Yuxarı

“Toyda oynamaqdan xanımın ürəyi dayandı...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az gənc və istedadlı müğənni Anar Şəkili ilə müsahibəni təqdim edir:

Atam tanınmış ifaçıdır...

- Anar bəy, özünüzü oxucularımıza təqdim edərdiniz.

- Əvvəlcə onu vurğulayım ki, soyadım Məmmədbağırovdur. Sadəcə, əslən Şəki şəhərindən olduğum üçün öz şəhərimin adını özümə ləqəb götürmüşəm.

- Bəllidir ki, Şəki şəhəri istedadlar diyarıdır. Bəs ailədə necə, musiqiçi və ya yaradıcı insan varmı?

- Bəli, atam İlham Məmmədbağırov Şəki şəhəri və ona yaxın ətraf rayonlarda kifayət qədər tanınan qarmon ifaçısıdır. Onun yaradıcılığıma göstərdiyi dəstək əvəzsizdir. Bilirsiniz ki, yaradıcı insanlar maddi dəstəkdən öncə hər zaman mənəvi dəstəyə ehtiyac duyurlar. Bu baxımdan xoşbəxt ifaçıyam ki, valideynimdən özümə qarşı hər zaman həssaslıq və yardım görmüşəm.

- Kimlərdən dərs almısınız?

- Mən 2 nömrəli Şəki şəhər musiqi məktəbini bitirdikdən sonra Milli Konservatoriyaya daxil oldum. Burada görkəmli xanəndələrimiz Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev və dünyasını dəyişmiş İslam Rzayevdən dərs aldım.

- Səhnəyə ilk çıxışınız...

- İlk çıxışım böyük rəğbətlə qarşılandı. Açığı, mən bu qədər sevgi ilə qarşılaşacağımı düşünmürdüm. İlk çıxışlarımdan biri Şəki şəhərində dahi Bülbülün yaradıcılığı ilə bağlı oldu. Mən burada Üzeyir Hacıbəylinin "Sevgili canan" əsərini ifa etdim. Bildiyiniz kimi, əsər özlüyündə olduqca çətin ifa ediləndir, lakin alqış sədalarından bu işin məharətlə öhdəsindən gəldiyimə əmin oldum.

"Kral"

- Bildiyim qədər hal-hazırda "Kral" qrupunun üzvüsünüz. Bu qrupda ifa etmək çox çətindir.

- Doğrudur. Burada istər-istəməz öz həmkarlarını dinləməli və onlarla eyni ritmə tabe olmalısan. Əks halda bütün ifa korlana bilər. Prodüser və təşkilatçı İbrahim Əkbəroğlunun rəhbərliyi ilə yaranan "Kral" qrupu üç nəfərdən ibarətdir. Mən öz həmkarlarım olan Asif və Nurşudla uzun müddət məşqlər aparıram ki, ifa zamanı hər hansı bir texniki səhvə yol verməyək.

- Toylara neçəyə gedirsiniz?

- Qrup olaraq toylara bizi müşayiət edən musiqiçi heyətimiz də qoşulur. İnanın, konkret məbləğ əsasında deyil, sırf bizi sevənlərin arzusu ilə xeyir işlərdə iştirak edirik. Bu baxımdan konkret məbləğ yoxdur. Maddi məsələmiz insanların arzu və istəyinə, onların imkanına uyğun şəkildə həll olunur.

- Anar bəy, toy olmasa, musiqiçi və müğənnilərimizin qazanc yeri hara olacaq?

- Əsas gəliri el şənliklərindən əldə edən ifaçılar konsert proqramları təşkil etməklə də qazanc əldə edə bilərlər.

Toyda dünyasını dəyişib...

- Bir ifaçı olaraq bugünkü toylar sizi qane edirmi?

- Əsla. Ən yaralı yerimə toxundunuz. Mən dəfələrlə toyda bir neçə insanın dünyasını dəyişməsinin şahidi olmuşam.

- Hansı şəraitdə?

- Olub ki, xanım toyda oynayıb-oynayıb və ürəyi dayanıb. Və yaxud ürək xəstəliyindən əziyyət çəkən yaşlı kişi içki içib, qəfildən dünyasını dəyişib.

- Sizcə, insanların sevincini yasa çevirən bu faciələrin başlıca səbəbi nədir?

- Məncə, biz normal qaydalarla yaşamırıq. Hədd deyilən bir şey var. Ümumiyyətlə, bizim kütlədə belə bir anlayış var ki, toyun əvvəlindən sonuna qədər yalnız rəqs olmalıdır, hamı qan-tər içində son nəfəsinə qədər oynamalıdır. İnanın ki, heç kəs bir dəqiqə belə dincəlmir, səs-küy, necə deyərlər, ağız deyəni qulaq eşitmir. Ümumiyyətlə, məncə, toylarımızda bu baxımdan islahatlar aparılsa, daha gözəl olar.

Güclü səs...

- Sizə görə musiqi dünyasında vəziyyət necədir?

- Açığı, ürəkaçan deyil. Mənim üçün Azərbaycanda yeganə güclü səs və peşəkarlıqla seçilən bir isim var: Azər Zeynalov. Çox istərdim ki, efiri bəzəyən lazımsız səslərə və çıxışlara senzura şəklində komitə yaransın və sözügedən heyətdə Azər müəllim şəxsən əyləşərək, istedadları qeyrilərindən seçməkdə rol oynasın. Mən düşünürəm ki, keyfiyyətsiz verilişə baxan tamaşaçı əvvəlcə öz zövqünü və daxili dünyasını korlayır. Bu, böyük faciədir.

- Necə düşünürsünüz, musiqimizin sonrakı taleyi necə olacaq?

- Əgər qarşısı alınmasa, bərbad. Çünki getdikcə daha çox istedadı olmayan insanlara yol açılır. Bir çox müğənninin ümumiyyətlə not anlayışı yoxdur, o ki qaldı normal ifası. Düşünürəm ki, siz media nümayəndələri mədəniyyətimizə xələl gətirə biləcək amilləri işıqlandıraraq, yaradıcılığa zərbə vuran bütün mənfiliklərin qarşısını ala bilərsiniz. Kütləyə sağlam təbliğat zəruridir.

- Amma nəzərə alsaq ki, kütlənin əksər nümayəndələri məhz bayağı mahnılara üstünlük verir...

- Doğrudur, amma el sözü var, "Aşıq gördüyünü çağırar". Düşünürəm ki, normal yazılan ritmik, ahəngli musiqi hər zaman öz yerini tutur. O ifanı sevirlər də, dinləyirlər də.

"Ay gecikən məhəbbətim"

- Yeni mahnı üzərində çalışırsınızmı?

- Bu yaxınlarda dəyərli sənət yoldaşımız, illərin gözəl ifaçısı Sərxan Sərxanlının "Ay gecikən məhəbbətim" mahnısını ifa etdim. Düşündüm ki, mahnı səs diapazonuma yaxındır.

- Sərxan müəllim mahnısının səslənməsinə narazılıq etmədi ki?

- Açığı, ondan icazə ala bilmədim. Çünki bildiyiniz kimi, Sərxan Sərxanlı uzun illərdir Moskvada yaşayıb yaradır. Amma təbii ki, icazə almaq şərtdir və deyərdim ki, zəruridir. Hər halda, Sərxan bəy onun mahnısının peşəkarlıqla səsləndirilməsinə etiraz bildirməz. İfa bayağı və keyfiyyətsiz olsaydı, o məni çoxdan axtarıb tapar və iradını bildirərdi. Ümumiyyətlə isə qrupumuzun ifasında səslənən "Anam sizə elçi gəlir" mahnısı bir çox məşhur müğənninin repertuarına daxil olub.

- Bildiyim qədər, musiqi sahəsində yiyələndiyiniz hərbi rütbə var.

- Bəli. Olduqca məsuliyyətli və özümə qarşı tələbkaram. Bu minvalla, Fövqəladə Hallar Nazirliyinin orkestrində baş məşqçi təyinatçısı vəzifəsinə təsdiq edilmişəm, gizir rütbəsi daşıyıram.

Luçano Pavorotti...

- Müasir musiqilərdən hansı janrı dinləyirsiniz?

- İtalyan musiqiçiləri hədsiz sevirəm. Dinlədiyim klassik musiqi sənətkarları: Enni Marikone, Andrio Baçelli, Luçano Pavorotti, Franko Karelli və digərləridir.

- Sizin ciddi şəkildə idman növü ilə məşğul olmanız faktı doğrudurmu?

- Vaxtı ilə uşu-sanda idman növü ilə məşğul olmuşam. Respublika daxilində keçirilən yarışlara həvəslə qatılırdım. Hazırda vaxtım olmasa da, yenə həyatımda idmana yer ayırıram.

- Müasir gənc ailələrdə yaranan problemlər bir gənc olaraq sizdə hansı təəssüratları oyadır? Ümumiyyətlə, ailədaxili konfliktlərin və ayrılıqların qarşısını necə almaq olar?

- Təbii ki, azərbaycanlı ailəsi üçün xas olmayan hallardan bəhs etdiniz. Gənclərimizi bu vəziyyətdə görmək istəməzdim. Hər halda, düşünürəm ki, baş verən münaqişələrdə ilk növbədə övladları tərbiyə edən valideynlər günahkardırlar. Onlar qızlarına normal tərbiyə versələr, öyüd-nəsihət ilə ər evinə yola salsalar, bəlkə də qarşılıqlı anlayış sayəsində ailələrdə bu dərəcədə qərəzlilik yaşanmaz. Təəssüf ki, indiki qızların əksəriyyəti qayınanasız ev, qayınatasız ailə arzusundadırlar. Onlar düşünmürlər ki, özləri sabahın qayınanalarıdır və etdikləri hərəkətlər mütləq bir gün qarşılarına çıxacaq.

- Kifayət qədər yaraşıqlı və gənc müğənni Anar Şəkili müğənni xanımla evlənərmi?

- Qətiyyən! Mən heç vaxt incəsənət sahəsində olan xanımla öz taleyimi bağlamaram. Buna səbəb isə hədsiz qısqanc xarakterə malik olmağımdır. Düşünürəm ki, mənimlə ailə quran xanım öncə çətin xasiyyətimə uyğunlaşmalı, daha sonra isə mənimlə izdivaca razılıq verməlidir.

Tarix
2016.01.30 / 09:24
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla