Yuxarı

Türklərin cəmi 2 milyonu azərbaycancanı anlayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Maqsud Fəryadi Azərbaycan əsillidir. 1961-ci ildə Qarsın Arpaçay kəndində dünyaya göz açıb. 1989-cu ildən İstanbulda yaşayır. Türkiyənin "Ulusal" kanalında proqram aparıcılığı edən Maqsud Fəryadi eyni zamanda aşıqlıq sənətini yaşadaraq Azərbaycanı layiqincə təmsil edir. Tanınmış aşıqla görüşümüz də onun aşıq musiqisinə olan marağının haradan qaynaqlanmasından, ümumilikdə aşıq şerinə, musiqisinə olan münasibətdən bəhs etdik. İstanbulda söhbətimiz də elə Azərbaycandan başladı:

- Maqsud bəy, Türkiyə doğumlu olsanız da, əslən Azərbaycan türküsünüz. Azərbaycan xalqı, aşıqları ilə bağlı fikirlərinizi bilmək istərdim.

- Düz buyurdunuz. Dədələrim Azərbaycandan gəlmədir. Biz burada özümüzü Azərbaycandan kənar hiss etmirik. Azərbaycan musiqisi, həmişə bizim iç dünyamızı oynadıb, bizi özümüzə, soy-kökümüzə qaytarıb.

- Azərbaycan zaman-zaman parçalanıb, Azərbaycan türkləri millət olaraq bir-birindən kənar düşüb. Sizcə musiqinin, aşıq sənətinin mənəvi birliyinə nail olduğu bu millət nə vaxtsa birləşə bilərmi?

- Bilirsiniz ki, bədəni idarə edən başdır. Baş olmasa, bədən idarə oluna bilməz. Əl ayrı hərəkət edər, ayaq ayrı. Bu gün bizim dərdimiz böyükdür. Azərbaycan türklərinin bir qismi İranda, Türkiyədə, Gürcüstanda, İraqda parçalanmış şəkildə yaşayır. Millətin birləşməsi üçün gərək xalqımız savadlı, məlumatlı olsun. Bu istiqamətdə əsas vəzifə bizim sənət adamlarının - aşıqların, şairlərin, qəzetçilərin üzərinə düşür. Gərək bizlər xalqımızı düzgün istiqamətləndirək. Xalqın maariflənməsi əsasdır. Millət keçmişini bilməlidir. Xəbərdar olmalıdır ki, haradan gəlib hara getdiyini bilsin. Xalqımızın Babəkə, Rəsulzadəyə, Atatürkə ehtiyacı var.

- Azərbaycan aşıqları ilə hər hansı ünsiyyətiniz var?

- Azərbaycandakı aşıqları demək olar ki, tanıyıram. 1993-cü ildən Azərbaycanla əlaqələrim var. Tez-tez gedirəm. Sizdə sənət üst səviyyədədir. Bu gözəldir. Aşıq sənətinə dərin maraq və diqqət var. Aşıq Ələsgərdən, Dədə Qasımdan, Tufarqanlı Abbasdan və digər böyük aşıqlardan oxuyurlar. Eyni zamanda bizə ozanlıq da lazımdır. Aşıqlarımız bizə xalqın yaşadığı problemləri də çatdırmalıdır. İnsanımızın, məmləkətin dərdlərini dilimizə gətirməyimiz lazımdır. Mən Türkiyədə yaşayıram, amma Qarabağ üçün yazdığım əsərlərim var. Azərbaycanda da gözəl tanınan əsərlərimdən birində deyildiyi kimi:

Nə çilələr çəkdim mən bu yollarda,

Məchulə sürüldüm yenə ölmədim.

Nə qanlar qeyb etdim bu meydanlarda,

sırtımdan vuruldum, yenə ölmədim.

Qoç Koroğluyam, Dadaloğluyam,

Dağlarda aslanam, dillərdə dastan.

Bu cür əsərlərlə qoçaqlıqları Koroğlunu, Babəki, Fizulini, Nəsimini cəmiyyətə düzgün çatdıra bilsək yaxşı olar. Bu insanlarımızın nə etdiyini, onların mübarizəsini gənclərimiz bilmir. Əgər gənclərimiz bu şəxsiyyətlərin kim olduğunu, nələr etdiyini dərindən bilsələr, mən əminəm ki, aramızdan bizləri birləşdirmək gücündə olan insanlar çıxacaq.

- Qarabağ savaşının həyəcanını necə yaşayırsınız?

- Bütün Azərbaycan xalqının başı sag olsun, deyirəm. Şəhidlərimizin, onların ailələrinin önündə baş əyirəm və Allah şəhidlərimizə rəhmət etsin, deyirəm. Məsələn, mən öz televiziya proqramlarımda Qarabagla bağlı söhbətlər açıram, mövzular təşkil edirəm, öz seirlərimi oxuyuram, yəni səsim hara qədər çatarsa, ora qədər də danışıram. Məlumdur ki, bu Ermənistan-Azərbaycan məsələsi başdan ayağa oyundur. Ermənilər təcavüzkardır və bu torpaqlardan təcili rədd olub getməlidirlər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Məcburi köçkünlər, qaçqınlar öz yurduna dönməlidir. Ən acı verən budur ki, dünya bu işğalı sadəcə seyr etməklə məşguldur. Türkiyənin bu istiqamətdə etdiyi çıxışlar var ki, bu çıxışalar sadəcə Azərbaycanı məmnun edir. Azərbaycan xalqı yaxşı bilir ki, Türkiyə bu məsələdə onun yanındadır. Türk hökuməti Ermənistanla sərhədlərini bəlkə də indiyəcən açardı. Amma Türkiyə xalqı buna imkan vermədi. Bunla bağlı mitinqlər təşkil edildi, seminarlar keçirildi.

- Siz bir ozansız. Şeirlər yazırsız. Azərbaycan ədəbiyyatı sizə nə qədər tanışdır?

- Özüm aşıq olduğum üçün Azərbaycandakı aşıq ədəbiyyatını yaxşı bilirəm. Bir çox ədəbiyyatçıların, yazarların kitabları var məndə. Mən Fizulini, Nəsimini oxumuşam, bilirəm. Türkiyədə Azərbaycan ədəbiyyatını insanlara aşılayıram. Başa salıram. Əslində, 75 milyon əhalinin sadəcə iki-üç milyonu Azərbaycan dilini başa düşür. İndi 75 milyona Fizulinin, Nəsiminin qəzəlini başa salmaq Aşıq Ələsgəri başa salmaqdan çətindir. Mən bunu əsasən televiziyadakı proqramlarda danışıram, türk xalqına aşılayıram. Neçə illərdi mən bu işi görürəm. Əlimdən gələni həmişə tək başıma etmişəm. Azərbaycanda çoxlu jurnalist, yazar dostlarım var. Şair Məmməd İsmayılla ailəvi dostuq. Hətta iki ay əvvəl Qazax rayonunda "İncə dərəsinin incə günləri" festivalı keçirildi. Ora dəvət almışdım.

- Türkiyədəki siyasi prosesləri necə görürsünüz?

- İndi Türkiyədə cərəyan edən hadisələr çox fərqlidir. On iki ildir AKP iqtidardadır. Ərdoğan "yeni müxalifətə ehtiyac var", deyir və haqlıdır da. Mənə elə gəlir ki, müxalifət vaxtında lazımı addımları ata bilmədi. Müxalifətin yanında olan insanların danışıqlarına baxırsan, görürsən ki, adamlar çox haqlıdır. Amma nədənsə xalqın yüzdə 52-si Ərdoğana səs verdi. Buna görə də kimsə bu seçimə bir şey deyə bilmir. Ən əsası isə, nə yaxşı ki, Türkiyə bu bölgədəki ərəb ölkələri kimi deyil. Əgər Türkiyə qarışsa, bütün bölgə qarışar. Və bunun qarşısını kimsə ala bilməz.

Tarix
2014.09.24 / 08:45
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla