Yuxarı

Dəmiryeyən Arzuman: “Məni bu halda görməyiblər...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nargilə kafesinin yaxınlığındakı yolüstü keçidin pilləkənlərinə qədər çatan qazonun üstünə uzanan səfil hər kəsi özünə çəkirdi. Gözucu baxıb başlarını bulayanlar, ona tərəf tüpürüb söyüş ünvanlayanlarla yanaşı, rəhm dolu baxışlarla baxanlar da az deyildi.

Səfil kişi başını bir qədər dikəltdi, gözünə düşən günəş şüasını qovurmuş kimi əlini gözlərinin qarşısında yellədi. Günəş şüasını qova bilməyəcəyinə əmin olduqdan sonra yerini dəyişmək istədi. Başını bağa kimi qınından çıxarırmışcasına ətrafa çevirdi. Deyəsən, ayağa qalxmağa taqəti yox idi. Uzandığı yerdən kənardakı ağacın altına tərəf bir neçə dəfə fırlandı. Yerini rahatladı, boynunu qısdı, ayaqlarını qarnına tərəf yığdı.

İki dəfə dərindən nəfəs aldı, sonra əllərini bir-birinə yapışdırıb üzünün altına yastıq elədi. Elə bu zaman ona tərəf diqqətlə baxdığımı görüb, dodaqlarının arasından dilini çölə çıxardı, qəribə, xoşagəlməz bir səs çıxartdı. Bununla o, sanki məni saymadığını demək istəyirdi.

Siqaret çıxartdım, acgözlüklə baxdı. Bəlkə də bayaqkı hərəkətinə görə özünü qınadı da. Susuzluqdan əziyyət çəkən adam kimi dodaqlarını yaladı. Siqaret giləsini kobud bir jestlə ona tərəf tulladım. Tələsik götürüb çirkli dodaqlarının arasına pərçimlədi. Özüm üçün yandırdığım siqaretin tüstüsünü saymazyana ona tərəf üflədim.

Xırıltılı səslə:

- Kişi, zibili verdin, qaşığını da ver, - dedi.

Vermədim, guya heç eşitmədim də. Siqaret giləsini ağzından götürüb burnuna yaxınlaşdırdı. Tütünü iyləyib uzandığı yerdən çətinliklə qalxdı. Kürəyini ağaca söykəyib oturdu. Tərpəndikcə bədənindən qalxan üfunət iyi ətrafa yayıldı. Üz-gözümü turşutmağımı görcək saralmış dişlərinin arasından sözləri qırıq-qırıq çənəsindən aşağı diyirlətdi:

- Guya sən bomba oğlansan da...

Onu bir az da qıcıqlandırmaq istədim:

- Səni bura kim bağlayıb? Niyə cəhənnəm olub ev-eşiyinə getmirsən?

Alnının xora basmış dərisini qaşıdı:

- Mənə it deyirsən? Bura bax, sən mənə it deyirsən?

Səsindəki hikkəyə bir qədər aralıda domino oynayaraq müştəri gözləyən taksi sürücüləri də diqqət kəsildi. Cavan sürücü:

- Cavab vermə, - dedi. - BOMJ-dur. Görmürsən, qoxuyur?

Vaxtım var idi, inad edib onunla söhbət etmək istəyirdim.

- Yaxşı da, sən bomba kimi oğlansan, istəsən, siqaretini də yandıraram, hələ özünü yaxşı aparsan, bu yarımçıq qutunu da sənə verə bilərəm, amma belə pis rəftar eləmə, söyüş söymə.

Gözləri aşağı dikildi. Oturduğum yerdən qalxıb ona yaxınlaşdım. Alışqanı uzadıb, çaxmağı çəkdim. Tüstünü ciyərlərinə çəkdi. Çirkli, pırtlaşıq saqqalına ot qırıntıları yapışmışdı. Əli ilə sifətini təmizlədi.

Taksi sürücülərinin qızğın domino oynaması imkan verirdi ki, bu miskin adamla söhbətimi ürəyim istəyən kimi davam etdirə bilim.

- Doğrudan da sən buralarda görünmürdün. Haralardan gəlibsən, harada yaşayırdın?

- Nəyinə gərəkdir? - Yenə də aqressiv cavab verdi.

Əslində, haqlı sual idi. Mən bu adama deyə bilməzdim ki, sənin haqqında, taleyin, həyatın, keçmişin barədə yazmaq istəyirəm.

- Heç elə-belə soruşdum...

- Soruşma...

Siqaret qutusundan bir gilə də götürüb qalanını ona tərəf uzatdım. Alıb şalvarının cibinə qoydu. Təşəkkür də etmədi.

- Gərək ataq siqareti, çox pis təsir edir adama. Sən də çoxdan çəkənə oxşayırsan...

Ona belə qayğı ilə münasibət göstərib, həmsöhbət olmağım işimə yaradı. Axı bu dəfə ona lağ edib aşağılamırdılar, adam yerinə qoyub söhbət edirdilər. Amma laqeyd, saymazlıq yenə də səsindən uzaq düşməmişdi:

- Mən əsgərlikdə başladım çəkməyə. Sonra öyrəşdim, daima çəkdim. İndi kim bir-iki gilə versə, çəkirəm. Mənimki siqaret deyil. Mən araq, pivə, çaxır - nə olsa içərəm, yorulmaram. İçki başqa şeydir, amma qədərində. Daha mənim kimi görməmişlik etməyəsən ha, - hələ bir məsləhət də verdi mənə.

Tərpəndikcə bədənindən qalxan üfunət iyi burnumu qıcıqlandırsa da, söhbəti davam etdirdim.

- Sən, deyəsən, əvvəllər yeyib-içən oğlan olubsan.

- Mənim belə olmağıma baxma. Əvvəllər müəllim işləmişəm. Peşə məktəbində usta olmuşam, tələbələrim olub. Onlara tokarlıqdan dərs vermişəm. Özüm də pis dolanmamışam. Sonra isə belə oldu, qaldım pis günə. Keşlə tərəfdə kimdən soruşsan, hamı məni tanıyar. Mənə Dəmiryeyən Arzuman deyərdilər.

- Arzuman, bəs necə oldu belə səfil həyat tərzi keçirməyə başladın, - verdiyim suala xırıltılı səslə verdiyi cavab ləngimədi:

- Bir də gözümü açdım ki, podyezlərdəyəm, kafe, restoran qapısının ardında durmuşam. Qabağımı kəsən olmadı, "çəkil bu yoldan, işinə-gücünə qayıt", - deyənim olmadı. Adam gərək özü-özünə də qiymət versin... Mən verə bilmədim.

Arzuman 1993-cü ildə arvad-uşağını da götürüb Rostova getməsindən danışdı:

- Yoldaşım dedi ki, bir oğlumuz var, apararlar müharibəyə, ölər, bəs biz nə edərik? Yoldaşım rusdur, özü də Rostovdandır. Evimizi satıb köçdük. Mən işə düzəldim, yoldaşım da dəmir yol idarəsində işlədi. Oğlumuz böyüdü. Mən içkiyə qurşandım. Axırı da belə. Gəlmişəm ki, öləm burda.

- Bəs oğlun, arvadın necə baxdı sənin belə miskin həyata düşməyinə?

- Onlar məni belə görməyiblər... 23 il Bakıya gəlmədim. Qohumlarla əlaqəm kəsildi. Gördüm artıq ölürəm, xəstəyəm, gəldim Bakıya.

- Gələndə ilk dəfə kimə baş çəkdin?

- Qardaşımın evinə getdim, uşaqları məni yaxşı qarşılamadı. Qardaşım ölmüşdü, oğlu 1 həftə saxladı məni. Deyirdi, çıx get ailənin yanına. Dedim, getmirəm, gəlmişəm vətəndə öləm. O da deyirdi ki, vətəndə ölürsən, öl, amma mənim evimdə ölmə. Gördüm dayana bilmirəm. Bu yaşımda işə götürmədilər məni. Həm də Rusiya vətəndaşıyam. Gəldim vağzala. Mənim kimi adamlar Rusiyada vağzalda yatır. Burada isə elə deyil.

Sonra isə tamam öləzimiş gözlərini üzmə dikdi. Mənim ona verdiyim siqaretdən bir gilə də çıxarıb yandırdı, siqaretsiz olduğumu bilib, məni də qonaq etdi:

- Bilirsən, mən doğrudan da ölmək üçün gəlmişəm bura, amma 50 cür xəstəliyim olsa da, ölə bilmirəm...

Arzumanın faciəsi, həyatının belə acınacaqlı halda sona çatmaqda olmasının günahkarı özü idi. Bir vaxtlar tək oğlunun döyüşə getməsindən, vətən uğrunda şəhid ola biləcəyindən qorxub, vətəni tərk etmişdi. İndi isə ölümə yaxınlaşdığı bir zamanda "ölməyə vətən yaxşı", - deyib bura üz tutmuşdu. Vətən torpağı isə onu qəbul etmək istəmirdi. O, ölə bilmirdi...

Tarix
2016.08.24 / 09:31
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla