Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


“Babam İsi Məlikzadənin səhvini düzəltdi”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onun böyük ürəyi", "Bir qalanın sirri" filmləri ilə Azərbaycan kinosuna öz möhürünü vuran aktyor Gündüz Abbasov həm də yazıçı, tərcüməçi və rəssam olub. Çoxşaxəli yaradıcılığına baxmayaraq, "Elşən" kimi tanınan məşhur aktyor sovet dövründə nə fəxri ad alıb, nə də təltif olunub. İllər keçsə də, bir şey dəyişməyəcək – Elşən bizim uşaqlığımızın qalasının sirri və sehri olaraq qalacaq.

Axar.az mərhum aktyor Gündüz Abbasovun nəvəsi Rüzgar Mövsümlə müsahibəni təqdim edir:

Qanqal olub gözə girmə...

– Gündüz Abbasov Azərbaycan mədəniyyəti üçün böyük adamdır. Ona diqqətin az olmasının səbəbi nə ola bilərdi? Fəxri ad almayıb, təltif olunmayıb. Niyəsini bilirsiniz?

– Babam, ümumiyyətlə, çox təmənnasız və öz xeyirini güdməyən adam idi. Azərbaycan incəsənəti, jurnalistikası və bir çox başqa sahələr üçün misilsiz xidmətləri olub və heç vaxt qarşılığını gözləməyib. O, gördüyü işlərdən böyük zövq alırdı. Həmişə deyərdi ki, qanqal olub gözə girmə, bənövşə ol, axtarsınlar. Gündüz Abbasov heç vaxt fəxri ad, təltif üçün yaşamayıb. Babam Azərbaycan kinosunun ilk nağıl cəngavəri idi – bu ad ona kifayət edirdi. O biri rolları olmasaydı belə, təkcə bu ad onun böyük aktyorluq istedadının isbatı idi.

– Ölümündən sonra sağlığındakından fərqli münasibət oldu, yoxsa elə yalnız orta və yaşlı nəslin nümayəndələri onu filmlərindəki rolları ilə xatırladılar?

– Qeyd etdiyim kimi, babam Azərbaycan kinosunun ilk nağıl cəngavəri, ilk nağıl filminin qəhrəmanı idi və onu böyükdən-kiçiyə hamı xatırlayır. Hətta hərdən bəziləri filmin adını unudanda "Həə, Elşən olan kino?" – deyirlər. Əlbəttə, babam hərdən yada düşmür, amma bu artıq tam başqa bir mövzudur. Həm kanallar dəyişib, həm də adamlar.

Rəhmətlik özü bu filmə baxa bilmədi

– Elşən rolunu onun yaradıcılığının zirvəsi hesab etmək olar?

– "Bir qalanın sirri" filmi 1965-ci ildə çəkilib, babama ən çox şöhrət gətirən film, əlbəttə ki, bu sayılmalıdır. Bu film Azərbaycanın ilk nağıl filmi olmaqla yanaşı, həm də ilk rəngli kinomuzdur.

– Sonuncu çəkildiyi film "Yuxu" filmi olub...

– Bəli, sonuncu filmi "Yuxu" idi. Rəhmətlik özü bu filmə baxa bilmədi, ömrü yetmədi. O filmdə babam Hidayət kişi rolunu oynayıb. Babamın ilk rolu isə Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədova həsr olunmuş, senari müəllifi ulu babam Şəmsəddin Abbasov olan, 1942-ci ildə lentə alınmış "Sovet pəhləvanı" filmidir. Bu kinoda babam balaca çoban rolunu ifa edib.

– Babanız təkcə kino aktyoru deyil, eyni zamanda yazıçı, tərcüməçi və rəssam olub. Onun yaddaşlardan silinməməsi, tarixi bir şəxsiyyət kimi qalması üçün hansı işlər görülüb?

– Babamla bağlı çox məqalə var. Onun sənəti ilə, istedadı ilə hamımız fəxr edirik və onun yolunu davam etməyə çalışırıq. Gündüz Abbasovun nəvələrindən olan dayım oğlu Şəmsəddin Abbasov peşəkar jurnalistdir, uzun illərdir televiziya kanallarında müxtəlif layihələrdə çalışır, xalam oğlu Mehrəli Bədirov bir neçə filmdə özünü sınayıb və qısa zamanda uğur qazanıb, mən Rüzgar Mövsüm təxəllüsüylə bir çox sayt və qəzetdə məqalələr və hekayələr yazıram, hazırda ilk romanımın üzərində çalışıram. Yəni bacardıqca babam haqda insanları məlumatlandırmağa çalışırıq.

Bəlkə də, bunu çoxları bilmir...

– Ümumiyyətlə, Gündüz Abbasov haqqında monoqrafik tədqiqat, avtobioqrafik yazılar və s. yazılıbmı?

– İncəsənət Universitetinin "Sənətşünaslıq (kinoşünaslıq)" fakültəsində Aydın Kazımzadənin "Kino tarixi" dərsliyində babamın yaradıcılığıyla bağlı geniş məlumat var.

– Babanız niyə bu gün yazıçı kimi xatırlanmır? Güclü əsərlər ortaya qoymamağından irəli gələ bilər, yoxsa bunu da bizdə kitabın oxunmamağı və oxucuların sənətkara olan diqqətsizliyi ilə əlaqələndirirsiniz?

– Gündüz Abbasov 50-60-cı illərdə bir çox kitabın rəssamı idi. Həmçinin 3 kitab müəllifidir. Bunlardan biri o dövrə səs sala bilmiş "Papasının qızı" kitabı idi. İkinci kitabı satirik-yumoristik hekayələrinin toplusu olan "Canlı körpü", üçüncüsü isə dostu, rəssam Səttar Bəhlulzadəyə həsr olunmuş "Qanadlar" kitabı idi. Sonuncu kitab da hekayələr toplusu idi və elə "Qanadlar" hekayəsi də dahi rəssamımızdan bəhs edirdi. Kitabın üstündəki ağ saçlı rəssamı da özü çəkmişdi. Babam bütün kitablarının rəssamlığını özü edirdi. Gündüz Abbasov 50-ci illərin ikinci yarısında Azərbaycan Dövlət Radiosunda "Gənclik" redaksiyasının baş redaktoru olub. Efirə gedən verilişlərin senarisini özü yazırdı. Bizə gəlib çatmış 20-yə yaxın əsər tərcüməsi var, onlardan sonuncusu Kristina Nöstlingerin "Lollipop" povestidir. Bundan başqa, babamın Azərbaycan kinosunda 28 rolu var. "Mozalan"da da 20-dən çox rolu canlandırıb. Qəzet və jurnallarda, dövlət radio və televiziyasında 100-dən çox reportaja imza atıb. Bəlkə də bunu çoxları bilmir, senari müəllifi İsi Məlikzadə olan "Güllələnmə təxirə salınır" filminin senarisini də babam redaktə edib, daha doğrusu, senarini bakılılaşdırıb. Onun bir nüsxəsi – babam işlədiyi variantı bizdə idi. Senaridə bakılı şivələrindən, söhbətlərindən əsər-əlamət yox idi, Gündüz Abbasov senarini düzəldərək ona rəng qatdı. Adını də dəyişmişdi: "Güllələnmə ləğv olunur", çünki əsərin sonunda Xan ölür və güllələnmə təxirə salına bilməzdi, güllələnmə məhz elə ləğv olunmalıydı.

– O, rəhmətə gedəndə 10 yaşınız var idi, necə xatırlayırsınız?

– Son vaxtlar uzun ağ saqqalı var idi. Qucağında oturub saqqalıyla oynayardım. Lap balaca olanda elə bilirdim, babam şaxta babadır. Çünki saç-saqqalı uzun və ağ idi.

Sözün düzü, babamdan heç doymadım. O vaxt uşaq idim, böyük olsaydım, çoxlu söhbət edərdim onunla.

Tarix
2015.07.08 / 08:00
Müəllif
Nigar An
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ mediasında Qobustanla bağlı məqalə yayıldı - Foto

Moskvada Nəsimi ilə bağlı konfrans - Foto

Əvvəl almanlara, sonra isə ruslara qarşı döyüşən şərurlu...

Bu gün Məhəmməd peyğəmbərin mövlud günüdür

“Maşa və Ayı” Putinin təbliğat silahıdır – Tayms

Azərbaycana səfər etmək arzusundayam - Mer

Nobeli son anda itirən azərbaycanlı: dünyanın 12-ci dahisi...

Bakını talayan generalın üzrxahlığı - Vilayət Quliyev yazdı

Sən kimsən ki, içib, Şeyxə qarşı... – Deputatdan keçmiş rektora

Dünyanın ən böyük "startap" yarışması ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla