Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Avqust 2017


Zümrüd: “Elə bilirdilər gəmidə gürcü kişilərlə...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu tanıyırsınız. Haqqında yazmışdım. "İnsan taleyi" layihəsində həyatının bəzi məqamlarına işıq salmışdım. Əlbəttə ki, Zümrüdü deyirəm, gəmi aşpazını. Bu dəfə onun həyatının lirika dolu səhifəsini vərəqləyəsi olacağıq. Sözsüz ki, bu söhbətimiz onun istəyi ilə baş tutur. Bir dəfə sakit havada balıq tutarkən qarmağına təzə xəmir salıb dənizə atdıqdan sonra çiyni ilə ehmalca çiynimə toxundu:

- Haqqımda yazdığın yazını oxudum. Mahmud tapdı internetdə. Pis deyildi, yaxşı yazmısan.

Təşəkkürümü bildirdim. Sonra ikimizin eşidəcəyi səslə dedi:

- Sən sağ ol. Haqqımda roman yazarsanmı?

Ona tərəf çevrildim. Xələtinin cibindən konfet çıxartdı, birini mənə uzatdı, "aramızda şirinlik olsun", - dedi və əlavə etdi ki, narahat olmayım, əgər onun həyatından bəhs edəcək romanı yazsam, borclu qalmaz.

Onun qəlbini qırmadım:

- Bilirsən, yazmaq olar, amma mən heç roman yazmamışam axı. Bir də nəyin vardı yazdıq da… Xosrov müəllim, bosman Səttar və sair…

Elə ürəkdən güldü ki…

- Sənə elə şeylər danışaram ki…

Söhbətimiz elə burada da yekunlaşdı. Başımız balıq ovuna qarışdı. Axşamdan keçmiş dilimlənmiş qarpız, pendir və bir neçə dilim çörəklə kayutuma gəldi. Zarafatından qalmırdı. Gəminin yaşlı matrosu Lazım kişinin ona "padxod" etməsindən və mənə qədər bu gəmidə baş verən bir çox hadisələrdən bəhs etdi. Arada şeir oxudu. Çoxu da nakam sevgidən bəhs edən, ürək parçalayan lirika.

- Bunları tələbə vaxtı əzbərləmişəm, şeiri çox sevirəm, - dedi.

Bir müddət söhbət etdikdən sonra yenidən haqqında yaza biləcəyim əsərdən bəhs etdi və romandan povestə, povestdən hekayəyə qədər düşdü. Razılaşmadım, mən sənin haqqında ancaq irihəcmli bir məqalə yazaram və orada sənin intim, özünə aid olan dünyanı qələmə alaram dedim.

Əlüstü razılaşdı:

- Nə olar, olsun, amma mənim demək olar ki, özümə aid olan heç nəyim qalmayıb. Səninlə açıq olacağam. Həm də istəyirəm ki, sən doğrudan da həyat hekayətini qələmə alasan, bəzi yazıçılar kimi şablon şeyləri yox.

- Zümrüd, sən gəmidə çox limanlara baş vurmusan, bəs səni liman bilərək yan almaq istəyənlər necə, çoxmu olub?

Elə bu dediklərim bəs oldu ki, Zümrüd özünün sevgi dünyasına baş vursun.

- Həyatımda çox maraqlı hadisələr olub. Məni bu dəniz korladı. Sözün həqiqi mənasında. O deyimlə razı deyiləm ki, dəniz çirki götürmür, atır sahilə. Heç də düzgün deyim deyil. Dəniz mənim kimi zir-zibili öz qoynunda saxlaya bilir.

Sənə danışmışdım. Məni Səttar gəmiyə gətirdi, evlənəcəyəm səninlə, - dedi, axırı nə oldu? Mənim başıma gətirdiyini Allah da onun qızının başına gətirdi. İndi səsi-sorağı, Çindən, Dubaydan, Türkiyədən gəlir. Öz qohumuna ərə verdi. Amma qız o oğlanda qalmadı. Boşandı. Sevinmirəm. Əsla, amma Allah gərək Səttara başqa cür cəza verəydi, qızıyla yox…

Zümrüd qarpız dilimini çəngələ keçirib ağzına aparır. Ehmalca dişləyir. Sanki dişlərini qarpızdan qoruyur. Salfetlə qarpızın dodaqlarında qalan şirəsini quruladı. Gülümsədi:

- Üç il qabaq Türkiyəyə getdim. Quru yük gəmisi ilə Yunanıstana, Ukraynaya yük daşıyırdıq. Komandir heyəti türklər idi. Ekipajın əksəriyyəti keçmiş sovetlərdən idi. Əsasən də gürcülər. Mənə çox hörmət edirdilər. Aralarında bir dələduzu vardı. Bir dəfə dedilər ki, hamamı təmizləmək bizim üçün xoş deyil. Sən qadınsan, bizim növbəmiz olanda yu. Hörmətini edərik. Dedi ki, adama 10 dollar verərik. Razı olmadım, pulsuz edərəm, - dedim. Bir dəfə o bicbala boynumu qucaqladı. "Gəl, dost olaq, sevişək", - dedi. Güldüm, dedim, ay bala, doğsaydım, sənin boyda nəvəm olardı. Elə hazırcavab idi, dedi, nə olsun, sən olarsan Alla Puqaçova, mən də sənin Flipin. Sonra o heyətdən çıxdım.

- Niyə? Onun sevgisinə qarşılıq vermədin, ona görə?

- Əşşi yox, e… Sonra 3 azərbaycanlı gəldi. Başladılar haqqımda pis fikirləşməyə, guya gürcülərlə yatıram. Dedim, a bədbəxtlər, mənim yatası halım yoxdu e… haqqımda pis danışdılar. Gəmiyə araq götürürdüm, Yunanıstanda satırdım. Gedib kapitana satdılar məni…

Onların açığına o gürcü gədəsini saldım kayuta, 3-4 saat kart oynadıq. Danışdıq güldük. Arada işıqları söndürdük. Elə bildilər ki, nə iləsə məşğuluq. Sonra da oğlana dedim, otaqdan çıxanda köynəyini çıxar çıx. O da elə etdi. Səhəri gördüm mənə nifrətlə baxırlar. Gedib kapitana şikayət etmişdilər ki, guya mən gürcülərdən pula alıb hamamı təmizləyirəm. Kapitan da deyib ki, yaxşı edir, o bura pul qazanmağa gəlib, oğurluq etmir ki. Bunları bildim, dedim, niyə belə edirsiniz? Dedilər ki, sən millətin adını batırırsan, gürcünü otağına buraxıbsan. Dedim, ay külbaşlar, o mənə "matuşka" (anacan) deyir. Yox əgər siz düşündüyünüz kimi idisə, namus-namus deyirsinizsə, niyə onun qabağını kəsmədiniz? Kişi satqın olmaz. Mən bura gəlmişəm işləyəm, pul qazanam. Kefə gəlməmişəm. Həm də yaşımın o vaxtıdır ki, mən onlar deyəni heç fikirləşmirəm də…

- Zümrüd, demək, tər-təmiz gedib-gəldin…

- Atamın qəbrinə and olsun. Mənim yaşıma bab olanlar vardı da. Amma mən elə əxlaqsızlıq etməzdim.

Zümrüd doğrudan da səliqəli qadındır. Yazmışdım axı, yaşı çox olsa da, fiziki görkəmi onu çox cavan göstərir. Həm də ruhu cavandır. Şeiri sevir, saatlarla şeir oxuyur.

- Tələbəlik illərimdə öyrəndiyim şeirlərdir. Kimləri oxumamışam? Şeir dəftəri tutmuşdum. Bəyəndiyim şeirləri həmin dəftərlərə yazırdım, göstərərəm sənə.

Sonra siqaret yandırdı. Dərin bir qullab vurdu, bir neçə saniyədən sonra siqaretin tüstüsü heysiz-heysiz burun dəliklərindən və boyasını qarpız dilimlərinin təmizlədiyi dodaqlarının arasından çölə çıxdı. Üfürüb tüstünü gözlərinin qarşısından qovdu.

- Səninlə söhbət maraqlıdır. Adam toxtayır. Mənim xatirələrlə yaşadığım vaxtımdı. Mən artıq indi nəvə oynatmalı idim. Başıbatmış Lazım isə mənə deyir, nə olub e, tez-tez qalxırsan yuxarı. Daha bilmir ki, səninlə söhbət edəndə gəminin üfunətindən uzaq oluram.

Mən susmağa üstünlük verirəm. Mövzunu bilir, axır ki, qayıdacaq xatirələrinin lirika dolu səhifələrinə.

İndi fikir verirəm, Zümrüdün alnında çapıq var. Dizində olan çapıq aydınca görünsə də, alnındakı bu yaraşıqlı çapığı saçlarının köməyi ilə gizlədə bilib. Çox güman ki, bu çapığın da bir tarixçəsi var. Əlimi öz alnıma aparıram, Zümrüdün çapığının olduğu yerə qoyub, gözlərimlə soruşuram ki, bu nədir?

- Hə, bunu deyirsən? Bu, çox əziz bir adamımın zərbəsindən sonra olub. Adı Qafar idi. Dərbənddə bibim qızı olur, onlara getmişdim. Bakıya qayıtmalı idim. Avtobus gözləyirdim. Yağış yağırdı. Maşınlar saxlamırdı. Demək olar ki, bütün maşınlara əl edirdim. Bir "Jiquli" keçdi. Əlimi havaya qaldırmağa macal tapmadım. Yanımdan şütüyüb keçdi. Bir qədər uzaqda saxladı. Arxaya verdi. 3 nəfər idilər. Soruşdular ki, hara gedirsən? Dedim, Qubaya qədər apara bilərsiniz? Götürdülər, arxada oturdum. Sürücü güzgünü üzümə tuşladı. Tez-tez mənə baxırdı. Özümü narahat hiss etmədim. O qədər mənə baxan, söz atan olmuşdu ki… Gəmidə bir qoşun kişinin arasında bərkimişdim. Söhbət zamanı məlum oldu ki, bunlar gül alverçiləridir. Minvoda, Nalçikə gül aparırlar. Mən, əslində, Bakıya gedəcəyimi dedim. Sürücü, bax Qafar dediyim o adam, əlbəəl dedi ki, istəyirsən aparım. Razılaşdım. Gecə saat 3-də Bakıya çatdıq. O zaman kirayə evdə qalırdım. Məni düşürəndə dedi ki, bəlkə sabah görüşək? Niyə də olmasın, fikirləşdim. Bax görüşdük. Onunla uzun müddət yaşadıq. Gəmidən çıxmağımı istəyirdi, razı olmadım.

- Ona xəyanət etdinmi heç?

- Mənim həyatımda xəyanət deyilən bir şey yoxdur. Ürəyimin hökmü ilə yaxın olmuşam kişilərimlə. Həm də mən onların arvadı deyildim ki… Öhdəlik götürməmişdim ki. Mən həyatı param-parça olan bədbəxt, lakin həddindən artıq gözəl qadın idim. Mənə girişənlər çox olub. Amma onları qəbul etməmişəm. Qəbul etdiklərim isə məni qısqansalar da, xəyanət etməkdə günahlandıra bilməzdi. Deyirdim ki, sən özün ailənə, arvadına, uşaqlarının anasına xəyanət edirsən, guya mən sənə, mənim heç kimim olan bir kişiyə xəyanət etsəm, nə dəyişəcək? Mən Qafara xəyanət etmədim heç vaxt. Amma onunla bir gəmi kapitanına xəyanət etdim. Çünki Qafar gələnə qədər onunla olurdum. Ürəyimdə deyirdim ki, bundan yaxşı qulaq dostu, sevgili ola bilməz. Amma Qafar… o başqa aləm idi. Mənə deyirdi ki, ay bədbəxtin qızı, doğ da. Özümə görə demirəm, deyirdi. Deyirdi ki, mənim balalarım var, səndən gözəl olmasa da, səndən əxlaqlı, tərbiyəli arvadım var, sən bədbəxtin isə heç kəsi yoxdur. Doğ, qorxma, pulum çoxdur, saxlayacağam. Yox, deyirdim. Onu çox sevirdim. Əlləri beşik kimi iri idi. Yatanda üzümü qoyurdum ovcuna. Balaca olanda atamın ovcunun içində eləcə "yatardım". Amma o kapitan isə başqa cür idi. Mənə hər dəfə deyirdi ki, elə elə, uşağa qalma. Deyirdim, niyə axı, bətnimə düşəcək uşaq sənin balan olacaq, niyə balanı öldürürsən, qoymursan doğula? Nə isə, indi o bizdən çıxıb, Ərəb Əmirliyində işləyir. Pis adam deyildi, belə götürəndə. Amma mən ikili həyat yaşayırdım. Qafar isə başqa aləm idi. Kişi o qədər saf və təmiz idi ki... Yaxşı pul qazanırdı. Mənə xərcləmək istəyirdi, razı olmurdum. Özüm pis qazanmırdım axı.

Neçənci siqaret idi ki, çəkirdi. Arada durub masanın üstünü təmizləyib, çay tədarükü də görmüşdü. İndi söhbətimiz çay süfrəsinin ardında davam edirdi. Onun xatirələri də bardaqda "tüstüləyən" çay kimi isti idi.

- Qafardan bir müddət xəbər çıxmadı. Daim oturduğumuz kafeyə getdim. Dostu idi kafenin müdiri. Dedi ki, ağır xəstədir. Görüşmək istədiyimi dedim. Məni də götürüb onların evinə apardı. Böyük oğlanları vardı. Arvadı bizi yaxşı qarşıladı. Dostu dedi ki, onun kafesində işləyirəm və Qafarı tanıdığıma görə birlikdə gəldik ona baş çəkməyə. O, xərçəngdən əziyyət çəkirdi. İmkan tapıb xırıltılı səslə dedi ki, nə yaxşı doğmadın, tək o uşaqla nə edəcəkdin, necə dolanacaqdın?.. Ağrısından danışmadı, eləcə, məni düşündü.

İndi Zümrüd yəqin ağlayacaq, deyə düşündüm. O isə əksinə, gülümsədi. Çayından bir qurtum alıb davam etdi:

- Düz üç ay sonra bildim ki, ölüb. Qəbrinin üstünə getmədim. Görərlər birdən. Bakı kəndində bu, söz-söhbət olardı, saxladığı qadın olub, deyərdilər, adına, ailəsinin adına söz gələ bilərdi.

Zümrüd divar saatına baxdı. "Gecdir, durum, - dedi. - Hə, yəqin gözləyirsən ki, o kapitanla, sonra necə oldu? Heç necə, ona qədər mən kişilərdən necə soyuyurdumsa, o, mənə qədər qadınlardan necə ayrılırdısa, bax eləcə də münasibətimizə son qoyduq…"

Tarix
2016.08.15 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Stalinin cəsədinə əl uzadanda atam dedi ki..."

Erməni qadın dedi ki, siz əsl kişisiniz... - Qarabağ qazisi

Cavabım erməni jürini pərt etdi

Şamaxı niyə batır: qiymətdə yanmaq istəyən varsa... – Foto

Gözəl qadın olduğum üçün kişilər... – Zemfira Əlişqızı

Xalq şairi oğlunu niyə “qonşu uşağı” kimi təqdim etmişdi?

Azərbaycan ürəyimin bir parçasıdır – İndoneziya səfiri

Ən ucuz necə istirahət etmək olar? – Qiymətlər

Atamın əlaqələrini qoruya bilmədim – Qabilin oğlu

Mənə onun adamı kimi baxırdılar... – Ələkbərli

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla