Yuxarı

“Onun erməni olduğunu biləndə...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Qərib Azər müxtəlif ölkələrə səyahət edərək oranın əhalisi, mədəniyyəti və tarixi haqda maraqlı məlumatlar toplayır. O, bir müddət Lider TV-də "Oralar" verilişinin aparıcısı olub.

Axar.az jurnalist Qərib Azərlə müsahibəni təqdim edir:

Onlarla vaxt keçirmək maraqlıdır

– Əvvəlcə ümumi səfərlərinizdən danışaq. Neçə ölkədə olmusunuz və ən yaddaqalanı hansıdır?

– 83 ölkədə olmuşam. Ən maraqlısı bir az qəliz sualdır, çünki hər ölkənin özünəməxsus maraqlı özəllikləri var. Yəqin ki, Yaponiyanı və ekzotik ölkələri deyə bilərəm.

– Xarici ölkələrdə səfərdə olarkən azərbaycanlılarla və Azərbaycan diasporu ilə görüşlər keçirirsinizmi?

– Mənim diaspor ilə rəsmi münasibətlərim olmayıb. Adətən rəsmi qurumlarla əlaqəyə girmirəm. Rəsmi görüşlər keçirmək üçün kifayət qədər vaxtım da olmur. Amma azərbaycanlılarla görüşürəm. Getdiyim ölkədə əvvəldən mənə maraqlı olan azərbaycanlının olub-olmadığını bilirəm. Əgər varsa, yazışıb sonra görüşürəm. Sadəcə, vaxt məhdudiyyəti olduğundan çoxsaylı görüşlər keçirə bilmirəm. Məsələn, Kiyevə tez-tez gedirəm, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı ilə yaxın dostluq münasibətlərim var. Onlar gənc və yaradıcı gənclərdir. Mənə onlarla vaxt keçirmək maraqlıdır.

Tailandda uşağın başını sığallamaq olmaz

– Hər xalqın özünəməxsus yazılmamış qanunları, dünya ictimaiyyətinə o qədər də tanış olmayan adətləri var. Səfərdə olduğunuz hər hansı bir ölkədə "ənənələrin toqquşması" ilə rastlaşmısınızmı? Olubmu ki, xalqın ənənəsini bilmədiyinizə görə pis vəziyyətdə qalasınız?

– Məsələn, Tailandda uşağın başını sığallamaq olmaz. Orada özgə uşağın başını sığallamağa pis baxırlar. Əslinə qalsa, beynəlxalq normalar var ki, onları güdəndə heç bir problemlə rastlaşmırsan. Həm də hər hansı bir ölkəyə gedəndə əvvəlcədən onun adət-ənənəsi haqda məlumat toplamalısan. Amma belə kardinal nəsə bir hadisənin yaşandığını deyə bilmərəm. Hər yerdə belə normalar var – məscidə gedirsənsə, ayaqqabılarını çıxarmalısan, restorana plafkidə getməməlisən və sair kimi. (gülür)

– Səfərləriniz boyu rastlaşdığınız hansı adət sizi təəccübləndirib?

– Məsələn, Yaponiyada avtobus sürücüsü işə başlamazdan öncə avtobusa daxil olur, bütün sərnişinlərə baş əyir, sonra işinə başlayır. Bir neçə saatdan sonra növbəni digər sürücüyə təhvil verəndə yenə sərnişinlərin yanına gəlir, onlara təzim edir, minnətdarlığını bildirir və gedir. Yeni gələn sürücü də bu prosesi təkrar edir.

Mənim terrorçu olduğumu zənn etdi

– Səyahətləriniz zamanı başınıza gələn maraqlı bir hadisəni danışa bilərsinizmi?

– Bir dəfə Londondayam, terrorizm-filan söhbətləri təzə çıxmışdı. Mən də neçə gündür saqqalımı düzəltmirəm, çalmam olsa, Bin Ladenin əkiz qardaşına bənzəyərəm. Mərkəzə yollanmışam ki, Biq Beni çəkim. Başdan-ayağa da çantalar asılıb üstümdə: kamera, ştativ, batareya, buterbrod, su. Mənim də adətimdir – yerimdən duranda, tərpənəndə "Ya Allah", - deyirəm. Yəni artıq vərdiş halını alıb. Deməli, oturmuşam vaqonda, içəridə adam azdır. Qəşəng, təmiz vaqondur, mənimlə üzbəüz bir ağbirçək xanım əyləşib – əsil "britanski nənə". Elə nurani üzü var ki, adam ona baxanda kövrəlib, hönkür-hönkür ağlamaq istəyir. Bir dayanacaq getmişdik ki, birdən nənənin mənə baxışlarına nəzər yetirdim. Gözlərində dəhşət vardı. Belə əməlli-başlı qorxaq, dəhşət dolu baxırdı. Dedim, yəqin, arvad dəhşətə gəlib ki, bu yazıq nə əziyyətlər çəkir tamaşaçıların yolunda, bunların televiziyası isə heç qədrini bilmir, yüklənib kameralarla, heç üzünü qırxmağa da vaxtı yoxdur. Bunu hiss edəndən sonra nənəni minnətdar baxışlarımla çimizdirirəm ki, "sənk yu for anderstandinq"(anladığınıza görə çox sağ olun) və elə mülayim gülümsəyirəm ki, nənənin könlünü alım. Amma fikir verirəm ki, mən buna qarşı mehriban olduqca bunun dəhşəti daha da artır gözlərində. Öz-özümə düşünürəm ki, yəni mən belə pis gündəyəm? Dərd alıb məni. Bu anda qatar yaxınlaşdı stansiyaya və mən adət etdiyim kimi əllərimi dizlərimə vurub "Ya Allah", - deyərək yerimdən durdum. Nənə ilə son baxışlarımla vidalaşırdım ki, nənə, çox sağ ol, sən çox ürəyi nazik nənəsən. Bir də gördüm, arvad başını tutub yıxıldı yerə! Sən demə, nənə elə bilib ki, indi partlayış olacaq, mən metronu partlatmağa gəlmişəm. Buna anlayan kimi əyildim, nənəyə kömək elədim. Dedim, ay anacan, mən terrorçu deyiləm, mən jurnalistəm. Hərçənd ki, bu da bir babat sənət deyil. Nə isə, ağbirçək elə sevindi, Almaniya qaçqınlara sevinən kimi. Mənə "sorri, sorri" (bağışlayın) deyir, qucaqlaşıb öpüşdük onunla. Tolerantlıq hökm sürür, amma qapı bağlandı və mən bir dayanacaq əlavə gedəsi oldum. Özü də bombasız vaqonda. Sözümü nəyə gətirirəm, o stereotiplər ki var ha, çox qəliz məsələdir...

"Avroviziya" bizim tanınmağımızda böyük rol oynadı

– Gəzdiyiniz ölkələrdə adi vətəndaşlardan başqa həmin ölkələrin məşhurları ilə görüşləriniz olubmu?

– Məşhurları ilə yox, zənginləri ilə olub. Son vaxtlar elə otellərdən dəvət alıram ki, onlar yuxarı təbəqənin getdiyi otellərdir. Buna görə o qədər də məşhur olmayan varlılarla rastlaşıram.

– "Oralar"da Azərbaycan haqqında hansı təsəvvür mövcuddur? İnsanlar Azərbaycanı tanıyırlarmı?

– Məsələn, Afrikada Azərbaycanın nə olduğunu bilmirlər, amma Avropada yaxşı tanıyırlar, ABŞ-da və Asiyada da tanıyırlar. Çünki nə qədər narazılar olsa da, "Avroviziya" və Avropa Oyunları, ələlxüsus, "Avroviziya" musiqi yarışmasının keçirilməsi bizim tanınmağımızda böyük rol oynadı.

– Bəs ölkəmiz haqda ümumi təsəvvür nədən ibarətdir?

– Neft, çoxlu pul.

Soruşdum, erməni olduğunu dedi

– Xaricdə rastlaşdığınız hansı məişət qanununu ölkəmizə gətirmək yaxşı olardı?

– Növbədə durmaq mədəniyyəti... Elə o gəlsə, kifayətdir. (gülür)

– Səfərləriniz zamanı, yəqin ki, hansısa erməni ilə dialoqunuz olub...

– Bir dəfə küçədə təsadüfən küçə rəssamı ilə söhbət etməyə başladım. Rusca danışırdıq, ləhcəsindən hiss etdim ki, qafqazlıdır. Soruşdum, erməni olduğunu dedi. Bunu öyrənəndən sonra dialoqa marağım itdi.

– Avropa gənci ilə Azərbaycan gəncinin əsas fərqi nədir?

– Azərbaycan gəncləri də iki təbəqəyə bölünür: gənclər var oxuyur, gələcəyini qurur, karyera haqda düşünür. İkinci tip gənclər isə maşın sürmək, yeyib-içmək, lağlağı, kiməsə arxalanmaq haqda düşünür. Belə gənclər orada da var, bizdə də. Sadəcə, oradakı gənclərdə, deyərdim, məsuliyyət daha çoxdur. Çünki onlar bilir ki, öz gələcəklərini özləri quracaq. Bizdə bəzən olur ki, "papa"ya, dayıya, tanışa ümid edirlər.

– Gənclərə nə tövsiyə edərdiniz?

– Mütaliə etsinlər, kitab oxusunlar. Deyirlər, çox gəzən çox bilər, amma vallah, elə deyil. Çox oxuyan çox bilər, çox gəzən yox.

Tarix
2015.11.04 / 09:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla