Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Andrey Platonovdan ağrılı savaş hekayəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həlak olanların mükafatlandırılması

Ana öz evinə dönmüşdü. O, almanlardan qaçmışdı, amma doğma yerlərdən uzaqda çox qala bilməmişdi və evinə dönməyi qərara almışdı.

O, iki dəfə alman istehkamlarının yanından keçib getdi, cəbhə burda hamar deyildi, qadınsa yaxın və düz yolla gedirdi. Onun qorsuxu yoxuydu və heç kəsdən çəkinmirdi, düşmənlər də ona toxunmadılar. İndi dünyada nələrin baş verdiyi onun vecinə deyildi, indi heç nə onu həyəcanlandıra bilməzdi, çünki faciəsi əbədiydi – ana bütün övladlarını itirmişdi. İndi o, ətrafında hər şeyə etinasızdı, elə bil qurumuş bir çöpüydü, rüzgar qabağına qatıb aparırdı. Qadına çox çətiniydi, çünki hər kəsin onunçün, əslində elə özünün də hər kəs üçün necə yararsız olduğunu hiss edirdi. İnsanın həyatdan köç etməsinə bu da yetərlidi. Amma o ölmədi; ona həyatı boyu yaşadığı evi və övladlarının həlak olduğu yeri görmək lazımıydı.

Yolda almanlarla rastlaşdı, amma onlar qoca qarıya dəymədilər; bu iztirab tuluğu onları belə təəccübləndirmişdi, faşistlər qarının üzündəki ifadədən dəhşətə gəlib bu canlı ölünü taleyin ixtiyarına buraxmışdılar. Həyatda bəzən üzünə bu qədər etinasızlıq ifadəsi hopmuş insanlara rast gəlmək olur, belələri düşməni nədi, heyvanı belə qorxudar və onlara heç kəs yaxınlaşmağa cürət eləməz. Heyvan və insan özünə oxşarlarla rahatlıqla döyüşür, yadlarısa qorxduğundan və naməlum qüvvə tərəfindən yeniləcəyindən çəkinərək kənarda saxlamağa üstünlük verir.

Beləcə, ana müharibənin kənarından keçərək evə döndü. Amma indi doğma yerlər boşalmışdı. Gillə sürtülmüş, sarı rəngə boyanmış, fikrə dalmış insanı xatırladan kərpic soba borusu olan balaca ev çoxdan yandırılmış, külün yerində təzə-təzə ot cücərməyə başlamışdı. Qonşu evlər də eyni taleni bölüşmüşdülər, şəhər sanki ölü yuxuya getmişdi. Bir azdan nə vaxtsa insan həyatıyla qaynayan bu yerləri tamamilə ot basacaq və onda insandan iz belə qalmayacaqdı. Gələcək nəsillər onun yer üzündəki məşəqqətli mövcudluğundan xəbərsiz olacaqdı. Son düşüncələri ananın ürəyini sıxılmağa məcbur elədi. Amma onun ürəyi mehribandı və həlak olanlara olan sevgisi onu ölənlərin əvəzinə yaşamağa çağırdı.

O, yerə çöküb əlləriylə evinin külünü eşməyə başladı. Qarı tezliklə öləcəyini bilirdi, amma ruhu bu qismətlə razılaşmırdı, çünki əgər ölərsə, ürəyi döyünməzsə, balalarını kim xatırlayacaq, onlara olan sevgini kim qoruyub saxlayacaqdı?

Ana bu sualın cavabını bilmirdi və ona yalnız düşünmək qalırdı. Bir azdan qonşusu Yevdokiya Petrovna yaxınlaşdı. Əvvəllər xoşagəlimli və dolu bədənli qadın indi gücdən düşmüş və qarşısındakı qarı kimi etinasız olmuşdu. O da iki azyaşlı övladını bormardmanda itirmişldi, ərisə itkin düşmüşdü. O da övladlarının xatirəsini yaşatmaq və həyatını doğma yerlərdə başa vurmaq üçün bura qayıtmışdı.

- Salam, Mariya Vasilyevna, - Yevdokiya Petrovna dilləndi.

- Dunya, bu sənsən? – Mariya Vasilyevna söylədi. – Gəl yanımda otur, söhbətləşək. Başımın bitini təmizlə, çoxdandı yuyunmuram.

Dunya itaətkarcasına çömbəlib oturdu: Mariya Vasilyevna başını onun dizlərinin üstünə qoydu və qonşusu onun başında bit axtarmağa başladı. Bu məşğuliyyət hər ikisinə sakitlik gətirdi; biri cidd-cəhdlə işləyir, digəri ona sığınaraq doğma adamın isitiliyində mürgü vururdu.

- Səninkilərin də hamısı öldü? – Mariya Vasilyevna soruşdu.

- Hə! – Dunya cavab verdi. – Bəs səninkilər?

- Hamısı, - Mariya Vasilyevna dedi.

- İndi heç kəsimiz yoxdu, - Dunya sanki müsibətində tək olmamasından ümidlənmiş kimi söylədi.

- Mənim müsibətim səninkindən bir az çox olar: axı elə əvvəlindən dul idim, – Mariya Vasilyevna dedi. – Oğlanlarımın ikisi də bu qəsəbədə canlarını tapşırıb. Almanlar Petropavlovkadan Mitrofanyev yoluna çıxanda onlar işçi batalyonuna girmişdilər. Qızımsa məni buralardan uzaqlaşdırmışdı. O məni sevirdi, axı qızımdı, sonra məndən uzaqlaşdı, başqalarını sevdi, hamını sevdi. Bir nəfərə yazığı gəldi – o, mehriban qızıydı, o mənim qızımdı, - biçarə ona tərəf əyildi, yerdə uzanan yaralıydı, hələ sağıydı, elə həmin an qızımı da öldürdülər, yuxarıdan təyyarəylə vurdular. Mənsə qayıtdım! İndi mən neyləyim?! İndi heç nə vecimə deyil! Özüm elə ölü kimiyəm!

- Ölü kimi yaşamaqdan savayı çarən var ki?! Elə mən özüm də belə yaşayıram,- Dunya söylədi. – Məninmkilər torpağın altında yatırlar, elə səninkilər kimi. Heç olmasa səninkilərn harda yatdığını bilirəm, - hamısını ora sürüyüb apardılar. Sonra da basdırdılar, öz gözlərimlə gördüm. Əvvəlcə qətlə yetirdiklərini saydılar. Siyahı tutdular, özlərininkini ayrı qoydular, bizimkilərisə bir kənara tulladılar. Sonra bizimkilərin hamısını soyundurdular, ciblərindən çıxanların siyahısını ayrıca tutdular. Sonundasa it cəsədi kimi sürüyüb basdırdılar.

- Heç olmasa qəbir qazdılar? – Marira Vasilyevna həyəcanla dilləndi. – Dərin qazdılar? Axı çılpaq basdırıblar, heç olmasa dərin qəbirdə üşüməzlər!

- Əşşi, dərin qazan kimiydi?! – Dunya mızıldandı. – Üzdən bir çala qazıb hamısını ora tökdülər, bəzisinə heç yer də çatmadı. Onda tankla torpağın üstündən keçdilər, meyitləri əzdilər, yer düzəltdilər, yerdə qalanları da belə basdırdılar. Beləcə, qazmağa vaxt itirmədilər, güclərini qorudular. Sonra üstündən azacıq torpaq tökdülər. İndi meyitlər orda üşüyürlər; hərçənd meyitlər buna dözərlər – hamısı soyuqda çılpaq uzanıblar.

- Mənimkiləri də tankla əzdilər, yoxsa üstdən bütöv qoydular? – Mariya Vasilyevna soruşdu.

- Səninkiləri? – Dunya azacıq fikrə getdi. – Onu görəmmədim. Orda, yolun kənarında uzanıblar. Getsən, görərsən. Budaqdan xaç düzəldib torpağa basdırmışam. Amma nə xeyri: əvvəl-axır yıxılacaq, bir də ki istəyirsən, lap dəmirdən düzəlt, adamlar ölüləri tez unudurlar.

Mariya Vasilyevna Dunyanın dizlərindən qalxdı. Bu dəfə onun başını özünə tərəf çəkdi və saçlarını arıtlamağa başladı. Bu işdən bir az yüngülləşdi: əl işi dərd çəkən qəlbin ağrısını götürür.

Sonra günəş qüruba enəndə Mariya Vasilyevna ayağa qalxdı; o, qoca qadınıydı, yorulmuşdu; Dunyayla sağollaşıb alatoranın qaranlığında gözdən itdi.

O, şəhərə bitişik qəsəbəyə çıxdı. Əvvəllər bu taxta evlərdə bağbanlar və bostançılar yaşayardılar. Onlar torpaqdan götürdükləri məhsulla dolanardılar. İndi burda heç kəs qalmamışdı. Sakinlər ya ölmüş, ya da əsir düşmüşdülər.

Qəsəbədən Mitrofanyev yoluna düzənlik uzanırdı. Əvvəllər yolun kənarlarında ağ söyüdlər bitərdi, indi müharibə hamısını kötüyünəcən gəmirmişdi. İndi bu adamsız yol darıxdırıcıydı, sanki dünyanın axırı lap yaxınlıqdaydı.

Mariya Vasilyevna amansız rüzgara güclə tab gətirən miskin budaqlardan düzəldilmiş xaç olan yerə gəldi. Ana bu xaçın yanında oturdu; onun altında özgələrinin əlində alçaldılaraq ölüyə çevrilmiş övladları çılpaq uzanmışdı.

Bir azdan axşam zülmət qaranlıqla əvəzləndi. Göy üzündə sanki axır ki, göz yaşlarını qurutmuş, indi mehriban baxışlarını qaranlıq torpağa dikmiş payız ulduzları doğdu. Bu baxışlar dəlicəsinə bağlandığı torpaqdan ayrıla bilmirdi...

- Əgər sağ olsaydılar, - ana altında oğlanlarının yatdığı torpağa pıçıldadı,- sağ olsaydılar, nə qədər iş görərdilər! İndisə, indisə ölmüsünüz, - bəs yaşamadığınz həyatı əvəzinizdən kim yaşayacaq?.. Matveyin nə yaşı vardı ki? Cəmi iyirmi üç, Vasilinin də iyirmi səkkiz. Qızımınsa on səkkiz, indi qalsaydı on doqquz olardı, elə dünən ad günüydü. Nə qədər can qoydum sizlərə, belə çıxır azıymış, əgər ölmüsünüzsə, əgər övladlarımı qoruya bilməmişəmsə, deməli, az can qoymuşam. Onlar olsa-olsa övladlarımıydı, özləri yaşamağı xahiş etməmişdilər. Onları doğan məniydim – heç firkiləşmədən doğdum. Dedim, qoy yaşasınlar. Amma sən demə, yer üzündə hələ yaşamaq olmazmış, buralar uşaqlar üçün hələ hazır deyilmiş: yalnız hazırladıq, amma öhdəsindən gələmmədik!.. Onlara burda yaşamaq olmazdı, başqa yersə yoxuydu, - bəs onları doğan bizlər neyləyək? Axı başqa çarəmiz yoxuydu. Tək yaşamağın nə mənası var ki?! O, əlləriylə torpağı sığallayıb, üzünü ora dirədi. Torpaq sakitiydi. Ordan heç bir səs gəlmirdi.

- Yatırlar, - ana pıçıldadı, - heç kəs tərpənməyəcək, - yəqin ölmək çətiniymiş, yəqin əldən düşüblər. Qoy yatsınlar, mən gözləyərəm – mən övladlarımsız yaşaya bilmərəm, mən ölülərsiz yaşamaq istəmirəm. Mariya Vasilyevna üzünü torpaqdan çəkdi; elə bil onu qızı Nataşa çağırdı; o, bircə kəlmə söyləmədən anasını çağırdı, sanki gücü çatan qədər zəif bir ah çəkdi. Ana ətrafa boylandı. Qızının hardan çağırdığını öyrənmək istədi – sakit taladan, yerin dibindən, ya göyün ənginliyindən, o parlaq ulduzdan. İndi onun həlak olan qızı hardadı? Ya da o indi heç yerdə yoxdu, ana, sadəcə, qəlbinin dərinliyindəki xatirələrin səsinə uydu.

Mariya Vasilyevna yenidən qulaq kəsildi və yenə dünyanın sakitliyindən qızının dinməzliyi xatırladan səsini eşitdi. Əvəzində bu səsdə ümid və sevinc varıydı. Bu səs indiyəcən həyata keçməyənlərin olacağını, ölülərin diriləcəyini və ayrı düşənlərin bir-birinə qovuşaraq, bir daha ayrılmayacaqlarını söyləyirdi.

Ana qızının səsində sevinc hiss elədi və qızının canlılardan kömək gözlədiyini, daha ölü olmaq istəmədiyini analdı.

"Qızım, axı sənə necə kömək edə bilərəm? Özüm güclə yaşayıram, - Mariya Vasilyevna söylədi; o, sakit və anlaşıqlı danışırdı, sanki evdə oturub xoşbəxt həyat tərzi sürən övladlarına müraciət edirdi. – Qızım, səni təkbaşıma ayağa qaldıra bilmərəm; əgər bütün xalqlar səni sevsəydi və yer üzündəki bütün pislikləri aradan qaldırsaydı, onda bütün ölüləri həyata qaytarmaq mümkün olardı: axı ölümün özü elə ən böyük pislikdi!.. Amma mən təkbaşıma nə edə bilərəm ki? Bircə özüm müsibətdən ölə bilərəm, bax onda sənə qovuşaram!" Ana uzun müddət ümid verdi. Sanki Nataşa və iki oğlu diqqətlə ona qulaq asırdılar. Sonra qəbirlərin üstündəcə yuxuya getdi.

Uzaqdan top atəşlərinin səsi gəldi; orda döyüş başladı. Mariya Vasilyevna oyandı və atəş səsləri gələn tərəfə boylandı. "Bunlar bizimkilərdi, - o özünü inandırdı. – Qoy tez gəlsinlər, qoy yenidən sovet hakimiyyəti olsun, bu hakimiyyət xalqı sevir, zəhməti sevir, o, insanlara hər şey öyrədir, onların qayğısına qalır; bəlkə əsrlər keçəcək və xalq ölüləri diriltməyi bacaracaq, bax onda ananın yetim qalmış ürəyi yeniədn sevinəcək".

Mariya Vasilyevna düşündüklərinə inanmaq istəyirdi, axı ağrıyan köksünü necəsə ovutmalıydı. O, göydə uçan təyyarələr görmüşdü, bunları da icad eləmək çətin olmuşdu. Əgər yer üzündəki insanların ağlı doğduğu övladlarını basdıran və hicranın odunda alışıb-yanan anaların ehtiyacına köklənsəydi, ölənlərin hamısını həyata qaytarmaq olardı.

O, səslərini birdəfəlik kəsmiş oğullarına yaxın olmaq üçün yenidən torpağa çökdü. Bu sükut onları qətlə yetirmiş qəddar dünyanın tənbehi və hələ də uşaq bədənlərinin iyini və canlı gözlərinin rəngini xatırlayan ananın niskiliydi.

Günorta rus tankları Mitrofanyev yoluna çıxdı və qəsəbənin yanında dayandı. Əsgərlərdən biri tankdan düşüb yerdə gəzişməyə başladı. Bu əsgər cavan deyildi və otların necə cücərdiyini, kəpənəklərin necə uçuşduğunu seyr etməyi sevirdi.

O, iki budaqdan bağlanmış xaçın yanında üzü üstə yerə uzanmış bir qarı gördü. Əsgər aşağı əyilib qadının nəfəsinə qulaq asdı, sonra bədənini bu tərəfə çevirib qulaqlarını ürəyinə yaxınlaşdırdı. "Dayanıb, daha döyünmür", - əsgər tezliklə anladı və mərhumun üzünü ayağına dolamaq üçün yanında ehtiyat kimi gəzdirdiyi parçayla örtdü.

- Yaşamağa gücü qalmayıbmış: aclıq axırına çıxıbmış – bir dəridi, bir sümük.

- Hələ yaşa, - əsgər sağollaşarkən söylədi. – Kimin anası olduğunu bilmirəm, amma mən də sənsiz yetim qaldım.

O, özgənin anasının ayrılıq həsrətini çəkərək, orada bir az da dayandı.

- İndi sənə qaranlıqdır, bizdən də uzaq düşübsən. Nə etmək olar ki! İndi qəm çəkmək vaxtı deyil. Əvvəlcə düşməni diz üstə çökdürmək lazımdı. Sonrasa bütün dünya ağıllanmalıdı, yoxsa olmaz, yoxsa əməyimiz hədər gedər!..

Əsgər tanka qayıtdı. O, ölülərsiz yaşamağın darıxdırıcı olduğunu düşündü. Amma onu da anladı ki, indi yaşamaq qat-qat zəruridi. İndi yalnız həyatın düşmənlərini sonacan yox eləməklə kifayətlənməməli, həm də qələbədən sonra ölülərin bizlərə sakitcə vəsiyyət elədikləri o ali həyatla yaşamağı bacarmalıyıq. Və o zaman onların yer üzündəki bütün ümidlərini doğrultmalıyıq. Ölülər canlılardan savayı heç kəsə etibar edə bilməzlər, - və biz elə yaşamalıyıq ki, xalqımızın xoşbəxt taleyi sələflərimizin ölümünə haqq qazandıra bilsin və beləcə, onların ölümü mükafatlandırılsın.

Çevirdi: Kifayət Haqverdiyeva

Tarix
2014.01.02 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rozanın imtina etdiyi maşınla bağlı Muraddan yeni xəbər

"Nobel" mükafatları sahiblərinə verildi - Mərasim

Məşhur tarixçi: Bu hadisə insanlığın düzənini dəyişdi

Heydər Əliyev paylaşdı: Putinlə birgə... - Foto

"Ögey ana" filminə abidə qoyuldu - Video

Nazir Ceyhun Hacıbəylinin varisləri ilə görüşdü - Foto

“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video

Bakıda əlinə qılınc alan ərəblər görün nələr etdi - Video

Anar Nəcəfli müğənnilərin toy qiymətlərindən danışdı - Video

Şvartseneggerdən Trampa sərt sözlər: Dəli prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla