Yuxarı

İlk türk kosmonavtının vətənindən xəbər var

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marina Karyagina: "Çuvaş xalqı göz görə-görə ruslaşır"

O, milliyətcə Çuvaş türküdür. Rusiya Yazarlar Birliyinin üzvü, Çuvaş Yazarlar Birliyinin sədr müavini, Çuvaşıstan Respublikasının əməkdar incəsənət xadimi, ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatı laureatıdır. 20 kitab müəllifi, onlarla tele-layihənin rəhbəridir. Uzun illərdir ki, televiziyada – Rusiyanın 1-ci kanalının "Çuvaşıstan" Dövlət Teleradio Kompaniyasında çalışır. Yaradıcılğından bəhs edərkən: "Mənim üçün nəsr, dramaturgiya maraqlıdır, lakin həyatımda birinci yerdə poeziya gəlir", - deyir.

- Marina xanım, bu payız günlərində özünüzü necə hiss edirsiz?

- Çox yaxşı. Öz növbəmdə ilk türk kosmonavtı Andriyan Nikolayevin vətənindən - Çuvaşıstan Respubikasından qardaş Azərbaycana böyük salamları çatdırıram.

- İndilər nə işlə məşğulsuz?

- Ssenarist və rejissor kimi sənədli filmlər çəkirəm, Çuvaş torpağının görkəmli şəxsiyyətləri haqqında tele-oçerklər hazırlayıram. Mənim televiziyanın canlı efirində silsilə verilişlərim və səsyazmalarım var. Yetişməkdə olan nəslə daha çox vaxt ayırıram: şablon səslənsə də, uşaqlar bizim və millətin gələcəyidir. Hesab edirəm ki, hazırki qloballaşma dövründə "kiçik xalqlardan" olan hər bir kəs öz dilini və mədəniyyətini qorumaq uçun məsuliyyət daşıyır. Bu məsələyə "Əgər mən etməsəm, kim edəcək?" devizi ilə yanaşmaq lazımdır.

- Çuvaş türkləri Rusiyada yaşayan digər türkdilli xalqlarla müqayisədə azlıq təşkil edir, amma ərazisi çox böyükdür.

- Əminəm ki, kiçik xalqlar olmur, azsaylı xalqlar var və mənim xalqım bütün əsrlərdə yaşamalıdır. Təəssüf ki, siz dediyiniz kimi, çuvaşların sayı getdikcə azalır. 1989-cu ildə aparılan siyahıyaalmanın nəticələrinə görə, Sovetlər İttifaqında təxminən 2 milyon çuvaş var idi. 2002-ci ildə isə çuvaşların sayı 1 milyon 640 min olub. Sonuncu siyahıyaalmanın nəticələri çuvaşların təxminən 200 min də azaldığını göstərdi. Çuvaşıstan Respublikasının özündə isə 880 mindən çox çuvaş yaşayır. Respublikada çuvaş dili rus dili ilə bərabər dövlət dili olsa da, xalq göz görə-görə ruslaşır.

- Çuvaş dilində məktəblərin olması, dərgilərin dərc edilməsi və sair dilin qorunub saxlanmasına xidmət edə bilər.

- Əlbəttə. Deyim ki, paytaxt Çeboksarda və respublikanın bütün şəhər və rayon mərkəzlərində çuvaş dilində qəzetlər çıxır. Çeboksarda çuvaş dilində qəzet və jurnallar yayımlayan "Xıpar" (Xəbər) Nəşriyyat Evi var. "Çuvaşıstan radiosu"nda, "Milli radio"da, "Milli televiziya"da çuvaş dilində verilişlər efirə gedir. Bütün orta ixtisas məktəblərində çuvaş dilində dərslər keçilir, lakin milli məktəblərdə ibtidai siniflər istisna olmaqla, ümumilikdə tədrisin özü rus dilindədəir. Bugünkü vəziyyət çox pis olmasa da, YUNESKO çuvaş dilini yox olmaqda olan dillər qrupuna daxil edib.

- Çuvaşların adı, soyadı da rus adlarıdır…

- Doğru deyirsiz. Bu din ilə bağlıdır. 16-cı əsrin ortalarında çuvaşların Rusiya dövlətinə qoşulması onları xristianlığı qəbul etməyə məcbur edib. Lakin hələ də kəndlərdə (xüsusilə də, Tatarıstanda) qədim inanclar və adət-ənənələr qorunub saxlanılır. Onlar təbiətə sitayiş edirlər. Mənim fikrimcə, mədəniyyət xalqı dindən uzaqlaşdırır. Buna görə də mən əcdadlarımın öyrətdiyi kimi yazıb-yaradıram, yoxsa milli kimliyimizi itirərək digər xalqlar arsında yox ola bilərik.

Mən millətimi çox sevirəm, iki uşağım var, ikisinə də çuvaş adları qoymuşam: Aydar və İlembi.

- Ortaq türk dili yaransa, bəlkə də türkdilli xalqlar daha da doğmalaşar…

- Türk millətləri zaman keçdikcə bir-birinə yaxınlaşmaqdadır. Yeri gəlmişkən, çuvaş dili ən qədim türk dilidir, çünki bütün dilçi-türkoloqlar onunla maraqlanırlar və Türk Dünyasının gizlin sirləri ilə bağlı çoxlu suallara cavab tapırlar.

- Bəs yaradıcılığınızda hansı dilə üstünlük verirsiz? Rus, yoxsa Çuvaş?

- Mən əsasən çuvaşca yazıram. Rus dilində də şeir və poemalarım var. Hələ ki, rus dilində bir kitabım işıq üzü görüb. Bu poema-palindromdur. Burada hər sətir sağdan sola və soldan sağa eyni cür oxunmaqla yanaşı, əsərin fəlsəfi mənası inkişaf edir. Məsələn, "Дорога за Город", "На реке ран", "Нутро фортун"… (bu adlar əvvəldən axıra və axırdan əvvələ eyni cür səslənir – F.B) Bu formada yazılan şeirləri və poemaları mən çuvaş dilində də yazmışam. Dilin qəribə plastikası var və tarixin gizli qatları poeziya, xüsusilə də palindrom vasitəsilə aşkar olunur! Bu kitabı mən 2009-cu ildə bir azərbaycanlı şairə bağışladım. O zaman mən Bakıda Türk Dünyası Şeir Şölənində iştirak edirdim.

Tarix
2013.10.03 / 12:04
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla