Axar.az
Yuxarı
23 Mart 2017


“Xalam oğlu əlini gətirib...” – Zümrüdün dramı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan taleyi" layihəsində

- Doğsaydım, sənin yaşında nəvəm olardı. Dur get "xaledennik"dən kompot gətir.

Tələbə - təcrübəçi Mahmud heyətin yeganə qadın üzvü olan Zümrüdə tərəf incik bir göz atdı, amma heç nə demədi, getdi. Görünür, aşpazın hökmlü davranışı ona xoş gəlmədi. Mahmudun ardınca baxan Zümrüd:

- Sənin bu təriflədiyin oğlan avaradır e...

- Avara yox e, avardır. Zaqataladandır, - guya ki, aşpazın səhvini düzəltdim.

- Əşi, lap hindu olsun. Rahat uşağa oxşamır, bayaq əyilmişəm aşağı, donumu qaldırmışam yuxarı, dizimi ovuram, görürəm, bu avar dediyin avara gözlərini dizimə dikib. Nənəsi yaşındayam e...

- O, elə uşaq deyil. Cəmi 17 yaşı var, özün demişkən, nəvən yaşındadır. Deyəsən, yaşın ötdükcə özün öz üstündə diqqət gəzirsən.

- Sən nə danışırsan, mənim 15 yaşım yox idi hələ müəllimlərin gözünün ora-buramda olmasını hiss edirdim. Böyümüşdüm, başa düşürdüm, özüm də elə oğlanlara baxırdım. İndi sənin bu uşaq dediyinin bilmədiyi şey yoxdur...

- Bəsdir, sən özünə qiymət qoyursan, matahını qaldırırsan. Sənin istismar müddətin başa çatıb, yalandan özünü şişirdirsən.

Ciddi dedim. Həm də bu söhbətin axırı davaya gedib çıxa bilərdi. Onsuz da bir-neçə gün idi ki, geriyə dönüşümüz ləngiyirdi. Mahmud da icazə istəmişdi, kəndə gedəcəkdi.

Gəminin ağsaqqal mexaniki Amil kişi söhbətin üstünə çıxdı, aşpaz qadına işarə edərək zarafatla soruşdu:

- Komandir, indi deyirsən, bunun klasa verilmə vaxtıdır?

Təcrübəli dənizçi gəmilərin 5 ildən bir təmirə durması, tərsanəyə qaldırılıb altının təmizlənməsi, yırtıq deşiyin qaynaq edilərək tutulması, növbəti 5 il üçün üzmə sertifikatı alması kimi mühüm işləri qadının yaşının çox olmasına işarə edərək zarafat etdi.

Zümrüdü gülmək tutdu. Ürəkdən güldü.

- Mənim klasa getməyimə hələ çox var. Sən özündən danış. Elə ki gördün "moxavikin" fırlanmır, şatunun tökülüb, porşenin qalxıb düşmür, yağlasan da xeyri yoxdur, oldun Allah adamı, keçdin oruca, namaza. Yadından çıxıb, içib ağzınla slanı (slan - gəminin maşın şöbəsinin dəmir döşəməsi-F.B) sürtüb təmizləyirdin?

Amil kişi Zümrüdün reaksiyasından alındı, siqaret çıxarıb yandırdı, kənara çəkildi. Dodaqaltı mızıldandı:

- Bununla zarafat edənin ağlı yoxdur...

Mahmud kompotu gətirmişdi. Hava isti olsa da, dənizdən əsən külək xoş deyildi. Külək tutmayan yerdə oturmuşduq. Gəminin əks tərəfindəki stolun arxasında heyət üzvləri domino oynayırdı. Mahmud heç onlara qoşulmurdu. Ona görə də yerini rahlayıb, bizimlə oturmaq istədi. Zümrüd imkan vermədi:

- A bala, bəlkə, biz qocaların bir "sekreti", him-cimi var, nə qıçlarını altına yığırsan.

- Ona dəymə, qoy otursun, təcrübəyə gəlib, onun gəmi və gəmiçilərlə bağlı fikirləri belə söhbətlərdə formalaşmalıdır. Sən gəmiyə təzə gələndə hər şeylə maraqlanmırdın ki?

Zümrüd yenə də zarafat etdi:

- Ay evi tikilmiş, guya tanımırsan məni, ya da eşitməmisən heç, mən cavan qadın idim, məni acgöz moryaklar pəh-pəhlə kambuzdan (Kambuz mətbəxə deyilir – F.B) birbaşa kayuta aparırdılar, nə iləsə maraqlanmağa imkan verirdilər ki?

Mahmud utandı. Rəngi allandı. Zümrüd bunu görcək:

- Ay avar balası, daha burda avara olma, get söhbətim var.

Mahmud durub gəmin göyərtəsində domino oynayan heyət üzvlərinə yaxınlaşdı.

- Qoy getsin, görürəm, ayaqlarıma baxır, - Zümrüdün onun ardınca dediyi sözlər Mahmuda çatdı. Geri döndü:

- Ayağına baxmırdım e... dizinin üstündə çapıq vardı, bizim dananın dodaqlarını qonşu yaba ilə vurmuşdu. Həyətlərinə girdiyinə görə. Dizinin çapığını görəndə, yadıma düşdü.

Bu dəfə Zümrüdün rəngi alındı. Qulaqlarına qədər qızardı, handan-hana özünə gəldi:

- Dana sənin... - ardını demədi. Mahmud artıq domino oynayanların yanında idi.

Zümrüd yaşından çox cavan görünür. Dəniz ondan çox şeyləri ala bilməyib, nə olsun ki eynək taxır, səliqə və yaraşığına daim fikir verir. Həm də çoxbilmişdi. Zarafat deyil, gənc yaşlarından dənizdə işləyir. Fikir vermişəm, boş vaxtlarında kitab oxuyur. Xoşqılıq və kifayət qədər yumor hissi var. Hər halda adam yanında onun üzü həmişə gülür. Dadlı yeməklər bişirməsi isə heyət üzvlərinin yanında daha çox hörmət sahibi edib onu. Amma onun da içində özünə aid olan qəm yığını var. Elə bu gün zəmanədən, dünyanın gərdişindən gileyləndi, həyatının qara səhifələrini vərəqlədi, Mahmuda acığı soyuduqdan sonra ah çəkdi:

- Ölüm-itim dünyasıdı, hamı deyəcək ki, dünyaya arsız gəldi, arsız getdi. Mənim içimdən xəbərsiz olanlar, mənə xoşbəxtsən deyir həmişə. Heç kəsə heç nə sezdirməmişəm. Təkəm. Evim var, yığdıqlarım da bəsimdir. Amma evdə oturub nə edəcəm ki? İşləməsəm, dənizdə olmasam, inan ki, ölərəm.

Arada imkan tapıb mənə yaxşı adam olduğumu da dedi. Amma mən təvazökarlıq edib bu haqda susmağa üstünlük verdim. Onun dediklərini yazmayacağam. Təkcə onu deyə bilərəm ki, dedikləri yaxşı keyfiyyətlər, məndə doğurdan da var. Məsələn, mən vaxtı ilə onun işlədiyi kapitanlar və kapitanın baş köməkçiləri kimi ərzaq oğurluğu üçün ona bir söz demirəm, gözüm toxdur, içki və qadın düşkünü deyiləm, əgər elə şey olsaydı, o bunu hiss edərdi.

Zümrüdün sinəsinin "çat verdiyini" sirlərini, dərdini danışa biləcəyini hiss edib, onu kayutuma dəvət etdim, g"edək, televizora baxaq, qəhvə içək, söhbət edək", - dedim.

- Get, gəlirəm. Görüm o avara avar məni niyə danaya oxşatdı.

Qoluna girdim, "uşaqdır, pis mənada demədi, - dedim, - axı özün dedin, doğsaydın, sənin onunla yaşıd nəvən olardı". Deyəsən, dediklərimin təsiri oldu, stəkanları və yarımçıq kompot şüşəsini götürüb ardımca gəldi.

- Zümrüd, 40 il olar ki, dənizdəsən. Bu illərdə çox şeylər görmüsən, gənc və gözəl olmusan, nələr yaşadın, nələr yaşatdın dənizçilərə?

- sən də bir... nə 40 il, cəmi 36 ildir flotdayam.

Sonra da kayuta nəzər saldı. Stolun üstündəki sənədləri, kitab-jurnalları səliqəyə saldı və ardımca qonaq otağına keçdi. Stolun üstünü sildi. Soyuducuya baxdı. Keçib oturdu. Televizorda yemək bişirirdilər.

- Sən canın, söndür onu, kambuzda ciyərim yanır, burda da yemək bişirirlər, - dedi və pultu əlinə alıb televizoru özü söndürdü.

Söhbətcil olsa da, onu danışdırmaq, həyatının gizlinlərini dilə gətirtmək çətin oldu. Amma əl çəkmədim. İp ucu özü vermişdi, "içimdəki dərd yığınağını kimsə bilmir, həmişə deyib-gülürəm", - demişdi. Divanda yerini rahatladı. Siqaret yandırdı, illüminatoru açdım.

- Sərnişin gəmisində işləyirdim. Təzə kapitan gəlmişdi. Kambuza girdi, gördü siqaret çəkirəm. Dedi ki, burda siqaret çəkərlər? Dedim, bəs nə edim, gedim tualetdə çəkim? Tutuldu. Gözləmirdi belə cavab verəm. Dedi, yox e, qadın, siqaret... başını buladı. Dedim, mən qadın deyiləm. Qadın ömrünü dənizdə, ağır şəraitdə keçirməz. Mən işləyirəm, özüm-özümü dolandırıramsa, demək, qadın deyiləm. Mənə qayğı göstərmirlər, iş yoldaşlarım da mənə öz həmkarı kimi baxır. Qadınlığı da unuduruq.

Zümrüdün səsi dəyişirdi. Danışdıqca əyninə, yaxalığına fikir verirdi. Bayırdan gəminin gövdəsinə çırpılan dalğanın səsi kayuta dolurdu. Siqareti ehmalca dənizə atıb, illüminatoru bağladı, bayırdakı boğuq dalğa səsini içəri girmək əzabından qurtardı.

- Zümrüd xanım...

- Mənə arada "xanım" deyə müraciət edirlər. İdarədə və şəhərdə olanda. Metroda, avtobusda, marketlərdə alış-veriş edəndə... Gəmidə hərə bir ad qoyur. Ən çox da "xalaşka" deyirlər...

- Pis təsir edir?

- Öyrəşmişəm... Çay qoyum?

- Yox, qəhvə içərik. Danış e, oradan, o dağlar qoynundan bura necə gəldin?

Zümrüd ayağını ayağının üstünə qoydu. Paltarının ətəyi yuxarı dartıldı. Dizinin çapığı göründü. Əlini aparıb çapığın ətrafını ovdu. Gün görməyən ayaqları kağız kimi ağ idi. Mahmud yadıma düşdü. Gülümsədim.

- Nəyə gülürsən?

Dinmədim. Ayağa qalxdı, elektrik çaynikinin düyməsini basdı. Qəhvə tədarükü gördü.

- Qoymazsan yatam, dincələm. Danışım, deyirsən?

- Danış, yuxun gəlirsə, aşağı düşmə, keç mənim yataq otağıma, əlimlə qonaq otağından yataq otağına açılan qapını göstərdim. Yox, dedi. Mən əvvəllər bu gəmidə işləyəndə orda çox yatmışam dedi. Nə qədər etdimsə, o zaman kapitanın kim olduğunu demədi.

Bir qədər də dilə tutduqdan sonra özünün həyat hekayətini danışdı.

- Orta məktəbdə yaxşı oxuyurdum. Boy-buxunlu qız idim. Müəllimlərim mənə sinfin ictimai işlərini tapşırırdı. Sonralar biləcəkdim ki, kişi müəllimlər bəzən bilərəkdən mənə əlləri ilə toxunurmuş. Yaxşıydım da. Hansı kopoğlu məndə olan baldıra, sinəyə, gözə dözərdi? Nə isə, 8-ci sinifdən sonra dədəm məni Sabir adına məktəbə qoydu. Şəhərdən rayonumuzda təyinatla işləyən Xosrov müəllim vardı, bir dəfə məktəbin qarşısında məni gördü. Dedi ki, qohumu burada oxuyur. Sevindim onu görəndə, arada gəlib-gedirdi. Tətildə rayona gedəndə qulaqlarıma inanmadım, dedilər ki, guya mən Xosrov müəllimlə görüşürəm və onunla yüz oyundan çıxıram. Anam məni tinə çəkdi, dədən eşitsə, səni doğrayar, xalan oğlu bilsə, başını kəsər, dedi. Anama dedim ki, Xosrov müəllimin qohumu orada oxuyur və məni bir-iki dəfə görüb, evə qədər ötürüb, kinoya getmişik. Nə olsun, subay oğlandır, bu haqda heç söhbətimiz belə olmayıb. Anam elə danışırdı ki, az qalırdım, insanlardan gizlənəm. Bir gün xalam oğlu bizə gəldi. Həyətimizdəki odunu yardı. Anam həyətdə işləyirdi. Xalam oğluna çay süzüb evə dəvət etdim. Məni altdan yuxarı süzdü. Saçımı tumarladı əlini sinəmə apardı, itələdim kənara. Ayıb olsun, dedim. "Xosrovla görüşəndə, öpüşəndə sənə ayıb olmur, mənə niyə ayıb olsun? Qurtaran deyil ki, elə bil, mən də Xosrovun bir tayı", - deyib, qucaqladı məni, köynəyimin yaxasını dartışdırdı. İtələyib altından çıxdım. Bax beləcə, xalam oğlunun oğraş olduğunu bildim. Hər kəsdən incidim. Qonşuluqda Səttar adlı biri vardı. Sən onu tanıyırsan, gəmidə işləyirdi, indi pensiyadadır. Bax, o məni gəlib məktəbdə tapdı. Sevdiyini dedi. Görüşdük. Hətta mənə görə Xosrov müəllimlə də dalaşmışdı. Ona vuruldum. Bir dəfə mənə dedi ki, istəyirsən səni gəmiyə aparım. "Tək ayıbdır", - dedim. Getmədim. Amma axır ki, bir dəfə dilinin şirin yerinə salıb gəmiyə getməyimə razılığımı aldı. Girminin kayutunda başım qarışıb söhbətə. Bir də onda ayıldım ki, gəmi artıq dənizdədir. Məni aldatmışdı. Nə isə, 10 gündən çox dənizdə qaldım. Geri qayıdanda dedi ki, qaiblərini yazdıracağam. Təxminən, 2 aydan sonra gördüm ki, ürəyim bulanır. Bunu tapdım. "Qorxma", - dedi. Apardı dənizçilərin poliklinikasına. Abort elətdirdi. Və qaldım beləcə onun əsarətində.

- Almadı səni?

- Yox, almadı. Sonradan tanıyandan sonra da iyrəndim ondan, yaxınlıq vermədim. Qorxaq idi. Məktəbi qurtardım, Bakıda işə düzəldim. 25 yaşıma qədər elçilərə "yox" dedim, bunu gözlədim. Bu isə məni yanına gəmiyə işə düzəltdi. Burda ailə kimi yaşayaq, zaqs elətdirək, dedi. Aşpaz köməkçisi idim. Onunla bir müddət yaşadım, gördüm ki, qorxaq, yaltaqdır. Mən qəşəng, gözəl qız idim. Gəmidə oğlanlar, kişilər mənə söz atır, əl uzadırdı. Bu isə məni müdafiə etmirdi, çəkinirdi. Özünü görməzliyə vururdu. Arada özümdən çox ona yazığım gəlirdi. Burda hərə bir rayondan gəlib. Çoxu da həyatda özünə yer tapa bilməyənlər və dikbaşlar. İstəmirdim ki, mənim yerlim olan adama baxıb lağ eləsinlər, onun qadınına sataşsınlar. Amma mən onun qadını deyildim artıq. Baxmayaraq ki, o, mənim həyatımı məhv etmişdi, amma yazığım da gəlirdi ona, ona baxıb rayonumuzun kişiləri haqda fikir formalaşırdı. Artıq mən yerli kimi onun təəssübünü çəkmək istəyirdim və çəkirdim də.

Zümrüdün qohumları ilə də əlaqəsi yoxdur. Söz sözü çəkdi, kinayəli halda dedi:

- Qohumlarımı sevmirəm. Atam mənim dərdimdən belini bükdü, dərd onu çərlətdi. Vəsiyyət edibmiş ki, ölsəm, yasıma gəlməsin. Vəsiyyət etməsəydi də getməzdim. Amma qəbrinin üstünə getdim. Həmişə gedirəm. Bilirəm ki, ruhu məni bağışlamaz. Mən pis qız oldum. Anam da öldü, qardaşım yoxdur. Bir bacım var, onun da iki qızı, iki nəvəsi. Kiçik qızından xoşum gəlmir. Mənə deyir ki, uşağımı evinə qeydiyyata aldır. Fikirləşir ki, mən öləndə evim ona qalsın. Uzaq qohumlarımız var, indi gəlib-gedirlər, üz vermirəm. Adamın öz övladından, qardaş-bacısından doğma heç kəs ola bilməz...

Zümrüd tamam dəyişmişdi. 1 saata yaxın söhbətimizdə özünü qadın, xanım kimi aparırdı. Səsinə məlahət qatdı, kişi zarafatları etmədi. Söyüş işlətmədi. Hətta bir-neçə dəfə söz arası, sən də məni bağışla, deyə fikrini çatdırdı.

- Səttarı da, Xosrovu da heç vaxt bağışlamayacağam. Atamın rayon boyda hörməti vardı. Hər ikisi filankəsin qızı mənlikdir, deyə mənimlə görüşürmüş, orda-burda ağızlarının po..nu dağıdırmışlar.

Zümrüdün halına acıdım. Soyuducudan meyvə götürdüm, dilimləyib qarşısına qoydum. Həmişə xidmətimizdə durub. Yeməyimizi, çayımızı hazırlayıb, bu dəfə ona diqqət göstərdim. Qəribə təbəssüm gəzdi sifətində.

- Bilirsən, yadıma nə düşdü? Dağ boyda kapitanlar məni kayutlarında görmək üçün yüz oyundan çıxırdılar. Aşağıda, kayut kampaniyada, ekipajın yanında özlərini şax tutanlar, kayutda az qalırdılar ayağıma düşsünlər. Sən ki çoxdanın işçisisən. Məni görmüşdün də, yeriyəndə hamı ardımca baxırdı. İşlədiyim gəmidə kiminlə mehriban söhbət edirdim, məni ona qısqanırdılar, həmin matrosun, yaxud başqa işçinin torbasını tikib, gəmidən düşürürdülər. İnanmazsan, ürəyim ağrıyırdı. Axı gəminin sıravi komanda üzvləri gənclər idi, ona görə də onlara pis münasibət bəsləyirdilər.

Onunla zarafat etmək istədim:

- İndi deyirsən ki, heç bir kəslə üz-üzə, diz-dizə qalmadın?

- Niyə, qaldım, - deyib əlini çapıq dizinə apardı. Elə diz-dizə qalmağımın hesabına sağ dizimdə bir şıram qaldı. Başı batmamış Mahmud da danalarının ağzındakı yaraya bənzədir indi. Bilirsən, indi işləyirəm, başımı qatıram, dənizə öyrəşmişəm, qorxuram təqaüdə çıxandan sonra təklikdən öləm. Axı mənim heç kəsim yoxdur. Qohumlarım o vaxtı mənim üstümdən xətt çəkmişdilər. İndi təkəm, kimsəm yoxdur, evim var, qır-qızılım, pulum-param var, əl çəkmirlər. Neçə illər xarici sularda üzdüm, yüksək maaş aldım. Elə Xəzərdə də pis qazanmadım. Sərnişin gəmisində işləyəndə hər gün 100-ə yaxın araq satırdım. Dənizdə ikiqat bahasına satırdım. Heç kəsə də 1 qəpik haqq vermirdim. Hər kəs bacardığı kimi pul qazanır da...

- Yaş ötüb, nə olsun ki, gümrahsan, gərək uşağın olaydı...

- Yox, neynirəm uşağı. Mən doğsam, gərək oğlan doğaydım, qız doğub özüm kimi bədbəxt etməyəcəkdim ki. Oğlan doğsaydım da, gərək şəhid anası olaydım, çünki o uşağı mən doğacaqdımsa, o mütləq döyüşdə vuruşub öləcəkdi, buna tablaya bilməzdim. Düzdür, o vaxtlar müharibə yox idi, amma istəmədim... həm də oğluma baxıb çox adam deyəcəkdi ki, bunun anası ilə bir yerdə ... işləmişəm.

- Sənə bir söz deyim, rəhbərlikdə də yaxşı hörmətin var...

Zümrüd güldü.

- Bilirsən də, onların bir çoxu gəmidə mənimlə işləyib. Sənin kimi meyvə doğrayıb çaya dəvət ediblər. Çoxu ilə aramızda xətir-hörmət olub. Nə olsun indi qocalmışam...

Tarix
2016.07.26 / 09:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıda Təbriz havası əsir: "Pulumuz bitincə" - Video

Bu yol qara, qorxulu, uzun-uzun döngələr...

Təbrizdə Azərbaycan qadını belə yaşayır - Reportaj

Çayı tərsinə axan, burulğanı öldürən şəhər - Video

Əl-Cəzirədən Qarabağla bağlı: "Tayı-bərabəri olmayan..."

Milli qəhrəmanın deputat xanımından etiraflar – Foto

İşimlə məşğulam, böyüklərsə mənə “fermer” deyir...

Beyrək və Banuçiçək haqda - Faktlar

Dövrümüzün ikonaları layihəsində – Nassim Taleb

“Heyətə içki vermisən, kapitan olmayacaqsan”

KULT
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla