Yuxarı

Onlar səhnəyə tualetdən çıxır - ODA...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərimizdə, ətrafımızda həmişə bir yenilik, sinə dolusu nəfəs almağa bir nəfəslik axtarırıq. Belə bir yeniliyin sorağı ilə üz tuturuq "ODA" teatrına.

Topçubaşov küçəsi-38 ünvanında yerləşən "Zirzəmi" adlı kiçik bir kafedən içəri giririk. Bu kafedə olmağımızın da səbəbləri var. Heç bir teatr onlara yer vermədiyindən, teatrın maddi imkanlarının azlığından əllərində ancaq bu kafe var. "Zala" daxil olan kimi təccüblənirəm. Bu, alışıq olduğumuz teatr mənzərəsi deyil. Kiçik bir səhnə və səhnənin ətrafına düzülmüş ağ üzlü balaca döşəkçələr. Sanki bir obaya qonaq gəlmisiniz. Bura doğurdan da kiçik bir yerdi. Əlli nəfər ancaq yerləşər. Auditoriyanın çoxu gənclərdir. Bəzi tanınmış ziyalılar da gözə dəyir. Alışıq olmadığımızdan birtəhər bardaş qurub otururuq. Bir azdan tamaşa başlayacaq. Rumın dramaturq, şair və nasir Matey Vişnekin bir pərdəli "Səncə döyəcəklər" tamaşasını gözləyirik. Tamaşanın quruluşcu rejissoru əməkdar artist İlqar Cahangirdir. Həyatda işıqların yanması ilə başlayan hadisələr teatrda işıqların sönməsi ilə başlayır.

Azan səsi, kokteyl şüşələri...

Səhnəyə çıxan əşyalar öncə aktyorlardan çox diqqət çəkir – Molotov kokteyli və narkotik maddələr. Güman ki, bura polis bölməsidir.

Siyasi fəaliyyətlərinə görə polis məntəqsində saxlanılan iki gəncin sorğu zamanı narahatlıqları, qorxuları ən yüksək səviyyədə inandırıcılıqla əks etdirilir. Xüsusən Elmin Bədəlovun canlandırdığı obraz, onun qorxudan böyüyən, dolan gözləri, tir-tir əsən dizləri. "Səncə döyəcəklər" adı da iki gəncin arasında gedən söhbətlərdən yaranır. Qırx dəqiqəlik tamaşa gənclərin naşı siyasi fəaliyyətləri ilə güldürür, vəziyyətin çıxılmazlığı ilə ağladır tamaşaçını. Tamaşanın göstərildiyi zirzəmiyə yaxında yerləşən bir məsciddən azan səsi gəlir və adamda elə təəssürat yaranır ki, bu səs də tamaşanın tərkib hissəsidir.

Tamaşadan sonra

Tamaşa bitdikdən sonra daha bir alışıq olmadığımız proses başlayır. Tamaşaçılar aktyorlara yerindəcə fikir bildirib, suallar verirlər. Ənənəvi teatrlara belə bir şeylə rastlaşmaq mümkün deyil - öz çağında "Yuğ" tetatrının səhnə estetikası istisna olmaqla.

Əsərin tərcüməçisi Zamin Hacı söz alır:

"Gəncləri təbrik edirəm. Xüsusən Elmin bəy çox istedadlı aktyordu. Bu, balaca bir əsərdi. Mən bu əsəri oxuyanda fikirləşdim ki, bu, elə bizim ölkədi. Tamaşaya bəzi kiçik əlavələr olunub. Amma bunlar çox uğurlu alınıb. Tamaşanı çox sevdim və sizin teatrın daimi tamaşaçılarından birinə çevirildim".

Xoş sözlər və şəkil çəkdirmələrin ardından ODA boşaldı. Aktyorlarla səhnə arxasına keçdik. Yox, gözünüzün qabağına güzgülərin, masaların, qrim və kostyum avadanlıqlarının yığıldığı qrim otağı-filanı olan səhnə arxası gəlməsin. Bura üç-dörd nəfərin ancaq ayaq üstdə dura biləcəyi dar bir dəhlizdi. Aktyorların hazırlaşıb səhnəyə çıxa biləcəyi yeganə yer tualet otağıdı. Elə bu vaxt teatrın aktyoru Elmin Bədəlovdan təklif gəlir: "Yazıya belə bir başlıq qoya bilərsiniz – Tualetdən səhnəyə..."

Bir peşəkarı olan ODA

Teatr haqqında aktyorlarla danışırıq. Sualları daha çox Elmin Bədəlov cavablandırır.

- Bizim heyətdə hələlik professional aktyorluqdan gələn yalnız İlqar Cahangirdir. Bizə həm aktyor, həm də dramaturq kimi müraciət edə bilərlər. Biz əməkdaşlığa hazırıq. Fəaliyyətə təxminən səkkiz aydı başlamışıq. Ancaq vaxtımız məşqlər və hazırlıq prosesinə gedib. Bundan əvvəl Qoqolun "Evlənmə" tamaşasını təxminən min nəfərə təqdim etmişik. Repertuarda hələlik iki tamaşamız var. Yazarlar öz əsərlərini bizə facebook səhifəmiz vasitəsi ilə göndərə bilərlər. Ancaq biz həm mövzuya, həm də teatrın imkanlarına uyğun əsərləri seçməliyik".

Yer problemi

- Əlbəttə, teatr daha da böyüyər və inkişaf edərsə, öz binamızın olmasını istəyərik. Biz buranı kirayə götürmüşük. Öz əllərimizlə, daşı daş üstə qoyub buranı teatra çevirmişik. Mən bir neçə teatra müraciət etmişəm. Ancaq onlar yer vermədilər. Bəlkə də mövzu onların xoşuna gəlməyib. Biz İlqar bəyin psixo-realizm məktəbi ilə davam edirik. Hər şey səhnədə baş verməli və maksimum inandırıcı olmalıdır. Bizim səhnə effektlərimiz – səs, işıq imkanlarımız çox deyil. Ona görə məcburuq ki, tamaşaçıya aktyor oyunu ilə çataq.

Azərbaycanda yenilik tez qəbul olunmur

- Məncə, problemi keçə biləcəyik. Bu tamaşanı hazırlayanda mənə elə gəlirdi ki, tamaşaçılarımız daha çox ictimai sektorun gəncləri olacaq. Ancaq bu belə olmadı. Tamaşaçıların çoxu, haqqımızda eşidən, sosial şəbəkələrdən bizi tapan insanlar idi. İlqar Cahangirin tamaşaçıları da onu izləməyə gəlir.

Tarix
2013.10.07 / 16:38
Müəllif
Arzu Məmmədova
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla