Yuxarı

Papaya məktub, əsir azərbaycanlı və...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli vaxtın söhbətidir, bizim idarədə bir əməkdaşımız vardı, öz xidməti işindən çox yazı-pozu ilə maraqlanırdı. Hətta baxılan saytların birində mütəmadi olaraq yazıları da çıxırdı. Həmin yazıları hər dəfə bizə də gətirirdi, qələmə hörmət xatirinə bəzən baxıb fikir bildirsəm də, qəzetdə vermirdim. Həmkarımıza sahə qəzeti olduğumuzu, bizim sahəyə aidiyyəti olmayan materialları vermədiyimizi deyirdim. Doğrudur, müəyyən qabiliyyəti, təhkiyəsi, hətta təxəyyülü vardı, pis yazmıdı, amma jurnalist deyildi. Gündəmi tuta, aktuallıqla ayaqlaşa bilmirdi, xoşuna va ağlına nə gəlirdisə, necə istəyirdisə yazırdı. Məsələn, Roma papasına bir məktub yazmışdı, onu Qarabağ problemi məsələsində ermənipərəstlikdə qınamışdı. Dostumuza dedim ki, Roma papası cəmi insanların, hətta bütün xristianların deyil, yalnız katoliklərin “papası”dır. Ermənilərin Qriqoryan kilsəsi də, məlum olduğu kimi, katoliklərə aiddir. Odur ki, burda qeyri-adi bir şey yoxdur - Roma papası da bütün “papa”lar kimi başqalarını deyil, öz “balaları”nı dəstəkləyir. Dostumuz “məktubu”nu götürüb getdi, amma günlərin bir günü böyük bir yazı gətirdi ki, bəs filan rayonda təhqiqat aparmışam, qədim bir qala tapmışam, adını da özüm qoymuşam. Onun ixtisasca tarixçi olduğunu bilirdim, odur ki, yazını aldım, baxdım, hər ehtimala qarşı internetdə kiçik bir araşdırma apardım. Həmin qalanın qədimdən məlum olduğunu, hazırda isə tarixə yox, turizmə xidmət etdiyini aydınlaşdırdım.

Deyirlər, iştaha diş altında olur. Dostumuzun növbəti gəlişində mən buna tam əmin oldum, hətta bir az qorxdum. Qoltuğunda samballı bir qovluq vardı, tünd formanın fonunda ağarırdı. Deyəsən, narahatlığımı hiss etdi, məni çox gözlətmədi, dedi, yəqin bilirsiz, telekanallara dövlət sifarişi var, Azərbaycan dilində teleseriallar çəkirlər. Mən də telekanallarla (dəqiqləşdirmədi, bir neçəsinin adını çəkdi) danışmışam, onların sifarişi ilə senarilər hazırlamışam. Birini sizə gətirmişəm, cəmi yüz səhifədir, istəyirəm baxasız, fikrinizi bildirəsiniz. Qovluğun “sambalı” bir az da artdı, məni bir az da qorxutdu, artıq gözümdə sahibi kimi şişman görünməyə başladı. Nömrənin materialları məni gözləyirdi, kompüterdən mənə əl eləyirdi, bilmirdim onların əlindən hara qaçım, bir yandan da bu qovluq... İstədim, dostumuzu birtəhər yola verim, deyim ki, mən yazı-pozu adamı olsam da, kinosenaridən baş çıxarmıram, ömrümdə bir senari yazmamışam. Bu, ayrıca bir sahədir, mütəxəssisə, senaristə göstərmək, kinorejissorlarla məsləhətləşmək gərəkdir. Sən saydığını say...

Telefonum zəng çaldı, bizim xidmətdən, hörmətli həmkarlardan biri idi. Dedi, filankəsi bizim rəhbərlikdən xahiş ediblər, mənim yanıma göndəriblər ki, bunun ssenarilərinə baxaq, redaktə edək. Bizdə də bədii sahəyə yaxın adam bir sənsən, sən Allah, bax, buna bir kömək elə. Elə bil ki, mənə kömək edirsən... Hiss etdim ki, qara kompüter nömrənin materialları ilə məndən uzaqlaşır, ağ qovluq isə öz ssenariləri ilə yaxınlaşır. Qovluğu açdım, baxdım, burda bir həftəlik iş vardı. Odur ki, qovluqdan xilas olmaq üçün əlimdən gələni etmək, telekanallar, teleseriallar haqqında bildiklərimi, eşitdiklərimi dostumuzla bölüşmək qərarına gəldim...

Deməli, Azərbaycanda teleseriallar məsələsini qaldıran, gündəmə gətirən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev olub. Böyük insan bir dəfə, deyəsən, ANS-in tədbirində dedi ki, siz məgər Rusiya, Türkiyə telekanallarına baxmırsız, bircə dənə əcnəbi dildə bir proqram, film görmüsünüzmü? Zəhmət çəkin, siz də tərcümə edin, Azərbaycan dilində verin. Narahat olmayın, dövlətin dəstəyi, köməyi də olacaq. Beləliklə, telekanallarda dövlət dəstəyi ilə dublyaj prosesi (tərcümə və səsləndirmə) başlandı və seriallar Azərbaycan dilində yayımlandı. Amma burda iki problem üzə çıxdı. Əvvəla, bizim telekanallarda nümayiş olunan seriallar, bir qayda olaraq, Cənubi Amerika (əsasən, Braziliya) mənşəli idi, bizim adət-ənənələrimizə, mənəvi dəyərlərimizə zidd olduğundan, cəmiyyətə yaxşı heç nə vəd etmirdi. Azad məhəbbəti (pozğunluğu) və bogema həyatını (əyyaşlığı) təbliğ edən bu seriallar ailəyə, gənclərin tərbiyəsinə pis təsir edirdi. Bundan başqa, telekanallarda dublyaj sahəsində peşəkar kadrlar (tərcüməçilər və aktyorlar) yox idi və yerli rəhbərlik pul verib qıraqdan peşəkarları dəvət etmək istəmirdi. Rus dilindən mətni tərcüməni bir qayda olaraq, özləri edir, dublyaj prosesini isə telekanalın əməkdaşlarını və aparıcılarını cəlb edirdilər. Beləliklə, ayrılan vəsaitin bir hissəsini təyinatı üzrə xərcləyir, qalanını isə özəlləşdirirdilər. Nəticədə Azərbaycan dilində teleserial yox, onun karikaturası alınırdı. Tamaşaçı da Türkiyə seriallarına (bir qayda olaqaq, dublyaj edilmirli) baxmağa üstünlük verirdi. Beləliklə, dövlət vəsaiti xərclənir, amma heç nə dəyişmirdi.

Odur ki, bu vəziyyəti dəyişmək üçün dövlət səviyyəsində növbəti addım atıldı, faktiki olaraq yeni, möhtəşəm bir layihə həyata keçirildi. Azərbaycan dilində teleseriallar çəkmək üçün telekanallara konkret maliyyə vəsaiti ayrıldı. Amma bəzi telekanallar bu dəfə də verilmiş fürsətdən və ayrılmış vəsaitdən yararlana bilmədilər, yaxud da, istəmədilər. Yenə də serialların istehsalı prosesinə peşəkarlar dəvət edilmirdi, ya da süni görüntü yaratmaq üçün edilirdi. Filmlərin senarisini, bir qayda olaraq, kanal rəhbərləri özləri yazır, aktyor seçimini, hətta rejissorluğunu da özləri edirdi. Hələ yaxşı ki, baş rollara çəkilmirdilər, görüntü yaratmaq üçün az-çox tanınmış aktyorlar dəvət edilirdi. Sair rollar isə yenə də telekanalın əməkdaşlarına və aparıcılarına həvalə edilirdi. Nəticədə, kinoya, tamaşaçıya, ümumilikdə sənətə dəxli olmayan (ad da qoymaq olmur) amorf bir şey alınırdı. Burda apponentlərim etiraz edə, hardan bilirsiz, necə sübut edərsiz, deyə bilərlər. Biz də öz növbəmizdə sual edə bilərik ki, yaxşı, bəs niyə onda bizim bəzi teleseriallar bu qədər mənasız, baxımsız olur?! Tamaşaçılar da bu mənasız seriallara baxmır, əksəriyyəti heç Azərbaycan telekanallarını açmır, yenə də Rusiya, Türkiyə kanallarına üstünlük verirlər.

Mən bütün bu dediklərimi təbii ki, daha kəskin boyalarla bizim ssenari yazan dostumuza çatdırdım. Dedim, yaxşı kinossenari yazmaq üçün əvvəla peşəkar olmaq lazımdır. Amma hazırda yaxşı ssenari yazsan da, qəbul etməyəcəklər, çünki telekanallar ssenarini də özləri yazırlar, serialı da özləri çəkirlər, pulunu da özləri alırlar. Hətta bizim qərəzsiz, tərəfsiz, ədalətli və müstəqil telekanallardan birini və çəkdiyi filmləri (hay-həşirlə təqdimatları keçirilən bu filmlərin indi səs-səmiri gəlmir?!) yada saldım. Yəni bunlar özləri doğub, özləri də göbəyini kəsirlər, bunlara mamaça-zad lazım deyil. Amma mənim bütün bu sözlərim və səylərim dostumuza milçək vızıltısı qədər də təsir etmədi. Partizan kimi dediyini deyib durdu ki, mən telekanallarla danışmışam, teleserial üçün ssenari sifariş ediblər, mən də yazmışam. Siz isə, xahiş edirəm, baxın və fikrinizi deyin. Canımı qurtara bilməyəcəyimi hiss etdim, dinmədim. Yadıma qədim klassiklərdən birinin sözləri düşdü: Müdriklər səhv etmirlər, çünki özgələrinin səhvlərindən öyrənirlər. Ağıllılar bir dəfə səhv edirlər, çünki öz səhvlərindən öyrənirlər. Heç vaxt heç kimdən öyrənməyənlər isə (adını siz qoyun!) həmişə səhv edirlər.

Beləliklə, hörmətli həmkarımızın xahişinə əməl etmək, ilk nəzərdən mənə mənasız görünən ssenarinin üzərində işləmək lazım gəldi. İnsafən pis deyildi, dramatizmi zəif olsa da, ideyası, kompozisiya tamlığı vardı. Bir az publisistikası və qramatikası axsayırdı, arabir süjet xətti qırılırdı, amma ümumən maraqlı idi. Deməli, əsas qəhrəman II Dünya müharibəsində yaralanmış və almanlara əsir düşmüş bir azərbaycanlı həkim idi. Müharibədən sonra Almaniyada qalmış və həkimlik fəaliyyətinə başlamışdı. 50-ci illərin əvvəllərində fürsət yaranır və o, hansısa beynəlxalq nümayəndə heyətinin tərkibində (inandırıcı deyildi!) Almaniyadan SSRİ-yə gələ bilir. Sonra hansısa gizlin bir yolla Moskvadan Bakıya gəlir (yenə də inandırıcı deyildi!) və burda, təxminən, Mirzə Cəlilin “Ölülər”inin taleyi ilə üzləşir. Atası, anası artıq vəfat etmişdi, nişanlısı kiçik qardaşına ərə getmişdi. Kiçik bacısı isə müharibə dövründə itkin düşmüşdü, öldüsü-qaldısı bilinmirdi. Bir sözlə, onu burda axtaran, gözləyən yox idi. Bizim həkim, rus demiş, “ayaqlarını əlinə alır”, Moskvaya, oradan da Almaniyaya qaçır. Nə isə, mən ssenarini oxudum, redaktə etdim və xoş sözlərlə dostumuza verdim. Qəribə adamdır, mənə adi bir qonaqlıq da boyun olmadı. Getdi... Üstündən bir neçə il keçdi... Eşitdiyimə görə, indi də ssenarisi qoltuğunda, televiziya (oxu: özgə) qapılarındadır...

Böyük filosof Marksın orijinal bir deyimi var, deyir, təklif vermədən tənqid etmək simasızlıqdır. Böyük filosofun fikri ilə tamamilə razıyam və öz təklifimi böyük şair Şəhriyarın sözü ilə vermək istəyirəm: Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar. Bəli, yaxşı teleserial çəkmək üçün telekanallar işi iş bilənə tapşırmalıdırlar. Telekanal rəhbərliyi serialın ideyasını verə, ən yaxşı halda ssenarinin fabulasını işləyə bilər. Ssenarini yazmaq isə hətta hər yazıçının da deyil, peşəkar ssenaristin, dramaturqun işidir. Başa düşmək lazımdır ki, filmin ssenarisi əsl dram əsəri olmalıdır, axı, tamaşaçını zalda (və yaxud televiziya qabağında) iki saat saxlamaq lazımdır. Yaxşı ssenarinin hazırlanması isə işin ancaq başlanğıcıdır, sonra peşəkar kinorejissor dəvət olunmalı və ilkin senari ona təqdim olunmalıdır. Rejissor ssenarini bəyəndikdən sonra onun təşəbbüsü ilə əsas rolların aktyorları seçilir (bu proses də ssenari və kinorejissor qədər vacibdir) və məhz bu aktyorların iştirakı ilə ilkin ssenarinin əsasında işçi ssenari hazırlanır... Göründüyü kimi, teleserial çəkmək böyük vəsait tələb edən böyük bir istehsal prosesidir və bu proseslə peşəkarlar məşğul olmalıdır. Bizdə isə bəzən bu prosesdən həvəskarlar pul yumaq üçün istifadə edirlər.

Odur ki, belə “duzsuz” seriallar meydana gəlir...

Tarix
2018.10.20 / 08:45
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Onlar rahat pul qazanır, hazırcavab olurlar...

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Bu gün Vahid Azərbaycan milləti yaranır

Mən arağın daşını necə atdım...

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla