Yuxarı

“Səs Azərbaycan” atəşə tutuldu: “Biabırçılıq...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səs Azərbaycan" yarışmasında hansı çatışmazlıqlar nəzərə çarpır və bu kimi halların aradan qaldırılması üçün təklifləriniz varmı?

Axar.az-ın sorğusunu mədəniyyət yazarları cavablandırıb.

Musavat.com-un mədəniyyət yazarı Könül İbrahimovanın fikrincə, münsiflərin hərəkətləri süni təsir bağışlayır:

"Bir neçə aydır ki, AzTV-də "Səs Azərbaycan" musiqi müsabiqəsi yayımlanmağa başlayıb. Tamaşaçılar tərəfindən maraqla gözlənilən müsabiqə ölkəmizdə böyük ajiotaj yaratmadı. Bunun da səbəbləri çoxdur. Həm jurnalist, həm də tamaşaçı olaraq, "O səs Türkiyə" və "Qolos"u izləyirəm. Dəfələrlə proqramlar haqda xəbərlər hazırlamışam, həmyerlilərimizin çıxışlarını xüsusilə izləyirəm. "Səs Azərbaycan"ın diqqətdən kənar qaldığını deyə bilmərəm, izlənilir, sosial şəbəkələrdə müzakirə olunur. Azərbaycan tamaşaçısının layihəyə az diqqət ayırmasının səbəbi başqa ölkələrdə efirə gedən proqramları izləməsidir. Biz "O səs Türkiyə"yə baxdıqdan sonra müqayisələr edirik. Verilişin Türkiyə versiyasında xoş olan nüansları "Səs Azərbaycan"da görməyəndə tənqid edirik. Münsiflərin süni davrandığı deyilirdi. İlk proqramlarda münsiflərin narahat olduğu diqqətdən qaçmırdı, ona görə də hərəkətləri insana süni təsir bağışlayırdı. Düşünürəm ki, layihənin reklamı azdır və layihə rəhbəri media ilə mütəmadi əlaqədə olmalıdır. Jurnalistlər çəkilişlərə dəvət olunmalıdır. Pərdəarxası məqamlar oxuculara, izləyicilərə çatdırılmalıdır".

Big.az saytının baş redaktoru Əfruzə Ağayeva "O səs Azərbaycan"ın maraq yarada bilmədiyini hesab edir:

"Bir neçə dəfə o verilişi izləmişəm. Elə bilmişəm ki, xarici ölkələrin musiqi yarışmasına baxıram. Yarışmanın şərtləri odur ki, xarici mahnılar üstünlük təşkil etsin. Çünki məlum olduğu kimi, təşkilatçılar da əcnəbilərdir. Düzü, oturub həvəslə "O səs Türkiyə"yə baxıram, amma "O səs Azərbaycan" məndə o marağı yarada bilmədi. Manana və Tünzalə xanıma çox böyük hörmətim var, amma düşünürəm ki, onlar münsif kimi maraqlı deyillər. Performans yarada bilmirlər, bəlkə iştirakçılara kömək olurlar, amma mən bir tamaşaçı kimi deyirəm".

MUZ TV-nin mədəniyyət müxbiri Rəvan Nasiroğlu münsifləri daha diqqətli olmağa çağırıb:

"Öncəliklə Azərbaycanda belə bir layihənin keçirilməsinə görə çox şadam. Çünki yetərincə yaxşı səslər gəlir və seçilir. Verilişin dekorasiyası, işıqlandırma, səs effektləri - hər şey çox möhtəşəmdir. Münsiflərimiz də öz sahələrində sözlərini demiş şəxslərdir. Lakin fikir versəniz, tamaşaçılar daha çox Türkiyədəki layihəni izləyirlər. Səbəb oradakı layihənin insanlara daha səmimi, daha canayaxın olmasıdır. İstərdim ki, münsiflərimiz səs seçimində daha diqqətli olsun, duellərdə eyni gücdə olan səsləri yan-yana qoymasın. Qətiyyən bir münsif digər münsifin komandasındakı iştirakçılardan hansının seçilməsinin vacibliyindən danışmasın. Fikir versəniz, bir müğənninin iki iştirakçısı çıxır dueldə ifa edir. Seçməyə gəldikdə digər münsiflər hamısı bir ağızdan yalnız bir iştirakçını tərifləyir və bu, digər iştirakçıya çox pis təsir edir, qəlbi qırılır. Bunun həqiqətən də şahidi olmuşam. Aparıcımız da bu dinamik verilişi daha da canlandıra, maraqlı edə bilər".

Ölkə.az-ın mədəniyyət yazarı İntiqam Valehoğlu iştirakçıların Azərbaycan mahnılarına müraciət etməməsindən şikayətlənib:

"Səs Azərbaycan" yarışmasının texniki tərəfləri yüksək səviyyədə təşkil olunub, ideya əladır. Ancaq sanki iştirakçılar Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət etməyə utanırlar. Bəziləri də Azərbaycan musiqisi oxuyanda xarici boğazlar eləməyə çalışırlar. Bilmirəm, bu onlara münsiflərin tapşırığıdır, yoxsa təşkilatçılar belə istəyirlər. Ancaq istənilən halda "Səs Azərbaycan" adı altında keçirilən layihədə öz əsərlərimizə laqeyd münasibət yolverilməzdir. Etiraf edim ki, bu layihəyə bir neçə dəfə baxmışam və dediyim səbəbə görə daha baxmıram. Çox güman ki, mənim kimi düşünən tamaşaçılar az deyil. Əgər layihəyə bu boyda vəsait qoyulubsa və insanlarımızın marağında deyilsə, deməli, əziyyət böyük mənada boşa gedib. Layihənin üstünlüklərinə gəlincə, bura səhnəyə gəlmək mənasında gənclər üçün bir tramplin rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan estradasında iki aparıcı nəsil var ki, onların hər ikisi müsabiqələrin iştirakçılarıdır. Elə "Səs Azərbaycan"ın münsiflərindən olan xalq artisti Faiq Ağayev, həmçinin Aygün Kazımova da 27 il öncə "Bakı payızı" müsabiqəsinin iştirakçısı olub. Yanılmıramsa, Tünzalə Ağayeva da 2001-ci ildə həmin müsabiqədən çıxıb. Deməli, bu cür layihələrdə iştirak etmək gələcək karyeranın hansı istiqamətdə inkişafı baxımından da önəm daşıyır".

Publika.az-ın mədəniyyət yazarı İsa Şükürov "Səs Azərbaycan"da süni məqamlar olduğunu bildirib:

"Səs Azərbaycan" yarışmasını səbirsizliklə gözləyənlərdən biri idim. Çünki xarici kanallardan həmin yarışmanı bir neçə ölkədən izləmişəm və valeh olmuşam. Təəssüf, bunu "Səs Azərbaycan" haqda deyə bilmərəm. Seçim turlarından artıq bütün iştirakçıları münsiflər tanıyır. Bu, gülünc və biabırçılıqdır. Duellər başlayıb. Yarışmanın şərtlərinə görə, bir nəfər getməlidir. Amma digər münsif istəsə, uduzan iştirakçını öz komandasına qəbul edə bilər. Təsəvvür edin, münsif digər münsiflərə rəsmən yalvarır ki, "Nolar, götür də onu öz komandana. Çox yaxşı oxuyur". Bu nə biabırçılıqdır? Kimə yazığınız gəlir və ya niyə artistlik edirsiniz? Güclüdürsə, niyə getməyinə icazə verirsiniz?

İştirakçılardan isə danışmaq istəmirəm. Zəif iştirakçını münsiflər elə tərifləyir ki, adama elə gəlir, hansısa dünya ulduzudur. Nə isə, çox süniliklər var. Ümid edirəm, bu sözlərim dost münasibətində olduğum münsiflərin xətrinə dəyməz. Bu, mənim jurnalist mövqeyimdir".

Tarix
2016.01.12 / 23:19
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla