Yuxarı

“Fərizənin ölüm anında yazdığı o etiraf...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış alim, filologiya elmləri doktoru Almaz Ülvi ilə görüşümüzdə təkcə elmi-bədii yaradıcılıq haqda söhbət olmadı, eyni zamanda onun "Xatirə dəftəri"ni vərəqləyəsi oldum. Almaz xanımın xatirələrinə baş vurmazdan əvvəlona bu günün ovqatını şərh edəcək sualla müraciət etdim:

- Almaz xanım, nə işlə məşğulsunuz? Filologiya elmləri doktorusunuz. Elmi araşdırmalarınız nə yerdədir?

- Hazırda bir az dincəlmək istəyirəm, ən azından on gün. 2015-ci ildə xeyli yoruldum. 3 kitab nəşr etdirdim: Ülvi Bünyadzadənin "Qəhərlənmiş könlüm" (Dünya ədəbiyyatından tərcümələri) və "Əfqanıstan ağrıları" (1979-cu ildə Əfqanıstanda gənc ömürlərinə vida etmiş əsgərlərimizin xatirəsinə ithaf olunmuş poema və povest) – hər iki kitaba 15-20 səhifə həcmində giriş sözü yazmaq şərtilə, AMEA-nın 70 illik yubileyi günlərində Rəyasət Heyətinin qərarı ilə çap olunan akademik Musa Əliyevin həyatı, fəaliyyəti haqda"Elmin haqq çırağı".

25-ə qədər elmi məqalə yazıb, yerli mətbuatda və xaricdə nəşr etdirdim. Müxtəlif ölkələrdə keçirilən 12 beynəlxalq elmi konfransın məruzələrlə iştirakçısı oldum. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən "Türk xalqları ədəbiyyatı: mənşəyi, problemləri və inkişaf mərhələləri" adlı beynəlxalq elmi konfransın materiallarını, "Türk xalqları ədəbiyyatı antologiyası" seriyasından ilk kitabı - Türkiyə: Poeziya (I cild, I kitab) hazırlayıb nəşriyyata təqdim etdik. Sadalamadığım və sıralamadığım çoxlu işlər.Bu günlərdə, xeyli yarımçıq yazım var, onları nizamlamaq, bir yana çıxarmaq fikrindəyəm. Onlardan nigaranam.

-Nədir bu yarımçıq işlər?

- Krımtatarlarının taleyindən bəhs edən bir yazı - elmi-ədəbi araşdırma üzərində çalışıram, tam iki ildir, cəmi 18 səhifə yazmışam. Ədəbi faktların ağırlığından elə əzilirəm ki, son nöqtəni qoymağa çətinlik çəkirəm. Qazax ədəbiyyatına dair bir araşdırma, Bosniya və Hersoqovina ədəbiyyatına aid tədqiqat, Kazan tatarlarından aldığım dəvət tədbirinə məruzə, illərdir üzərində işlədiyim və tamamladığım 3 kitabımı nəşriyyata təqdim etmək və s.

Ən böyük qazancım budur

- Əslində, bu sual söhbətimizə bir körpü rolunu oynadı. Deyin, bir elm adamı olaraq, ədəbi araşdırmalarınız Azərbaycan oxucusuna nəyi isə diktə edə bilirmi?

- Bilirsinizmi, alimin nəyisə oxucuya diktə etmək məqsədi olmur. Başladığın və ya başlamaq istədiyin tədqiqat işində yeni bir problem ortaya qoymaq, ya da hərhansı məsələyə öz elmi münasibətini bildirmək, illər əvvəl ədəbi əlaqələr kontekstində yazılmış əsərlərə - tədqiqatlara yeni baxışla nəzər yetirmək məqsədində olursan. Özün bir cığır açırsan və o cığırla yoluna davam edirsən, təki açdığın cığır sağlam niyyətli olsun. Elm adamı olaraq məni düşündürən, düşünmək istədiyim mövzularım çoxdur: əsasən türk xalqları ədəbiyyatı müstəvisində araşdırmalar üzərində çalışarkən zövq alıram. Doktorluq dissertasiyam özbək ədəbiyyatı ilə əlaqədar olduğundan, özbək ədəbiyyatını mütəmadi izləyirəm, orada nəşr olunuram. 20 ilə yaxındır ki, stolumun üstündə iki kitab varsa, biri özbək ədəbiyyatı olur. Orada dostlarım çoxdur - özümü az qala Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetin və Daşkənd Milli Universitetin əməkdaşı kimi hiss edirəm. Bu hissi həmin elmi-tədris müəssisələrindəki dostlarımla sıx əməkdaşlığım aşılayıb. İşlərim nə qədər çox olsa da, başımdan belə aşsa da, bunlardan zövq alıram, fiziki, zehni yorğunluğum olsa da, ruhən heç yorulmuram, şükür Allaha!Ən böyük qazancım budur, desəm, yanılmaram.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Krımtatar, Kazan tatarları, Başqurdlar, Balkan türkləri, uyğurlar və s. türk dövlətlərinin alimləri, yazarları ilə də sıx elmi əməkdaşlıq münasibətlərim var. Belə dostluq - elmi əlaqələrimiz mənə böyük stimul verir. Eyni məhəbbətlə Azərbaycan ədəbiyyatı üzərində elmi çalışmalarım var. Azərbaycan ədəbiyyatına dair həmin ölkələrdə məqalələrlə çıxışlarım olur, xüsusən müqayisəli araşdırmalar ürəyimcədi.

Ülvinin 2015-ci ildə nəşr etdirdiyim "Əfqanıstan ağrıları" kitabına daxil etdiyim poeması Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək, qırğız, krım-tatar, gürcü, ingilis, rus dillərinə tərcümə olunaraq nəşr edildi. Bunlar da ədəbi əlaqələrimizin bir hissəsidir. Bir yandan həmin ölkələrin oxucuları gənc bir şairin istedadı, yaradıcılığı və faciəvi taleyi ilə tanış olurlarsa da, digər tərəfdən Azərbaycan azadlığı uğrunda məğrur Azərbaycan gəncliyinin mübarizə və mücadiləsini öyrəniblər. Öz ölkələrinin gənc yazarları ilə müqayisə edirlər. Bəlkə də dünya ədəbiyyatında 20 yaşında bu qədər zəngin yaradıcılığa sahib olan gənc elə Ülvi özüdür.

Oxucuya diktə edə biləcəyim sözümü jurnalistik fəaliyyətimlə deməyə çalışıram. Oxucuma qanımızla qazandığımız müstəqilliyimizi urvatsız, xırda hisslərimizə, nəfsimizə qurban etməməyi diktə edirəm.

- Siz yaradıcılığınızın, araşdırmanızın demək olarmı ki, tən yarısını şəhid şairimiz Ülvinin qısa ömrünə, yaradıcılığına həsr etdiniz.

- Bəli, Ülvi ilə bağlı yazılarım, müqayisə xarakterli yazılarım çoxdur. Amma yazı-pozularımın tən yarısı yox, bir xeyli hissəsidir.Ülvinin indiyəcən 9 kitabı nəşr edilib: "Ülvi duyğularım" (1990), "Bir ölümün acığına" (1993), "Ömrüm sənin eşqindi" (1998), "Sənin oxşarın bənövşədi" (2005), "Ömür yolu"(2009,Tiflis; 2009,Bakı), "Əfqanıstan ağrıları (poema və povest, 2015)", "Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından tərcümələr/şeirlər, hekayələr, 2015.)", " Жизненный путь. Стихи и поэма", 2014). Haqqında sayını bilmədiyim məqalələr yazmışam, respublikamızda və xarici ölkə qəzet və dərgilərində, simpozium və konfranslarda elmi məruzələr, "Ülviləşən Ülvim" kitabını nəşr etmişəm. Haqqında çəkilən filmlərdə iştirakçı olmuşam, təhsil aldığı İnstitutda "Ülvi Bünyadzadə Xatirə muzeyi"nin yaradıcılarından biri olmuşam (sonralar həmin muzeyin başına min oyun açdılar) və s. Belə deyim ki, tam 26 ildir ki, Ülvi adlı ağrılı, göynəmli, hıçqıraq, hüzn dolu namuslu, şərəfli, milli məsuliyyətli bir karvanın yolçusuyam. Tam məsuliyyətlə və səmimi deyim ki, bunu özümə borc bilirəm, o güc Ülvi ruhuna verdiyim sözün məsuliyyətidir. Almaz Ülvi imzası elə belə deyil ki?! Bu iki ad biri-birindən ruhlanır, biri-birindən güc-qüvvə alır. Yoxsa məndə haradandır o boyda enerji? 1990-cı ildə dediyim söz - bir bədəndə iki ruh yaşayırıq - hələ də öz qüvvəsindədir. Zamanın ötdüyündən xəbərsizik. Mənim yaradıcılığım öz axarındadır, Ülvi ilə bağlı gördüyüm işlər mənim nə zamanımı alır, nə də görəcəyim şəxsi yaradıcılıq işlərimə mane olur. Ülvi Şəhid adı "yaşayır", mən də belə.

Bibi kimi sevdim, dost kimi bağrıma basdım

-Siz onu bibi olaraq sevdiniz, yoxsa elə arzuları yarıda qırılmış gənc, istedadlı bir Azərbaycan türkünün faciəsi olaraq yandınız?

- Birinci növbədə evimizin körpəsi - dədəmin-anamın əziz nəvəsi idi və bir yerdə yaşayırdıq, demək olar ki, hər gün üz-üzə idik, bir süfrədə çörək kəsirdik, birgə işə-dərsə gedirdik və s. Deməli, ilk olaraq bibi kimi sevdim, dost kimi bağrıma basdım, arzuları çiliklənmiş gənc kimi yandım, milli mücahid kimi çiliklənmiş ömrünü sətirlərinin, yazı-pozularının arasında göyərtməyə çalışdım. Bir evin Ülvisi indi bütün Azərbaycanın Ülvisidir. Odur ki, Ülvi adını qorumaq, onun şərəfinə kölgə salmaq məsuliyyətini hiss edirəm.

Ülvi ağrım bütün şəhidlərimizə aiddir, onların da taleyi həmin an gözümə-könlümə dolur. Hələ 1990-cı ildən Ülvinin şeirlərini nəşr etməyə başlarkən, Ülvi ruhu xətrinə yazı-pozuları olan şəhidlərin ünvanlarını soraqladım, onların da şeirlərini, hekayələrini müxtəlif mətbuat orqanlarında çap etdirdim. Elə şəhid oldu ki, cəmi bir şeiri var idi, onu çap etdim, nakam Fərizənin ölüm anında qırıq-qırıq yazdığı bir etiraf-sevgi cümləsini-balladasını əsər adına nəşr etdim. Onların yazdıqları sətirlərdə talelərini, milli məqsədlərini - amallarını araşdırdım, ədəbiyyatşünaslıq səhifəmizə yazdım. 1990-cı il şəhidlərinin ədəbi irsi ilə 1918-ci il milli mücahidlərin ədəbi irsini müqayisəli təhlil etdim və s. Görünür, bu ağrılı anları yaşayarkən özüm bir qəm karvanının sarvanına çevrilmişəm.Əlbəttə, istedadlı bir gəncin nakam taleyinə təkcə bibi kimi yox, həm də vətəndaş olaraq, cəbhədaş olaraq yandım, həm də qorun-qorun.

- 20 Yanvar faciəmizin yaxınlarda 26 ili tamam olacaq. 26 ilin uzaqlığından bu günə içinizdə nələr gəldi?

- 26 ilin uzaqlığını hiss etməmişəm, yaramız hələ də qanayır. Ülvi hər an yanımda, ürəyimin başında, düşüncəmdə, beynimdə, yuxularımda, uzaq yollarda xəyal həmdəmim oldu. Heç məndən qopmadı. Onun qəribçiliyini çəkməyə heç fürsət vermədi. Ailəmizdə - atam, iki bacım, iki qardaşım dünyalarını dəyişdilər. Bu itkiləri dalbadal yaşadığımızdan çoxdandır az qala gülməyi yadırğamışıq. Bu illər ərzində o qədər uğurlu-uğursuz hadisələr oldu. Amma bu həyatdır, sevindiyimiz günlərimiz də lap çox oldu. Şükür Allaha.

O günlər üçün çox darıxıram

- Almaz xanım, sizin həm də jurnalist fəaliyyətiniz var. Elmi araşdırmalar və sair, yorulmazsınız yəqin.

-Tam 30 ildir ki, sevə-sevə jurnalist kimi çalışıram. Özümü nə mətbuatdan, nə də elmi auditoriyadan ayrı hiss edə bilmərəm. Bunlar mənim üçün biri-birinə mane olmayan, qəlbən bağlandığım işlərimdir. Qaçqınlıq, köçkünlük həyatını həm ailəmdə, həm də qələmimdə yaşadım. Sonra Qarabağ uğrunda gedən müharibənin dəhşətləri məqalələrimin mövzusu oldu. Xəstəxanalara gedib cəbhə bölgələrindən gətirilmiş yaralılara baş çəkər, onlardan müsahibələr götürərdim. 30 illik jurnalistlik fəaliyyətimdə heç məni utandıran, üstündən bu gün xətt çəkəcəyim yazım olmadı.

- Göyçədənsiniz və yurd itkisini yaşayan o ağrını qəlbində və yaradıcılığında daima daşıyanlardansınız. "Göyçədə Novruz" yazınız milli adət ənənəmizin qərbi Azərbaycanda necə keçirilməsi xatiratınız "Heç demirsən Ələsgərim hardadır" yazınız isə böyük aşığa sevgidən yaranıb. Daha hansı yazılarınız o yerlərin adamlarını, ötənlərini ehtiva edir?

-Ulu Göyçə mahalı ilə doğulduğum o göyçək yerlər haqqında çox yazılarım var. İnsan doğulduğu yeri heç unudarmı? Yox! Bu yurd ağrılarımı yazılarımla bölüşürəm. Hələ 1990-ci ildə çalışdığım "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktorumuz, sevimli şairimiz Nəriman Həsənzadənin dəstəyi ilə hər ay belə bir səhifə hazırlayırdım: "Ədəbi Göyçə". O səhifədə Göyçədə yaşayıb-yaradan yazıçı və şairlərin əsərlərindən nümunələr verirdik. Ümumiyyətlə, Göyçə mahalımla əlaqədar say-hesabını bilmədiyim yazılarım var. Bunların bir qismini "Müharibə ağrılarım" (2005, 545 səh.) kitabıma daxil etmişəm, bir qismini nə vaxtsa nəşr etmək istədiyim kitabıma daxil etmişəm. Müxtəlif qəzet və dərgilərdə o qədər yazılar dərc etmişəm ki. Bunlar azmış kimi "Göyçə mahalı – Kəsəmən: bir kəndin tarixindən səhifələr" (2011, 592 səh, I kitab) kitabını yazıb nəşr etdim, II kitabı isə artıq nəşrə təqdim olunmaq ərəfəsindədir. Publisistik yazılarımla yanaşı bu mövzulara elmi kontekstdən də yanaşıb müxtəlif ölkələrdə keçirilən elmi simpozium və konfranslarda məruzələr edirəm. Göyçəmin toponomiyası, el adət-ənənələri, tarixi hadisələri, igid oğul-qızları, yaradıcı insanları, gözəl təbiəti, vüqarlı dağları, çağlar bulaqları, dumanına-çəninə ithaf etdiyim yazılar… o yazılarda nisgilimlə yanaşı, dərin sevgimi, solmaz məhəbbətimi sezməmək olmur.

-O yerlərin yaddaşınızda daha çox qalan və sizi incidən, darıxdıran məqamları haqda eşitmək istərdim.

- O yerlər bütünlüklə - hər cığırı, dağı, daşı, dərəsi, düzü, otu-çiçəyi, quşları, heyvanları, bulaqları, çayları, kənd arası keçidləri, söyüdü, itburnu-qızılgül kolları, alması-armudu, gilası-gavalısı, hər şeyi yadımdadır, xatirələrimin qənimətləridir. Miskin Abdal, Şımpırlı Sevgili, Ozan İbrahim, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, ….,nəğmələrinin poetik ruhu yazılarımın canındadır. Qəşəm Aslanın iki kitabını nəşr etmişəm: "Məğlub ölüm" (1997) və "Seçilmiş əsərləri"(2013). Füzulidə döyüşən 18 yaşlı əsgərin - gənc göyçəli balasının "Ölüncə biləcəm qədrini" şeir kitabçasını çap etdirmişəm. Göyçəyə aid elmi kitablara Ön söz yazmışam, sadalamaqla başa gəlməz ki?! Amma nə yanğım azalır, nə də sözüm bitir. Mən doğulduğum kənddə cəmi 16-17 il yaşamışam, düz 39 ildir ki, Bakıdayam. Amma həmişə Göyçəni, kəndimizi yuxularımda görürəm, Bakı heç yuxuma girmir. Hətta Ülvi ilə yuxularımda görüşəndə Bakıda olmuruq: ya qərib, tanımadığımız bir yer olur, ya da Kəsəmən.

Ən çox və tez-tez xatırladığım, unuda bilmədiyim, hətta gerçəkdən də darıxdığım günlər: sıldırım qayalıqlarda əllərimizə xına qoymağımız, şiş dağlara dırmanaraq yemlik, quzuqulağı, toppuz, qazayağı, çaşır yığmağımız, "Daşlıq" düzlüyündən Solmaz çiçəyi, "Gözəllər" çəmənliyindən bənövşə dərməyə getməyimiz. Bunlar çox romantik və insanı həyata, təbiətə aşiq edən günlərimiz idi. Təsəvvürünüzə gətirin, uca bir dağın başında gül-çiçək dəririk, birdən başımızı qaldırırıq ki, hər yan ağappaqdır. Çəndən-sisdən nəinki heç hara, hətta biri-birimizi görmürdük. 10-15 dəqiqə hər kəs öz yerində dayanardı. Qəflətən başımızın üstünü alan sis-duman sakitcə də çəkilib gedərdi. Biz gülüşərdik ki, yəqin bizi çəmən – çiçəklərə qısqanır. Bunları hər gün xatırlayıram, o günlər üçün çox darıxıram.

Ədəbiyyatın axsaq yeri olmur

- Almaz xanımın "Xatirə dəftəri"ni vərəqləyək: onun yaddaşında daha nə qalır, arzuları nə idi, gerçək olanı, xəyal olaraq yaşananlar hansılar idi?

-Arzum Azərbaycanımızı müstəqil dövlət olaraq görmək idi. Çox şükür, bunu gördüm, bu, elə bir nemət, elə bir qənimətdir ki, tarix qismətimizə yazdı (kaş Ülvi də görəydi). Arzum bu dövlətimizi qorumaq – dişimizlə-qanımızla-canımızla qorumaq, qorumaq, qorumaq! Arzum bu Vətənə layiq övlad olmaq və Vətənimə layiq övlad yetişdirmək! Gerçəklərim bunlardır, xəyalım isə hər gün Göyçəyə can atıram!

- Almaz xanım, hansıdı bizim ədəbiyyatın axsaq yeri?

-Ədəbiyyatın axsaq yeri olmur. Zövqlər kimi düşüncə tərzləri də müxtəlif olur, zəif və güclü əsərlər var.Hər kəs öz zövqünə uyğun əsərləri oxuyur, ya da yazıçı öz dünyagörüşünə, zövqünə, düşüncə tərzinə uyğun əsərlər yazır. Elə hər yazılan ədəbiyyat səhifəsinə həkk olunmur ki, ədəbiyyatın da öz süzgəci var, ələnir, özünə yer alan əsər varsa, qalır, qalanı ələkdən keçmirsə, atılır bir yana.

- Bəs elmimizin zəif yeri?

-Eyni cavabı elmimizə də şamil edə bilərəm. Bu gün ədəbiyyatımız da, ədəbiyyatşünaslığımızda klassik irsə söykənirsə, demək, dayağı möhkəmdir.

Kim deyibsə, gözəl deyib: "Bu gün dünəni mükəmməl öyrən ki, sabaha çata biləsən".

- Almaz xanım olmasaydı, ədəbi elmimiz nə itirərdi?

-Almaz xanım olmasaydı, məncə, ədəbi elmimiz heç nə itirməzdi. Kaş ki, bir səhifəsində görünəydim.

Tarix
2016.01.13 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla