Ana səhifə Kult |
Axar.az yazıçı Kamal Abdullanın yeni hekayəsini təqdim edir:
Edam vaxtına nə az, nə çox, düz iki gün, dörd saat,
iyirmi beş dəqiqə qalırdı.
Onu artıq təkadamlıq kameraya keçirmişdilər. Yerində uzanıb
gözlərini rəngsiz tavana zillədi. Əllərini başının arxasında
daraqladı. Beləcə sabahdan axşama qədər uzanmaqdan başqa heç nə edə
bilmirdi. Bu hal onun ən sevimli halı idi. Yenə də saniyələri ölçüb
daha dəqiq vaxtı müəyyənləşdirməyə ərindi və düşündü ki, hətta bunu
etsəm belə, tam dəqiq rəqəmi heç zaman tuta bilməyəcəm, çünki
saatları, hətta dəqiqələri fikrində, beyninin içində "həbsxana"ya
salıb saxlaya bilərsən, amma saniyələr necə və hardan aradan
çıxırsa, sürüşüb çıxır və dəqiqlik heç cür alınmır.
İki gün, dörd saat, iyirmi dörd dəqiqə qaldı…
Əzab çəkib həmin o müdhiş anı xatırlamaq, o anı, dəqiqələri,
saatları bütün nanə-cövhəri ilə yenidən yaşamaq özünün özündən
intiqam almasının yeganə yolu idi. Artıq beş aydan çox idi ki,
təkadamlığa keçirilmişdi. Bu cür saatları, dəqiqələri hesablamağa o
özü özünü məcbur eləmişdi. Ya xatirələrin ağuşuna girmək, ya da
zamanın. Düşünürdü ki, başqa cür o, dəli ola bilər. Gözünün
qabağına cin-şəyatin gəlirdi. Cin-şəyatinlərin əlində yekə-yekə
bıçaqlar var idi. Və o bıçaqlar kimlərinsə, günahsız qurbanların
kürəyinə saplanırdı. Qurbanlar cavan, yaşlı kişilər, qadınlar,
körpələr, hətta südəmərlər olurdu.
İnanılası olmaya bilər, amma o, edam gününün tez gəlməsini
arzulayırdı. Doğrudur, öz-özünə bunu etiraf edə bilmirdi: qorxurdu
ki, burada keçirdiyi bir-birinin eyni olan ekiz günlərin birində
hakimlərinin dediyinə o da inansın. Şükufəni öldürdüyünü boynuna
alsın. Özü öz hakiminə çevrilsin.
Necə dolduracaqdı bu təklik içindəki ekiz günlərini?! Kitab oxuya
bilmirdi, çünki fikrini bu müdhiş hadisədən başqa heç nəyə
yönləndirməyə heyi gəlmirdi. Yazı yaza bilmirdi, nə yazacaqdı ki?!
Başqa nə qalırdı?! Bircə dəqiqələri izləmək, kiçik və böyük
əqrəblərin hərəkətinə göz qoymaq… Fikri tez-tez onu Sünbüllü gölün
ətrafına aparırdı. Yenə həmən qayıq, yenə hönkürtü ilə ağlayıb onu
haldan çıxaran Şükufə, yenə Şükufənin kürəyinə saplanmış bıçağın
iri dəstəyi… Şövqi indi də Şükufənin hönkürtüsünü kamerada eşitməyə
başlamışdı, hətta indi burda da ona əsəbiləşməkdən özünü güclə
saxlaya bilirdi.
Həbsxanadakı qayda-qanunla ona saat (nə qol saatı, nə də otaq
saatı) saxlamaq olmazdı. Əvvəl dil uzadıb xahiş eləmişdi, sonra
hətta yalvarmışdı, bunlar bir nəticə verməmişdi. Daha sonra
nəzarətçi bığ Həşimə rüşvət vermişdi. Ağzının alt cərgədəki qızıl
dişini laxlatmış, diş heç cür yerindən tərpənmək istəməyəndən sonra
dişi sapa ilişdirib olmazın zülmlə birtəhər çıxarıb dibindəki
laxtalı qanıyla bir yerdə Həşimə vermişdi. Əvəzində Şövqi yaşayan
evə gedib atasının yadigarı olan köhnə qol saatını bığ Həşim ev
sahibəsindən alıb gətirmişdi.
- Mən hələ heç kəsə bir belə yalvarmamışdım. Bu nə axmaq arvadmış
sənin ev sahibən. Ev tapmadın qalmağa bu boyda şəhərdə?.. — Bığ
Həşim saatı ona təhvil verərkən Balaxanım arvada (məhlə adı at
Balaxanım idi) ilan dili çıxarmağını yadına salıb rəngi allandı.
Şövqi isə bu zaman nədənsə kövrəldi:
- Baxma tərsliyinə, ürəyi yumşaqdı. Neçə dəfə qutab bişirib yanıma
gəlib… — Yadına Balaxanımın ətli əndamı, şirin dili, süzgün
baxışları düşdü və acı bir təbəssüm Şövqinin dodaqlarına qondu.
Məhlələrini, balaca həyətlərini xatırladı. Düşündü: "Onun xoşuna
gəlməmisən. Yoxsa səni elə-belə buraxmazdı…"
Təxminən, bir həftə əvvəl Şövqi həyatında çox vacib bir qərar
verdi. Artıq bütün gücünü, əslində, əzabını və məşəqqətini bir yerə
toplayıb inandı ki, daha doğrusu, özünü inandırdı ki, bu ağır,
ağlasığmaz cinayəti heç bir başqa adam yox, məhz o, Şövqi törədib.
Nə hakimlər, nə, prokurorlar, nə də həbsxana nəzarətçiləri burda
olduğu dörd il altı ay, on iki gün ərzində onu buna zərrə qədər də
olsun inandıra bilməmişdilər. Nəhayət, o özü özünü inandırmışdı.
Düşünmüşdü ki, belə olsa, cəzanı daha rahat qarşılaya bilər. Nə
qədər zülm çəkdi bu illər ərzində, İlahi. Diddi, yedi içini, tökdü
mənəviyyatını çölə, əlacı olsaydı, neçə dəfə qanına qəltan edərdi
özünü. Edam onu heç maraqlandırmırdı. Hakim qərarını elan edəndə
halına təfavüt etməmişdi. Hamı məhkəmə zalında oturanların gözü bir
anda çönüb onun üzünə dikilmişdi. Və ordakıların hamısı onu bu cür
möhkəm xarakterə malik birisi kimi soyuqqanlı qatil ola biləcəyinə
son dəfə tərəddüdsüz inanmışdı. Amma əlbəttə, belə deyildi. Onun
çəkdikləri ilə çəkəcəyi arasında fərq böyük idi və bura qədər
çəkdikləri sonuncu çəkəcəyindən qat-qat ağır idi. O çəkdiyini çəkib
qurtarmışdı. Edam indi ona qurtuluş kimi görünürdü. Yox, qurtuluş
kimi yox, əsl azadlıq kimi görünürdü.
O gözlərini yumub xatırlayırdı. Qayıq suların üstünə pənbə döşəyə
sərilən kimi sərilib heysiz qalmışdı. Ancaq yüngülcə yırğalanmağa
heyi çatırdı. Günəş sağ tərəfdə batırdı və o, baxışlarını Şükufənin
çiynindən hələ də çəkə bilmirdi. Qızın açıq çiyinləri iki saat gün
işığının altında qalıb az qala qıpqırmızı qızarmışdı. Çiyninin sağ
tərəfində qızarmamış balaca bir zolaq vardı. O zolaq qapqara idi,
elə bil, Şükufəni nə iləsə ağır, küt bir şeylə orasından
vurmuşdular. Bu zolaq əvvəllər yox idi.
— Deməyəssən noolub çiyninə?
Bu sualı bəlkə də artıq yüzüncü dəfə idi verirdi, cavabında isə iki
dəfə "qapıya dəydim", bir dəfə də "vallah, qapıya dəymişəm, billah
qapıya dəymiçəm" sözlərini eşitmişdi. Bütün sonrakı cavablar
sükutdan ibarət olmuşdu.
Qızın çiyinləri öz-özünə qalxıb düşməyə başladı, amma səs-səmiri
çıxmırdı. Şükufə için-için, xısın-xısın, səssiz-səmirsiz ağlamağa
başladı. Bilirdi ki, Şövqinin bu dünyada qadın ağlamasından zəhləsi
gedən qədər heç nədən zəhləsi getmir. Yenə də özünü saxlaya
bilmədi.
— Ağlasan, döyüləssən…— Səsinə doyunca zəhər qatdı. Şükufə
hönkürdü.
İki gün, dörd saat, iyirmi dəqiqə…
Qayığı sahilə yönəltdiyi yadındadı. Qayıqdan çıxmağı, qıza tərəf
baxmadan ağacların arasındakı maşınına tərəf getməsi yadındadı.
Düşündü ki, Şükufəni maşında gözləyəcək.
Maşından baxıb gördü ki, qız qayıqdan düşənə oxşamır. Qayıq
Şükufənin ağlamasının ahəngində su üstündə gah sağa, gah da sola
əyilirdi. Sular yavaş-yavaş qaranlığın rəngini alırdı. Sünbüllü
gölün ətrafında qaranlıq ancaq qara rəngdən ibarət deyildi. Bu
qaranlıq xoflu qaranlıq idi. Ağaclardan gələn məşum yarpaq
xışıltıları bu xofu daha da qorxulu edirdi. Şövqinin ürəyi şiddətlə
vurdu. Şükufəni çağırmaq istədi, amma hələ ki, hirsi yatmamışdı,
bacarmadı. Gözləməyə də ürəyi darıxdı. "Cəhənnəmə ağla, gora ağla.
— Şövqi hirs içində düşünüb özünə bəraət qazanmağa çalışdı. — Ölsən
də aborta gedəssən, qalsan da gedəssən.
Şövqi maşının açarını burdu. Qayıqdan gələn hönkürtü səsi gücləndi,
motorun səsinə qarışıb qəribə və üzüntülü (eyni zamanda əttökən)
bir naləyə çevrildi.
… Təkadamlıqda çox belə arxası üstdə uzanmış vəziyyətdə gözlərini
tavana zilləyib o axşamı xəyalından gətirib keçirmişdi. Ağacların
başı üstündən asta-asta aşağı enən qaranlığın eynən duman kimi
ətrafı bürüməsi, yarpaqların həmən müdhiş xışıltısı, Sünbüllü gölün
sularında göy üzündəki ayın gəlib əli-qolu bağlı əsirlər kimi
hərəkətsiz qalması… Belə gecələrdə nə isə dəhşətli hadisə baş
verir.
Sonralar dəfələrlə özünü qınamışdı ki, gərək nə qədər hirsli
olsaydı da Şükufəni tək qoyub gölün sahilindən çıxıb getməyəydi.
Yəqin ki, belə etsəydi o müdhiş hadisə baş verməzdi. Şükufə də,
qarnındakı üçaylıq körpə də sağ qalardı. Təxminən, bir saatdan
sonra daşı ətəyindən töküb ora, Sünbüllü gölə qayıdanda isə gördüyü
bu olmuşdu.
Şükufə hələ də qayığın içindəydi, uzaqdan onun yanpörtü vəziyyət
almış siluyetini zorla da olsa seçmək olurdu, amma ətraf tam bir
sükuta qərq olmuşdu. Nə səs vardı, nə səmir. Qayıqdan ağlamaq səsi
gəlmirdi. O müdhiş sükutu Şövqi heç unuda bilmir. Bir neçə andan
sonra onu anladı ki, sükut ürəyini qısmağa başladı. İlk dəfə idi
ki, Şükufənin hönkürtüsü üçün qəribsədiyini hiss elədi. Elə bu
zaman yaxınlıqda bir cırcırama səsini başına atmadımı, atdı. Şövqi
diksindi.
Şövqinin damarlarından qəribə bir gizilti keçdi. O öz hərəkətinə
— qızı incitdiyinə, ona yerli-yersiz hirslənməsinə, axşam vaxtı bu
adamsız yerdə təkcənə buraxıb getməsinə elə peşman oldu ki… "Mən
bir də buna ağlayanda təpinməyəcəm. Heç güldən ağır söz də
deməyəcəyəm. Məni sevdiyini bu adam dəfələrlə sübut edib. İşdən çıx
dedim, çıxdı, belə oturma, oturmadı, mənsiz bir addım atma, atmadı.
Mənim üçün hər cür cəfaya hazırdır… Bayaq necə yanıqlı ağladı… Mən
axı bunu niyə ağlatdım?! " düşünüb ürəyi sızlaya-sızlaya qayığa
yaxınlaşdı. Qayıq tərpənməz idi. Ağzını açıb ilk sözünü demək
istədi. Belə deyəcəkdi:
— Saxlayırsan saxla uşağı. Bir şey fikirləşərik. Acından
ölməyəcəyik ki. Qoy hər şey sən deyən kimi olsun…
Şükufənin bədəni qayığın içində namünasib bir vəziyyətdə yanpörtü
uzanıb qalmışdı. Açıq bərələ qalmış gözlərilə yana elə baxırdı ki,
sanki Şövqidən nəsə soruşmaq istəyirdi. Həmişə belə idi. Bir şey
soruşmaq istəyəndə xam baxışlarını yana dikib soruşardı. Ancaq
gözləri bu dərəcədə açıq olmazdı. Şövqi, ümumiyyətlə, insan gözünün
bu boyda açıq olmasını indiyənə qədər görməmişdi. Qayığın başında
heykəl kimi quruyub bir müddət matdım-matdım qızın halına tamaşa
elədi. Qız, əlbəttə ki, ölmüşdü. Kürəyindən düz ürəyinə qədər yekə
bir bıçaq saplanıb qalmışdı. Şükufəni öldürmüşdülər. Şövqi quruyub
qaldı, gözlərini qızın açıq gözlərindən çəkə bilmədi. Handan-hana
Şövqi özündə təpər tapıb donuq vəziyyətinin içindən birtəhər çıxdı
və titrək barmaqlarını zorla uzadıb ovcunun içi ilə qızın
gözlərinin üstünə, elə bil, zərif bir sığal çəkdi. Şükufənin göz
qapaqları, elə bil, bir himə bənd imiş, qapandı getdi.
… Hakim təhlil naminə təhlil eləməyi sevənlərdən idi. Prokurorun
dediyinə şübhə ilə yanaşdı.
— Mənim inanmağım gəlmir ki, müttəhim öz işini görüb qurtarsın,
sonra da soyuqqanlı şəkildə cinayət yerindən uzaqlaşıb getsin. Bu
adam bir saatdan sonra təzədən cinayət yerinə qayıdıb gəlib.
Ağlabatandı? Deyil. Məncə, o ikinci dəfə qayıdandan sonra bu
cinayəti işləyib… — Bunları deyib hakim sual dolu gözlərini,
nədənsə, Şövqinin üzünə dikdi. Elə bil, Şövqi onun mülahizəsini
dəqiqləşdirməliydi. Şövqi qeyri-ixtiyari başını tərpətdi.
— Möhtərəm hakim, mən ora qayıdanda… axşam artıq düşmüşdü. Hər
tərəf qaranlıq içindəydi. Mən əvvəl-əvvəl seçə bilmədim ki, o
artıq… o… ölüb… — Şövqinin dedikləriylə başını tərpədib hakimin
dediklərini təsdiq etməsi arasında bir təzad var idi.
— Bəs axı polis işçiləri başqa cür deyir… — Hakim bic-bic qımışdı.
— Sənin dediyin isə həqiqətə uyğun gəlmir. Bunu sənə neçə dəfə
sübut etmişik. Bəsdi də… — Hakim hər şeyi dəqiq bildiyini zənn
edirdi.
Mühakimənin son günü ona artıq heç kim qulaq asmırdı. Prokuror üçün
də, hakim üçün də, hətta gözlərini ondan təkidlə qaçıran vəkil üçün
də məsələ gün kimi aydın idi. Bətnində üçaylıq körpə gəzdirən
günahsız bir qadını plan qurub Sünbüllü gölə qayıq gəzintisinə
aparan və orada xəlvətə salıb arxadan kürəyinə əvvəlcədən özü ilə
gətirdiyi yekə bir bıçaqla ölümcül zərbə endirib həyatına son qoyan
şəxs bütün bu adamların fikrincə məhz o, Şövqi idi. Motiv hamıya
bəlli idi. Aborta məcbur etmək (motiv problem deyildi, bunu Şövqi
özü boynuna almışdı), buna razılıq verməyəndə isə… Hamı belə bir
həqiqətə inanmışdı: bu zaman Şövqinin yalnız bir çarəsi qalırdı ki,
bu da qızı hökmən öldürməkdən ibarət idi.
— Şövqi, yaxşı oğlan, al boynuna, bir işdi istəmədən etmisən, cin
başına vurub, özünü-sözünü bilməmisən. Vallah, düzü budu ki, bizi
də yorma, özünü də… — Hakim yazı masasının üstünə əməlli-başlı
yayxanıb az qala Şövqiyə yalvardı. Elə bil, uşaq başı aldadırdı.
Şövqi isə yenə də heç nə anlamırıdı. Sonuncu məhkəmə iclasından bir
qədər əvvəl o, həmən hadisənin ayrı-ayrı detallarını, epizodlarını
unutmağa başlamışdı.
Uzun aylar davam edən və özü ilə iztirabdan, bir də dəhşətli
yorğunçuluqdan başqa heç nə gətirməyən bitib-tükənməz
mühakimələrdən sonra, nəhayət, ona ölüm cəzasını səsləndirdilər.
Hamı, hətta nə qədər qəribə olsa da, Şövqinin özü belə asudə nəfəs
aldı. Nəhayət, ürəyini sizladan zəif sevincə bənzər bir hissin
qanına dolduğunu duymağa başladı. Az qalıb. Lap az qalıb. Nəhayət,
dincələcəkdi. Hakimlərdən yox, özündən dincələcəkdi. Canı
qutaracaqdı. Azadlıq vardısa da, yoxdusa da elə bu idi, başqa bir
şey deyildi. Təki edamın vaxtını dəyişməyəydilər. Təki onun bivec
qohumları və dostları cürbəcür yollarla onun boğazına keçməkdə olan
kəndiri açmağa çalışmayaydılar. İş burasındaydı ki, açmağına
kəndiri aça bilmirdilər, amma edamın vaxtını uzatmağına uzada
bilirdilər. Hər dəfə yenidən hansısa balaca bir detal "yada"
düşürdü, vəkillər canfəşanlıqla öz şəxsiyyətlərini gözə soxurdular
və hər şey yenidən başlayırdı. O, bütün işkəncə yolunu — hadisənin
əvvəlindən axırınadək təzədən keçirdi. Bu isə dözülməz idi.
Bircə edamın vaxtını dəyişməyəydilər. O indi-indi anlamağa
başlayırdı. Azadlığa gedən yol kəndirdən keçirmiş… Əsl və tam
azadlıq ölümlə başlayır.
Şükufə və onların doğulmayan körpələri bu yolu keçdilər.
— Ölsən də, qalsan da aborta gedəssən. — Şövqi codlaşmış, nifrət
dolu səsini özü də az qala tanımırdı. — Hələ bunun zarımasına bax
bir. Qalx. Qalx, gedək. Gec oldu. İşim-gücüm var mənim. Eşitmirsən?
— Şövqi son dəfə Şükufəyə bu sözləri dedi və ikrahla qızın hələ də
atdanan çiyinlərinə baxdı. Şükufə indi də için-için ağlayırdı,
ancaq çiyinləri atılıb düşürdü. "Mən bunun nəyinə hayıl-mayıl
oldum, Allah?! Yox, bu adam məni caduya salıb…Bircə Allah bunu
öldürəydi, canım qurtaraydı…"
Daha arxasına da baxmadı. Tövşüyə-tövşüyə tələsik gedib ağacın
altında saxladığı maşınına mindi. Motoru işə saldı. Şükufə motorun
səsini eşidib, nəhayət, gəlməliydi. Amma o, necə ki, tərpənməz bir
halda qayıqda oturmuşdu, eləcə də oturub qalmağındaydı.
"Cəhənnəmə ki, gəl…" — Şövqi pəncərədən bayıra tüpürdü. Sonra qaza
basaraq sükanı var gücüylə sağa fırlatdı və ağacın altindan maşını
sürüb çıxardı, xam daşlıqla yola sarı sürdü. Yola çıxmağa iki metr
qalmış tanış milis işçilərini gördü. Elə bil, kolluqda
gizlənmişdilər, onu görüb çıxdılar. Güdürdülər, nədi?! Bu iki
növbətçi tanış idilər. Həmişə Şükufə ilə buralara gələndə onu
başqalarının girə bilmədiyi yerəcən — bu həndəvərdəki yeganə
qarağacın altınacan maşını sürüb saxlamasına icazə verirdilər.
Başqalarının belə imtiyazı yox idi.
— Şövqi müəllim, çoxdandı ki, yox idin, komandirovkadaydın? —
Qırmızısifət şişman polis irişə-irişə maşının şüşəsinə tərəf əyilib
içini gözdən keçirdi. Şövqi hiss elədi ki, o bunu gizli şəkildə
elədi.
Şövqi sorğusuz-sualsız sağ siyirmədə saxladığı iki beşliyi elə
şüşədəncə qırmızısifət polisin uzanmış əlinə dürtdü. Beşliklər
qırmızısifətin ovcunda timsah ağzında balıq kimi yox oldular.
— Sağ ol, çox sağ ol, həmişə gəl, gözləyəcəyik. — Qırmızısifətin
üz-gözü də, səsi də ciddiləşdi.
Məhkəmədə qırmızısifət polisin əminliklə dediyi sözlərlə
gözlərindəki süni üzüntü bir-birinə heç uyğun gəlmirdi.
— O axşam müttəhimdən, bir də zərəçəkəndən başqa o həndəvərdə kimsə
fırlanmadı. Biz heç kimi görmədik. Maşını sürətlə sürüb getdi. Mən
hələ təəccüb etdim ki, bu adam cüt gəlmişdi, bəs niyə tək getdi…
Sonra aradan bir müddət keçəndən sonra biz ikimiz, serjant
Həsənovla mən qayığa yaxınlaşdıq…
— Müttəhim gedəndən nə qədər sonra siz qayığa yaxınlaşdınız? —
Vəkil bu sualı verərkən hələ də ümid edirdi ki, bəlkə bu vaxt
ərzində kimsə başqa adam (yaxud adamlar) qayığa yaxınlaşa
bilərdi.
— Elə böyük vaxt keçmədi. Təxminən on dəqiqə… — Qırmızısifət polis
düşünürmüş kimi gözlərini qıyıb, guya ki, xatırlamağa çalışdı.
— Bəs bu vaxt ərzində siz heç bir səs-səmir, qışqırıq
eşitmədiniz?
Qırmızısifət günahkarmış kimi başını yerə dikib mızıldandı. Səsi
zorla eşidildi:
— Yox… eşitmədik. — Qırmızısifətin cavabı bir qədər inamsız
səsləndi. Vəkilə cəsarət gəldi:
— Heç kəs, yaxında, uzaqda bir adam gözünüzə dəymədi?
Qırmızısifət yenə də həmən zəif səslə, amma daxili bir qətiyyətlə
dilləndi:
— Yox, dəymədi. — Qırmızısifət polis son cavabını verərkən nədənsə
vəkilə yox, günahkar-günahkar müttəhim kürsüsündə oturmuş Şövqiyə
baxdı. Yəni ki, bağışla məni, mən nə edə bilərəm?!
Şövqi isə bu zaman köksünü rahat-rahat ötürdü. Hər şey bu adam
deyən kimiydisə, deməli, göylərdə ədalət var və elə buna görə də o,
Şövqi bu saat burda, müttəhimlər kürsüsündə oturub və inşallah,
haqlı cəzadan göylər gəlib yerə birləşsə də yaxa qurtara
bilməyəcək.
Məhkəmə iclaslarının sonuna yaxın zalda adətən çox adam olmurdu.
Hakimdən, prokurordan, vəkildən və katibədən başqa bir kənarda
divara söykədilmiş skamyada üç nəfər polis otururdu. Məhkəmə
otağında Şükufənin anası və yaxın qonşuları Ağca var idi. Bir də
Çövqinin dostları Adil ilə Samid hər məhkəmə iclasına səliqəylə
gəlirdilər. Axırıncı cərgədə hamıdan aralı tanımadığı bir kişini
isə Şövqi iclaslarda görməyə artıq adət eləmişdi. Bu adam sakitcə
gələr, kirimişcə oturar, heç kimin üzünə baxmaz, gəldiyi kimi
gözəgörünmədən çıxıb gedərdi. Donqar burnu, daz başı var idi. O kim
idi, nə üçün burda idi, bunu demək çətin idi. Şövqi hərdən hakimin,
ya da prokurorun məkrli suallarına cavab verməyə çətinlik çəkəndə o
kişinin adətən sinəsinə əyilmiş daz başına baxırdı. Özü də bilmirdi
niyə, amma anlar olurdu ki, məhz bu adamın gözlərini tutub onun
gözlərinin düz içinə baxmaq, baxmaq istəyirdi. Şövqiyə axır
zamanlar elə gəlirdi ki, bu adam onun yaxın gələcəkdəki cəlladıdı.
Cəllad qurbanını öyrənmək, xasiyyətinə bələd olmaq, kəndiri necə və
hansı məqamda boğazına keçirmək mümkünlüyünü, ya da tapançanı
başınamı, yoxsa ürəyinəmi yönəltməyin məqsədəuyğunluğunu müəyyən
eləmək üçün gəlib burda oturur, deyilənləri beyninə yığır, bir söz,
öz işini keyfiyyətli görməyə hazırlaşırdı. Görünür, cəllad üçün
onun həqiqətən günahkar olub-olmamağının mənası vardı. Bəlkə də
cəllad onun günahkar olmasına inanmasaydı, edamı onun üçün ağrısız
həyata keçirəcəkdi, kim bilir?! Daz kişi hələ bir dəfə də olsun
başını çöndərib onun üzünə baxmamışdı.
Edam vaxtına bir gün səkkiz saat, qırx dörd dəqiqə qalırdı.
Axırıncı iclasdan sonra dostlarından heç bir xəbər yoxdu. Bu iclas
bitərkən hakim ona son söz verdi. O zülümlə ayağa qalxıb dedi ki,
əziyyətinizi halal edin. Xüsusən zaldakı dostlarına — Adilə və
Samədə müraciətlə dedi sözlərini. Bu sözləri deyib halallıq
istərkən birdən qanının damarda donduğunu hiss elədi. Hansısa
diləgəlməz bir hiss səsə çevrilib ona pıçıldadı ki, dazbaş kişi düz
onun üzünə baxır. Yox, sadəcə baxmır, gözlərilə onun üzünü deşir.
Nəhayət, Şövqi sözünü bitirib halsız şəkildə yerinə oturdu. Dazbaş
isə yenidən üzünü ondan çevirib başını sinəsinə salladı.
Şükufəgilin qonşusu Ağca arvad Şövqinin son sözlərindən sonra
burnunu bərkdən çəkib ortalığa çökmüş sükutu pozdu:
— Allah sənin cəzanı versin! Günahsız bəndəyə necə qıya bildin
sən?ğca arvad qızışdı:
Bu sözlərdən sonra Şükufənin anası səssiz-səmirsiz göz yaşlarına
boğuldu. Çiyinləri eynən Şükufənin çiyinləri kimi atdanıb düşməyə
başladı. Şövqinin dodaqları ani olaraq qaçdı. Bunu görcək Ağca
arvad qızışdı:
— Buna bax, hələ gülür bu. Azdı sənə ölüm. Səni şaqqlmaq
lazımdı…
Edam vaxtına yeddi saat, altı yüz əlli bir dəqiqə qaldı.
İndi bu ölüm kamerasında qaldığı sonuncu gecə o özünü məcbur eləyib
yatmaq istəyir, amma yata bilmir. Göz qapaqları heç cür yumulmur.
Ona elə gəlir ki, sabah, edamdan əvvəl, yəqin ki, onun son xahişini
nəzərə alacaqlar. Yadındadı, bu xahişi mühafizəçilərə utana-utana
deyəndə onlar bir-birinin sözünü kəsə-kəsə belə cavab verdilər:
— Bizlikdisə arxayın ola biərsən. Hökmən.
Hətta onlardan biri bığ Həşim yüngülvari doluxsundu da:
— Əlbəttə, biz hər şeyi başa düşürük. Həyatdı. Xətircəm ol.
Əlbəttə, son xahiş çox vacib idi. Bəlkə də onu gözləyən əbədiyyət
qədər önəmli idi. Ən axmaq şeylər bu son məqamda gəlib özünü onun
yaddaşına dürtürdü. Şükufə ilə ilk dəfə hamıdan gizlənə-gizlənə
kinoya getməyi, Şükufəyə üstündə sonradan gördükləri balaca deşiyi
olan al-qırmızı kəlağayı alıb ad gününə hədiyyə verməsi və qızın
barmağını bu deşiyə keçirib uğunub getməsi, sonra Şükufənin onu
utana-utana evlərinə dəvət eləyib anası ilə tanış eləməsi, qızın
ona sevgi dolu şeir yazması, gecə səhərə qədər sevişəndən sonra
günəşin ilk şüaları ilə bu şeiri bir-birinə yataqda oxumaları,
Şükufənin ondan utanmaqlığı, hətta gülən zaman çiyinlərinin necə
atılıb düşməsi, üzündəki zənəxdanı, gözlərinin xam baxışı… çox şey,
çox şey yadında idi.
Amma nə illah eləyirdi yadına salsın ki, mühafizəçilərdən dünən
axşamüstü son dəfə nəyi xahiş edib, yadına sala bilmirdi, bu onun
yadından çıxmışdı. Ürəyi hövr edirdi.
Bir saat iyirmi üç dəqiqə…
Kameraya adamlar daxil olur.
Və ancaq bu zaman onun gözlərinə işıq gəlir. Nəhayət, qəlbinə
rahatlıq dolur. O xatırlayır…
Tarix
2015.09.22 / 22:58
|
Müəllif
Kamal Abdulla
|