Yuxarı

Güney Azərbaycanda “Bakı antenləri” vardı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Min öfkə, bir eşq" filmi əsir düşmüş böyük bir millətin hekayəsidir

Azərbaycanın güneyində doğulub böyüyən, müəyyən səbəblər üzündən dünyanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalan soydaşlarımız arasında istedadlı rəssam, heykəltaraş, sənətçilər var ki, əslində, onlar həm yaşadıqları ölkədə, həm burda - Qüzey Azərbaycanda diqqətdən kənardadırlar. Bunu nəzərə alaraq zaman-zaman onlardan soraq verəcəyik.

Beləliklə, ilk qonağımız Ankarada yaşayan güneyli soydaşımız rejissor Vahid Azərnəviddir.

- Vahid bəy, yeni film üzərində işi başa çatdırmısınız. Xeyirli olsun. İndi film hansı mərhələdədir?

- Çəkilişlər 20 avqustda başa çatdıqdan sonra filmin montajı başladı. İndi montaj da bitmək üzrədir və Güney Azərbaycandan olan dəyərli bəstəçimiz Məmməd bəy Ənsari səs və musiqi üzərində çalışır.

- Filmin mövzusu haqda nə deyərdiniz?

- Mövzu İranda istihbarat basqılarına uğrayaraq İranı tərk etmək zorunda qalan bir Güney azərbaycanlı musiqiçinin Türkiyəyə gəlməsi ilə bağlıdır. Adı Aydındır və Türkiyə üzərindən İngiltərəyə gedib orada böyük bir musiqi qrupu yaratmaq istəyir. Ankarada qaldığı oteldə çalışan Özlem adlı bir qızla tanış olur və filmin hekayəsi bu şəkildə irəliləyir. Əslində, bu filmin hekayəsi ilk baxışda acı bir eşq kimi görünsə də, çox böyük siyasi mesaj verməkdədir. Bu film Güney Azərbaycan adıyla çəkilmiş olan ilk filmdir.

- Filmdə Güneydən olan aktyorlar iştirak edibmi?

- Oyuncuların bir hissəsi Türkiyə və Azərbaycanda yaşayan Güney Azərbaycan əsilli oyunçulardır. Filmin kişi baş rolunu Mehran İsmayılzadə, qadın baş rolunu Başak Vural oynayıb.

- Türkiydə bu filmi çəkmək sizə çətin olmadı ki? Axı Türkiyədə də Güney məsələsinə o qədər isti yanaşmırlar.

- 6 ilə yaxındır ki, Türkiyədə yaşayıram və burada bir çox film çəkmişəm, ancaq bu günə qədər heç bir rəsmi orqan mənim çəkdiyim filmlərlə ilgili maneçilik törətməyib. Hər kəs Türkiyədə rahatlıqla film çəkimi yapa bilər. Ancaq bunu da qeyd etmək istəyirəm ki, iki il öncə Türkiyə Sinema Genəl Müdirliyinə projemi təqdim etdim və rədd edildi. Bunun Güney Azərbaycanla ilgili olub-olmadığını deyə bilmərəm. Mən öz maddi imkanlarım, Güney Azərbaycanlı bəzi dostlarımın dəstəyi və "Azərbaycan Federasyonu – İsveç"in (AFİ) maddi yardımıyla çəkimlərə başladım. Bir çox çətinliklərimiz oldu, amma onları öz gücümüzə dayanaraq aşdıq. Ayrıca filmimdə Türkiyə iqtidarına qarşı da tənqidlər var.

- Vahid bəy, Güneydə ümumiyyətlə filmlərin çəkilməsi nə yerdədir? Yəni deyə bilərikmi ki, Güneydə kino sənəti var, yoxsa bunu ayrıca olaraq ayırmaq mümkün deyil, elə İran kinosunun tərkib hissəsidir?

- Bu günə qədər Güney Azərbaycan sineması adıyla bir film olmayıb və mənim filmim sinema tarixində bir ilkə imza atmaqdır. Əslində, "Min öfkə, bir eşq" filmi siyasi iradəyə sahib olmayan və əsir düşmüş böyük bir millətin hekayəsidir. Güney Azərbaycanda sinema filmi çəkilmir, ancaq bir çox televiziya filmləri çəkilir və bunların hamısı dövlət siyasəti istiqamətindədir, Güney Azərbaycan toplumsal istəklərini əks etdirmir.

- İran kinosunun son nailiyyətləri nəylə bağlıdır? Qadağalarla dolu cəmiyyətdən etirazın gəlməsi, yoxsa sırf sənətkarlıq işinin uğurudur bu?

- İranın öz məxsusi sinemasının olmasında bir çox şeyin təsiri var, ancaq ən önəmli səbəblərdən biri dövlətin sinema təhsili qonusunda yaptığı yatırımlardır. Hər il bu qonuda büdcə ayrılır və İranın bütün bölgə və rayonlarında İran Gənc Sinemaçılar Dərnəyi tərəfindən sinemaçılar yetişdirilir. İran sinemasının başarısının əsil səbəbi budur. Təbii ki, qadağaların da çox böyük rolu vardır. Bir toplumda qadağa nə qədər çox olsa, sənətçilər də dərdlərini bir o qədər içdən və ürəkdən öz əsərlərində əks etdirə bilərlər.

- Yaradıcı adamdan həm də arzularını soruşurlar...

- Ən böyük arzularımdan biri də Bakı küçələrində, ya da Quzey Azərbaycanın rayonlarında film çəkməkdir, çünki məqsədim Azərbaycan sinemasını dünyaya tanıtmaqdır. Azərbaycana bir bütün olaraq baxıram. Yaxşı yadıma gəlir ki, nənəm farsca bilməzdi və o sadəcə, Quzey Azərbaycan (sovet dönəmi) filmlərini izləyərdi. Ərdəbildə insanlar Bakı televiziyasını izləmək üçün 10-15 metrlik uzun antenlər alardılar və bu antenlərin adı Bakı anteniydi. Sinema və musiqi kimi sənətlər bizim Azərbaycan millətinin bütünlüyünü qoruyan ən önəmli səbəblərdən birisidir. Heç bir güc bölünmüş Azərbaycan insanlarının arasındakı o dərin bağları qopartma gücünə sahib deyil və biz bu bağları öz sənətimizlə daha da gücləndirməliyik…

Tarix
2013.10.18 / 16:52
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla