Yuxarı

Dünənki cücələr Müşfiqi tənqid edir – Vaqif Yusifli

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAZI MASASI

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi

“Ulduz” jurnalı olaraq Vaqif Yusiflinin Azərbaycan ədəbiyyatına göstərdiyi xidməti, onun zəhmətkeşliyini gənc oxuculara bir daha təqdim etmək niyyətimiz vardı. Yetmiş yaşına şərəflə gəlmiş qocaman tənqidçimizin evində qonaq olmaq istədik. Zəngləşib Vaqif müəllimi razı saldıq. Ünvanı verdi və həmişəki kimi Xanım Aydınla düzəldik yola. Gəldik çıxdıq Əhmədlinin lap başına. Sən demə, yazıçılara verilmiş bu binanı böyük bir prospektin başına “tac” qoyublar. Bir vaxtlar bu tacın eyvanlarından, pəncərələrindən içi almaz kimi nurlu adamlar boylanırmış. İndi, təəssüf ki, hamının tanıdığı, sevdiyi üç-dörd ədəbiyyat fədaisi qalıb.

Vaqif Yusiflinin mənzilinə qalxdıq. Üzümüzə ağ qapı açıldı. Dəhlizdə Vaqif müəllimlə görüşdük. Həmişəki kimi, əlini sıxmağa ehtiyat elədim, o da adəti üzrə barmaqlarının ucuyla görüşdü. Sonra bizi ailəsinə, ailəsiylə – yoldaşını, qızını, kürəkənini və evin iki bala mələyini bizimlə tanış elədi. Şəkərburalı, paxlavalı bir otağa keçdik. Görmək istədiyimiz bura deyildi. Xahiş elədik ki, bizə iş otağını göstərsin. Razılaşdı və otağa keçdik. Otağı görəndə əmin oldum ki, Vaqif Yusiflini ədəbiyyat bu otaqda yeyib bitirib. Divarlar kitab rəflərinin arxasında, bəlkə də, min ildi gizlənib. Bəlkə də Vaqif müəllim divarların rəngini unudub. Bir qapı var və dörd tərəf kitabdır. Kitaba sadiqlikdən, məncə, Vaqif Yusiflinin yanında heç kim sinəsinə döyməməlidir. Ona bağışlanan bütün kitablar burda öz yerini tutub. Haqqında yazdığı hər adamın burda bir kitablıq yeri var. Kitabların arasından “999” adlı kitabım da məni görəndə sevindi.

Vaqif müəllim deyir ki, mənə verilən bütün kitabları saxlayıram. Hədiyyə olunmuş bütün kitablar evimin əziz qonağına çevrilir.

– Kimə kitab versəm, evinə aparmasa, onu görsəm, dərhal götürüb çantama qoyuram. Kitabların çoxu hədiyyə edilmiş kitablardı. Hətta küçədən tapdığım kitabı da gətirirəm.

Ordan-burdan xeyli danışdıq. Yazıçıların bir binada, bir həyətdə yaşaması bizə maraqlıydı. Bu binada yaşayan bütün adamları nə din, nə irq, məhz ədəbiyyat birləşdirmişdi. Sözə aşiq adamlar bir ocağın başında. Qonşularıyla maraqlandıq.

– Qonşularımızın çoxu yazıçı-şair idi. İlyas Tapdıq, Dilsuz, Musa Ələkbərli, Maarif Soltan, Mobil Quluzadə, Saday Budaqlı, Məmməd Orucla qonşu olmuşuq. Tez-tez söhbətləşirdik, bir-birimizin evinə gedib-gəlirdik. Onlardan bəziləri köçdü, bəziləri dünyasını dəyişdi. Amma Musa Ələkbərliylə, Dilsuzla indi də get-gəlimiz var. Hətta bəzən bazarlığa bir yerdə gedirik.

Vaqif Yusifli deyir ki, mənim küçədə oturub nərd oynamaqla aram yoxdu. Mənim işim evdə oturub yazı yazmaqdı.

– İndiyə kimi çox kitablarım çıxıb. Bölgələrdə yazıb-yaradan, yaşayan adamlara heç kim mənim qədər bələd deyil.

Bizim üçün yeni bir kitabı göstərdi.

– “Poeziyanın yolları və illəri” kitabı mənim doktorluq dissertasiyamdır. Bu kitabdan çox az qalıb. Çünki bütün institutlar bundan dərs vəsaiti kimi istifadə edir.

Qapının yaxınlığındakı stolun üstündə jurnal, qəzet nömrələrinin çoxu Vaqif Yusiflinin gözündən keçmişdi, bəziləri də vərəqlənməyə hazır gülümsünürdü. Onu da qeyd edim ki, biz Vaqif Yusiflinin evinə əliboş getməmişdik. İsti-isti “Ulduz” aparmışdıq. Üçüncü nömrədə Vaqif müəllimin ekspert yazısı şanlı bir səhifə tutmuşdu və səhifənin başında nisbətən cavan Vaqif Yusifli boylanırdı. Və yəqin ki, onun bu qocaman, bu yetmiş yaşlı yubilyardan xəbəri yox idi. Bilmirdi ki, indi bu adam ona yetmiş yaşından baxır. Amma ürək də, sevgi də elə on il, iyirmi il əvvəlkidir.

– “Ulduz”, “Azərbaycan” jurnallarını həmişə alıram, oxuyuram. Son üç ayın qəzetlərini saxlayıram, hissə-hissə gözdən keçirirəm. Lazım olduqca onlardan istifadə edirəm. Bunlar mənim masaüstü mətbuat nümunələrimdi. Ədəbi tənqiddən o qədər yazmışam ki, Milli Kitabxanada iki-üç qutu ancaq mənim yazılarımdı. Hər həftə bir neçə yazım çıxır. Baxmayaraq ki, iki dəfə ağır əməliyyat keçirmişəm, səhhətimdə müəyyən problemlər var, yenə də oturub yazıram. Çünki məni yaşadacaq başqa bir qüvvə yoxdur.

Vaqif müəllim deyir ki, yazmaq istəyəndə mütləq bu balaca otağıma çəkilirəm. Burda hər şey mənə aiddir.

– Kompüterdə yazmaq sizin üçün çətin deyil? Yəqin, həmişə əllə yazmısınız?

– Əvvəllər kompüterə alışa bilmirdim. Sonra yavaş-yavaş öyrəndim. İndi yazılarımı kompüterdə yazıram.

Vaqif müəllim deyir ki, tənqidçinin yazmağıyla yazıçının, şairin yazmağı fərqlidi:

– Şairə ilham gəlir, yazır. Nasir də həmçinin. Amma tutalım ki, mən bir məqalə yazmalıyam. Onu yazmaqdan ötrü birincisi, kitabı, xoşuma gəlsə də, gəlməsə də, oxumalıyam. İkinicisi, kitabın xarakterini, obrazının müəyyənləşdirməliyəm ki, bu kitab necədi. Məsələn, roman haqqında yazanda oxuyuram, düşünürəm, öz düşüncəm daxilində fikirlərimi yazıram. “Müasir Azərbaycan poeziyası 1953-cü illərə qədər” kitabımı yazmaqdan ötrü mən yüzlərlə kitaba müraciət etmişəm. Bu elmi yaradıcılıqdı. Amma bununla bərabər, deyim ki, elmi yaradcılıqda da oxucunun beynini elmi fikirlərlə doldurmaq olmaz. Mən elə tənqidçiyəm ki, publisistika istər-istəməz mənim bu elmi yazılarıma yansıyıb, onlara daxil olub. Amma yazanda düşünürəm ki, bunu akademik də oxuyur, adi oxucu da. Ona görə də mən Məmməd Arif kimi, Cəfər Cabbarlı kimi, Məmməd Cəfər kimi yazıram. Yəni ki, hamının başa düşdüyü dildə.

– Ədəbiyyat sizdən nələri alıb?

– Bəzən tanınmış adamlara sual verirlər ki, siz yenə də bu sənətinizi seçərdinizmi? Mən həmişə düşünürəm ki, bəli, mütləq seçərdim. Nəyə görə? Universiteti bitərəndən sonra üç il kənddə müəllim işlədim. Hələ universitetdə oxuduğum illərdə mənim ilk məqalələrim qəzetlərdə dərc olunurdu. İlk yazım 1967-ci ildə 17 yaşım olanda rayon qəzetində çıxdı. Məmməd Kazımın şeir kitabı haqqındaydı. Ondan sonra başladım müntəzəm olaraq rayon qəzetində yazılar yazmağa. Başqa rayon qəzətlərinə də yazırdım. Sonra Bakıya gəldim və buradakı ədəbi mühitə qovuşdum. Aspiranturada oxuyanda AYB-də "Müasir kənd və nəsrimiz" mövzusunda müşavirə oldu, durdum, çıxış elədim. Və bu çıxışımdan sonra 1978-ci ildə “Azərbaycan” jurnalının tənqid şöbəsinə müdir vəzifəsinə dəvət aldım. Sovet dövründə bir gənc elmlər namizədinin orda işləməyi böyük bir hadisə idi. Və mən məmnuniyyətlə bu vəzifədə işlədim. “Azərbaycan” jurnalında işləməyim mənim doktorluq dissertasiyamı iyirmi il geri saldı. İnstitutda qala bilərdim, doktor ola bilərdim. Amma mən jurnalda işləməyi üstün tutdum. Və mən bir də 2012-ci ildə müdafiə etdim. O illərdə mən bir tənqidçi kimi tanındım. Yazılarım dərc olundu. Zarafatca mənə “1 N-li tənqidçi” deyənlər olub, “tənqidimizin son korifeyi” deyənlər olub. Sonra Ədəbiyyat İnstitutunda da işlədim. Yəni mənim bütün həyatım yazı-pozuya həsr olunub. Bax, deyirsiz ki, ədəbiyyat məndən nə alıb? Sağlamlığımı. Sağlamlıq deyəndə bunu mən tamam ədəbiyyatla bağlamaq istəmərəm. Bir az mənim həssalığım, emosionallığım, şəxsi problemlərim və s. mənə pis təsir edib.

Vaqif müəllim deyir ki, bir çoxlarının ədəbiyyata gəlməsində, imzalarının tanınmasında böyük rolum olub.

– Heç kimə pis mənada qibtə eləməmişəm ki, dostlarımın biri akademik oldu, biri professor oldu. Halbuki onların hamısı mənə ustad deyib. Amma indi onlar o tərəfdədirlər. Mən onların heç birinin paxıllığını çəkməmişəm.

– Yubiley həyəcanı, hazırlığı davam edirmi?

– İnstitutda mənim yubileyim qeyd olunacaq. Əvvəlcə icazə vermək istəmirdim. Kitabım çıxır – "Azərbaycan qəzəli". Həm kitabın təqdimatı olacaq, həm də mənim yubileyim qeyd olunacaq. Yeri gəlmişkən, belə bir ifadə var: "Filankəs Biləcəridən o yana gedə bilmir". Mən klassik əddəbiyyatı da yaxşı bilirəm. Məsələn, Füzilini yaxşı bilirəm. Xəstələnməmişdən əvvəl Füzilinin bütün qəzəllərini əzbər deyirdim. Zəlimxan Yaqub da çox şeir əzbər bilirdi. Amma qoşma, gəraylı. Mənsə qəzəl. Deyim ki, qəzəlin birini 20 dəqiqəyə əzbərləyirəm. Füzuli çox çətindir. Onun bir misrasını izah etməkçün baş lazımdır, savad lazımdır. Alt mənaları bilmək lazımdır. Radioda, televizayada çox verilişlərdə iştirak etmişəm.

Vaqif müəllim bir necə saniyəlik keçmişə gedib bir xatirəylə qayıtdı:

- Bir dəfə 1993-cü ildə Əkrəm Cəfərin yanına getdim. Əruzşünas idi. Çox gözəl bilirdi qəzəli. Soruşdu ki, sən kimsən, dedim, elmlər namizədi filankəs. Sizdən müsahibə almağa gəlmişəm. Dedi ki, nə olsun elmlər namizədisən, sən Füzulini bilirsən? Dedim, bilirəm. Dedi ki, bir qəzəlin denən.

“Aşiyani-mürği-dil zülfi-pərişanındadır,

Qanda olsam, ey pəri, könlüm sənin yanındadır”.

Bax bu qəzəli onunçün dedim. Soruşdu ki, əruzu bilirsən? Dedim, az-çox bilirəm. Əruz elmdir. O, muğamatla bağlıdır. 6-cı sinifdə oxuyandan indiyə kimi hər bazar günü muğamata qulaq asıram. Yazılarımın bir qismi də xanəndələr haqqındadır, musiqi haqqındadır. Alim Qasımov, Ağaxan Abdullayev, Hacıbaba Hüseynov (onun dərslərində iştirak eləmişəm), Canəli Əkbərov, Arif Babayev və s. və i. Muğamatı da çox yaxşı bilirəm. Bu da əruzu bildiyim üçündü. Hətta Alim, Canəli Füzilinin bəzi qəzəllərinin şərhini soruşub, demişəm. Yəni yarımçıq olmağı sevməmişəm. Amma mənim əsas yazılarım müasir ədəbiyyatdandır. Mən Füzulidən cəmi bir yazı yazmışam. O da təbliği yazı olub. Vəssalam. Sabir, Füzuli, ümumiyyətlə, klassika mənimçün məktəbdir.

Otaqdakı rəflərdən biri müasir ədəbi gəncliyə ayrılmışdı. Buranı mərkəzi kitabxananın bir şöbəsi hesab eləmək olardı. Kimin imzasını desən, Vaqif müəllim kitabın tapıb ortaya qoyardı. Hamıya məlumdur ki, müasir poeziya və nəsr haqqında yüzlərlə yazılar yazıb. Cavanlarla ən çox işləyən tənqidçi də bu yetmiş yaşlı tənqidçimizdi. Kitabların səhifələrindən bilinirdi ki, hamısını oxuyub. Ən azı gözündən keçirib. “Bir qalanın sirri” filmində dil açıb danışan kitablar kimi, bu rəfdəki kitablar da canlanıb, dil açıb Vaqif Yusiflinin ədəbiyyata, sözə, kitaba sadiqliyindən danışdı.

– Yetmiş yaşdan baxmaq necə bir hissdi?

– Deyirlər ki, 70 yaş qocalıq yaşıdı. Bunu qəbul eləmirəm. O zaman mən özümü qocalmış hiss edərəm ki, qələm əlimdən sürüşsün, yaza bilməyim, düşünə bilməyim. Nə qədər ki, düşünürəm, nə qədər ki, yazıram, deməli, varam.

– İmkan olsaydı ki, keçmişdə – hər il geridə qoyub gəldiyiniz hansı Vaqif Yusiflini bu otağa dəvət edərdiniz? Hansı Vaqif Yusifliylə dərdləşmək istəyərdiniz?

Vaqif müəllim yenə bir neçə saniyəlik keçmişə getdi, divardakı naməlum nöqtəyə baxan gözlərindən məlum idi ki, bu dəfə çox uzağa gedib. Bir az da kövrəldi:

– Altmış yaşımı Akademiyada qeyd etdik. Orda Arif Əmrahoğlu bir söz dedi: "Vaqif Yusifli keçmişi üçün xəcalət çəkən adam deyil". Mən cavan yaşımı heç cür çağıra bilmərəm. Mümkün deyil. Amma son illər tez-tez yuxuma kənd girir – Masallı rayonunun Ərkivan kəndi. O kənd haqqında kitabım da çıxıb. Bax, həmin kənd yuxuma girir. Amma köhnə kəndi arzulayıram. İndi gedəndə heç kimi görmürəm. Hətta yaşıdlarımın da çoxu rəhmətə gedib. O adamlar ki vardı – papaqlı insanlar, təndirə çörək yapan nənələr, heç biri yoxdu indi. Mən o kənddə qoyub gəldiyim Vaqif Yusiflini düşünürəm.

– Başlanğıca geri qayıtmaq...

– Bakıya gəlməyimə peşman deyiləm. Heç kimin köməyi olmadan yüksəlmişəm. Amma hərdən düşünürəm ki, kaş kənddə qalaydım. O müəllimliyimi edəydim. Amma kənd də o kənd olaydı. O vaxt kənddə iki mağaza, bir klub, iki kitabxana vardı. Bax həmin o dövrün kəndini arzulayıram. İndi nə klub var, nə də kitabxanalar. Amma çoxlu mağazalar var. Kənd başdan-ayağa evlərdən ibarətdi. Yaşıllıqlar da əvvəlki kimi deyil. Bunun özü də cılızlaşmadı.

– Bəs ədəbiyyat niyə cılızlaşmaya mane ola bilmir? Ədəbiyyatın əsas mövzusu sevgidi axı. İnsani hisləri, duyğuları oyatmaqdı.

– Bu gün dünənki cücələr Müşfiqi, Sabiri, Bəxtiyarı və s. tənqid edir. Onların gücü elə mərhum şairlərə, yazıçılara çatır. Bir rüşvətxordan görüm yaza bilərlərmi? Yox. Ədəbiyyatın gücsüzlüyü bundan ibarətdi. Mən bir şeyi də deyim ki, ədəbiyyat bu mövzuya çox da meyil eləməməlidir. O, rüşvətdən, həyasızlıqdan yazmamalıdır. Onunçün orqanlar var. Ədəbiyyat insana gözəllik verməlidir. Ədəbiyyat insanda yaşamağa ifrat dərəcədə həvəs oyatmalıdır, yaşamağa çağırmalıdır. Ədəbiyyat müharibə haqqında, ağrı-acılar haqqında yazmalıdır. Mən belə düşünürəm. Mənim yazılarımda da budur. Şeirdə kütləvilik, qrafomaniya həddini aşıb. Amma bunda da pis bir şey görmürəm. Sabir deyirdi:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Sadəcə, oxucunu kütləvilikdən ayırmaq lazımdır. Elitar oxucu təbəqəsi yaranmalıdır. Və kütləvi oxucular onlardan ayrılmalıdır. Məsələn, mənimçün kütləvi ədəbiyyat mövcud deyil. Mən kimdən yazmalıyam? Musa Yaqubdan yazmalıyam, Yusif Səmədoğludan yazmalıyam və ya istedadlı bir gəncin romanından yazmalıyam. Və yazıram da. Yeni üzə çıxan gənc şairlər var, onlardan yazıram. Məsələn, "Ulduz" jurnalı da mənim həyatımda böyük rol oynayıb. İlk yazım “Ulduz”da 1980-ci ildə dərc olunub. İsa Hüseynovun romanı haqqında yazı idi. Gənclər haqqındasa silsilə yazılarım bu gün də dərc olunur.

– Biz də arzu edirik ki, bu gündən sonra da yeni-yeni yazılarınız dərc olunsun. Sizin qələminizin işığı hələ bundan sonra neçə-neçə gəncin yolunu aydınlatsın.

Azrularımızı deyəndən sonra suala yer qalmadı. Vaqif müəllim bizi yenidən şəkərburalı otağa dəvət elədi. Diktafonu söndürmüşdük. Süfrəyə çay gəldi və “Ulduz”u vərəqləyə-vərəqləyə şəxsi söhbətlərə başladıq. Gənc və romantik Vaqif Yusiflinin cavanlıq eşqi, yoldaşının mətbəx məharəti, xüsusən də, ləvəngi tərifi, nəvələrinin istedadı, balaca Vaqif Yusiflinin səhnəyə ilk addımları çayımız bitənə qədər maraqlı və özəl söhbətimizin mövzusu oldu.

Tarix
2018.07.13 / 08:45
Müəllif
Xanım Aydın, Vüsal Nuru
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla