Yuxarı

“Kənd oğlanlarına baxırdım ki, görüm anam atamı...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, demək olar ki, həmişə tək gəzərdi. Hər kəsdən uzaq durmağının səbəbini insanlarla ünsiyyət qura bilmədiyində, acıdil olmasında görürdüm. Elə gəminin bütün heyəti bu fikirdə idi. Onunla çoxdanın tanışı, iş yoldaşı olsaq da, demək olar ki, yaxından tanımırdım. Qapalı adamdı. Amma bu dəfə xeyli söhbət etdik...

Növbəti iş günü Dübəndi reydində lövbərə durmuşduq. Bir azdan ətrafdakı gəmilər yaxınlaşacaq, onları su ilə təchiz edəcəkdik. Son tamamlama işlərini bitirdikdən sonra gəmi jurnalına bəzi qeydləri etdim və kapitan körpüsünün sağ qanadına çıxdım.

- Komandir, ona bax, deyəsən, ağlayır, - addımbaaddım məni izləyən, hərəkət zamanı verdiyim tapşırıqlara diqqət kəsilən, sualları ilə məni az qala, bezdirən, lakin öyrənmək istəyi tükənməyən Dəniz Akademiyasının 1-ci kurs tələbəsi Mahmud hələ də yanımda idi və onun beqafil yanıqlı səslə dediyi cümlənin ardınca "yollandım".

Kürəyini dor ağacına söykəyib ağac dibində oturubmuş kimi, çömələrək oturan adam bizim bugünkü hekayətimizin qəhrəmanı idi.

Hə, düşünürəm ki, artıq qəhrəmanımın kimliyi sizi maraqlandırdı. O zaman qısa da olsa deyim: Adı Rakifdir. Qərb rayonlarından birində anadan olub. Başı dənizə, dənizçiliyə qarışdığından gəncliyini və demək olar ki, bütün həyatını dalğaların arasında qərq edib. 48 yaşında ailə qurub, iki uşağı var. Böyüyü qızdır, 1-ci sinfə gedir. Balaca uşağı oğlandır. Hər gün oğlu ilə telefonla danışır. Uşaq ondan oyuncaq gəmi, döyüşmək üçün tank istəyir. Bu isə balasının dediklərini mütləq alacağını və böyük bir adamla danışırmış kimi, "evin kişisi sənsən, anana, bacına bax, növbəm bitəndə gələcəm, dediklərini alıb gətirəcəm", - deyir.

Mahmudun işarə verdiyi yerdə, dor ağacının dibində yerini rahatlayan, gözlərini gəminin gövdəsini yalayan ləpələrə dikən Rakif arada geriyə qanrılır, kürəyinin arxasında "gizlənən", bir azdan batacaq Günəşə baxırdı. Dənizdən çox uzaqlarda olan dağlara tərəf sürünən günəş öləzimiş kimi idi. Xəfif əsən külək də adama xoş bir duyğu verirdi. Kapitan körpüsündən göyərtəyə, yaşı 60-a çatmaqda olan bu insana baxmaq məni sıxdı. Onun miskin görkəmi həmişə ürəyimi ağrıdıb. Mahmuda bəzi tapşırıqları verib aşağı düşdüm. Gəminin burun hissəsinə tərəf getdim. Dor ağacına çatdıqda ayaq səslərimi eşidən Rakif mənə tərəf baxdı. Gülümsədi. Alt çənəsinin yeyilib, az qala, damağına yapışan dişlərinin arasından selikli qişa göründü. Əlinin arxası ilə ağzını sildi:

- Komandir, gəl otur. Dədəmin goru haqqı, elə bildim kənddəyəm, kürəyimi də söykəmişəm şaftalı ağacına. Ağacın dibiylə axan arxın suyuna baxıram. Uşaq vaxtından yadımda qalıb, bağımızdakı ağacları suvarmaq üçün arx çəkmişdik. Ayağımızı da salırdıq suyun içinə. Yaşıl çayırlar bitirdi həmin arxın içində. Balaca qurbağalar bizim gəlişimizi görcək tullanıb suya girmək istəyirdi, amma çayıra ilişirdilər, ha hoppanırdı, bir şey çıxmırdı. Öldürürdüm qurbağaları...

Bu, onun bugünkü xatiratı idi. Yaddaşının qat kəsmiş, ara-sıra vərəqlədiyi səhifəsi idi...

- Gəl, sən də otur o biri tərəfdə, kürəyini söykə, suya bax, dənizin suyu gözəldir, adamın gözünün ağrısını alır.

Rakifi, əminəm ki, heç kəs belə görməyib, duyğulu, kövrək, səbrlə, təmkinlə danışan. Həmişə acıdil olması, özünün dənizçilik fəaliyyəti, Şimal Buzlu okeanında, Uzaq Şərqdə üzməsi, müxtəlif limanlarda olması ilə bağlı əsəbi halda danışmaları çoxunun qanını qaraldıb: "Mən filan yerdə üzəndə sən hələ həyətinizdən qoyun qığı təmizləyib, qığatanla dava-dava oynayırdınız", - deyirdi.

Az qala, dava-dalaşa səbəb olacaq belə mübahisələrdə onun qanının arasına çox girmişəm. Heyəti, tabeçiliyində olanları çox acılayıb, cavan, söz götürməyən dənizçilər ona qarşı kobudluq etmək istəyəndə buna yol verməmişəm. Bu, ancaq onun xoşuna gəlməyib:

- Bəri bax e... sən niyə belə edirsən, baxma belə arığam. Əvvəllər dörd onlar çəkidə olmuşam. Nə olsun şəkər, əsəb məni belə edib, qolumun gücü isə hələ də var.

Gülürdüm və onu başa salırdım ki, ağsaqqal adamsan, gəmidə dava-dalaş olmaz, özü də sən komandir heyətindəsən, mən isə təkcə gəmiyə yox, elə sizin də salamat olmağınıza cavabdehəm.

Gəmilərdə dava-dalaş tez-tez olur. Və tez də barışırlar. O isə doğru deyirdi, güclü idi. Hər gün də idman edirdi. Yenə də tək. Çünki adamlar ondan qaçırdı. Səliqəsiz idi, demək olar ki, günlərlə çimmirdi. Bu gün isə tamam başqa adam olmuşdu.

- Dur gedək "baka" - lövbərin yanına. Orada oturarıq.

Ağır-ağır, könülsüz halda ayağa qalxdı. Neçə ayın çirkindən qartmaq bağlamış şalvarının arxasını çırpdı. Əyninin kiri qat belə kəsmirdi. Dəfələrlə ona iradımı bildirmişdim:

- Ayıbdır, at paltarını maşına at, yuyulsun. Belə olmaz. Sənə tabe olan işçilər səndən nümunə götürməlidir.

- Mənim işimə qarışma, mənə belə yaxşıdır, - demişdi. Sonra da paltar yumağın əziyyət olduğunu, hövsələsiz olduğunu dilə gətirmişdi.

- Sən belə elə, cins şalvarını kəndirlə bağla at dənizə, gəmi hərəkət etdikcə yuyulacaq, sonra şirin suda suya çəkərsən.

Buna da razı olmamışdı:

- Bir dəfə elə etmişdim, hansısa əclaf kəndiri kəsmişdi. Şalvarsız qalmışdım, demişdi.

Amma Rakifin bu günkü durumu xoşagələn idi.

- Neçə ildir bir-birimizi tanıyırıq. Niyə sən özünü belə pis gündə saxlayırsan? Evə gedəndə uşaqların, arvadın səndən iyrənmir?

Sözlərim xətrinə dəydi:

- Niyə iyrənməlidirlər ki? Mənim gecəm-gündüzüm yoxdur, onlar üçün yaşayıram da...

- Aya, çimmirsən də... İt günündəsən... qoxuyursan, fikir verirsən, uşaqlar sən yemək yeyəndə salona girmir?

Duruxdu. Əli ilə yenə də ağzının seliyini sildi.

- Cəhənnəm olsun hamısı. İşimi görürəm, vsyo. O ki qaldı arvadıma, gedən kimi hamama salır, çimirəm, təmiz paltarlarımı geyinirəm girirəm evə. Uşaqlarım da səhərə qədər boynuma sarılır, mənimlə yatırlar...

- Rakif, danış görüm necə oldu dənizə gəldin, taleyini sulara verdin.

Rakifin dən düşmüş qaşları dartıldı, elə dodaqları da bir-birindən aralandı.

Qıyılmış gözləri uzaqlara dikildi. Dənizdə yetim kimi durmuş istifadəsiz buruqlardan ön tərəfə, uzaqlara, xatirələrinin boy göstərdiyi tərəflərə baxdı. Yadına çox illər qabaqları saldı. Yenə də yeyilmiş dişlərinin saxlaya bilmədiyi ağız suyu alt dodaqlarından çənəsinə tərəf sürüldü. Bu dəfə də əllərinin arxası ilə nəmli çənəsini qurutdu. Sifəti də gülürdü, onu bəlkə də son illər beləcə söhbətə tutan olmamışdı. Ağır-ağır, xırıltılı səslə, nağıl danışırmış kimi həyatının arxada qalan səhifələrini nəql etdi:

- Yadımdan çıxmır ki... Doqquzuncu sinifdə oxuyurdum. Anam mənə qarğış etdi. Sonra da söydü. Məni əkən kişinin dədəsinin gorunu söydü. Atam əlindəki dəhrənin arxası ilə anamın belinə vurdu, "köpəyin qızı, mənim dədmin goru sənin üçün nədir ki, söyürsən", - dedi. Anam kərəntinin zərbəsindən qıvrıla-qıvrıla atama çımxırdı, sənin dədən nurlu kişi idi, söyüşümün ona aidiyyəti yoxdur, başıbatmış cavab qaytardı, hirsimdən belə dedim. Amma atam ona rəhm etmədi, onu təpiyinin altına saldı. Qonşu arvadlar həyətimizə töküldü. Araladılar, atama öyüd verdilər. Məni danladılar, başıma qapaz vurdular, böyük oğlansan, dedilər, ananın sözünə bax ki, o da əsəbiləşməsin.

Rakifin gözlərinə dəniz suyu kimi şəffaf bir su yığını gəldi. Deyəsən, dodaqları da səyridi:

- Bax, onda mənə elə gəldi ki, anam məni bic qazanıb...

Sözünü yarımçıq saxladı, lövbər zəncirinin üstündə oturdu. Səhv etdiyini, anası haqda xoş danışmadığını başa düşdü. Amma ox yaydan çıxmışdı.

- Bəlkə də anam atamın qəzəbini görüb elə dedi. Dedi ki, bu söyüşün sənin dədənə aidiyyəti yoxdur. Amma ürəyimə xal düşdü. Atama yazığım gəldi. Dedim, bəlkə də anam doğrudan məni bic qazanıb, bəs, o zaman bu kişi kənddə gözükölgəli olur axı. O gündən kənddə hər kəsdən utandım. Sinif yoldaşlarımdan, kənd cavanlarından, hamıdan çəkinirdim. Gözaltı kənd oğlanlarına baxırdım ki, görüm kimə oxşarım var, anam atamı hansı uşağın atasına dəyişə bilər? Oxşar tapa bilməsəm də, ürəyim sakitləşmirdi.

Rakif çox uzaqdan başladı söhbətə, bu, ona lazım idi, görünür, illərlə içini söküb-dağıdan, onu vaxtsız qocaldan bu dərd yığınını açıb-tökmək üçün onun kiminləsə həmsöhbət olması vacib idi.

- Bir dəfə rayon mərkəzinə getmişdim. Avtobus dayanacağında bir qadın məndən soruşdu ki, sənin anan filankəsdir? Dedim, hə. Sonra mən soruşdum ki, sən hardan bildin mən onun oğluyam? Dedi ki, qaşlarından, gözündən oxşatdım. Sən ananla eynisən. Soruşdum ki, bəs, atama oxşamıram? Dedi, Allah eləməsin ona oxşayasan, anan ipək kimi qadındır. Amma mən anama yox, atama oxşamaq istəyirdim. Atamla öz aramda oxşarlıq gəzirdim. Tapmırdım. Amma anam yenə də mənə acığı tutanda dədəsinə oxşamış köpəyoğlu, deyirdi. Mən isə atama oxşamırdım.

Bir dəfə də quzularımızı kolxozun bostanına salıb otardıqda qoruqçu məni qovdu, çata bilmədikdə dədəndən artıq olmayacaqsan ki, o da sənin kimi ziyankar idi, deyib, söyüş söydü. Hə, bax, bu söyüş də, qoruqçunun dədəmə ziyankar deməsi də məni sevindirdi. Atamın gənclik illərində etdiklərini taytuşları çox danışmışdı. Mən də görünür, ona bu xüsusiyyətimlə oxşayırmışam.

Rakif zəncirin üstündən qalxdı. Əlini yanbızlarının üstünə qoyub sərt hərəkətlə gövdəsini sağa-sola çəkdi. Oynaqları şaqqıldadı.

- Duz öldürüb də məni... Atam da belə edərdi, bax, sənə onun haqqında danışıram, indi təsadüfən yadıma düşdü. Heç əvvəllər düşünməmişdim də... O da belini belə şaqqıldadardı.

Artıq Günəş görünmürdü. Gəminin projektorları göyərtəni işıqlandırırdı. Növbətçi matros gəminin lövbərdə durduğunu bildirən işqları da yandırmışdı. Külək isə bir qədər də zəifləmişdi.

- Külək əssəydi, balıq tutardıq. Bu havada balıqlar ölü kimi yatır, dedi Rakif.

Razılaşdım:

- Hə, amma demədin axı, necə oldu dənizə gəldin. Elə ananın atana, sənə qarğış etməsindən danışdın.

- Anamdan zəhləm gedirdi. Məni söyəndə başqa qonşu arvadlar kimi heç vaxt demirdi ki, səni doğan yerdə qarnım cırılaydı, qarnıma şiş bataydı. Elə məni əkən kişinin özünü və dədəsinin gorunu söyürdü. Özünü atamdan çox istəyirdi. Fikirləşirdim ki, atamı aşağılayır, vaxt gələr ona xəyanət də edə bilər. Ona görə də kənddən getmək istəyirdim. Ona görə də təsadüfən qəzetlərin birində oxuduğum bir elanın ardınca düşdüm. Zaqulbada dənizçilk məktəbi müdavim qəbul edirdi. 8-ci sinfi və orta məktəbi qurtaranlar sənəd verə bilərdi. Mən anama dedim, razı olmadı, atama dedim, dedi, qoyunları kim otaracaq? Zəhləm getdi, elə bilirdim ki, kənddə hamı mənə gülür. Gəldim məktəb direktorunun yanına, ona yalvardım. Onu yalvarıb-yaxardım ki, mənim həyatda bir yer tutmağımı istəyirsə, kömək etsin. O, mənə məktəbdən çıxmağa, 8-ci sinfin şəhadətnaməsini verməyə razılıq verdi. Bir şərtlə, onun ot yerini biçməli idim. Vaxt az idi, dostlarıma dedim, razılaşdılar. Mənə kömək etdilər, 2 günə otu çaldıq. Direktor mənim sənədlərimi verdi, kəndimizdən bir uşaqla məni gecə stansiyaya gətirdi, bilet alıb qatara mindirdi. Ayrılanda məni kənara çəkib 25 manat da pul qoydu cibimə, dedi ki, "get oxu adam ol, atan bir kişi deyil, heç olmasa sən kişi ol. Özü də bunu ananın xətrinə edirəm, o yaxşı kişinin qızıdır". Yaxşı ki, elə dedi, həm də kənarda dedi, yoxsa ürəyimdə yüz fikir qalacaqdı.

Səhər vağzalda düşdük, soraqlaşıb "Əzizbəyov" metrosuna qədər taksi ilə gəldik. Ordan da 171 nömrəli avtobusa minib gəldik həmin məktəbə. Sənədlərimizi verdik. Baxdılar, amma götürmədilər. Sənəd qəbulu dayandırılmışdı. Mən direktorun qapısının ağzında durdum. Malik müəllim idi direktor. Onu görcək dedim, mənim yaşamağım, həyatda qalmağım sizdən asılıdır. Oxumaq istəyirəm. Kök, qaraqabaq, uzun saçlı kişi idi. Solmaz xanım vardı, onu çağırdı, dedi, bu uşağı "aformut" elə. Yalvardım ki, rus qrupu olsun. Rusca da bilmirdim. Olmaz dedikdə, dedim, niyə olmur, ruslar gəlib Azərbaycanda oxuya bilir, mən Azərbaycanda rusca oxuya bilmirəm? Öyrənəcəm də. Sonra bu dil mənə gərək olar. O biri oğlanı götürmədilər. O, yalvara bilmədi, o itib-batdı kənddə, həyətinin şaftalısını satıb-dolanır güc-bəla ilə. Bax, mən beləcə dənizçi oldum.

Rakifin xatirələrini çözələmək istədiyini hiss etdim. Təcrübəçi Mahmud gəlib kənarda durmuşdu. Gözlərimin işarəsi ilə çağırdım, bizim üçün çay tədarükü görməsini tapşırdım və söhbəti davam etdirdim:

- Sonra?

- Pis-yaxşı oxudum. Rus dilini öyrəndim. Yay aylarında kəndə getmədim. Anamı 30 ildən sonra gördüm, qocalmışdı. Amma doğrudan da çətin oldu. Məktəbdə oxuyarkən azərbaycanlı müdavimlərlə rusların arasında tez-tez dava düşürdü. Mən rus qrupunda oxuduğum üçün qalmışdım girinc. Kimin tərəfində olum? Axırda qərar verdim ki, əlbəttə, öz qrupumla olmalıyam. Amma heç vaxt davada öz millətimi vurmurdum. Yalandan atlanıb-düşürdüm, guya ki, dalaşıram. Amma bizimkilər mənim anamı söyürdülər, "rusa satılan oğraş" deyib, məni daha çox vururdular. Hər davadan sonra qrup yoldaşlarım mənim qayğıma qalırdılar. Yaramı sarıyırdılar. Amma bir dəfə bir azərbaycanlının ağzına təpiklə vurdum. İndi də özümə bağışlaya bilmirəm, dişləri töküldü. Lap sonralar dost olduq onunla.

- Necə oldu vurdun?

- Onda axırıncı kursda idim. Böyümüşdüm. Məktəbin kaşası məni yekəltmişdi. Dişim indi yoxdur. O vaxt dişsiz qalan o oğlanın halına acıyıram indi. Hə, oğurluq etmişdi. Kəmərlərimizi oğurlamışdı. İki rus və mən saldıq onu kubrikə (kubrik – dənizçi yataqxanasında, gəmidə ümumi otağa deyilir. - F.B). Ruslar onu döydülər. Birdən dönüb mənə baxdılar. Hiss etdim ki, deyirlər, bunu birlikdə etməliyik. Bax onda təpiklə həmin oğlanın ağzına vurdum. Yerə sərildi, heydə düşdü. Sonra şikayət etdi. Bizi tutdular. Əzizbəyov rayon prokurorluğunun müstəntiqi qadın idi. Gözəl idi. Elə maraqla onun gözəlliyinə, əynindəki formaya baxırdım ki... Birdən üstümə qışqırdı: "Nə mal kimi ağzu açıb baxırsan, mal oğlu mal. Öz millətini niyə vurmusan, daş nakişi başuva. Biqeyrət, oğraş".

Bizi tutmadılar, heç məktəbdən də qovmadılar. 79-cu il idi. Milli münaqişə ilə adam tutmazdılar o vaxtı. Direktoru isə necə lazımdır tərlətdilər. Direktor məni sonra gördükdə südümə söydü... Anama yazığım gəldi. Mən də direktorun var-yoxuna söydüm ürəyimdə...

Mahmud çay tədarükü görmüşdü. Rakif onun gətirdiyi çaydan içərək söhbətin mövzusunu dəyişdi:

- Bilirsən ki, vaxtı ilə mən də kapitan olmuşam. Amma heç vaxt mənim matrosum mənə belə sevinə-sevinə çay gətirməyib. Sənin dilin şirindir.

Adamlarla danışa bilirsən, sən mənim bütün sirrimi öyrəndin e... haqqımda yazarsan, bax adımı olduğu kimi yazma ha... bəzi şeyləri də dəyiş.

Rakif danışdı. Öyrənə bildim ki, onun həyatının davamı daha ürəkağrıdıcı olub. Şimalda hərbi donanmada xidmət edib. Əsgərlikdən sonra hərbi gəmidə müqavilə ilə miçman kimi işləyib. Sonradan vətənə qayıdıb. Donanmada işə düzəlib və günlərin bir günü dişini təpiklə vurub saldığı adamla qarşılaşıb.

- Onu görəndə utandım. O, sonradan qiyabi olaraq "Qafur"da (Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbi, indiki Azərbaycan Dövlət Dəniz Akademiyası - F.B.) oxumuşdu, komsostav idi. Onun mexanik olduğu gəmidə mən matros işləyirdim. Gördüm, mənə hörmətlə yanaşır. Bir gün mənə dedi ki, sənin yanında xəcalətliyəm, gərək sizi o vaxt satmayaydım, günah məndə olmuşdu, məni bağışla. Mən də ondan üzr istədim. Dişlərini qırmışam, dedim. Düzəltdirmişdi dişini. Sonra mən də qiyabi oxudum, gəmi kapitanına qədər yüksəldim. Bilirsən, yaxınlarda "rajjalivat" etdilər.

- Bəs, kənddəki məktəb direktoruna sübut etdinmi oxuyub adam olmusan?

- Yox, kəndə heç getmədim, dedim axı, anamdan zəhləm gedirdi. Çox sonralar getdim. Bilmişdilər ki, mən artıq Uzaq Şərqdə yox, Bakıdayam. Anam məni tapdı, atam ölmüşdü. Öz bacısı qızını aldı mənə. Sözündən çıxmadım. O da gecikmişdi. Düzdür, məndən çox cavandır, amma kənd yerlərində bu yaşlı qızlar qarımış sayılır. Uşaqlarım balacadır, bilirsən. Arvadım bağça müəllimidir. Oğlum nadincdir. Anası əsəbiləşəndə söyür, deyir, səni əkən kişinin atasının goruna itin poxu... Sonra da deyir ki, sənə demirəm ha, sənin atan yaxşı kişi olub, qohumcanlı idi... Amma bilirəm ki, məni deyir. Çünki bilirəm ki, o uşaqları mən əkmişəm... Oğlum mənim uşaqlığımı təkrar edir...

Tarix
2016.07.21 / 09:33
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla