Yuxarı

Qız illərin tanışı kimi heç çəkinmədi...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əhmədli" metrosunun yaxınlığındakı "Lukoyl" yanacaqdoldurma məntəqəsinə paralel yoldakı işıqforda dayanan sürücülər 3 azyaşlı uşağın dilənçilik etməsini çox güman ki, unutmayıb. İkisi qız uşağı olan bu üçlüyün geyimi, sifətinin çirki, paltarlarının nimdaşlığı onları istər-istəməz diqqətdə saxlayır. Bu geyim-kecim onların xoş olmayan həyatından xəbər verir. Toz-torpağa bulaşmış sifətlərinin sırtıq təbəssümü isə bəzən onların heç də düşündüyümüz qədər ağrılı həyat sürmədiyi fikrini də ağlımıza gətirə bilər.

Dəfələrlə müşahidə etmişəm, maşınlara yaxınlaşıb balaca əllərini, az qala, sürücünün sinəsinə qədər içəri uzadırlar, "Allah yolunda, sən o yanındakının canı, çörək pulu ver", deyib, istəklərinə çatana qədər eyni sözü təkrarlayırlar.

İnsaflı sürücülər o balaca, tozlu, çirkli ovuclara qəpik qoysa da, çörək pulu əsiri olan bu azyaşlıları söyənlər, yaxud ehmalca pəncərəni bağlayıb yalvarışlara qulaq asmayanlar da az olmur. Uşaqlar bəzən onları acılayan, ruzilərini kəsən sürücülərə özlərinə məxsus şəkildə acıq verir, dillərini çıxarır, hərəkət edən maşınlara tüpürməkdən belə çəkinmirlər.

Sürücüləri də qınamaq olmur, axı onlar çox vaxt bu yarıaçıq ovucları "sevindirə" bilmir.

Bu uşaqlarla söhbət etmək istədim. İşıqforun qırmızı işığı gözlərini "bərəldən" kimi uşaqlar yenə də maşınların üstünə şığıdı. 45 saniyə vaxtları vardı. Bu müddətdə ən azı hər biri 3 maşına yaxınlaşır, dualarını edib ovuclarını açıb yalvarırdı. Bəzi maşınların sürücülərinin sifətinə baxmaq kifayət edir ki, bu azyaşlılar onların yanından sivişib keçsin. İntuisiyaları onlara çox şeyi diktə edə bilir.

Maşını bir qədər yolun kənarına verib saxladım ki, söhbət edəcəyim zaman arxadakı sürücülərə keçid üçün mane olmayım. Yoxsa əsəbi siqnal verəcək, qan qaraldacaqlar. Uşaqlardan bir qədər yaşlısı, təxminən, 13-14 yaşlı qızın sol əli yarıbükülü halda içəri uzandı:

- Səni and veirirəm kimi çox istəyirsən, onun canına. Sən Əbəlfəz, mənə çörək pulu ver, - çəkinmədən ayaqlarını maşının pilləkəninə qoyub yuxarı qalxmışdı. Yaxından baxdım və sanki üzümə toxunacaqdı, bir qədər yana çəkildim.

Burnundan axan selik qızın üst dodağında qartmaq bağlamışdı.

- Sən bu çirkli əllərinlə gedib çörək alacaqsan?

Sualım onu çaşdırmadı.

- Sən pul ver, mən çörək yeyəndə əlimi-üzümü tər-təmiz yuyuram.

- Burnun axır, təmizlə verim, - mən də inad elədim və bu dediklərim heç də onu ələ salmaq üçün deyildi. Guya ki, küçə uşaqlarının xarakterinə uyğun danışırdım ki, onunla söhbətimi alındıra bilim.

Qız maşının pilləkənindən bir an da aşağı düşdü, sol əli hələ də yarımovuc şəklində idi. Sağ əli ilə donun ətəyini yuxarı qaldırdı, burnunu fınxıraraq ətəyinə sildi.

- Demək, sən üzünü yusan, elə qəşəng qız olarsan ki! Hisin-pasın içində özünü boğmusan.

Artıq işıqforun yaşıl işığı maşınların hərəkət etməsinə işarə vermişdi. O biri uşaqlar da bizə yaxınlaşdı. Burnunu sildirdiyim qız:

- Sən niyə pul vermədin? Vaxtımı aldın, - səsində inciklik vardı.

- Sənə pul verəcəm, amma bir şərtlə, get o kranı aç, üzünü, qollarını ayaqlarını təmiz yu, sonra gəl bura, verim. Mən maşında gözləyirəm.

- Verməyənin... - ardını demədi.

- Lap da... - mən onun demədiyi sözə qüvvət verdim

Qız səkinin kənarında əkilmiş ağacları və gül kollarını suvarmaq üçün nəzərdə tutulan plastik borunun kilidini əli ilə dərhal açdı. Səliqəsiz şəkildə dizdən aşağı ayaqlarını, dirsəkdən bir qədər yuxarıdan aşağı qollarını, sifətini yudu. Bu vaxta qədər maşını işıqfordan keçirib, kənarda saxladım. Düşüb onların dayandığı yerə gəldim.

O qədər də təmiz yuyulmayan sifətinin su dəyən yerləri onu daha eybəcər göstərirdi. Boğazının altı, boynun ardı, qulaqlarının dibi hələ də çirkin içində idi.

İşıqforun növbəti dəfə qırmızı işığı yandı. Hər 3 uşaq yenə də maşınlara hücum çəkdi. Yenə də eyni ssenarinin oyunçuları kimi eyni sözlər təkrarlanır, qənimətlərini ovuclarından ciblərinə ötürürdülər.

Bəs, bunlar böyüyəndə necə, öz yerlərini tapa biləcəklərmi, yaşaya biləcəklərmi, yoxsa elə küçələrdə, tinlərdə ömürlərini ona-buna yalvarmaqda, əl açmaqda keçirəcəklər? Suallar özümə də maraqlı gəldi.

- Bura gəl, dedim axı, sənə pul verəcəm, - yaşca böyük olan qızı yanıma çağırdım.

- Ver də..

- Amma bir az söhbət edəcəm səninlə.

Qız illərin tanışı kimi idi. Heç çəkinmirdi də. Etinasız, vecsiz bir görkəmlə sifətimə nəzər saldı.

- Sən pul verən deyilsən, - əlini yelləyib, yenidən maşınlara hücum çəkdi.

Lakin əlimdəki manatlıq sifətinə sanki təbəssüm yaydı. Pulu aldı, dua etdi. Aralanmaq istədi, dayan, dedim, səndən bir neçə söz soruşmaq istəyirəm.

Dayandı. Üzümə baxdı, lal baxışları "eşidirəm", deyirdi.

Bu qızı ürkütməməli idim. Böyük qızdır, dilənçi olsa da, həddi-büluğa çatmaqdadır. Çox yox, bir balaca üst-başını sahmana salsa, saçına, sir-sifətinə fikir versə, yaşıdları arasında çoxundan fərqlənərdi. Gözəl, yeniyetmə qız olardı, qızlara xas olan əda, işvə, mehriban münasibət, ailə, dost, məktəb qayğısı və diqqəti cəmiyyətimizə daha bir layiqli insanın, gələcək ananın gəlməsi demək idi. Bu isə, maşınlara əl açır, dilənir. Hər gün yüz cür münasibət görür, onu təhqir edirlər, söz atırlar, söyürlər, hətta zor tətbiq edirlər. Düzdür, müşahidələrim onu da göstərirdi ki, bu qız o sözləri, o təhqiredici və alçaldacı münasibətləri özünə yaxın belə buraxmır, saymazyana hərəkətlə digər maşına yaxınlaşır. Amma yox, arada cavab da qaytarır, gedən maşının ardınca tüpürür. Bu tüpürcək heç də o maşına tərəf ünvanlanmır. Zamanın, vaxtın bu vədəsində onu yollara salan, dilənməyə vadar edən kəsin, yaxud kəslərin də ünvanınadır. Hər halda bunu mən belə yozurdum.

Qız isə hələ də mənim soruşacağım sözü gözləyirdi. Axır ki, onu intizarda qoymadım, adını soruşdum.

- Adımı neynirsən? 1 manat pul vermisən, bəlkə "domovoy knişkamı" da yoxlayasan?

Yox, bu sözlər bu yaşda olan qızın sözləri deyildi. Bu sözlər dünyanın çox üzünü görmüş insanların birinin digərinə ironik etirazı, iradı, cavabı idi. Bu dilənçi qız da yaddaşına belə ifadələri köçürüb, lazım gəldikdə hazırcavablıq edirdi.

- Axı, mən səninlə söhbət edəcəm, adını bilsəm, xitab edərdim də...

- Nə edərdin, o nə deməkdir? - təəccüblə soruşdu.

Duruxdum. Yox, o mənə istehza etmirdi, sadəcə, bu sözü görünür, eşitməyib və mən heç o qədər də işlək olmayan bu sözü nahaq dedim, deyə fikirləşdim. Əlbəttə, o qızın eşitdiyi sözlər ancaq bunlar idi ki, bu qısa zaman kəsiyində mən də o sözləri eşitmişdim:

"Səni küçəyə buraxanın...", "Bu qız indi maşına əl açır, sabah bir az da böyüsün, maşına oturacaq", "Gəl səni aparım, çimizdirim, adam edim..." və sair...

Elə qızın da cavabları xoşagələn deyildi. "Get, bacının üst-başına əl gəzdir", "Məni küçəyə buraxıblar, səninkilər özlərini küçədə qoyub" və ilaxır.

Burnunu sildi. Cırıq köhnə cins gödəkçəsinin cibindən güzgü çıxartdı, özünə baxdı. Artıq iki balaca uşağın da əli işdən soyumuşdu. Maraqla mənə və qıza baxırdılar.

- Azz, axşam nə deyəcəksən, nə qazanacaqsan, bu bekar adamdı, işi yoxdu, səninlə məzə çırtladır.

- Yox, söhbət etmək istəyirəm, bilirsən, mənə maraqlı gəlir ki, necə olacaq sizin axırınız. Axı siz də böyüyəcəksiniz, ev, ailə, uşaq istəyəcəksiniz...

- Sən narahat olma. Biz sənin kimi bəxtəvər adam deyilik ki, hər şeyimiz olsun. Ailəmizə nə gəlib, ailəmiz var, mehriban da yaşayırıq. Elə bunlar mənim bacı-qardaşımdı.

- Bax, adını da demədin, de görüm böyük qız olub, işləmək, yaxşı pul qazanmaq istəyərdin?

- Mən işləyirəm də. Budur da mənim işim.

- Yox e, lap yaxşı yerdə, məsələn... bax, o marketdə qızlar işləyir ha, qəşəng, yaraşıqlı, təmiz, gözəl, boy-buxunlu, onlar kimi olmaq istəyərdin?

Qız bacısına və qardaşına hökm etdi:

- Durmayın burda. Gedin, işinizlə məşğul olun.

8-9 yaşlı qız böyük bacısına çımxırdı:

- Sən bununla nə danışırsan, hamısını axşam atama deyəcəm.

- Get de, yorulmuşam da, dincəlirəm.

Əlimi cibimə apardım, bir 50 qəpiklik də çıxartdım, bu dəfə balaca qıza tərəf uzatdım, götürdü və balaca qardaşının çiyninə toxunub yenidən maşınların arasına girdilər.

- Bizim işimiz budur elə, - bu dəfə qız daha sakit səslə dedi.

Qızın səsindəki yumşaqlıq mənə də sirayət etdi. İçimdə bir əminlik vardı, bunu danışdıra biləcəm, olmaz ki, bu yaşda qızın özünün daxili dünyası olmasın. Mən, hələ ki, ona yad adamam, özümü doğma adam kimi göstərə biləcəmmi?

Qız isə danışsa da, hələ də gözləri ilə dayanıb-hərəkət edən maşınları izləyirdi.

- Gün ərzində nə qədər qazanırsız?

- Nə qədər olur, elə o qədər. Az da olur, çox da...

- Ən çox qazandığın gün nə qədər olur?

Çiyinlərini çəkdi. Bu qız yavaş-yavaş küçədən çəkilirdi bu hərəkətləri ilə. Bayaq əlini, dizlərini yuduğu plastik boruya yaxınlaşdı. Yenidən ayaqlarını, qolunu, boynunu suyun altına verdi. Sərinləndi. Yaş əllərini çirkli, pırtlaşıq saçına çəkdi. Sanki özünə sığal verdi. Yenidən işıqforun dirəyinə yaxınlaşdı. Üzümə baxdı, "bax, yuyundum", dedi sanki...

- Sən təmiz geyinsən, məktəbə getsən, oxusan, bilirsən nə yaxşı qız olarsan? Xoş həyat yaşayarsan.

Çirkli sifətinə utancaq təbəssüm yayıldı. Bu qız artıq küçədə dilənən qız deyildi. Kövrək xatirələri ilə baş-başa qalmışdı. Etiraf etməliyəm ki, onun bu hala gəlməsi üçün xeyli vaxt sərf etmişdim. Barmaqlarını bir-birinə kilidlədi, sol ayağını sağ ayağının arxasında gizlədi, burnudeşik ayaqqabısını gizlətdi.

- Mən məktəbə gedirdim, dərslərimi də pis oxumurdum. Sonra atam-anam bizi yay tətilində gətirdi Bakıya. Ailəlikcə dilənirik. Təkcə atamdan başqa. Anam da dilənir. Ev tutmuşuq. Hər axşam metronun yanında yığışıb gedirik evə. Atam qəpikləri, xırda pulları böyük pullara çevirir. Deyir, sizin üçün edirəm bunları, sizə gün ağlayıram.

- Axı dərslərinizi oxusanız, tələbə olsanız, bir sənət sahibi olsanız, daha yaxşı gün görərsiz.

Qız çömbəlib oturdu. Donunun ətəyini ayaqlarının arasına sıxdı, cins gödəkcəsinin cibindən bir qom manatlıq çıxardı. Mənə göstərib təzədən cibinə qoydu:

- Mən indi oxumaq istəmirəm. Daha məktəbə gedə bilmərəm.

- Niyə? Atan qoymur? Axı dedin ki, o, sizə yaxşı gün arzulayır, başa salın onu, deyin ki, biz oxuyub özümüzə gün ağlaya bilərik. Dilənmək sənə yaraşmır. Böyüyərsən, toyun olar, ana olarsan...

Yanacaqdoldurmanın boş sahəsində kirayəlik dayanan gəlin maşınlarına tərəf çevrildi. Bütün maşınlara baxdı. İri, bahalı, təzə və təmiz maşınlar elə bəzəkli gəlin kimi dayanmışdı. Allah bilir, bu qız neçənci dəfə idi bu maşınlara baxırmış, bəlkə də özünü o maşınların içində gəlin kimi də hiss etmişdi. Çox astaca bir ah çəkdi:

- Birinci dəfə yay tətilində ailəliklə dilənməyə gəldim. Buna qədər anamla atam gələrdi, amma biz gəlməzdik. Sonra dərslər başlayanda rayonumuza getdik. Uşaqlar təzə paltar geyinmişdi. Atam mənə də təzə don almışdı. Sevinirdi uşaqlar. Mən isə sevinmirdim. Hamı mənə sual verirdi ki, yay tətilini Bakıda necə keçirdin? Onlar elə bilirdi ki, mən qohumumgildə olmuşam, şəhəri gəzmişəm. Cavab verə bilmirdim. Elə bilirdim, hamı mənim burada diləndiyimi bilir və bilərəkdən belə soruşurlar, məni dolayırlar. Acıladım və həyatımda birinci dəfə şoferlərin məni söydükləri söyüşü dilimə gətirdim, kişi söyüşü söydüm onlara, əl çəkin, dedim. Uşaqlar bir-birinin sifətinə baxdı. Təəccübləndilər. 5-ci sinifdə oxuyurdum onda. Sonra iki il də belə gəldik yay tətilini keçirməyə. Bacım, qardaşım böyüdü, atam onları da dilənməyə məcbur etdi. Ondan sonra dərsə getmək istəmədim. İndi mənim sinif yoldaşlarım 10-cu sinfə keçəcək.

- Sənin neçə yaşın var ki?

- 14 yaşım təzə tamam oldu. Həmin gün ad günümü keçirmək üçün qardaşım xahişi elədi, marketdən tort aldıq.

- Yəqin, atan da sevindi. Sənə hədiyyə aldı.

Fikrə getdi. Sonra yenidən ah çəkdi. Üzünə yayılan, gözlərindən boylanan kədərin ağırlığını öz ürəyimdə hiss etdim, əlimi sinəmə apardım, köynəyimin üstündən sinəmi ovdum. O, məni özünə simsar, dərddaş bilmişdi, bəlkə də küçələrdə dilənəndən sonra həyatında ilk dəfə idi ki, belə saf, təmiz, ürəyi və dili yuxa olurdu.

- Sən uşaqlarının ad günündə onlara hədiyyə alırsan?

- Hə... - daha heç nə demədim.

- Bütün atalar qızlarına hədiyyə alır. O qədər görmüşəm ki... Amma atam mənə hədiyyə almadı. Dedi ki, gərək tort almayaydın, yekə qızsan, özünə corab alardın...

Hər ikimiz susduq. Axır ki, dil boğaza qoymayan bacısı da onu şantaj etmirdi, "dilənməsən, axşam atama deyəcəm", demirdi.

- Mən, bilirsən, nə üçün burada oturdum, işləmədim? Səninlə danışanda anam o tərəfdən yaxınlaşdı, iki dəfə əli ilə işarə etdi ki, gedim işləyim. Acığıma gəldi onun hərəkəti, mən onun kimi ana olmaq istəmirəm, dilənmək, ərə getsəm, uşaqlarım olsa, onları diləndirmək istəmirəm. Özü bir gün görməyib. Hələ bir balaca qardaşım da var, qucağına alıb, durub orada dilənir.

Hə, deyəsən içindəki arzuları dilinə ötürülürdü, xəyallarında qurduğu həyatı gerçək olaraq yaşamaq istəyirdi.

- Mən kinolardakı kimi istəyirəm. İstəyirəm, qardaşım məni qorusun, kitablardakı kimi... elə həyatdakı kimi də. O qədər görmüşəm ki, oğlanlar bacılarına, dost olduqları qızlara görə savaşıblar. Amma mənim həyatımda qardaşlarım da dilənəcək, bacım da. Özüm də. Anam dilənir, xalalarım dilənib, elə dilənçiyə, oğruya da ərə gediblər, biz də elə olacağıq. Biz, bayaq sən dediyin marketdə işləyən, dərsə gedən, deyib-gülən o qızlar kimi ola bilməyəcəyik. O bahalı maşınlarda oturan oğlanların yanındakı qızlar kimi də olmayacağıq heç. Atam bizi diləndirsə də, o bahalı maşın sürən kişilər kimi deyil. Atam başqasının qızına söz atmır, onların dalına təpik vurmur... O dəfə maşında kök bir kişi oturmuşdu, mənə dedi, tumanını qaldır, sənə 10 manat verim. Ətəyimi dizimə qədər çəkdim yuxarı. 1 manat verdi. Dedi, bütöv qaldır, yenə verim. Qaldırmadım. Gülə-gülə sürdü maşını, getdi. Onun verdiyi manatı qazandığım pullara qatmadım...

- Bəs neynədin? Cırıb atdın?

- Yox, cırmadım. O pula siçan dərmanı aldım.

- Niyə, özünü zəhərləyəcəkdin?

Bayaqdan başını aşağı salıb danışırdı. Bu dəfə isə gözlərimin içinə baxdı, sonra dönüb sıra ilə müştəri gözləyən kirayəlik gəlin maşınlarına baxdı, ayağa qalxdı:

- Yox, burada, kənd Əhmədlidə qaldığımız evdə siçan var, atam demişdi, gələndə bir az siçan dərmanı alarsız...

O, üstünü çırpıb işıqfora tərəf, xatirələrinin, arzularının içində keçib gerçək həyatına tərəf addımladı və nə fikirləşdisə, dayandı, geri döndü:

- Adım Həyatdır...

Tarix
2016.08.02 / 09:41
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla