Yuxarı

“Jurnalistika etimad böhranı yaşayır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Axar.az bu münasibətlə əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyevlə söhbətləşib.

Faiq Hüsiyev Azərbaycan tamaşaçılarına bir vaxtlar AzTV-də yayımlanan "Gecə kanalı", "Körpü", "Sorağınız gəlir", "Bizimlə birgə" və "Gecəyə doğru" verilişlərindən tanışdır. Bu gün onun həm peşə bayramı, həm də doğum günüdür: Radionun 89, onun isə 45 yaşı tamam olur.

"Atamız işə gedib" prinsipi

- Faiq bəy, televiziyaya gəlişinizi xatırlayırsınızmı?

- 1993-cü ilin noyabr ayında "Gecə kanalı" verilişinə həmkarım Varis Yolçuyevlə müəllif kimi dəvət almışdıq. Biz o zaman qəzetdə işləyirdik. Həmin dövrdə Gənclik redaksiyasının baş redaktorları Bəxtiyar Qaraca və İlham Alışanov bu layihəni gəncliyin yeni səsi kimi gördüklərindən veriliş, demək olar, uğurlu eksperiment kimi ərsəyə gəlmişdi. Müasir Azərbaycan jurnalistikasının ilk mükafatlarından olan "Dan ulduzu" da birinci dəfə bizim verilişə verilmişdi. Sonrakı illər Beynəlxalq Proqramlar redaksiyasında istedadlı jurnalist Cavanşir Cahangirovla birlikdə çalışmışıq. Bu redaksiya xaricdə yaşayan soydaşlarımız üçün əslində, bir təbliğat mərkəzi kimi fəaliyyət göstərirdi. 1995-2005-ci illər ərzində təkcə mən 200-dən çox verilişin müəllifi olmuşam. Hələ həmkarlarım Babək Göyüş, Əli Alıyev, Sədaqət Muradova və başqalarının hazırladıqlarını saymıram. 2006-cı ildə Arif Alışanov sədr təyin edildikdən sonra məni Müəllif Proqramları Departamentinə direktor təyin etdi. Qısa müddət ərzində maraqlı verilişlər ərsəyə gətirə bildik: "Gecəyə doğru", "Peşəkar", "Bizim ev" və s. Həmin illərdə televiziyada yaradıcılıq potensialını reallaşdırmaq üçün gözəl imkanlar yarandı. Kənar müəlliflər də bacarıqlarını ortaya qoya bildilər. 2007-ci ilin aprelində informasiya proqramları studiyasının direktoru təyin edildikdən sonra həyatım, demək olar ki, bütövlükdə "Xəbərlər"lə bağlandı. 2009-cu ildən Prezident İlham Əliyevin sərəncamı ilə sədr müavini təyin edildim. 2015-ci ilin mayınadək bu vəzifəni icra etdim. Bu illərdə ömrüm hər üç saatdan bir efirə çıxan "Xəbərlər"in intervalı arasındakı iş saatlarından ibarət olub. Hazırda Televiziya və Radio Akademiyasının rektoruyam.

- Dediniz ki, ömrünüz "Xəbərlər"də keçib. Axı, ailəlisiniz... Bəs gərgin iş rejimi ailə münasibətlərinə təsir etməyib?

- Allaha şükür, normal, sağlam ailəm var! Onlar buna "atamız işə gedib" prinsipi ilə yanaşmırdılar. Nə qədər poetik səslənsə də, evdə hamı başa düşürdü ki, "Xəbərlər" hamının gözlədiyi bir proqramdır. Odur ki, reallıqla barışırdılar... Bilirsiniz, müstəqil Azərbaycanın qurucuları olmaq məsuliyyətini, çətinliyini tarix bizim nəslə etibar edib. Odur ki, övladlarımı ilk növbədə vətənpərvər ruhda böyüdürəm. Məncə, vətən sevgisi ana dilində aldığımız təhsildən başlayır. Xarici dilləri öyrənmək dünyaya açılmaq və perspektivlər baxımından çox yaxşıdır. Amma xarici dilləri sonradan da öyrənmək olar.

- Bəs sizcə, jurnalist həyatı maraqlıdırmı?

- Sözsüz... Bəlkə də ünsiyyət baxımından jurnalistikadan əhəmiyyətli ikinci sahə yoxdur. Dünyada yaradıcılıq baxımından bədii zövqə və ictimai fikrə əhəmiyyətli dərəcədə təsir edən Homo Sapiens – jurnalistdir. Bir məqama toxunmaq istəyirəm. 2008-ci ilin may ayında ABŞ telekanallarının fəaliyyəti ilə tanış olmaq üçün təcrübə səfərində idim. Maraqlı məqam ondadır ki, NBS, CBS, ABS kimi audiovizual KİV nəhənglərinin iş prosesi bizimkindən heç nə ilə fərqlənmir. Azərbaycan Televiziyasının indiki xəbər otağı orada mövcud olanlarla rəqabət apara bilər. Burada fərq auditoriyanın miqyası, xəbərin aktuallığı və jurnalistin fərdi peşəkarlığındadır. Bizdə də xəbərə operativ reaksiya verməklə ictimai rəyin formalaşmasına əsaslı təsir mexanizmləri var, ancaq nədənsə onlarda bu məqam daha güclüdür. Bax, bu parametrlər baxımından etiraf etmək lazımdır ki, geridəyik.

Hər şeydən mənfəət güdmək insanlığı öldürür

- Məgər bizdə peşəkarlıq səviyyəsi yüksək olan jurnalist azdır?

- O mənada demirəm... Bidə peşəkar jurnalistlər kifayət qədərdir. Elə AZTV-də xeyli istedadlı jurnalist var. Onların bəziləri fəxri adlarla fərqləndiriliblər. Təəssüf ki, bu sahəyə aid olan neqativ məqamlar da var.

- Məsələn...

- Başqasının uğuruna sevinməmək, kiminsə müvəffəqiyyətindən bəhrələnib sağlam rəqabət məcrasında düşmənçilik elementləri axtarmaq, fərdi yaradıcılıq planı cızmaqdansa, arada söz gəzdirib quyu qazmaq, daha nə bilim, nələr... Bu mənada jurnalistika primitivləşib.

- Sözlü adama oxşayırsınız...

- Heç bir qeyri-adi sözüm yoxdur. Sadəcə, müasir reallığımız belədir.

- Deyirlər, yaradıcı adamlar paxıl və qısqanc olurlar. Bəlkə, bütün çatışmazlıqların səbəbi budur?

- Hər halda bu prinsipi hamıya şamil etmək olmaz. Amma indi çoxları hər məqamdan mənfəət güdür. Hər şeydən mənfəət güdmək insanlığı öldürür. Təmənnasız münasibətlərə isə keçmişin qalığı kimi baxırlar. Məncə, yeni təfəkkür, yeni düşüncə tərzi, ümumi birləşdirici pozitiv münasibətlər sistemi təbliğ olunmalıdır.

Sənin səviyyənə yüksələ bilmirəmsə...

- Televiziya günüdür deyə, problemlərdən də üstüörtülü keçə bilmərik. Çünki bu sahədə qızğın müzakirələrə səbəb olan çox ciddi problemlər var. Peşəkar gözü ilə telekanalların durumunu necə dəyərləndirirsiniz?

- Əslində, tənqid etməkdən asan heç nə yoxdur... Əgər ümumilikdə teleməkandan söhbət gedirsə, birmənalı şəkildə "yox" deyirəm. Vaxtilə televiziyada bir varislik xətti var idi. İndi bu halqa qırılıb. Ucuzvari reytinqə köklənmiş verilişlər kimin xoşuna gəlir, bilmirəm. Amma belə verilişlərin müəllifləri öz bivecliyi ilə bütöv bir auditoriyanın bədii zövqünü korlayır. Təəssüf ki, "sənin səviyyənə yüksələ bilmirəmsə, səni dartıb öz səviyyəmə endirərəm" prinsipinə tez-tez rast gəlirik. Bu gün mədəni dəyərlərin aşılanmasının , mədəniyyətin mənəviyyatsız olmasının günahı da bax o bayağı verilişlərdədir. Bizdə xaricdən alınmış hazır formatlı verilişlər də zəif olur. Məncə, bunun səbəbi televiziya məhsulu istehsalçıları arasında rəqabətin olmamasıdır. Əslində, bizdə "televiziya məhsulu bazarı" anlayışının özü də nisbidir. Odur ki, əksər hallarda tamaşaçı auditoriyası türk, rus və ya ingilis dilli telekanalları izləməyə üstünlük verir.

- Elə özünüz də böyük bir televiziyanın rəhbər şəxslərindən idiniz... Niyə düzəltmirdiniz?

- Əvvəla, söhbət AzTV, İdman və Mədəniyyət kanallarından gedirsə, deməliyəm ki, hazırda bu telekanalların auditoriyası kifayət qədər böyükdür, baxımlı verilişləri də çoxdur. Yetərincə peşəkar personalı var. Maddi-texniki bazası ən müasir standartlara cavab verir. Unutmayaq ki, bu telekanallar dövlət büdcəsindən maliyyələşən rəsmi statuslu TV-lərdir. Burada efir süzgəci çox böyük önəm daşıyır... Bir də ki, mənim əsaslı qərar qəbul etmək səlahiyyətim olmayıb, amma mövcud səlahiyyətim və gücüm dairəsində çox yaradıcı layihələrə yaşıl işıq yandırmışam. Bilənlər bilir, sadalamaq istəmirəm.

Jurnalistika etimad böhranı yaşayır

- Bu gün televiziyanın da, elə sizin də doğum gününüzdür. Yəqin ki, peşə fəaliyyətinizdə yaddaqalan məqamlar olub...

- 2011-ci ildə Rusiya Prezidenti Dmitri Medvedyevlə müsahibəm yaddaqalan işlərimdəndir. Həmin müsahibə Rusiya prezidentinin Cənubi Qafqaz ölkələri telekanalına ilk eksklüziv müsahibəsi idi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Serbiya Prezidenti Tomislav Nikoliçlə də müsahibələrim olub.

- Yazılarınızı, müsahibələrinizi toplamaq niyyətiniz yoxdur?

- Yəqin ki, nə vaxtsa memuar ədəbiyyatına dəyərli töhfə verə biləcəyəm...

- Gənc jurnalistlərə hansı tövsiyələriniz var?

- Elə mən özüm də kifayət qədər cavanam, 45 yaş nədir ki? Amma zarafat bir yana, çox istərdim ki, savadlı və mənəvi dəyərlərə üstünlük verən, dünyagörüşlü insanlar bu peşəyə üz tutsunlar. İndi cəmiyyətin təkanverici qüvvəsi yeni texnologiyalardır. Uğur qazanmaq üçün bunları maksimum şəkildə mənimsəmək lazımdır. Ünsiyyətcil olmaq da bizim peşədə böyük əhəmiyyət kəsb edir. Bir də konyuktur dəyərləri düzgün qiymətləndirməyi bacarsınlar. Etiraf etmək lazımdır ki, bu gün jurnalistika etimad böhranı yaşayır. Çoxsaylı sifarişli materiallar arasından hansının obyektiv, hansının sifarişli olduğunu təyin etmək sıravi tamaşaçı və ya oxucu üçün çətinləşib. Odur ki, jurnalistin fərdi məsuliyyəti, öz işinə vicdanlı yanaşması böyük əhəmiyyət kəsb edir.

Tarix
2015.11.06 / 19:15
Müəllif
Ruhiyyə Daşsalahlı
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla