Yuxarı

“Məni Fəxri Xiyabanda dəfn etsinlər...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səidə Asiman Ağdaşda yaşayır. Şeirləri haqda tanınmış ədəbiyyat adamlarının yazdıqları çoxdan diqqətimi çəkmişdi. Onunla bədii yaradıcılığı haqda söhbət etmək üçün sorağına da düşmüşdüm. Bu günlərdə AYB-nin "Natəvan" klubunda onun növbəti "Unutma məni" şeirlər kitabının təqdimatı keçirildi. Şairəni redaksiyamıza dəvət etdim. Razılaşdı.

Axar.az şairə Səidə Asimanla müsahibəni təqdim edir:

- Səidə xanım, sonuncu kitabınızı oxuculara təqdim etdiniz. Deyin, birinci kitabla sonuncu kitabın sevincində hər hansı bir fərq varmı?

- Kitab müqəddəsdir. Mənim üçün hər işıq üzü görən kitabımın sevinci eyni olub. Hər kitabım mənə daha bir pillə ucalmağa stimul verib, üzümə qapılar açıb. İlk kitabım yox e, ilk şeirim dərc olunanda yaşadığım sevinc illər keçsə də, məni tərk etməyib. O sevinc sonuncu kitabıma qədər yaşayıb…

- Siz filoloq olmazdan öncə musiqi sahəsində də təhsil almısınız. Ağdaşda musiqi müəllimi işləyirsiniz. Deyin, musiqidə özünüzü təqdim, yaxud təsdiq edə bilmədiyinizə görəmi şeir yazdınız?

- Musiqi mənim sənətimdir. Başqa sözlə desəm, çörəyimdir. Mən sənətimi sevirəm və onu tədris etməkdən zövq alıram. Gözümü açandan evimizdə musiqi sədası eşitmişəm. Ailədə 4 uşaq olmuşuq, dördümüz də musiqiçiyik. Atamın gözəl səsi vardı, qardaşımın tar, mənim kamançada müşayiətimiz ilə xalq mahnılarımızı, muğamlarımızı oxuyardı. O, oxuduğu xalq mahnılarını hər eşidəndə kövrəlirəm. Xatirələr məni göynədir. Şeir yazmağım da təsadüfi deyil. Allahın mənə bəxş etdiyi, irsən gələn bir istedaddır. Ana nəslimdə şair təbiətli insanlar var. Musiqisiz həyatımı təsəvvür belə edə bilmirəm, poeziya ilə hisslərimi ifadə edirəm.

Arzularım için-için ağladıb məni

- Hansı sahədə hislərinizi daha çox ifadə edə bilirsiniz?

- İnsan yaşadıqca, həyatı dərk etdikcə arzular da çoxalır. Reallaşan və reallaşmayan arzularımız var. Elə şeylər var ki, onları bölüşmək olmur. Vaxtında həyata keçməyən arzularım için-için ağladıb məni. Yox, aciz insan deyiləm. Haradasa gec də olsa, istədiyimə nail oluram.

- Əyalətdə yaşamağın ədəbiyyat adamı olmasına müsbət təsiri varmı, əgər varsa, nədir?

- Əyalətin mühiti bambaşqadır. Bir var çiçəyi görüb yaradasan, bir də var onu təsəvvür edəsən. Hər şeyi təbii olan əyalətin müsbət cəhəti odur ki, o, sənət adamına gördüyümüzü yaratmağa stimul verir.

- Bəs belə bir deyim də var, balıq dəryada böyüyər. Bəlkə bu deyim bu günümüz üçün heç də aktual deyil?

-İndi elə bir zamana gəlib çıxmışıq ki, internet dövrüdür. Dəryanın o tayını görürük. Bir də onu qeyd edim, çayların axarı dəryaya axar. Böyümək arzusunda olan balıq mütləq dəryaya can atacaq.

Bu gün Fikrət müəllim əlimi sıxır

- Səidə xanım, mənə sizin arzularınızla bağlı sual vermək gərəkdir. Siz yeniyetməlik, gənclik illərinizdə nəyi arzuladınız və bu arzulardan gerçəkləşməyəni hansılardır?

- Sualınız məni 20 il əvvələ apardı. Ağdaşda həmyerlimiz, gözəl şairimiz Fikrət Qocanın yubileyi keçirildi. Tədbirə Bakıdan musiqiçilər, sənətkarlar təşrif gətirmişdi. Tədbir o qədər gözəl və təsirli keçirdi ki, elə oradaca ürəyimdən bir arzu keçdi:"Kaşki, mənim də belə böyük zallardan sədam gələ". Gənc idim, həyəcanımdan Fikrət müəllimə həsr etdiyim şeiri ona söyləməyə cəsarətim çatmadı. O arzunun qanadlarında bu gündən sabaha, gələcəyə yol gedirəm. Bu gün Fikrət müəllim əlimi sıxır, mənə yaradıcılıq uğurları arzulayır. Ağdaşda həmin o zalda mənim yaradıcılığıma həsrolunan bədii, musiqili gecələr keçirilir.

- Demək, xəyallar sizin əlinizdən tutub çəkib ardınca...

- Hə, belə demək olar… Xəyallarım yavaş-yavaş gerçək olur. "Ağdaşlıyam" deyəndə "Fikrət Qocanın, Habil Əliyevin, Maqsud Şeyxzadənin, Bəkir Nəbiyevin yerlisisən",- deyirlər. Qürur duyuram, ürəyim dağa dönür. Bu an ürəyimdən bir istək də keçir, kaşki, gələcəkdə bu adların sonunda mənim adım da çəkilsin.

- Özünüzə kumir kimi görürdünüz? Kimin şeiri, yaradıcılığı sizi öz ardınca aparırdı?

- Özümü kimdəsə axtarmamışam. Mənim öz dünyam, özümə məxsus yaradıcılıq sferam var. Ancaq sevdiyim, dönə-dönə oxuduğum sairlər var.

Kamança qadına yaraşır

- Siz kaman alətindən dərs verirsiniz. Məşhur kaman ustası Habil Əliyevin də yerlisisiniz. Sizin kamança ixtisasını seçmənizdə Habil müəllimin pərəstişkarı olmanız əsas ola bilərdimi?

- Rəhmətlik Habil Əliyevin ata evinə yaxın yerdə yaşayırıq. Ümumiyyətlə, Habil müəllim kamançanı bütün dünyaya sevdirdi. Rəhmətlik ata-anamızın ürəyi 4 uşağının hər birinin əlinə bir balaca sənət çörəyi vermək istəyi ilə döyünərdi. Uşaq ikən hərəmizi bir alətdən dərs almaq üçün musiqi məktəbinə göndərdilər. Mənim payıma kamança düşüb. Kamança aləti ümumiyyətlə qadına yaraşır. Sənətimi çox sevirəm, sənətimlə fəxr etmişəm.

- AYB-nin üzvüsünüz və yerliniz, yaradıcılığınıza yüksək qiymət verən Fikrət Qoca da AYB-nin sədr müavinidir, bu yerliçiliyin AYB-də sizə hər hansı təsiri olurmu?

- 2005-ci ildən AYB-nin üzvüyəm. 2003-cü ilin mayında ilk kitablarımı mətbəədən götürüb, Fikrət müəllimin yanına getmişəm. Ondan böyük kimi xeyir-dua almışam. Fikrət müəllim tək yerlilərinə deyil, hər bir yazara doğmalıq göstərən gözəl bir insandır. 2015-ci ildə gənc yazar kimi Prezident təqaüdünə layiq görüldüm.

- Şeirlərinizin nisgil havası daha çoxdur, həqiqətənmi özünüzü, yaşantınızı yazırsınız?

- Əslində, həyatsevər bir insanam. Üzümdə daim bir təbəssüm var. İkiüzlü deyiləm. Hərdən içim ağlayarkən ətrafımdakıları kədərimə ortaq etməmək üçün üzümə təbəssüm gətirməyi bacarıram. Amma seirlərim...

Ağdaşın hörmətli ziyalılarının adının...

- Şeirləriniz bəzən həm xanım olaraq, həm də əyalətdə yaşayan birisi kimi sizə hər hansı bir başağrısı gətiribmi?

- Biz yaradıcı insanlar hər şeyi gördüyümüz kimi deyirik deyə, hərdən yaşayışımız çətin olur. Etiraf edim, şeirlərim yox, hərdən haqq-ədalət axtararaq dediyim düz sözə görə incidilmişəm.

- Şair olaraq, nəyə nail olmaq istəyirsiniz?

- Bu sualınıza qismən cavab vermişəm. İstəmişəm ki, Ağdaşın hörmətli ziyalılarının adının sonunda adım çəkilsin. Elə bu an, bu sualı eşidərkən də ürəyimdən bir istək keçdi. Yox, onu dilimə belə gətirməyəcəm. Özüm üçün də əlçatmaz gəldi...

İstəyirəm məni...

- Amma gərək insanımızı narahat saxlamayaq. O arzunun ucundan- qulağından, sirr olaraq, yavaşca qulağıma deyin.

- Bilmirəm, amma hərdən istəyirəm ki, öləndə məni Fəxri Xiyabanda dəfn etsinlər.

- Orada bir gözaltı yer eləmisiniz özünüzə?

- Xeyr. Amma ruhum məni naümid qoymaz, yer seçər özünə...

- Yaxşı bunu bir şuxluq kimi qəbul edək, siz ölməzsiniz. Qəşəmin bir şeiri var, deyir,"Mən səni sevirəm, ölməzsən heç vaxt". Sizi elə sevən olubmu ki, bu sevgi hər şeyə qalib gəlsin?

- Yox...bəlkədə olub. İndi o illərin bəzi oğrun baxışlarını bu əqlimlə yadıma salıram. Cavabsız olub bəlkə, hiss eləməmişəm.

- Bəs bu qədər sevgi şeirini yazan xanımın ürəyi də "yüksüz" ola bilməzdi. Saqqızınızı oğurlamaq istəyənlər ürəyinizə yol tapa bilmişdimi?

- Yox…

- Çox "yox" dediniz, bəs bu "hə"ni deyəcəyiniz adamın sizin hisslərinizdən necə, xəbəri varmı?

- Qarşıma çıxmayıb.

- Şeirlərinizdə...

- Hə şeirlərim məni ələ verə bilər.Bəzən xəyal reallıqdan daha güclü olur.

Tarix
2016.01.20 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla