Yuxarı

Neçə vaxtdır bu manyakla birlikdə imişik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün işıqlar qaranlıqçün yanırdı, hər gecə göy üzü ağlayırdı ulduzlarını, Günəş zülmətin köləsiydi...

Otağının divar kağızını yenicə dəyişmişdi, pəncərənin şüşələri tərtəmiz, pərdələri yenilənmişdi. Sevincliydi, ümidliydi, gələcəkdi, o gələcək və qaranlıq dünyası aydınlanacaqdı...

Bacısını ağıza alınmayacaq söyüşlərlə söyüb çıxmışdı evdən. Gecə saat dördə işləmiş parkdakı skamyada tapdığı dişlənmiş qoğalla mədəsini aldatdı, yoluna davam etdi. Qarşısına üç bomj çıxdı, rus idilər deyəsən, biri qadın, ikisi kişi. Qadın özünü qabağa verib nəsə dedi. Rus dilini anlayırdı, amma danışa bilmirdi, qadının bir manat pul istəməyini üzündəki dəhşətli təbəssümlə cavabladı. Üç gün idi ki, evin qapısını çırpıb tərk etmişdi ailəsini. Cibində siçanlar oynayırdı, təbəssümündəki dəhşət buna görə idi. Amma rusca danışa bilmirdi, bomj qadınınsa söyüşünü anlamışdı: “... tvoyu mat”.

Ağlına elə fikirlər gəlirdi ki... İstəyirdi, qarşısına çıxan ilk təsadüfü cütlüyə sataşsın, təhqir etsin və eşşək balası kimi döyülsün. Amma bacarmırdı, nəticədə qarşı tərəfi zibilə salmaq ehtimalı vicdanının son nəfəs alışlarının yaxasından yapışırdı.

Söymüşdü bacısını, ən ağır söyüşlərlə. Səhər yuxusuna evdəki səs-küy haram qatmışdı, illərdi içəndə basdırdığı əsəbi oyanmış, daxilindəki əclaf adamı gün üzünə çıxarmışdı.

26 ildir dilinə söyüş dəyməyən adamın alicənablığı, səbri, mülayimliyi bircə anın içində məhv olub getmişdi. Öncə əsəbini otağın divar kağızlarından çıxdı, hamısını dırnaqlarıyla ayırdı divardan. Soyumadı hirsi, pəncərənin pərdəsinə od vurub yandırdı, içində özünə qarşı elə nifrət yaranmışdı ki, görmək istəmirdi o mürdəşir yumuş üzünü: evin bütün güzgülərini yumruqlayıb sındırdı, əlləri qan içində üzünü tutub yuxusuna haram qatan bacısına dişinin dibindən çıxanı dedi.

Gecə saat iki, dənizkənarı parkda gözünün içalatı tökülə-tökülə ayaqlarını dənizin suyuna toxundurdu. Qərar vermişdi artıq, bu gün bitəcəkdi hər şey, bu gün dəniz saracaqdı bütün yaralarını, boğulanacan irəliləyəcəkdi.
Qəfil bir səs eşitdi, “Mehriban” deyə çağırdı kimsə. Maraqlıdır, bunca ağır depressiya içində, intihara addımlar qala, bir söz, bir ad necə yaddaşının dərinliklərindən nəsə pıçıldaya bildi qulaqlarına?!

İlk dəfə belə bir qəribə halla metro vaqonunda rastlaşmışdı. Qarşısında oturan qızın əlindən yerə düşür dəftəri, iki saniyə sonra qızın yanındakı oğlanın kitabı düşür yerə, az keçmir ki, öz yanındakı qız da əlindən dəsmalını salır. Qəfil gic gülmək tutur və öz stansiyasına çatır qatar bu məqamda, düşmək üçün ayağa duran kimi telefonu düşür əlindən. Anlamır, əlbəttə, həyat bəzən elə gözəgörünməz, əllə tutulmaz zəncirvari hadisələr yaradır ki! İndi yenə yaranmışdı bu qəribə hal: Mehriban adını eşidən kimi, universitet günləri yadına düşdü, bu ad ona müəlliməsini xatırlatdı, fəlsəfə müəlliməsini. Mehriban müəllimə dərslərin birində roman yazmaq haqda fikirlərini danışırdı, demişdi ki, həyatı boyunca bir qadınla yataq macərası olmayan adam roman yaza bilməz, ümumiyyətlə, həyatda eşq deyə bir şey yoxdur, bütün bunlar cinsəl arzuların ən axmaq şəkildə yaratdığı dəlilikdir.

Saxladı ayaqlarını, addımlamadı daha. Geri döndü, sahildə oturub fikrə daldı. İllərdir dostluq etdiyi adamlar da artıq primitiv şəkildə eyni sözləri deyirdi. Amma o məhəl qoymurdu, ürəyi döyünürdü, ürəyi ağzından çıxmaq istəyirdi sevdiyi adamı görəndə. İnanmırdı, inana bilmirdi ki, eşq sadəcə intim arzuların yaratdığı axmaqlıqdır. Bircə dəfə də olsun aşiq olduğu adamın əlindən tutmağı belə xəyal etməmişdi, üzünü görmək, ancaq üzünü görmək istəyirdi, hər gün, hər saat, hər saniyə, həyatda bundan başqa arzusu, istəyi yox idi...

Uşaq idi onda, atası çörəyini daşdan çıxarırdı, sözün həqiqi mənasında daşdan çıxardırdı. Mollalıq edirdi, hər başdaşı önündə oxuduğu duanı Allah pul şəklində geri qaytarırdı ona. Anasının, bacısının üzünü ancaq evin içində görə bilirdi. Ali məktəbə daxil olana kimi başını yerdən qaldırıb baxmamışdı bir qızın gözlərinə. Günah idi, əzab idi, cəhənnəm idi sonu, bilirdi...

Ancaq lənətəgəlmiş ali məktəb o dəhşətli sonu hazırlamışdı, nə bilsin?!
İlk görüşdən aşiq olmuşdu, o gözlərə elə möhürlənmişdi ki, daha görmürdü, ondan başqa heç kimi görmürdü. İllərcə ürəyində saxladı sözlərini, dinmədi, danışmadı, ətrafdakı adamların gözündə müqəvva kimi göründüyünün belə fərqində deyildi. Sabah isə son gün idi, universitet həyatı da, sevgilini görmək şansı da olmayacaqdı daha.

Nəsə etməliydi, necəsə deməliydi sevdiyini. Son gün idi sabah, atasından gizli sosial şəbəkədə hesab açmışdı özünə, bu şeytan əməlinə qoşulduğunu bilməməliydi atası. İlk işi də sevdiyi qızı izləmək olmuşdu. Addım-addım izləyirdi. Qəfil bir paylaşım gördü, qız “Yanağımı ağcaqanad dişləyib, özü də bir neçə dəfə, sabah necə gələcəm məzun günümüzə?” yazmışdı.
Bədbəxt hardan bilsin axı nə edəcəyini, ömründə məktub qutusundan istifadə etmişliyi olmamışdı, amma sevgisini etiraf etmək istəyirdi. Üz-üzə, göz-gözə cəsarəti çatmazdı, çatmayacaqdı.

Qızın paylaşımının altına “Səni hər gün görə bilməkçün o ağcaqanadın yerində olmağa belə razıyam” yazdı.

Cavab gözləyirdi, paylaşımı yeniləyirdi daim...

Evdəki səs-küyə oyanmışdı, birdən xatırladı ki, cavab, cavab gözləyir. Tez telefonu əlinə alıb, hesabına daxil oldu, cavab gəlmişdi, öncə sevdiyi qızın, sonra bütün fakültə yoldaşlarının rəyini oxudu:

“Neçə ildir bu manyakla bir yerdəymişik...”

Qəfil bir ağcaqanad qondu sinəsinə, içdi ürəyinin qanını.

Bütün işıqlar qaranlıqçün yanırdı, hər gecə göy üzü ağlayırdı ulduzlarını, günəş zülmətin köləsiydi...

Tarix
2018.05.15 / 01:30
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla