Yuxarı

6 evi, maşınları olan redaktorun "uğur yolu"

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan" nəşriyyatının birinci qatında, beton sürahiyə söykənmişdi...

Çoxdandı görmürdüm, ani olaraq ayaq saxlayıb, fikir verdim. Başını aram-aram sağa-sola aparırdı. Sanki gözləri ilə gəlib gedəni yola salırdı. Baxışlarımız toqquşdu. Məni görən kimi gözlərinə bir qucaq sevinc əlavə olundu. Siqaret çəkməkdən qaralmış dodaqları qulaqlarına tərəf dartıldı, ağ, möhkəm dişləri dodaqlarından qabağa çıxdı, əli az qala sinəmə toxunacaq qədər səsini qabaqladı:

- Ay səni xoş gördük!

Səsi əlləri əlimi sıxdıqdan sonra qulaqlarıma gəlib çatdı.
Bunun səsi də dəyişməyib, heç, - fikrimdən keçirtdim. Az qala 10 ildir görmürəm. Doğurdan da çox mehriban görüşdük. Məni qucaqladı, liftə tərəf çəkdi:

- Gedək otağa, bir çay içək, aya, sən hardasan eee? Deyirlər, gəlib-gedirsən. Yazılarının birini də buraxmıram, seyidlərə and olsun.

Yox, o, dindar deyil. Amma çörəyini, dolanışığını son vaxtlar İmam Hüseyn övladlarının adına sığınmaqla çıxarır.

Nəşriyyatda yerləşən otağında səmimi söhbət edirik. "T" şəkilli masanın arxasındakı kresloya yayxanıb. Buna qədər isə "Tefal" çaynikində çay qaynatmışdı, paket çayla çay da dəmləmişdi. Bütün hallarda səmimi idi. Maskalanmırdı. Necə vardı, o cür də oxudurdu özünü.

Hərəmizə bir siqaret yandırmışdıq. Mənim işlərimlə dilucu maraqlandıqdan sonra özü haqda danışır, gileylənirdi:

- Gəlib-getməni tərgitsən də, nəşriyyat heç dəyişməyib. Əksinə, daha pis olub. Dolanışıq da ki... Allah kəsməsin, buna da şükür.

Sonra yenə də gözlərini üzümə dikdi, qayğılı səslə:

- Sən Allahın, sənə bir şey olmayıb? Bülöv daşı kimi idin, indi arıqlamısan yaman.

Ona hər şeyin qaydasında olduğunu, sadəcə, arada möhkəm sustaldığımı bildirirəm. "Qorxma",- deyib, yenə də gileyini davam edir:

- Əvvəlki vaxtlar deyil ha... Gedirdin, salam verirdin, əleyk alırdın. Qırılmışın balaları hamısı qudurub. Qəzet hərləyən var? Mənəm e, baş çıxarıram. Bir də bu bicbala uşaqlar hərəsi bir qəzet açdı, sayt yaratdı, düşdülər şəhərin küçələrinə, respublikanın kənd-kəsəyinə, o dərə mənim, bu dərə sənin. Adə, kəsdiyimiz çörək haqqı, jurnalistikanın içinə zibil töküblər. Heyf deyildi qabaqlar. Hörmət vardı, izzət vardı...

Hə, məqamdır, bu arada dostumuz haqda danışmağa dəyər.

O, əvvəllər sahə qəzetlərinin birinin redaktoru idi. Bir müddət birlikdə çalışmışdıq. Sovetlər dağıldıqdan sonra həmin qəzeti özəlləşdirdi. Qəzetinin vasitəsi ilə biznesini də inkişaf etdirdi və yetərincə də mənfəət əldə edə bildi.

İndi isə ötənləri yada salır, bu günün sosial çətinliklərindən bəhs edirdi. Məni də borclu çıxardırdı:

- Sən düz eləmədin o vaxtı. Məni tək qoydun. İşləyirdik də... Müvəqqəti çətinlik idi. Sən öl, mən indi işləməsəm də, dolanıram. Maşınımı görübsən? Hələ-hələ adam elə maşın sürmür. Evlərim var. Əlimdən almayacaqsan ki, paxıl da deyilsən, sevinəcəksən, bilirəm. Evlərimin beşini kirayə vermişəm. Heç nədən çətinliyim yoxdur, özüm üçün oturmuşam burda, intəhası, işləməsəm olmur. Mənim nə yaşım var ki... iki ildən sonra 60 olacaq. Amma səndən gör nə qədər cavan görünürəm.

Yenə də susur. Söz demək növbəsini mənə buraxır. Dinmirəm, eləcə əlimi yelləyirəm. Özü danışır:

- Deyirdim axı şeir-meir yazma. Bax gör o bic gədələr necə dolanır eee. Adə, seyidlərin ruhu haqqı, idarələr var ki, mənim kimi peşəkar, tanınmış, sovetdənqalma jurnalisti tanımır, amma onları tanıyır, hörmət edirlər. Bilirsən, niyə? Ona görə ki o gədələr həyatın nəbzini tuta bilib. O biri tərəfdən də mənim kimi qələmi olan adamları qoyublar "ofsayda". Soruş da diyə? Mən də deyim, ona görə ki, biz yazı-pozu ilə məşğul olmuşuq. Onlar şantajla pul qazanıblar. İndi, ala, budur ha, - sağ əlinin baş barmağını iki barmağının arasından az qala tavana qədər qaldırdı, – indi o idarə müdirləri də şantaja-zada baxmır. Adamdılar, ə, onlar?

Möhkəmdən, səsini qaldırmış halda dedi. Diksindim:

- Kimlər?

- Elə dediklərimin hamısı. Yazırdılar filan idarənin müdiri katibəsi ilə xosunlaşır. Qorxularından bir ətək pul tökürdülər e.. "Lijbi" yazmasınlar. İndi isə heç ona da məhəl qoymurlar. Katibə nə üçündü? Katibə müdirin ən yaxın adamıdır da, sirrini, işini bilir, çayını verir. Ay namərdlər, heç o qədər pulu olan da sevgilisini katibə kimi işlədər?

Redaktor dostuma zəng gəldi. Telefonun dəstəyi qulağına yapışan kimi sol əlini havada yellədi, yəni bu haradan çıxdı?

Amma o jestinə rəğmən, telefondakı adamla mehriban danışdı:

- Sənə ürəyim qurban, qonağım var... Əlbəttə, səndən yaxşı oğlandır. O, heç belə söz deməzdi... Yaxşı...

Dəstəyi yerinə qoydu. Siqaret yandırdı. Üzünə bir qədər əsəb tozu səpdi. Zəng edənin sorğu-sualı xoşuna gəlməmişdi.

- Gicdir e... deyir, evdən yemək gətirmişəm, bir araq al, "obed" edək. Axşamdanqalma yeməyi töküb qazana gətirib. Hələ utanmır, qonağın məndən yaxşı oğlandır, deyir? Belə vecsiz adamlardır bu boyda nəşriyyatı az qala mal fermasına döndəriblər.

Sonra yenə də məsləhətindən qalmadı, mənə öyüd nəsihət də verdi:

- O nədir e, "Axar.az"da yazırsan. Harada ac-yalavac, dilənçi, bədbəxt var, gedib yapışırsan yaxasından. O qədər idarə müdiri, tərif üçün özünü öldürən deputat, iş adamı, bələdiyyə sədri var ki... Yazırsan, elə onların taleyini yaz da. O mərtəbəyə çatmaq üçün kimin qabağında necə dombalıblar, əyiliblər, sürtülüblər, bilməmiş olmazsan. Acınacaqlı həyat onlarınkıdır e, sən öl, cibinə 200-300 basacaqlar da. Yoxsa sən də...

İndi mən ona hücuma keçmək istəyirəm:

- Sənin axı o qədər pulun haradan idi, evləri aldın?

- Kim deyir jurnalistikada pul yoxdur, o sənin kimi sadəlövh adamdır. Düzdü, mənim qəzetimə yardım edən yoxdur, heç kəsin qanadının da altında deyiləm. Necə deyərlər, "sam sebya xozeyin"əm. O vaxtı, qəzeti özəlləşdirdikdən sonra, 93-cü ildən üzü bəri işçilər götürdüm. Bakıda da, rayonlarda da. Aylıq alırdım. Ayda da bir nömrə qəzet çıxarırdım. O zaman qəzetin hörməti burdan idi, - əlini xirtdəyinə aparır, - indi hörmətdən düşmüşük e... O vaxtlar beş-on nəfər işçim vardı. Hər biri mənə ayda 100 dollar verirdi. Qəzeti çıxarırdım. Sonradan dost-tanış məndən vəsiqə istədi. Yol polisləri o zamanlar jurnalistə diqqətli idi. Çoxu da "naruşeniya-zad" edəndə onlara göstərmək üçün alırdı. Sonradan bunu biznesə çevirdim. Təsəvvür etməzsən, ayda 100 nəfər işçin sənə 100 dollar verir. Qiymətlər dəyişdikcə adamların sayını artırırdım. Sonra ev almaq istədim. İlkin ödənişi etdim. Rayonlarda yaşayan insanlara vəsiqə verirdim. Həm özləri dolanırdı, həm də mən. Bu minvalla yeni tikilələrdə evimin sayını artırdım. Bu o vaxtlar idi ki, evlərin 1 kvadrat metri 250-300 dollar idi. Ağıllı olmaq lazımdır.

- Təxminən sənin neçə belə işçin olub?

Güldü:

- O gün bu sualı özüm-özümə verdim. Və məlum oldu ki, bu vaxta qədər 400 nəfərə vəsiqə vermişəm. Aylıq 10 manatdan 100 manata qədər ödəyənlər var. Baxır kim, harada yaşayır. Dolanırıq da...

Redaktorun telefonun zəngi susmaq bilmirdi. Aramsız edilən zənglərə cavab belə vermirdi.

- 10 ildən çoxdur ki, kitab dərc edirəm. Azərbaycanda elə bir seyid yoxdur ki, onun haqda kitab yazmayaq. Beş-on həqiqi qələmi olan adamım var. Yazırlar, özüm də yazıram, redaktə edib, kitab kimi nəşr etdirirəm. Allah bərəkət versin. Pis deyil.

Hər şeyin bir sonu olmalıdır axı, düşüncəsi ilə soruşuram:

- Bəs bu seyidlər qurtardıqdan sonra nə edəcəksən?

- Allah evini tiksin, hara qurtarır. Çoxu o tində, bu tində arvad alıb, saylarını artırmaqdadır. Yeni-yeni seyidlər istehsal olunur e... Bəzilərini isə zorən özüm seyid edirəm.

- Bu necə olur? - maraq susuzluğuma qalıb gəlir, özümə sonra çay süzərəm, fikirləşirəm.

- Olur. Elə pulunu xərcləməyə yer tapa bilməyənlər var ki, onlara deyirəm, sənin ulu nənən seyddir, nə olsun ki, o, seyid olmayana ərə gedib, həftənin müəyyən günləri sənin də seyidlik statusun olur.

Danışır və qəşş edir:

- Allah haqqı dəli əlində qalmışıq e... o gün biri ilə rayonda görüşdük. Yaxşı yemək-içmək verdi. Stolun üstü dolmuşdu, gətir-götür idi. Seyid Lazım ağanın cəddinə and olsun. Kənd çolpasının pörtləmişi, tabakası, əmlik quzunun plastilin kimi yumşaq sümüyünə bürünmüş kişmiş kimi, kəkotu kimi titrəyən əti, bəh-bəh...

Əlini ağzına çəkdi, sanki sulanmış ağzını silirdi, gözləri də gözümün içində. Hiss etdim ki, acmışam. Sakitcə udqundum. O isə davam etdi:

- Kopooludu yalan deyən. Özü də düd deyənə qədər içdi, dedi, məni seyid qayır. Yəni uzaqdan-uzağa seyidliyi var e, sadəcə bir-iki möcüzə zad düz qoş, olum ağır seyid. Ala, bu da sənin haqqın.

İstehza etdim:

- Əşşi, sən götürməzssən.

- Götürmədim ki, amma əlini də dala qaytarmadım, basdı cibimə...

Redaktor tanışımla söhbətimiz xeyli çəkə bilərdi. Mənim vaxtım çox idi, yorğun idim, çay içib dincələrdim. Lakin onun dostları hey zəng vurub aşağıda, kafedə onu gözlədiklərini deyirdi. Axırı bezdi. Ayağa qalxdıq. Dəhlizdə qoluma girdi:

- Səni tanıyıram, danışdıqlarımı yazacaqsan. Amma sən seyid Füqəranın cəddi, sən o sizin Mir Məmməd ağanın üz qoyduğu torpaq, adımı, qəzetimin adını yazma. Elə olsa, məni heç kəs tanımaz, saya salmaz. Burada sənə danışdıqlarımı isə demək olar ki, heç kəs bilmir. Özümü elə aparmışam ki, az qala, İlyas Ərnəfəsin də mənə yazığı gəlir, az qala mənim cibimə pul basa...

Tarix
2016.09.04 / 10:51
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla