Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 İyun 2017


“Babam iki ermənini nöyüt quyusuna atdı...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lazım kişi matrosdur. Bir ildən sonra təqaüdə çıxacaq. Erkən yaşlarından Xəzəri o tay-bu tay ölçməklə məşğuldur. 57 yaşından təqaüdə çıxsa da, dənizdən uzaqlaşmayıb. Qarayanız və qaraqabaq adamdır. Bu vaxta qədər onunla aramda ancaq "salam", "sabahın xeyir" və işi ilə bağlı qısa söhbətlərimiz olub.

Təbiətən danışqan, ünsiyyət qurmağı bacarsam da, bu adamla mənimki heç alınmamışdı. Heç o özü də aramızdakı vəzifə bölgüsünə görə mənimlə söhbət etməyə meyilli görünmürdü. Axır ilk dəfə idi ki, bir ekipajda idik və bir-birimizi bu vaxta qədər heç tanımamışdıq da. Bəlkə də mənim onunla söhbətə baş qoşmamağım da ikinci köməkçimin "komandir, bir onun sifətinə bax, toçnı ermənidir", - deməsinə görə olub. Sonra da Ətağanın cəddinə and içib demişdi ki, onun erməni ilə qarışığı var. Onun bu sözlərini o qədər ciddiyə almasam da, yenə də təsirsiz ötüşməmişdi. Ona görə də aramızdakı rəsmiyyət tellərini Xəzərin küləkləri də tərpədə, aradan qaldıra bilməmişdi.

Amma bir dəfə aramızda yaranan kiçik insident bizi yaxınlaşdırdı. Lövbərdə dayanmışdıq. Kapitan körpüsündə olan növbətçi matrosun vaxtının bitməsindən 1 saatdan çox vaxt keçsə də, hələ də dəyişilməməsini görcək 2-ci köməkçiyə matrosu tapmağı göstəriş versəm də, özüm də onunla birlikdə Lazımın kayutuna gedəsi oldum. Yatırdı. Deyəsən, səsimin tonu bir qədər yüksək oldu:

- Ayıb deyil? Niyə yatmısan? Sənin əvəzləyicin heç yemək də yeməyib. Dur yeməyini ye, onu dəyiş.

Lazım yuxulu gözlərini qırpa-qırpa eləcə yatağından əlini havaya qaldırdı:

- Sən niyə belə qışqırırsan? Yuxuya qalmışam da. Mənə xoşdur sənin danlağını götürmək?

Bu sözləri dedi və duruxdu. Səhv etdiyini başa düşsə də, geri də çəkilmədi:

- Bilirsən, yavaş səslə də deyə bilərdin, başa düşərdim, eşşək-zad deyiləm ki.

Səsinin tonu aşağı düşdü. Tənbəl-tənbəl ayağa qalxıb, stulun üstünə atdığı şalvarını götürdü.

Kayutdan dəhlizə çıxdım. Ardımca gələn köməkçidən, "buna nə olub", - deyə soruşdum.

- Qudurublar də... Özüm yoluna qoyaram.

Təxminən yarım saatdan sonra köməkçi kayuta daxil oldu.

- O, izahat yazmaq istəmir. Deyir, bir ildən sonra təqaüdə çıxıram, hələ indiyə qədər heç bir izahat yazmamışam, heç vaxt "naruşeniyam" olmayıb.

- Yazmayıb, indi də yazmasın. Eybi yoxdur, üstünə çox getməyək. Bəlkə, nəsə olub, o heç vaxt belə kobud səhvə yol verməzdi.

Stola birləşdirilmiş çağırış düyməsini bir dəfə sıxdım. Növbətçi matrosun başı qapıdan içəri "soxuldu". Ayaqları və bədəninin yarıdan çoxu dəhlizdə idi.

- Lazım kişiyə deyərsən, yeməyini yeyib gəlsin bura.

Matrosun başı kayutdan geri, ayaqları və bədəninin bir hissəsi qalmış dəhlizə tərəf geri çəkildi.

İkinci köməkçi divanda yerini rahladı. Bu gəncin gözlərində həmişə şuluq bir ifadə oxunardı. Hiss etmişdim ki, kimlərisə dolaşığa salmaqdan, gülüş və qınaq obyekti etdirməkdən həzz alır. Əslində, pis niyyəti yoxdur. Dənizçilər macərasız, zarafatsız keçinmir.

Lazım kişi qapını astaca döyüb içəri girmək üçün icazə istədi. İkinci köməkçi mənə imkan vermədi:

- Gəl içəri keç, ayıbdır, özün də yekə kişisən, saçın-saqqalın ağarıb, amma özünü aparmağı öyrənmədin.

Lazımın qaşı düyünləndi. Az qala, nəvəsi yaşında olan birinin ona bu cür təpki göstərməsi heç mənim də xoşuma gəlmədi.

- Elə sənin kimi... Sən get gəmi jurnalını doldur, gətir. Saat 24-də veriləcək hesabatı indidən hazırla və idarəyə məlumat ötür.

Köməkçi dilxor halda getdi.

Lazım kişi onun ardınca eyhamlı bir nəzər fırladıb, divanda ayağını ayağının üstünə aşıraraq oturdu. Ona daha diqqətlə baxdım: üzünün tükləri saçlarından daha bəyazdır. Yorğun və yuxuludur. Çay təklif etdim, pis olmazdı, deyib, yerini dəyişdi, masaya daha yaxın oturdu. Külqabını ona tərə uzatdım, siqaret yandırdı.

Ona və özümə çay süzdüm.

- Sən 1 saatdır növbəyə çıxmırsan, oyadırıq, "nə olub e", - deyirsən, sonra da hələ mənə bir irad tutursan.

- Oldu da... daha olmaz, - səsi "günahkaram" deyirdi, sanki.

Fikirli olması, qayğı içərisində vurnuxması da gözümdən yayınmadı. "Sənin nə isə problemin var", - soruşdum. Danışmaq istəmədi. Sonra birdən-birə nəsə tapmış kimi sevincək dilləndi:

- Axı sən "pisatelsən", mənim üçün Ramil Usubovun adına bir ərizə yazarsan?

- Yazaram, - dedim və anında da fikirləşdim ki, bu adamın həyatı yazacağım növbəti hekayətin mövzusu ola bilər.

- Nə haqda yazmalıyıq?

Lazım kişinin danışığından məlum olur ki, qızının rəfiqəsi onun vasitəçiliyi ilə lombarda qızıl-zinət əşyalarını qoyub. Hər ay da pulu ödəyib. İndi qızılları lombarddan geri götürə bilmir.

- Qızım mənə dedi, mən də dənizdə olduğum üçün tanış bir adama ağız açdım. O kömək edəcəyini dedi və qızımın rəfiqəsinin 5 min manatlıq qızılını öz adına lombarda qoyub, cəmi 1500 manat götürüb. Sən demə, pulu buna verirmişlər ki, ödəsin. O da iki ay ödədikdən sonra naxələflik edib ödəmirmiş.

- Bu, xırda məsələdir, buna görə naziri narahat etmək olmaz axı...

- Niyə olmur, olar. Axı polisə vermişik, arada heç nə yoxdur. Nərimanov polisi işi araşdırıb göndərib prokurorluğa, prokurorluq isə yenidən işi polisi qaytarıb.

- Ay Lazım, axı burda lombardın günahı yoxdur...

- Bilirəm lombardlıq bir şey yoxdur. O adam isə pulu ödəmir, deyir, olanda ödəyəcəyəm...

Lazım karamel konfetinin kağızını büküb külqabıya atır. Stəkanı götürüb ağzına yaxınlaşdırır.

Ağsaqqal matrosa ümid verirəm ki, narahat olmasın, məktub yazarıq. Və birdən onun sifətinə bir daha diqqətlə baxıram:

- Lazım, sənin haqqında deyilənlər doğrudur?

Stəkanı dodaqlarından kənara çəkir.

- Nə deyirlər? Nə bilim, bəlkə də doğrudur, amma axı söhbət nədən gedir?

İntizarda saxlamadım, birbaşa dedim:

- Sənin erməni əsilli olmağın haqda söz-söhbət gəzir. Düzdür?

- Başları xarabdır e... onu deyənin...

Sözünün ardını gətirmədi. Xeyli fikrə getdi. Əli ilə kürəyini ovdu. Çuxura düşmüş gözlərində doğrudan da bir məhzunluq, yetimlik, kimsəsizlik oxundu. Yazığım gəldi. Xırıltılı səsində dünyanın ən ağır yükü vardı sanki:

- Mənim "probabuşkam" metis olub, heç onu görməmişəm də. Nənəmin nənəsinin atası dağlı olub, anası isə yarı erməni, yarı cuhud. Ufff, gör neçə il olur e... mənim elə özümün 62 yaşım var, gör indi qanımızda onların qanından qalar? Erməniyə qohum-zad deyiləm. Neçə şəhid vermişik, bizim onlarla nə əlaqəmiz?

Sonra yenə də susdu. Dodağının altında nə isə mızıldandı. Yaxın otursaq da, dediklərindən bir şey başa düşmədim. Diqqətlə qulaq asdığımı görüb, yenə də xırıldadı:

- Bayaq üstümə ona görə qışqırırdın?

- Yox, - dedim.

- Mənim ata tərəfim həmşəridir. 100 ildən çoxdur e gəlib Balaxanıda buruqda işləyib. Ermənilər həmişə bizə düşmən kimi baxıb. Amma bizim millət dünənə qədər erməniyə qardaş deyirdi də, bəlkə belə deyil? Mənim babam 3 erməni öldürüb o vaxtlar. İkisini nöyüt quyusunda basdırıb. Əmim uşaqları şəhid olub. Oğlum da Qarabağda vuruşub. Yaralanıb, əlildir. İşləyə bilmir. Onun ailəsini də mən dolandırıram. Aldığı "pensiyaya" heç qoz qabığı da düşmür. Erməni axtarırlar. Bilirəm kim deyib sənə. O balaca dibələyin işidir. Onun nənəsini qız vaxtı babası ilə evin banında xosunlaşanda tutublar, sırıyıblar yazığa...

Lazım kişi əsəbiləşmişdi. Mövzunu dəyişdim.

- Yaxşı qurtar görüm, mən sənin üstünə qışqırmadım. İşə laqeyd münasibət var. "Smenşikin" ac qalıb, əlavə sənə görə 1 saatdan çox vaxt da qalıb. Yorulub.

- Başa düşürəm...

Lazımla xeyli söhbət etdik. Könlünü aldım:

- Ağsaqqal kişisən, dənizdə böyümüsən, sən gərək başqalarına nümunə olasan, - dedim. Və söz sözü çəkdi, özü də hiss etmədən həyatının geridə qalan səhifələrini vərəqlədi.

- Bilirsən, mən niyə fikirli oluram? Gələn il 63 yaşım tamam olacaq, dalımdan 1 təpik vurub göndərəcəklər ki, get yıxıl öl, sən daha dənizə yaramırsan. Mən axı nə pensiya alacam ki, nə də yaşaya bilim? Hələ oğlumu, onun arvadını, 2 uşağını da saxlmalıyam. Yaxşı ki, qızlarım pis yerə düşməyib. Arada qardaşlarına əl də tuturlar. Yoldaşım məktəbdə xadimədir, gəlinim də bağçada. Aldıqları maaş nə qədərdir ki? Oğlumun pensiyası da çox deyil və onun ağrılarını kəsmək, əsəblərini sakitləşdirmək üçün yazılan dərmanlara güclə çatır. Əvvəllər yaxşı idi, tikintidə qarovulda dururdu. Sonra dedilər ki, biz sobez deyilik ki, ona havayı pul verək. İxtisara saldılar. Yenə də onlara baxanda mən babat maaş alıram. Əlavə görürsən ki, balıq tuturam. Ev növbəmdə də bekar qalmıram, pul qazanıram pis-yaxşı... Bax, mən onları fikirləşirəm... erməni... erməni çıxardanın lap atabaatasının gorunu...

Lazım kişi özünə çay süzdü. Bu dəfə qənddanda qənd götürdü, stəkana salıb islatdı, həb kimi dilinin üstünə qoydu, stəkanı acgözlüklə başına çəkdi:

- İçim yanır, tualetin yolunda qalmışam. Susuz ölərəm.

Sonra yenə də həyatının geridə qoyduğu anları vərəqlədi:

- Mən oğluma veteranlıq "qnişkasını" alanda itin əzabını çəkdim. Elə adamlarla rastlaşdım ki... erməni onlardan yaxşıdı. Adamı nə qədər get-gələ salarlar. Axırda bilirsən nə dedim? Dedim ki (hələ onda baba sağ idi), gedib özümü atacağam babanın maşının altına. Deyəcəm ki, cənab prezident, sən çağırdın, dedin, vətən dardadır, gecə ilə oğlumu pivnoydan tapıb göndərdim cəbhəyə. Dedim, kopoyoğlu, get döyüş, o boyda kişi xalqa müraciət edir, qoşun toplayır. Oğlum da getdi, kişi kimi də vuruşdu. Amma bu ştab siçovulları onu get-gələ salır. Bu sözləri hərbi arxivin rəisinə dedim və qapını çırpıb getdim. Evə çatanda gördüm voyenkomun nümayəndəsi məni gözləyir.

Lazım kişi həyatının ağrılı günlərindən bəhs etdi:

- Uşaqlığım da yaxşı keçməyib. Atam-anam olsa da, yetim kimi böyümüşdüm. Kasıbçılıq hər zaman insanı pis vəziyyətə qoyur. Elə indi də eləyəm, elə bilirəm ki, hamı mənə baxır, bilirlər ki, ailəni allah ümidinə dolandırıram. Doğrusu, sıxılıram. Amma götürəndə heç kəsə ehtiyacım yoxdur. Tapanda yağlı, tapmayanda yavan yeyirik. Uşaqlığım da belə keçib. Sonradan məhlədə pijonlara qoşuldum. Gecələr Sabunçu vağzalında, Montində, nə bilim, harda imkan olurdusa, yol kəsirdik, cibə girirdik. Özü də qara fəhlənin yox ha... imkanlı adamların, mamalarının gül balalarının. Bir dəfə, az qala, ilişəcəkdik. Onda peşə məktəbində oxuyurdum. Qonşuda bir gəmi kapitanı vardı, Allah rəhmət eləsin, Ağarəhim dayı deyirdik ona. Qaçdım onun yanına. Köhnə kişilərdən idi. Dedim, dayı, belə bir iş tutmuşuq, izimizə düşüblər. Məni tutacaqlar, kömək elə. Gətirdi məni gəmiyə. Adımı yazdı ki, guya qonaq kimi 3 gündür onun gəmisindəyəm. Soruşan olsaydı, deyəcəkdi ki, bu uşaq neçə gündü gəmidədir. Beləcə, 10 gün gəmidə gizləndim. Sonra öyrəndim ki, uşaqlar da aradan çıxıb. Daha onlara qoşulmadım. Eləcə bağlandım gəmiyə. Ağarəhim mənim adımı matros köməkçisi kimi gəmiyə yazdırdı. Peşə məktəbinə getmədim. Beləcə, oldum maryak.

Lazımın kefi yavaş-yavaş durulurdu... onu qayğılarının cəngindən qurtarıb, xatirələri ilə baş-başa qoya bilmişdim.

Tarix
2016.08.10 / 09:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cadugərlər, cinlər və lənət haqda... - Ekstrasens sirləri açdı

İnsan kosmik enerjini necə alır? – Müsahibə

Əziz müəlliməm, məndən sevməyi soruşmayın - Video

Peyğəmbər deyirdi ki, qız övladını diri-diri basdırsan…

Düşmənə divan tutan tovuzlu kəşfiyyatçı

Anam dedi, nəyi gözləyirsən, kişi deyilsən?!

Kitabsız, “nakam” Həqiqətə 13 sual...

Bu “demokrat” “erməniləri də başa düşək” dedi...

Oğru aləminin lotuları haqda acı reallıqlar...

Alimlə oxuyan, Nurəddinlə çəkilən xanım - Video

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla