20 / 01:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla