Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


“ANS-dən uzaqlaşmağımın səbəbi...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələddin Əzimli imzası oxucuya yad deyil. O, televiziya jurnalisti kimi tanınsa da, bədii yaradıcılıqla erkən yaşlarından məşğul olub. Bu günlərdə onunla görüşüb, Axar.az-ın "Gerçəkləşməyən arzular" layihəsində arzularının üstünə işıq tutmaq istədik.

Şeir yazmaq mənasız işdir

- Deyəsən, Ələddin Əzimli jurnalistikadan uzaqlaşıb...

- Düzdür. Ürəyimdə yaranmış problemlərlə bağlı 58 yaşımda jurnalistikadan uzaqlaşmaq qərarına gəldim. Bu tezliklə işdən uzaqlaşmağım, açığını deyim ki, mənə ağır gəlsə də, ANS kimi çətin bir telekanalda işləmək adamdan güc tələb edirdi. Mən özümdə bu gücü və qüvvəti tapa bilmədim. Odur ki, bu kanalla əmək müqaviləsini pozmaq qərarına gəldim.

- Son vaxtlar daha çox yaradıcılığınızın bədii tərəfi ilə gündəmə gəlirsiniz, şeirlərinizi paylaşırsınız, əvvəllər belə deyildi.

- Faiq bəy, çox təəssüf ki, mənim heç bir kitabım, xüsusilə, "Sən" adlı son şeirlər toplum sizdə yoxdur. Bu sualın cavabını akademiyanın müxbir üzvü, Folklor İnstitutunun direktoru, görkəmli ədəbiyyatşünas Muxtar Kazımoğlunun yazdığı "Ön söz"də demək olar ki, tapmaq mümkündür. Mən uşaqlıqdan ədəbiyyata gəlsəm də, elə ondan uzaqlaşmağım da çox tez oldu. Özümə söz verdim ki, böyük-böyük şairlərimizin olduğu bir ölkədə şeir yazmaq mənasız bir işdir. Onda tələbə idim və bir neçə dillər əzbəri olan şeirin də müəllifi kimi tanınırdım. Amma bu gün düşünürəm ki, səhv etmişəm. Çünki o məşhur şairlərdən fərqli olaraq mən də özümü yazırdım. Qısası, tutduğum yoldan nahaq döndüyümü indi ağrı ilə xatırlayıram. Amma buna da şükür. Əgər bu gün gündəmdə varamsa, 3-5 oxucu məni izləyirsə, buna sevinmək lazımdır. Çünki mən 35 il şeir yazmadım. Ona görə də bu gün, itirdiyim o vaxtların heyfini almaq istəyirəm. Qısa vaxtda 5 şeir kitabımın çap olunması da elə bundan xəbər verir.

- Demək, son vaxtlar şeirə belə "vurğunluğunuz" həm də vaxtınızın bol olmasından irəli gəlir.

- Məncə, bir az əvvəl bunun səbəbini müəyyən qədər açıqladım. Allah ömür versə və istedadım məndən üz döndərməsə, yenə də yazacağam.

- Dediniz ki, gənclik illərinizdə şeir yazırdınız, amma daha çox jurnalist kimi tanınırdınız, bəlkə şeirdə özünü təsdiqin ağır olacağını duymuşdunuz?

- Gənclik dövründə şeirlə vidalaşmağım jurnalist fəaliyyətimə əsaslı səbəb oldu. Amma jurnalistikaya gəlişim məndə ədəbiyyata və sənətə, o cümlədən publisistikaya marağı daha çox artırdı. Var gücümlə işlədim. Bəlkə də ürəyimin tez sıradan çıxmasına da elə bu səbəb oldu...

Televiziyadan uzaqlaşmağımın bir səbəbi

- Ələddin bəy, ANS televiziyasının rəhbərliyi ilə aranızda soyuqluğun yaranmasından bəhs olunur, bu doğrudurmu? Doğrudursa, niyə?

- Faiq bəy, səmimi olaraq etiraf edim ki, ANS-in rəhbərliyi orada çalışdığım 12 ildən artıq bir vaxtda mənimlə bir çoxlarından daha artıq isti münasibətdə olub. Adicə bir misal gətirim. 4 dəfə işdən çıxmaq barədə ərizəmi rəhbərliyə göndərdim və hər dəfə rədd cavabı aldım. Nəhayət, istədiyimə çatdım. Bu mənim həyatda bəlkə də ən doğru qərarım idi. Çünki insanın sağlamlığı hər şeydən üstündür.

- Televiziyalarımızın vəziyyəti, reportajların hazırlanması, yayınlanması zaman keçdikcə peşəkarlıqdan uzaq düşmür ki?

- Mənə elə gəlir ki, televiziyadan uzaqlaşmağımın bir səbəbi də elə bununla bağlı idi. Açığını deyim ki, bu gün Azərbaycan televiziyalarının səviyyəsi 5-10 il bundan əvvəlki ilə müqayisədə çox zəifdir. Mən adi bir reportyor kimi elə günlərim olub, torpağın, daşın üstündə yatmışam. Təki xalqıma nəsə təzə bir məlumat verə, sağlam bir xəbər hazırlaya bilim. Bu, xüsusilə bir neçə il dalbadal Kürdə baş verən daşqınlarla bağlı idi. Elə günüm olurdu ki, 3 video- reportaj hazırlayır, televiziya və radioya 7-8 dəfə canlı bağlantıya çıxırdım. Hətta nahar etməyə belə vaxt tapa bilmirdim. İşlədiyim müddətdə minlərlə video-reportaj hazırlamışam. Bu sizə çox görünməsin. Mən hələ çox az dedim.

- İşlədiyiniz vaxtlarda olubmu ki, hansısa xəbərə, süjetə görə haqlı olsanız da, haqsız bilinəsiniz?

- Belə hallarla demək olar ki, üzləşməmişəm. Əvvəldə qeyd etdiyim kimi, rəhbərlik, xüsusi ilə vitse-prezident Mir Şahin əksər vaxtlarda mənimlə səmimi olub. Mən də çalışmışam ki, onun və digər rəhbərlərimin etimadını doğruldum. Rəhbərliklə mənim aramda soyuq münasibət olmayıb. Bunun səbəbini isə tam açıqlamaq qeyri-təvazökarlıq olduğundan bir qədər çətindir.

Çox sadə və kövrək adamam

- Ələddin bəy, keçək poetik yaradıcılığınıza, şeirlərinizdə bir nisgil, nostalji var. Elə "Mənim kəpənəyim" şeirində bu, qabarıq görünür.

- Ümumiyyətlə, mən fiziki cəhətdən ağır çəkili olsam da, mənəvi cəhətdən çox sadə və bir qədər də kövrək adamam. Şeirlərimə sızan nisgil və nostalji hisslər də elə bununla bağlıdır.

Sifətinə kədər çöküb,

Gözlərinə qəhər çöküb.

Qəlbinə bəd xəbər çöküb

Gedib qəmdən qəmə deyim? - Hansı qəmdən hansına nə deyəcəkdiniz ki?

- Vallah, şairin, sən də yaxşı bilirsən, işi-peşəsi elə dərd, kədər, ağrıyla oturub-durmaqdan irəli gəlir. Düzü, bu mənlik deyil. Ona qalsa, Vaqif Səmədoğlu həmişə deyirdi ki, Azərbaycanda mən ölümdən daha çox yazan şairəm. Amma bu Səmədoğlu Vaqifin şeirlərinin siqlətini heç də azaltmayıb.

- Şeirlərinizdə bir giley də var: Hansısa maneəni, yoxuşu aşmaqdan bəhs edirsiniz. Nədir sizi narahat edən?

- Faiq bəy, mənim yaş haqqında bir neçə şeirim var. On illikləri həmişə böyük həsrətlə gözləmişəm. Bu da həyata qəlbən bağlı olmağımdan irəli gəlir. Bir neçə gündən sonra 61 yaşım tamam olacaq. Mən ölümdən qorxmuram, lakin Allahın mənə verdiyi günləri, ayları, illəri dolğun yaşamağa və bir insan kimi başa vurmağa çalışmışam.

- Ədəbi mühitdə daha çox kimlərlə dərdləşirsiniz?

- Sizlərdən fərqli olaraq, mən əyalətdə yaşayıram. Yaşadığım Alar kəndində və Cəlilabad rayonunda bir neçə qələm dostum var. Kifayət qədər tanınanlardan bir neçəsinin adını söyləyə bilərəm. Böyükxan Bağırlı, Misir Alarlı, Bilal Alarlı, Əfrahim Hüseynli, Əlizadə Sərdaroğlu, Əlizadə Nuri, Ədalət Salman və başqalarının adını çəkə bilərəm. Görüşlərimiz, ədəbi mühit barəsində söhbətlərimiz demək olar tez-tez olur.

- Ələddin bəy, deyin, əyalət ədəbi mühiti sizi razı salırmı?

- Doğrusunu desəm, bir o qədər də yox...

Tarix
2016.01.08 / 08:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Quran nə deyir: Yer düzdür, yoxsa... - Hacı Şahin

Beynəlxalq Mədəniyyət Forumu başa çatdı

Bütün “milli sifətlərə” ölüm!

Ağır xəstəliklə mübarizə aparan məşhurlarımız

Tanınmış gitarist vəfat etdi

Nobelin Bakıda tikdirdiyi 121 illik ev uçur - Foto

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

“Bakı Ekspo 2025”in təqdimatı oldu - Foto

Bu, Bakını dünyaya yeni imicdə təqdim edir - Alişa Çinay

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla