Yuxarı

Aydın Mirzəzadə məni aldatdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadə ilə müsahibəni təqdim edirik.

Azərbaycanın səhəri mənimlə açılır

- Yalçın bəy, yaman başınız qarışıb, nə vaxt zəng edirik, "tədbirdəyəm" deyirsiniz. Deyəsən sizsiz bir tədbir də keçmir?

- Bəli elədir. Hansısa tədbirə "gəlməyəcəyəm" deyəndə, etiraz səsləri ucalır: "Yox, nə danşırsınız, Yalçın bəy, siz nəhəng sənətkarsınız, tədbirlər sizsiz yaraşıqsızdır". İş çoxdur, yubileylər keçirilir. Mən kafedra rəhbəriyəm. Müəllimləri, dərsi nizamlamaq mənim işimdir. Həm də estrada fakültəsi ən ağır fakültədir. Hamı oxumaq istəyir. Nəzər salsanız, görərsiniz ki, muğam kafedrasına 10 uşaq sənəd verirsə, estradaya 500 nəfər sənəd verir.

- İstənilmək, arzu olunan olmaq bir sənətçi üçün gözəl münasibətdir?

- Bəli. Məni görən, tanıyan hər bir insan ifamı dinləyir, sonra yaxınlaşıb söyləyir ki, sizi 10 il bundan əvvəl dinləyəndə də eyni səs idi, bu gün də.

Mənə Azərbaycandan bir manat kömək yoxdur

- Müalicə üçün Türkiyəyə yola düşmüşdünüz. Yenə müalicə pulunuzu türk vətəndaşları ödədi? Əsas olan məsələ, səhhətiniz necədir?

- Mənə tapşırıblar ki, özünü pis hiss etsən belə, "pisəm" demə. Yaxşıyam, hələ ki, yaşayıram. Çox yaxşıyam, yaxşıdan da yuxarıyam deyim ki, yaxşı olum. Bəli, yenə də türk vətəndaşları mənə kömək elədi. Təkcə bilet pulumu düzəldə bildim. Bütün müalicəmin və 40 gün orada qalacaq yerimin, gəzməyimin pulunu türk qardaşlarımız ödədilər. Mənə Azərbaycandan bir manat kömək yoxdur. Hətta nəzərdə tutulmayan bir xəstəliyim də orda üzə çıxdı. Sol diz qapağıma su yığılmışdı. Müayinə zamanı bilindi. Onu da müalicə elətdirdim. Hələ ki, hər səhər duranda, şükür, "bu gün də yaşadım" deyərək, günə davam edirəm.

Elə bildim gözlərimi əbədi yumacağam

- Gözünüz aydın olsun, oğlunuza toy edib gəlin gətirdiniz. Allah sizə baba olmağı nəsib etsin. Oğlunuzun yaşı çox azdır. Niyə belə tez evləndirdiniz?

- Üç övladım var. Allah bütün ata-analara övlad toyu görməyi nəsib eləsin. Mən də istədim, gözüm arxada qalmasın. İki balamı evləndirmişəm, tək bu qalmışdı. Bunu da evləndirib əlini-ayağını yığdım. Ürəkdir açılır, yumulur. Elə dünən də tutdu, bir anlıq elə bildim gözlərimi əbədi yumacağam, amma həkim gəldi, iynə vurdu, handan–hana gözlərimi aça bildim. Ona görə də oğlumun toyunu tez elədim.

Bu mənim sənətimin əsas sirridir

- Sənətinizdə nə yeniliklər var?

- Bir sənətkarın yeniliyi yoxdursa, bu onun sonu deməkdir. Bəli, mən xəstə olmağıma baxmayaraq, yenə də yazıram. Yeni bir mahnım var. Mən çox mahnı yazmıram, bir mahnını 3-5 aya ərsəyə gətirirəm. O mahnının hər sözünü qəlbimdə özümünkü edib mənimsəyir, sonra ifa edirəm. Məhz buna görədir ki, mənim ifam gələndə səsim yüz nəfərin içindən seçilir. Bu mənim sənətimin əsas sirridir. Mənim ifamda səslənən bir çox mahnıları bu gün başqaları oxuyur, amma möhürünü mən vurmuşam. Gəlib deyirlər ki, Yalçın bəy, mən sizin "Dədə Qorqud"da oxuduğunuz mahnını ifa etmək istədim, amma çox çətindir. Dinləyəndə elə başa düşdüm ki, bu dəqiqə oxuya biləcəm, ancaq sonra baxdım ki, yox, çox çətindir". Mən mahnımın hər hərfini mənimsəməsəm oxumaram. Baxın, bu gün oxunan mahnıların hansının sözü yadda qalır, hansı fonda salınacaq. Heç biri də yadda qalmayacaq, çünki aylıq mahnılardır. Boğazdan yuxarı nəyinsə xətrinə oxunan mahnılardır.

Yataq otağında, vannada klip çəkilməz

- Bir müsahibənizdə bu gün çəkilən klipləri sərt tənqid etmisiniz. Sizcə, klip necə olmalıdır?

- Bu gün çəkilən kliplər açıq-saçıqlığına görə baxılır. Klip mahnının izahını verməlidir. Yastığı qucaqlayıb yataq otağında, vannada klip çəkilməz. Bu nədir, nə oyundur, anlaya bilmirəm. İndi də "Əlvida"nı oxuyanda baxıram ki, tamaşaçılar ağlayır. Bu gün mən klip çəkdirə bilmirəm, maddi gücüm çatmır, amma ifalarımın hamısı "Qızıl fond"da saxlanılır və bu mənim üçün yetər.

Bu gün mənə soyuducumun dolu olmağı lazımdır

- Maddi durumunuzla bağlı bir dəyişiklik var?

- Heç bir dəyişiklik yoxdur. Mənə sağlığımda qiymət vermək lazımdır. Məni təqdim edəndə "təkrarsız sənətkar, adı dillər əzbəri olan sənətçi, nəhəng səsli" və sair kimi şanlı–şöhrətli sözlər söyləyirlər. Bunların heç birini istəmirəm. Bu gün mənə soyuducumun dolu olmağı lazımdır. Müalicəmin getməsi üçün maddiyat lazımdır. Mən öləndən sonra haqqımda deyilməsin ki, acından öldü. Dünən ürəyim tutanda həkimlər evimə gəlib, iynə vurub, bir az yaxşılaşmağımı gözlədilər. Gözləri divarlarda, tavanda qalmışdı. Dedilər ki, gözümüzlə görməsəydik, inanmazdıq ki, sizin kimi bir sənətkar belə bir evdə qalır. Biz Yalçın Rzazadənin evinə gedirik deyəndə fikirləşdik ki, indi üç mərtəbəli bir evə gedəcəyik, amma… Vallah utanıram. Mənim balkonumda iki dəqiqə durmaq olmur. Təmirsiz olduğu üçün göydən başımıza nə gəldi düşür. Evimin də divarları uçub-tökülür. Mən villa istəmirəm, sadəcə, rahat bir evdə, təmir düşünmədən ömrümü başa vurmaq istəyirəm. Mən öləndən sonra ailəmin aqibətini düşünürəm. Sənətkar iş düşünməlidir, soyuducusunun içini necə doldurmağı yox.

Dünən bir yubileydə bir dostla danışırdıq. Deyirəm filankəs böyük sənətkardır, qayıdıb nə desə yaxşıdır: "O, böyük sənətkardır, siz nəhəng". Bu günüm üçün bu sözü qazanmışam, amma pul qazanmamışam.

Nə olsun ki, deputatdır...

- Deputat Aydın Mirzəzadə mənə söylədi ki, siz ona zəng edəsiniz. Mən də sizə Aydın Mirzəzadənin nömrəsini verdim. Danışdınızmı?

- Çox sağ olun, vasitəçi oldunuz, danışdıq. Mənə söylədi ki, məktub yaz, yazdım. Bir az keçdi yenidən zəng etdim, amma get-gəldən başqa heç nə qalmadı, heç bir yardım olunmadı. Deməsinlər, söz verməsinlər, mən boyda bir sənətkarı bu boyda aşağı salmağa ixtiyarları yoxdur. Nə olsun ki, deputatdır? Bu gün onun pulu məndən çoxdur, amma mənim mənliyim var, mən insanam, sonra özümdən utanıram. Mən özüm ciddi adamam və hər kəsin də fikrinə ciddi yanaşıram. Kişi eləməyəcəyi sözü deməməlidir. Axı mən ümid edib, gözləyirəm. Bir də ki, toxun acdan nə xəbəri. Türk vətəndaşları Səlim Güvənər, Osman Güvənər, Əlican bəy, Soltan bəy qardaşları mənim öz millətimdən deyil, amma mənə qardaşımdan doğmadırlar, çünki ən pis günümdə onlar yanımdadır. Məni İstanbulda elə qarşılayıb, elə yola salırlar ki, özümü şah kimi hiss edirəm. Mən bu günə kimi kiminsə qapısını döyməmişəm, dilənçilik etməmişəm. Bu gün maddi durumum aşağıdırsa, bu mənim mənliyimin, səviyyəmin aşağı olması deyil. Mən Azərbaycan üçün can qoymuşam, yalandan, boğazdan yuxarı "Azərbaycana canım qurbandır" deməmişəm. Bu torpaqda atam-babam yatır. Mən pulu vətənimdən üstün tutsaydım, mənim üçün xarici ölkələrdə hər bir şərait quran dostlarımın sözünə baxıb, vətənimi tərk edərdim. Bu torpaqda doğmalarımın qəbri var, bu torpaqdan su içib, çörək yemişəm. Ac qalaram, amma mən vətənimə haramzadəlik eləmərəm. Mənə yer edir ki, niyə türk oğulları bunu edir, mənim öz millətimin oğulları gedib pulunu bivec yerlərə xərcləyir, amma öz vətəndaşına bir yardım etmir.

Sağlığımda bir gecəmi keçirsinlər

- Azərbaycan səhnəsinə kişi geymlərinin dəbini sizin gətirdiyiniz söylənilir. Düzdür?

- Bəli, mən Azərbaycana zövq gətirdim, kənd baryerini mən sındırdım, səhnə geyimini mən öyrətdim. Mənim bu gün elə səhnə geyimim, elə ayaqqabım var ki, qiymətindən xəbərsizəm. Hamısını mənə türk qardaşlarım hədiyyə edib. Mən hər bir insan kimi hər qidanı yeyən deyiləm. Tort, xəmir xörəkləri ömrümdə yeməmişəm. Dadını belə bilmirəm. Mənim yeməklərim fərqlidir. Az və təmiz yeyirəm. Eləcə də geyimlərim həmişə eksklüziv olub. Mən Azərbaycan səhnəsinə zövq gətirdim. Belə baxıram ki, ölənlərə yubiley təşkil edib, gecə keçirirlər. Ancaq mənim ən böyük arzumdur ki, sağlığımda bir gecəmi keçirsinlər.

Yalçın Rzazadə - ev alverçisi?..

- Yalçın bəy, Mədəniyyət və Turizm Nazirliyinə məktub yazıb ev istəyəndə oranın işçisi sizi ev alverçisi adlandırmışdı. Bu məsələ nə yerdə qaldı?

- Məktubuma, kömək istəməyimə cavab olaraq bu mesaj gəldi. Mənim ağrıyan ürəyim parça-parça oldu. O məktubu yazmağıma peşman oldum. Bilirsiniz, o qıza zəng edib "bu, nə sözdür, demisiniz, ay xanım?" soruşanda cavabında "mən də eşitmişəm" söylədi. Güya prezident mənə üç ev verib, onları kirayə verib özüm kirayədə qalıram və indi də yeni bir ev istəyirəm. Bəxtəvər başıma, yalansa, doğru olsun. İnsandır da ağzına nə gəlir danışır. Heç məktubuma da bu cavabdan başqa yaxşı bir söz gəlmədi.

Çalışıb-vuruşdum, sonunda ac qaldım

- Bu sənəti seçdiyiniz üçün peşmansınız?

- Sənətkar olduğum üçün çox peşmanam. Əvvələr pul istəməzdim, kiçik bir xoş söz məni xoşbəxt edərdi. Elə xalq sevgisi üçün çalışıb-vuruşdum, amma sonunda ac qaldım. Mənim pulum olsa, ancaq gözəl kostyumlar alaram. Yenə də deyəcəksiniz, xalqın gözünü oxşamaq sizə qalıb? Amma mənim xəmirim belə yoğurulub. Fikirləşirəm ki, prezident təqaüdü almasayadım, mənim aqibətim necə olardı? Yəqin dilənçilik edərdim. Mən sadə, təmiz, təmirli otaq istəyirəm ki, orada yaradıcılığımla məşğul olanda divarı görüb fikirləşməyim ki, bunu necə təmir etdirim. Otağımda kimlərisə dinləmək üçün bir maqnitofon istəyirəm. Arzularım kimin üçünsə gülməli və kiçik görünə bilər, amma mən bunlarla xoşbəxt olmağı bacarıram. Bunlar olmayanda sınıqlıq əmələ gəlir.

Mən pafosla Azərbaycan deyə bilmirəm. Rəhmətlik anamı çox sevirdim, ancaq sevgimi bircə dəfə dilimə gətirmədim. (Ağlayır.) Onun yolunda gözümü qırpmadan canımı verərdim. Sevgimi dildə bildirmirəm, amma canımı verərəm. Baxamayaraq ki, mən çətin vəziyyətdə yaşayıram, ancaq prezident seçkilərində səsimi birinci verdim. Bizi kişi sözlü, kişi əməlli öyrədiblər. Mən canlı tarixəm, qiymətimi bilsələr də, bilməsələr də bu, belədir. Azərbaycan üçün bütün ilklərin imzası mənə məxsusdu. İlk dəfə gitara ilə ifa edən, ilk dəfə səhnəyə zövq gətirən. Sağ olun. Bu qədər bəsdir. Sağlıq olsun, yenə sizinlə görüşək.

Tarix
2013.12.02 / 11:43
Müəllif
Aysel
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla