Yuxarı

Xınalıq dilindən Çin dilinə qədər - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1800 kilometr yol qət etdik. 7 gündə 23 rayonda olduq. İcra başçıları, sakinlər, müəllim və şagirdlərlə görüşdük. Onlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını hədiyyə verdik.

Kitaba ətraflı önsöz yazan Fridrix fon Dits yeni aşkar edilmiş Oğuz siklopunu Homerin qədim siklopu ilə müqayisə edib. 52 bənddən ibarət olan müqayisəli önsözü oxuyanda məlum olur ki, "Kitabi-Dədə Qorqud" dastanı Homer üçün mənbə rolunu oynayıb, sadəcə birinci dastan elm aləminə ikincidən gec tanıdılıb. Fridrix fon Ditsin qələmə aldığı önsözün 51-ci bəndindən oxuyuruq:

"Mən inanıram ki, Homer Təpəgöz nağılını Asiyaya səyahətində eşidib. Homer tərcüməçi vasitəsi ilə danışdığına görə, təsvir ona natamam şəkildə çatdırılmış ola bilər və o da yalnız əsas cizgiləri öz Polifemininə verib. Ola bilsin ki, o bu əhvalatı İonien yaxınlığında özü eşidib. Çünki oğuzların bir qəbiləsi kim bilir hansı ad altında, Priamın müttəfiqi olmuş və Troyanın mühasirəsi zamanı yunanlara qarşı vuruşub. Beləliklə də, Təpəgöz nağılı kiçik Asiyaya gətirilib, Homerin vaxtında yeni bir xatirə kimi yadda qalıb, Homer bundan istədiyi kimi istifadə edib. Belə aydın olur ki, mükəmməl bir Siklop nağılı qədim zamanlarda Homerə dəxli olmadan bəzi xalqlar arasında geniş yayılıb və buna görə də, yunanların yazılarında oxunanları məhz yunanlara aid etmək olduqca ədalətsizlikdir. Mən yunanların bir çox elmi təsəvvür və məlumatlarına əsasən sübut etmişəm ki, bunlar Yaxın Şərqlilərdən əxz edilib".

Türkoloq növbəti cümlələri ilə məntiqinə sanki möhür vurur. O, qeyd edir ki, "Krallığın yazıları kitabı"nda, "Asiya haqqında xatirələr" kitabında Asiya ilə tam bir əlaqəli nağıl, yaxud əfsanəyə çevrilmiş hekayə görürük, yunanlar bundan sikloplar adı ilə heç əlaqəsi olmadan danışırlar: "Çünki onlar siklopların 3 növündən söz açsalar da, oğuzların bizə qoyub getdiyi bir bütövünü yarada bilməyiblər".

Belə möhtəşəm müqayisənin müəllifi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin 2015-ci il boyu qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sərəncam çərçivəsində Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin rəhbərliyi və təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi. "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparıldı. Bu mövzuda Beynəlxalq kollokvium, alim, tələbə, şagird konfransları keçirildi, dəyirmi masalar və elmi mühazirələr təşkil olundu.

Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının 25 dildə tərcümə olunması da bu qəbildən olan işlər arasında hadisəyə çevrildi. Azərbaycanda yaşayan müxtəlif xalqların və dünya xalqlarının dillərində nəşr olunan kitab multikultural əhəmiyyətinə görə xüsusi fərqlənir. Ardından daha böyük hadisə baş verdi: Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-ci il Azərbaycanda Multikulturalizm ili elan edildi.

Multikulturalizm ilinin ilk ayı və ikinci on günlüyü. Əlimizdə 25 kitab var - möhtəşəm xalq dastanının 12 boyundan birinin - Basatın Təpəgözü öldürdüyü boyun 25 dildə tərcüməsi. Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə kitabın bölgə rəsmilərinə və əhaliyə hədiyyə olunması tapşırığını alırıq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Nurlan Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iki əməkdaşı – Tural Şahbazov və bu yazının müəllifi yanvarın 12-dən regionlara səfərə başlayırıq. Marşrutumuz: Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ağdaş, Ucar, Göyçay, Yevlax, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Goranboy, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ. Marşrutu bir xətt boyunca cızmaq obyektiv səbəblərdən alınmırdı. Qazaxdan Balakənə qayıtmaq, İsmayıllıdan Ağsuya yol almaq kəsişən xətlər boyunca hərəkət etməkdir. İlk baxışdan belə hərəkət yorğunluq yaradır. Səmimiyyətimizə inanın, biz yorulmadıq, əksinə, zövq yaşadıq... Multikulturalizm ilində mənəviyyat dastanı ətrafında maarifləndirmə yolu tutaraq missionerlik etmək hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Əvvəlcə şəhər və rayonların icra başçıları, müavinləri ilə görüşdük. Onlara kitab barəsində geniş məlumat verdik. Rayonların qəsəbə-kəndlərində, təhsil müəssisələrində nəşrin təqdimat və təbliğatının keçirilməsinin vacibliyi ətrafında danışdıq. Söz sözə dəstək oldu. Olduğumuz bütün rayonların rəhbərləri 25 dildə nəşr olunan "Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının Multikultiralizm ilində birgəyaşayış mədəniyyətimizin təbliğatı istiqamətində dəyərli istinad olduğunu vurğuladılar, bu istinada söykənərək geniş tədbirlər keçirəcəklərini bildirdilər.

Bilik Fondunun nümayəndələri olan məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocaqlarında da olduq. Şamaxı rayonu Kamil Nəbiyev adına Məlhəm kənd tam orta məktəbində tat kökənli şagirdlərlə görüşümüz, İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində malakan məktəblilərilə ünsiyyətimiz uzun zaman yaddaşımzda qalacaq təəssüratlar yaratdı. Mingəçevir Texniki Hümanitar liseyinin şagirdləri isə artıq bir neçə dəfə qorqudşünaslığa töhvə verəcək layihələrin fəal iştirakçıları olublar. Qardaşlaşmış məktəblərə hədiyyə etdiyimiz 25 dilə çevrilmiş kitabın təqdimatı zamanı məlum oldu ki, şagirdlər Fridrix fon Ditsi, Dədə Qorqudu, Basatı, Təpəgözü, Bəkili, Qazan xanı kifayət qədər yaxşı tanıyırlar. Onların "Kitabi-Dədə Qorqud" qəhrəmanları barədə səsləndirdikləri fikirləri dinləmək qürurverici idi.

Qəbələnin Niç kəndində, Zaqatalanın Əliabad qəsəbəsi və Car kəndində udi, ingiloy, avar məktəbliləri ilə görüşlərimizin təəssüratı bizdə inşa müsabiqəsi ideyası yaratdı. Ümumilikdə, 14 məktəbdə olduq. Birlikdə belə qərara gəldik ki, 25 xalqın dilində nəşr olunan Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı ilə bağlı məlumatlar əsasında şagirdlər inşa yazaraq, Bilik Fonduna təqdim etsinlər. Bilik Fondu da münsiflər heyəti yaradaraq, müsabiqədə qalib olan məktəbliləri mükafatlandırsın. Bu da multikulturalizm ilinə məktəblilərin verdiyi ilk töhvələrdən biri olar.

Ardı da olacaq, səfərimizin də, yazının da. Missiyamızı davam etdirəcəyik. Növbəti istiqamət şimal, cənub və aran bölgələridir. Azərbaycanlının həyat tərzi olan multikulturalizmin dəyərini mənəviyyat dastanımız "Kitabi-Dədə Qorqud" vasitəsi ilə insanlara aşılamaq gələcəyə xidmətdir. Gələcəksə sabahdır. Henrix Fridrix fon Ditsə, bütün Qorqud ellərinə dərin ehtiram və məhəbbətlə sabaha doğru yol almışıq.

Tarix
2016.01.22 / 18:10
Müəllif
Ceyhun Musaoğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla